Noyabrın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrini gücləndirilməsinə xidmət etdiyini bildirib. Nazir Akademiyanın türk dünyası irsinin, tarixinin və mədəniyyətinin araşdırılmasında apardığı işlərin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini ifadə edib.
Nazir Ceyhun Bayramov Azərbaycan tarixinin xüsusi dövrünü yaşadığını qeyd edərək bu zaman çərçivəsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyən beynəlxalq təşkilatlar sırasında olan Beynəlxalq Türk Akademiyasına təşəkkürünü bildirib, bu dəstəyin həmişə ölkəmiz tərəfindən xüsusi minnətdarlıqla xatırlanacağını vurğulayıb.
Darxan Kıdırəli bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını, lakin qələbəyə təsadüf etməsinin məmnunluq doğurduğunu bildirib. O, bütün hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatı alqışlayıb və bu xüsusda Beynəlxalq Türk Akademiyası adından təbriklərini ifadə edib. Darxan Kıdırəli şəhidlərimizə rəhmət və yaralılara şəfa diləyib.
O, Qazaxıstan Respublikası hökuməti ilə Türk Akademiyası arasında bu qurumun yerləşdirilməsi şərtləri və qaydaları haqqında saziş imzalandığını nazirin diqqətinə çatdırıb. Darxan Kıdırəli Türk Akademiyasının yeni nəşrlərini nazirə təqdim edib.
Ceyhun Bayramov Akademiyanın yeni nəşrlərinin türk dünyası üçün dəyərli töhfə olduğunu bildirib. Nazir, həmçinin Qazaxıstan Respublikası hökuməti ilə Türk Akademiyası arasında sazişin imzalanması, beləliklə də Akademiyanın tam fəaliyyətə başlaması üçün hüquqi prosedurların yekunlaşması münasibətilə həmsöhbətini təbrik edib.
Görüş zamanı tərəflər, habelə Türk Akademiyasının gələcək layihələri və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.