– Tamaşaçılar sizi vaxtilə İctimai TV-də efirə gedən “Qaraj” proqramı ilə tanıdı. Bu gün isə həm də prodüser, müğənni-bəstəkar olaraq fəaliyyətinizi davam etdirirsiniz. Belə ritmdə işləmək yaxın perspektivdə bu sahələrdən biri ilə vidalaşmağa gətirib çıxara bilərmi?
– Bir hava şarının yüksəklərə qalxması üçün, yükünü azaltmaq lazımdır. Mən də bu gün eynisini edirəm. Sənətçilərə prodüserlik etmirəm. Son layihəm Xəyyam Nisanovla bağlı idi, onunla da yollarımı ayırdım. Digər müğənnilərə mahnı yazmıram. Bir ailə başçısı kimi öhdəliklərim var. Həyat rejimim məni sıxınca, istəməyərək, o yükləri azaltmağa məcburam. Məsələn, qarşımda bu gün bir sual dayanır: “Ya aparıcılıq, ya da ifaçılıq”. Çətin olsa da, bir seçim etməliyəm…
– Nəyə görə son vaxtlar bəstələdiyiniz mahnıları əsasən özünüz ifa edirsiniz? Yerli müğənnilərlə əməkdaşlığı dayandırmağın bir səbəbi varmı? Yoxsa bu adi bir təsadüfdür?
– Özüm müğənni kimi qazanmağa, dəvət almağa, sevilməyə başladımsa, digərinə niyə yazım? İlk mahnım “Həyat yoldaşımsan” çıxan kimi, dəvət etməyə başladılar. Anladım ki, insanlara bu lazımdır. Madam ki, mahnılar mənim ifamda sevilir və mənə şöhrət gətirir, artıq başqa səslərə ehtiyac olmadı.
– 10 ildən çoxdur ki, müxtəlif televiziyalarda aparıcılıq etmisiniz. Müşahidələriniz sizə nə deyir? Bu illər ərzində aparıcıların peşəkarlığı, hazırlıq səviyyəsindən tutmuş, proqramların keyfiyyətinədək hansı dəyişiklikləri sezmisiniz?
– 15 ildir ki, bu sahədəyəm. Bu barədə çox yazdım, çox danışdım. Aşkar olanları təkrar etmək istəməzdim. Cəmiyyətin mədəni səviyyəsi göz qabağındadır. Cəmiyyətin tələb etdiyi aparıcılar, verilişlər, musiqilər və format da, həmin səviyyədən yuxarı ola bilməz. Bu gün teleradio özü-özünü güclə dolandıran bir “orqanizm” olaraq, maarifləndirmək, keyfiyyət təlqin etmək, daha yaxşısını xalqa sevdirmək imkanında deyil. Yaxşı dekor, yaxşı aparıcı, yaxşı qrafika böyük vəsait deməkdir. Yaxşı ssenarist, yaxşı redaktor, yaxşı məzmun da həmçinin. Baxın, neçə-neçə proqressiv, zövqlü, savadlı TV və radio peşəkarları banklara, şirkətlərə, nazirlik və dövlət qurumlarına maddiyyat arxasınca qaçdılar. Zövqlü, savadlı, xarici dil bilən, özünə inamlı şəxs niyə ucuza işləsin ki? Bəs yerdə kimlər qaldı? Xalqın damarını ya toyxanayla, ya yasxanayla tutanlar, müğənnidən pul alıb verilişinə çıxaranlar. Proqressiv tamaşaçı da, sosial şəbəkələrə və xarici telekanallara üz tutdu… Amma mən bədbin adam deyiləm. Köhnə binalar sökülüb, yerində daha müasir, gözoxşayan binalar tikildiyi kimi, bugünkü tele-radiomuz da, günlərin bir günü, kəskin islahatlarla yenilənəcək. Mən buna inanıram.
– Sosial şəbəkədəki fəaliyyətinizdən də görünür ki, kino sahəsinə böyük marağınız var. İstər aktyor, istər rejissor kimi özünüzü sınamağı düşünürsüzmü?
– Yox. Söz vermişəm ki, kino və seriallarda çəkilməyəcəyəm. Səbəbi odur ki, mən kinomanam, keyfiyyətli kinodan başım çıxır və aktyorluq sənətinə sonsuz hörmətim var. Mənim həyatımın əsas işi – Musiqidir. Musiqidə hələ o qədər şey bilmirəm və öyrənməliyəm ki…
– Sizin rəsmi Youtube kanalınız var. Gözləntilərinizi doğruldurmu? Tamaşaçı marağı, baxış sayı Sizi qane edirmi?
– Əsas odur ki, mənim musiqimə maraq göstərən tamaşaçının əli çatır, ünü yetir. Daha çox tamaşaçını cəlb etmək istəyi isə hər zaman var. Keyfiyyətli sənətçi üçün çətindir. Görün, neçə-neçə ara müğənnisi, musiqili meyxana oxuyanıyla auditoriya uğrunda rəqabətdəyik. Mən bir dəfə söyləmişdim ki, “Belə bir ölkədə Tünzalə, Sevda Ələkbərzadə, Zülfiyyə olmaq dəhşət çətindir…” Bayağı ola bilmirsən, həm də sevilmək, duyulmaq istəyirsən. Zülüm budur! İnşallah, yaxşı olar.
Dadaş Musayev, 1905.az