Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans noyabrın 21-də öz işini panel müzakirələrlə davam etdirir.
AZƏRTAC xəbər verir ki, konfransın ilk panel müzakirəsi “Qadın: parlaq gələcəyə aparan yol” mövzusu ətrafında olub.
Müzakirələrinin açılışında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, dünya ciddi münaqişə və böhranlarla üzləşir, bunlar da qadınların həyatına ciddi təsir edir. Gender bərabərliyi, qadınların bərabər imkanlara çıxışı daha yaxşı dünya üçün vacibdir.
Qadınların səlahiyyətlərinin artırılmasının vacibliyinə toxunan Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan qadınların cəmiyyətdə və idarəçilikdə rolu ilə bağlı uğurlu nəticələr qazanıb. Azərbaycan ötən əsrdə qadınlara səsvermə hüququ verən ilk ölkələrdəndir.
Parlamentin sədri qeyd edib ki, qadınların cəmiyyətdə rolunun artırılması və bu istiqamətdə siyasətin formalaşması milli prioritetlərimizdən biridir. Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəaldırlar, qadınların cəmiyyətdə rolu daha da güclənir.
Özbəkistanın Baş nazirinin müavini, Ailə, Qadın Komitəsinin sədri Züleyxa Məhəmova çıxışında ölkəsində qadınların və kişilərin səlahiyyət və hüquqlarının bərabər təminatı üçün addımların atıldığını, islahatların aparıldığını deyib. İctimai-siyasi həyatda, ciddi qərarların qəbulunda qadınların rolu danılmaz olduğunu söyləyən Baş nazirin müavini qeyd edib ki, Özbəkistanda millət vəkillərinin 33 faizi, siyasi partiya üzvlərinin 46 faizi qadınlardır.
“Xoşbəxt qadın xoşbəxt cəmiyyət deməkdir və bizlər bu istiqamətdə çalışmalıyıq”, – deyə Züleyxa Məhəmova əlavə edib.
Panel müzakirələrdə çıxış edən Uqandanın əmək və sosial inkişaf naziri Betti Amongi Ongom parlaq və uğurlu gələcək naminə qadınların rolundan danışıb, onların statusunun və hüquqlarının tanınmasının əhəmiyyətini qeyd edib. O, qadın hüquqları üzrə fəalların gördükləri işlərin vacibliyini, bunun cəmiyyəti ilhamlandırdığını söyləyib.
Uqandalı nazir diqqətə çatdırıb ki, mövcud olan imkanlardan və gücdən qadınların hüquqları, gender bərabərliyinin təşviqi, onlara bərabər imkanların təminatı üçün istifadə etməlidir. Qadınların təməl hüquqlarının təminatı üçün dövlət institutları dəstək verməlidir. O, həmçinin qeyd edib: “Qadınlar parlaq gələcəyə aparan qüvvədir, biz qadınların, qızların hüquqlarını, təhsilə çıxışlarını təmin etməliyik, onların iqtisadi azadlığı uğrunda çalışmalıyıq”.
Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxışında Azərbaycanda qadınların hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, ölkəmizdə QHT rəhbərlərinin 39 faizi qadınlardır.
Aygün Əliyeva, həmçinin rəhbəri olduğu Agentliyin sözügedən istiqamət üzrə gördüyü işlər, dəstəklədiyi layihələr barədə məlumat verib.
Tədbirdə çıxış edən Fransa kolonializminə qarşı Bakı Təşəbbüs Qrupunun üzvü Ella Tokoragi bu gün qadınların öz hüquqları uğurunda mübarizə apardıqlarını deyib. Qadınların bir sıra istiqamətlərdə səlahiyyətləndirilməsinin əhəmiyyətini vurğulayan Ella Tokoragi ölkəsindəki bəzi məsələlərə diqqət çəkərək bildirib: “Onların səhiyyə xidmətlərinə əlçatanlığı təmin olunmalıdır. Pandemiya bizim ölkəmizdə çox pis idarə olundu, 260 min əhalisi olan ölkədə böhran yaşandı. Fransanın bizim ərazilərimizdə öz məqsədləri üçün bomba sınaqları həyata keçirməsi əhalinin sağlamlığına mənfi təsir göstərib, insanlar arasında xərçəng xəstəliyi yayılıb”.
Panel müzakirələrlə davam edib.