Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ötən il dekabrın 30-da Bakının 2040-cı ilədək inkişafına dair konseptual xarakterli Baş planın təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Baş plan bütün müasir tələblərə cavab verir və şəhərin inkişafının ümumi strategiyası kimi qəbul olunur.
Tədbirin davamında Bakı şəhərinin yeni Baş planına dair məlumat xarakterli videoçarx, həmçinin sənədin üstünlükləri, ən önəmli məqamları və bir çox maraq doğuran məsələləri əhatələyən geniş təqdimat edilib.
Təqdimatda çıxış edən Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Xəzər rayonu, Mərdəkan qəsəbə nümayəndəsi İlqar Müqbilov, fotojurnalist Rza Deqati və başqaları Baş plana dair öz fikir və düşüncələrini bölüşüblər.
Diqqətə çatdırılıb ki, yerli və xarici mütəxəssislər qrupu tərəfindən hazırlanan Baş plan paytaxtımızın gələcək inkişafı üçün çox mühüm bir sənəddir. Sənəddə 2040-cı ilədək paytaxtımızda görüləcək irimiqyaslı işlər, şəhərin inkişaf perspektivləri, yaradılacaq yeni infrastruktur, salınacaq parklar və sair barədə məlumatlar öz əksini tapıb.
Çıxışçılar Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi, daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində görülən işlərdən və göstərilən qayğıdan danışıblar.
Qeyd edək ki, 4 vacib hədəfə əsaslanan Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin dayanıqlı inkişafı, ətraf mühitinin bərpası, memarlıq irsinin qorunması və yeni şəhər iqtisadiyyatı formalaşdırılması prioritetlərini özündə əks etdirir.
Belə ki, Baş plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək. Baş plan, həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, hibrid yaşıl dəhlizlərin yaradılması ilə ətraf mühitin təmizlənməsi, eyni zamanda, ərazilərin abadlaşdırılması tədbirləri, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. Bunlarla yanaşı, icra müddətinin ilk illərində həyata keçirilməli prioritet fəaliyyətlər müəyyənləşib. Strateji layihələr həm özünəməxsus məkan konsepsiyalarını, həm də Bakıda həyat keyfiyyətinin yaxşılaşdırılması üçün ümumi təşəbbüsləri təmsil edir.