Oktyabrın 29-da “Gülüstan” sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, mədəniyyət, xüsusilə də incəsənət dil kimi milli kimliyin əsas daşıyıcısıdır. Azərbaycanın çox zəngin musiqi xəzinəsinə malik olduğunu qeyd edən nazir Ümummilli Lider Heydər Əliyevin hər zaman Azərbaycan mədəniyyətinə, incəsənətinə xüsusi diqqət yetirdiyini vurğulayıb, musiqiçilərin, mədəniyyət və incəsənət xadimlərinin Ulu Öndərin qayğısı ilə əhatə olunduğunu söyləyib.
Nazir bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mədəniyyət sahəsinin inkişaf etdirilməsi, musiqiçilərimizin, incəsənət xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması, onların peşəkarlığının artırılması istiqamətində xüsusi tədbirlər həyata keçirilir. Son illərdə ölkə başçısı tərəfindən bütövlükdə musiqi sənətinin inkişaf etdirilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalanıb.
Heydər Əliyev Fondunun Azərbaycan musiqisinin inkişaf etdirilməsi və təbliği istiqamətində çoxsaylı layihələrindən danışan A.Kərimli deyib ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə Azərbaycan musiqisi bu gün dünyada tanınır və sevilir. Azərbaycan musiqisinin dünyaya səs salması, Azərbaycan muğamının ənənələrinin dirçəldirilərək dünyada təqdim edilməsi, muğam sənətinin, tar, kamança ifaçılığının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın xidmətlərinin nəticəsidir.
Nazir bildirib ki, üç gün davam edəcək Musiqi Forumunun məqsədi bu sahədəki inkişafa toxunaraq mövcud problemləri müzakirə etmək, qarşılıqlı həll yollarını aramaqdan ibarətdir.
Forumda Xalq artistləri Fərhad Bədəlbəyli və Firəngiz Əlizadə çıxış edərək Azərbaycan musiqisinin keçdiyi tarixi yola bir daha nəzər salıb, qazanılan uğurlardan və mövcud problemlərdən danışıblar. Bildirilib ki, Musiqi Forumunun Ulu Öndərin 100 illiyinə həsr olunması təsadüfi deyil, çünki o, Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə mədəniyyətimizin, incəsənətimizin və musiqimizin inkişafına xüsusi diqqət yetirib və bu sahədə xidməti olam insanların zəhmətini həmişə yüksək dəyərləndirib.
Sonra Azərbaycan musiqi mədəniyyətinin tarixindən və inkişafından bəhs edən videoçarx nümayiş olunub.
Tədbir panel sessiyalarla davam edir. Mədəniyyət ictimaiyyətinin iştirakı ilə forumda musiqi yaradıcılığı, musiqidə ənənə və onun ötürülməsi, musiqinin istehlakı və təbliği, bu sahənin tədqiqi, xoreoqrafiya və s. mövzular üzrə geniş müzakirələr aparılır.
Mütəxəssislərin forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında öz əksini tapacaq.
Musiqi Forumu oktyabrın 31-dək davam edəcək.