Birinci söhbət
Uşaq yazışılarımız Sevinc xanım Nuruqızı və Gülzar xanım İbrahimova ilə danışdıq.
Fuad Babayev: Tez-tez yenicə dil açan, ilk cümlələrini quran körpələrimizin dilində rus və türk dillərində kəlmələr olduğunu görürük. Bu həm də Azərbaycan dilində onlara rəngləri, sayları, heyvanları, bizi əhatə edən aləmdəki əşyaları və s. aydın şəkildə tanıdan materiallarım, kitabların azlığı ilə bağlıdır. Azərbaycanlı körpələr Azərbaycan dilində onların yaşlarına aid olan məhsulların defisitini hiss edirlər. Bununla bağlı sizin fikrinizi bilmək istərdik.
Sevinc Nuruqızı: Bu problem ən yaralı yerimizdir. Ən kiçik yaş qrupuna aid olanlar, 1-3 yaşlılar üçün uşaq ədəbiyyatı yoxdur. Bu yaşda uşaqlar tamaşaçıdır. Yəni, kitab oxuya bilmirlər, sadəcə kitaba tamaşa edirlər. Onlar üçün kitablar ya şəkillərdən ibarətdir, ya da bir-iki cümləlik mətnlədir. Mətn arxa plandadır, hələlk uşaq kitabla tanış olur. Bizdə isə bu tanışlıq kitabları yoxdur.
Fuad Babayev: Yaxud da azdır. “Teas Press”də zənnimcə çox uğurlu kitablar çap edilib.
Sevinc Nuruqızı: Mən “yoxdur” deyərdim. Bəli, “Teas Press” o yaşlı uşaqlar üçün xarici müəlliflərin kitablarını çap edir. Mən xarici ədəbiyyatın əleyhinə deyiləm. Özüm də tərcümələr edirəm, çalışıram ki, uşaqlarımız oxusun. Amma bizdə çox aşağı yaşlı uşaqlar üçün yazan müəlliflər çox azdır. Bu uşaqlar üçün bizim nə cizgi filmlərimiz, nə “rolik”lərimiz, nə öyrədici mahnılarımız var. Məsələn, mənim nəvəm 2 yaşındadır. Biz onun üçün belə materiallar axtarırırdıq, tapmadıq. Olanlar yalnız türklərin və ya ruslarındır. İngilislərinki isə bir qədər aqressiya qarşılıqlıdır. Halbuki bu, o qədər də çətin məsələ deyil.
Fuad Babayev: Həm də ola bilsin ki, bu işdə müəyyən qədər təmənnasızlıq lazımdır. Çünki onun gəlir gətirə biləcəyi böyük sual altındadır.
Sevinc Nuruqızı: İnanın ki, biz təmənnasız böyük işlər görürük. Xalqımızın gələcəyi, bu uşaqların böyüməsi, zövqümüzün inkişafı üçün çalışırıq. Biz bünövrə yaradırıq. Amma bunu təmənnasız olaraq bizdən alıb, uşağa çatdıran yoxdur.
Gülzar İbrahimova: Bizim milli abidələrimizdən, tariximizdən ola bilsin ki, başqaları yaza bilməz. Amma elə şeylər var ki, onu inkişaf etmiş dövlətlər edir. Körpə uşaq üçün şəkilli vəsaitlər buraxılıb, onları götürüb, bizimkiləşdirmək olar. İnternetə də yazıb, qoymaq mümkündür. Bu yaxınlarda gördüm ki, türklər “Əlibaba və qırx quldur” cizgi filmini çəkib. Xoşuma gəldi, tərcümə edib, internetə qoydum, bizimkilər baxır. Və artıq 20 gün ərzində 10 min dəfə baxılıb. Mənim nəşr etdirdiyim “Sehirli dünya” jurnalının da öz saytı var. Biz Youtube kanalı açmışıq, orada bütün nağıllarımızı yerləşdirir və səsləndiririk. Hər gün baxış sayı artır, məktublar gəlir. Amma mənim etdiklərim 4 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulub.
Fuad Babayev: Deməli, bu, defisitin mövcudıuğu şübhə doğurmur.
Gülzar İbrahimova: Məncə, bu çatışmamazlığı asanlıqla da aradan qaldırmaq olar.
Sevinc Nuruqızı: Mən asanlıqla deməzdim.
Gülzar İbrahimova: Mən axı yolunu da dedim, xarici dildə olanları götürüb, tərcümə edib, bizimkiləşdirmək mümkündür.
Fuad Babayev: Kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulan “Maşa və ayı” adlı rus cizgi filmi var. Həm ingilislər, həm də türklər bu filmin bütün sözlərini və mahnılarını tərcümə edib verirlər, bizdə isə sözlər tərcümə olunub, mahnılar isə elə olduğu kimi, rus dilində səsləndirilir. Uşaq ədəbiyyatına tələbatla bağlı nə demək olar?
Gülzar İbrahimova: Heç biz də öz kitablarımızı sata bilmirik.
Sevinc Nuruqızı: Sərmayədarlar pullarını əsasən gəlir gətirən sahələrə qoyurlar. Bu sahə isə gəlir gətirmədiyindən, pul da qoyulmur. Bu işin PR-ını qurmaq lazımdır. “Təhsil” nəşriyyatı 4 il ərzində 70-80 adda uşaq ədəbiyyatı nümunəsi çap etdi. Amma tirajları 500-1000 arasındadır, yəni azdır. Nəşriyyat əziyyət çəkir, rəssama pul ödəyir, çap üçün xərc çəkir və heç bir qazanc götürə bilmir.
Fuad Babayev: Bəlkə də satış var, amma xərcini, borcunu ödəyəcək səviyyədə deyil.
Sevinc Nuruqızı: Bizim valideynlərimizin arasında hələ uşaqlarına kitab alacaq səviyyəyə çatmayan adamlar az deyil. Övladına kitab alıb, oxuyan valideynlər var, amma çox az, hər yüz, min nəfərdən ancaq biri. Heç kəs iqtisadi vəziyyəti, kasıbçılığı bəhanə etməsin. Axı hər şeyə pul çatdırırıq, bircə kitabdan başqa. Biz büdcəmizdən kitaba pul ayırmağı bacarmırıq.
Gülzar İbrahimova: Bir məsələ də var. “Sehirli dünya” jurnalına tələbat var, valideynlər də, uşaqlar da istəyirlər. Amma məktəblərdə satmağı qadağan ediblər. Əyləncə məkanlarına bilet satmaq olar, amma jurnal satmağa icazə yoxdur.
Fuad Babayev: Sözün açığı, məktəbdə nəsə bir satış olanda əksər valideynlərin qanı qaralır. Dərhal bir məcburilik, məktəb direktoru və müəllimlərin vəzifə səlahiyyətlərindən sui-istifadə faktları göz önünə gəlir.
Sevinc Nuruqızı: Mikayıl Cabbarov təhsil naziri təyin olunandan dərhal sonra qəbul etdiyi ilk qərarlardan biri kiçik yaşlı məktəblilər üçün ədəbiyyat nümunələrinin yaradılması ilə bağlı olmuşdu. Yazıçılara müraciət edildi, məktəblərdə görüşlər keçirildi. Bu insan təhsili nəyin üzərində qurmaq lazım olduğunu başa düşmüşdü. Hətta nazirlik kiçik yaşlı uşaqlar üçün şeir, nəsr və dram müsabiqəsi elan etdi. Çox şəffaf müsabiqə oldu və mən iki nominasiyada birinci yeri tutdum.
Gülzar İbrahimova: O qədər şəffaf imiş ki, heç mənim xəbərim olmayıb.
Sevinc Nuruqızı: Yəqin ki, izləməmisiniz. Bütün saytlarda yazılmışdı. Uzun müddət saytlarda bu xəbər dolaşdı.
Gülzar İbrahimova: Uşaqlar üçün yazan 5-6 nəfərik. Zəng edib, xəbər vermək o qədərmi çətin idi?
Fuad Babayev: Bəs bu tədbirin sonra davamı oldumu?
Sevinc Nuruqızı: Bu yaxınlarda müsabiqədə uğur qazanmış əsərlərdən ibarət kitab buraxılmalıdır.
Gülzar İbrahimova: Gözəgörünən bir tədbir yoxdur.
Fuad Babayev: Deməli, vəziyyət arzuolunan səviyyədə deyil. Valideyn ana dilində uşaq ədəbiyyatı çatışmamazlığı ilə qarşılaşır.
Gülzar İbrahimova: Bütün bunlar onunla nəticələnir ki, valideyn rus və ingilis dilində çap edilmiş kitablara üz tutur. Halbuki dövlət başçısının dilimizin qorunması ilə bağlı fərmanı var. Bəs müvafiq səlahiyyətli şəxslər hara baxır? Azərbaycan dilində nağıllarımız, hekayələrimiz nəşr olunmalıdır.
Fuad Babayev: Bəs mövcud vəziyyəti aradan qaldırmaq üçün nə etməliyik? Sevinc xanım qeyd etdi ki, valideynlər kitab almır. Və bunun səbəbi valideynin iqtisadi imkanları ilə bağlı deyil.
Gülzar İbrahimova: Mən iki il “Space” radiosunda işlədim. Bütün nağıllarımı, hekayələrimi oxuyub, bitirdim. Başladım mağazalardan uşaq kitabları, nağılları axtarmağa. İnandırım Sizi ki, tapmadım. Oxudum, gördüm ki, çox dəhşətlidir. Şəkilləri də elə çəkiblər ki, uşaqları aldadırlar. Valideyn kitabı alıb görür ki, çox maraqsızdır. Bizim uşaq kitabları buraxan nəşriyyatlarımız çox faciəvi bir yol seçiblər. Uşaq dilindən xəbərsiz olanlar xarici dildən kitab tərcümə edirlər.
Sevinc Nuruqızı: Amma məncə, “Altun” yaxşı kitablar nəşr edir. Gördüyünüz kimi, öz nəşriyyatımızı demirəm.
Gülzar İbrahimova: Hər yazını, hər tərcüməni uşağa vermək olmaz. Bu, faciədir və uşağı mütaliədən uzaqlaşdırır. Hətta bu gün “Vışka” qəzetinin redaktoru Mədinə xanım da deyirdi ki, uşaq üçün kitabda yazıblar ki, insan əvvəl iməkləyir, sonra yeriyir, əsa ilə gəzir və nəhayət, ölür. Uşaq da oxuyub ağlayır ki, o da belə qocalacaq? Uşaq belə mətnlərdən stress keçirir. Bilirsiniz, bizim pis işləyənlərimiz əl-ələ verib işləyir və yaxşı çalışanlarımızı vurub, sıradan çıxarırlar. Bir nəfər demir ki, sən yaxşı kitab buraxmısan, uşaqlar xoşlayır, gəlin, bir tədbir keçirib, onu uşaqlara hədiyyə edək. Yalnız bir ingilisu elə təşkil etdi ki, bir gündə mənim 3 min manatlıq kitabım alındı və görüşlər də keçirdik. Niyə bunu ingilis edə bilir, amma bizimkilər etmir? Yaxşı işləri artırmaq, çoxaltmaq lazımdır.
Fuad Babayev: Yaxşı, bəs vəziyyətdən necə çıxaq? Hər halda valideyni kitab almağa məcbur etmək mümkün deyil.
Sevinc Nuruqızı: Valideyni məcbur etsək də, gedib, qəşəng şəkilli kitab alacaq. Amerikada çox ünlü uşaq ədəbiyyatı mükafatları var. Bu mükafatlara nominantları mütəxəssislər seçir ki, yəni bu yazıçının əsərləri uşaqların oxumaları üçün yararlıdır, bu yazıçının əsərlərindən uşaqlar nə isə öyrənə bilərlər. Mən “Göy qurşağı” jurnalının redaktoruyam. Jurnalda Amerika yazıçısı Keyt Di Kamillonun “Dovşan Edvardın qeyri-adi səyahəti” əsərini tərcümə eləmişəm, hissə-hissə verirəm ki, uşaqlarımız tanısınlar. Bu əsər “Nyuberi” mükafatına layiq görülüb. Əsərin üstünə o mükafatın möhrü vurulur. Bu möhür artıq alıcını çağırır ki, kitab nüfuzlu insanlar tərəfindən seçilib. Yəni bu kitabı ala bilərsən və uşağın ondan zərər çəkməz. Zərərli, yararsız ədəbiyyat cəmiyyətə balta vurmaqdır. Uşağın zövqü korlanır, tərbiyəsi başqa istiqamətə yönəlir. Amerikalı bu vəziyyətdən çıxış yolu tapıb. Onlar seçir, ələyir, ən yaxşısının üzərinə öz loqosunu vurur. Valideyn də kitab mağazasına girəndə hansı kitabın daha yaxşı olduğunu bilir. Biz də bu ənənələrdən başlayaraq yola çıxmalıyıq. Biz ilk növbədə yaxşını seçməliyik.
Fuad Babayev: Bəs bu yaxşını kim seçməlidir?
Gülzar İbrahimova: Sevinc xanım, mən isə təklif etmək istəyirəm ki, yazılara uşaqlar qiymət versin.
Fuad Babayev: 1-3 yaşlılar da qiymət versin?
Gülzar İbrahimova: Xeyr, bir az böyüklər, ibtidai sinifdə oxuyanlar. Üç nağıl təklif edilsin, baxıb, oxusunlar ki, hansı daha yaxşıdır.
Sevinc Nuruqızı: Bu, obyektiv olmaz. Uşaq təsir altına düşər, sırf əyləncəni, yaxud zərərli məlumatlar olan kitabı seçər.
Gülzar İbrahimova: Mənsə Azərbaycanda hansısa mütəxəssislərin seçiminə inanmıram. Obyektiv deyillər.
Fuad Babayev: Biri var ki, biz ona görə inanmırıq ki, Azərbaycanda o sahə üzrə mütəxəssislər yoxdur. Bizdə mütəxəssislər var, amma Siz onların tərəfkeşlik edəcəyinə, həmyerlisinə üstünlük verəcəyinə inanırsınız?
Gülzar İbrahimova: Bəli.
Sevinc Nuruqızı: İnamımızı itirməyək. Mən yaxşıya inanmağı, ətrafa çəhrayı rəngdə baxmağı sevirəm.
Gülzar İbrahimova: Amma özüm şahidi olmuşam ki, zəng ediblər uşaq yazıçına, “filankəs, ən yaxşı uşaq yazıçısına mükafat verirlər, gəl sən də nəsə tərcümə edib, mükafat al”. Mükafatı alıb və Azərbaycanın tanınmış uşaq yazıçısı olub. Bizdə belədir, ona görə də başqa yol axtarmalıyıq.
Fuad Babayev: Gəlin, açıq danışaq. Mənə elə gəlir ki, uşağın özünün oxuduğu əsərə qimət verməsi özünü doğrulda bilməz.
Sevinc Nuruqızı: Məncə də doğrultmaz.
Gündüz Nəsibov: İbtidai siniflər üçün dərslik yazan müəlliflərə öz əsərlərinizi təqdim edirsinizmi, bəlkə onların sizdən xəbərləri yoxdur?
Gülzar İbrahimova: Sevinc xanım zatən nəşriyyatda işləyir. Mən isə 5 il əvvəl bütün kitablarımı yığdım və yazılı müraciətlə Təhsil Nazirliyinə təqdim etdim. Bir müddət sonra mənə zəng etdilər ki, dərsliklərlə məşğul olan bir neçə idarələri var, kitablarını onlara təqdim et, salsınlar dərsliklərə. Mən də qışın soyuğunda kitablarımı çantalara doldurub, bu idarələrin hamısını dolandım. Hamısına kitablarımı verdim, amma heç birindən bu günə kimi xəbər-ətər yoxdur. Bir yazım vardı, düşünürdüm ki, onu oxuyan uşaqda hökmən mütaliəyə maraq yaranacaq. Həmin yazını 5 il saxladım, nəhayət “Sehirli dünya” jurnalına qoydum və gələn nömrədə çıxacaq.
Fuad Babayev: Yeri gəlmişkən, “Sehirli dünya” jurnalının dövriliyi, tirajı və əməkdaşlarının sayı barəsində nə demək olar?
Gülzar İbrahimova: Əməkdaşlardan rəssam və dizaynerimiz var. Yayım şirkətimiz var. Tirajı 3000-5000 arasında olur. Ayda bir dəfə çıxır. Sevilən və oxunan jurnaldır. Abunəsi də var, amma əziyyəti də çoxdur. Həddindən artıq çətindir, yalnız mənim enerjim sayəsində çıxır. Bakı kəndlərində bu jurnal çox sevilir.
Fuad Babayev: Yəni Sizin enerjiniz sayəsində bu jurnal yalnız ayaqda durur, inkişaf etməsi isə çox çətindir. Onun dövriliyinin artması, bazasında filmlərin çəkilməsi mümkündürmü?
Gülzar İbrahimova: Yuotube saytımı yaratmışıq, nağıllarımızı işləyirik. Artistlərin səsləri ilə dublyaj edib, orada yerləşdiririk. Çox çətindir, amma inkişaf var.
Fuad Babayev: Sevinc xanım və Gülzar xanım, necə oldu ki, məhz uşaqlar üçün yazmaq, işləmək qərarına gəldiniz?
Gülzar İbrahimova: Mən jurnallara, qəzetlərə məqalələr verirdim, “Həftə içi” qəzetinin baş redaktoru bir gün “yazılarını çox bəzəyirsən, səndən çox yaxşı nağıl yazan çıxar”, – dedi. Mən də özümü bu sahədə sınadım, gördüm ki, alınır. Bir neçə uşağa verdim, xoşlarına gəldi, ardını da istədilər. Beləcə başladım yazmağa.
Sevinc Nuruqızı: Mən rus dili müəlliməsiyəm. Yazmaq haqqında heç düşünmürdüm. Bir dəfə bağa gedəndə, qohumlarımızdan biri danışdı ki, kənddən gələndə uşaqlara bir xoruz bağışlayıblar, uşaqlar bu xoruzun başına o qədər oyun gətiriblər, heç kəsməyə də qoymayıblar. O qədər ağlayıblar ki, məcbur qalıb xoruzu yenidən kəndə qaytarsın. Əhvalat o qədər xoşuma gəldi ki, “Ağ xoruzun hekayəti” adlı uzun bir şeir yazdım. “Ağ xoruzun hekayəti” həm də ilk kitabımdır. Dedilər ki, yaxşı yazmısan, nə əcəb Yazıçılar Birliyinə üzv olmursan. Düzü, bu barədə heç fikirləşmirdim. Bu yazım bəyəniləndən, təriflənəndən sonra başladım yazmağa.
Gülzar İbrahimova: Mən 8 yaşımdan yazıram.
Sevinc Nuruqızı: Mən də institut dövründə nələrsə yazmışdım. Amma uşaqlar üçün nəsə yazmaq heç ağlıma da gəlmirdi. Amma saysız-hesabsız kitablar oxumuşdum. Hətta kitab tapmayanda da bir kitab tam cırılana qədər onu təkrar-təkrar oxuyurdum. İndi də öz kitablarımı uşaqların ələrində köhnəlmiş vəziyyətdə görəndə sevinirəm. Deməli, bu kitab oxunur. Mənim “Bapbalaca Əlifba” kitabım var, nəvəm onu bütün günü ora-bura aparır. Görürəm ki, kitab az qala yararsız vəziyyətə düşüb, sevinirəm, deməli, kitab xoşuna gəlib.
Fuad Babayev: Söhbətimizin son mərhələsində mən yenə də təkliflərə qayıtmaq istəyirəm. Nə edək ki, vəziyyət bir qədər düzəlsin? Bizdə Coanna Poulinq olmaq mümkün deyil. Ona görə yox ki, o potensialda yazarlarımız yoxdur. Ona görə ki, bizdə həmin bazar yoxdur. O, bu kitab hesabına milyonçu olub. Amma bu, onun xidmətlərindən çox, həmin imkanı yaradan sivilizisasiyanın uğurudur. O sivilizasiya valideynə kitab almağı təlqin edib.
Gülzar İbrahimova: İlk növbədə Təhsil Nazirliyi fəliyyətini başqa cür qurmalıdır.
Fuad Babayev: Bəlkə Yazıçılar Birliyinin də üzərinə müəyyən vəzifələr düşməlidir?
Gülzar İbrahimova: Yüzdən artıq kitab müəllifiyəm, amma hələ birliyin rəhbərliyinin qəbuluna düşə bilməmişəm. Bir dəfə Anar müəllim mərhum Vaqif Səmədoğlu ilə durmuşdu, yaxınlaşıb kitablarımı təqdim etdim. V.Səmədoğlu təəccüblə soruşdu: “Gülzar nənə sənsən? Mən sənin kitablarını nəvələrim üçün alıram”. Amma yenə də Anar müəllimin qəbuluna düşə bilmirəm.
Fuad Babayev: Valideynlərə tövsiyyəniz nədir?
Gülzar İbrahimova: Valideynlərə tövsiyəm belədir ki, mütləq kitabı özləri oxuduqdan sonra uşaqlara tövsiyə etsinlər. Hər bir valideyn hər axşam övladına heç olmasa bir nağıl, hekayə danışmalı, baş verən hadisələri müzakirə etməlidir. Bir az mobil telefondan, televizordan uzaqlaşıb, uşaqların mütaliəsi ilə məşğul olsunlar.
Sevinc Nuruqızı: Mənim valideynlərə ünvanlanacaq fikirlərim çoxdur. Düşünürəm ki, ən böyük günahkar valideynlərdir. İndi “Teas Press”, “Altun”, “Təhsil” nəşriyyatlarının yaxşı kitabları var. “Altun” nəşriyyatı çox gözəl kitablar buraxır. “Təhsil” nəşriyyatında mən özüm dünya ədəbiyyatının incilərini tərcümə edirəm. Elə yazıçıları tərcümə edirəm ki, onlar Azərbaycanda ilk dəfə nəşr olunacaqlar. Mən heç kimi günahlandırmıram, nə Təhsil Nazirliyini, nə Mədəniyyət və Turizm Nazirliyini, nə də Yazıçılar Birliyini. Bu təşkilatlar valideynlərə “uşaqlara kitab almayın”, demir axı. Valideyn öz uşağını düşünməlidir.
Gülzar İbrahimova: Mədəniyyət və Turizm Nazirliyini yaxşı mənada qeyd etmək lazımdır. “Göy qurşağı” jurnalı da, “Sehirli dünya” jurnalı da onun hesabına yaşayır.
Sevinc Nuruqızı: Valideyn qaçıb uşağını rus bölməsinə qoyur. Azərbaycan dilində kitab axtarmır. Mənim şikayətim valideynlərlə bağlıdır. Hətta bu barədə məqalə də yazmışam. Günah televizoru açıb, saatlarla uşağını onun qarşısında oturdan valideyndədir. Hər şey nümunəyə əsaslanmalıdır. Valideyn kitab oxumalıdır ki, uşaq da oxusun. Evlərdə hər gün oxu gecəsi olmalıdır. Evdə hamının oxuduğunu görsə, iki aydan sonra uşağı kitabdan ayırmaq olmayacaq. Kim deyirsə ki, kitab tapmıram, düz demir. Çox yaxşı kitablarımız var. Lap imkanları yoxdursa, kitabxanalara müraciət etsinlər. F.Köçərli adına Uşaq Kitabxanası bütün kitabları kifayət qədər sayda alır. Mənim Azərbaycan, rus və ingilis dillərində 40-45 kitabım çıxıb, hamısı F.Köçərli adına kitabxanada var. Bütün kitabxanalar üçün Mədəniyyət Nazirliyi kitab alır. Kitab problemi qismən də olsa həll olunub. Uşaqlarını rus bölməsinə qoymaqdansa, onları Azərbaycan ədəbiyyatını bilən mədəni insanlar kimi yetişdirsinlər.
Gülzar İbrahimova: Müasir dövrdə uşaqlar çox inkişaf ediblər. Onların zövqünü oxşamaq üçün özümüz dəyişməliyik. Mən gənc ana olsaydım, bizim və rus ədəbiyyatını görsəydim, mən də uşağımı rus bölməsinə qoyardım. Çünki geri qalmışıq, həm də kitablar baxımından. Bir dənə formalı kitab buraxa bilirikmi ki, həm diski, həm də şəkilləri olsun? Türkiyədə, Rusiyada kitablara baxanda heyran olursan. Bəs bizdə niyə yoxdur?
Sevinc Nuruqızı: Mən razı deyiləm. Yetərincə kitablarımız var. Bizim bədii ədəbiyyatımız çox zəngindir.
Gülzar İbrahimova: Kitablar var, amma uşaqların zövqnü oxşamır.
Fuad Babayev: Siz yəqin ki, kitabların poliqrafik həllini nəzərdə tutursunuz?
Gülzar İbrahimova: Bəli. Uşaq bəyəndiyi kitabı aldırmaq istəyir.
Sevinc Nuruqızı: Dediyiniz kitablar aşağı yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlar üç mərhələdən keçir: tamaşaçı uşaq, dinləyici uşaq və oxucu uşaq. İlk iki mərhələni özümüz keçirməliyik ki, uşaq oxucu olsun.
Fuad Babayev: Amma əlimizdə Gülzar xanımın dediyi kitablar olsaydı, həmin iki mərhələni keçmək daha asan olardı.
Sevinc Nuruqızı: Əlbəttə. Mən demək istəyirəm ki, ilk mərhələ üçün varımızdır və bunlardan istifadə etməliyik. Bu yaxınlarda Biləsuvarda “Kitab karvanı” ilə bir görüşdə olduq. Mən orada Biləsuvar məktəbliləri ilə dünya ədəbiyyatına həsr olunmuş viktorina keçirirdim. Mübariz İbrahimov adına liseyin uşaqlarına mən heyran oldum. Üç söz deyən kimi, kitabın adını söyləyirdilər. Çıxanda hətta həmin uşaqların elektron poçt ünvanlarını aldım ki, onlarla dostluqdan şad olaram. Kimsə deyəndə ki, boşluqdur, kimsə deyəndə ki, oxumurlar, o uşaqların nömrəsini vermək istəyirəm ki, gedin soruşun, görün onlar nələr oxuyublar.
Gülzar İbrahimova: Mən də uşaqların oxumamaları fiki ilə razı deyiləm. Oxuyurlar, sadəcə olaraq uşaqlara lazım olan ədəbiyyatı vermirlər.
Sevinc Nuruqızı: Buna görə də savadlı valideyn və savadlı müəllim birliyinə nail olmaq lazımdır.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 14 dekabr 2017-ci ildə dərc olunub.