Ölkəmizin, xalqımızın tarixilə səsləşən, tarixin dərin qatlarından xəbər verən, öz ilkin mənasından qoparaq geniş məna ərz edən, toponimə, hidronimə, antroponimə çevrilən sözlərdən biri də Qubadır. Bu söz min ildən çoxdur ki, əlamət bildirmək xüsusiyyətini itirib isimləşib, başqa yerlərlə yanaşı, Azərbaycanımızın qədim tarixə malik bir diyarının mərkəzi olan şəhərin adına çevrilib.
Qubanın tarixi ilə birgə adının yaranması haqqında müxtəlif vaxtlarda alimlər bir-birindən fərqli fikirlər söyləyiblər. Ərəb müəllifləri İbn Hövqəl, Yaqut Həməvi, italyan Amvrasi Kontari, fars tarixçisi Münəccim Yəzdi, alman səyyahı Adam Oleari, rus şərqşünası B.Dorn, Qafqazşünas alim P.K.Uslar, K.F.Qan, türkiyəli tarixçilər Mustafa Ali Əfəndi, İbrahim Əfəndi, eləcə də azərbaycanlı alimlərdən A.Bakıxanov, F.Köçərli, S.Aşurbəyli, C.Ə.Xəlilov, Əli Hüseynzadə, S.Əliyarlı, Q.Qeybullayev, Y.Mahmudov, Ş.F.Fərzəlibəyli və başqaları öz əsərlərində Quba haqqında məlumat veriblər.
Şübhəsiz ki, hamı eyni fikir söyləməyib. Quba sözünü kimi “Qübbə”, kimi “Kəbə”, kimi “Qudyal” sözlərilə, kimi tayfa adı ilə, kimi də şah Qubanın adı ilə əlaqələndirib.
Kiçik bir yazıda bu mülahizələrə münasibət bildirməyə imkan olmadığından bəzi mənbələrə istinad edərək Quba sözünün mənası haqqında fikrimizi aydınlaşdıraq.
Əvvəldən onu qeyd edək ki, Quba adında keçmiş Sovetlər İttifaqında 20-yə yaxın coğrafi adlar, o cümlədən, dağ və çay adları vardır. Belə bir sual yaranır: “O yerlərin adı da “Qübbə”, “Kəbə”, “Qudyal” sözlərilə, yaxud şah Qubadın adı ilə əlaqələndirilə bilərmi?” Yəqin ki, “yox” cavabı alınar.
Onda Quba sözü özündə hansı mənanı daşıyır? Məlumdur ki, miladi tarixlə 622-ci ildə Mədinə şəhərində tikilmiş ilk məscid Quba məscidi adlandırılıb. Müqəddəs yerə ad verildiyindən anlaşılır ki, bu sözün anlamı, mənası da gözəldir. Odur ki, islamı qəbul edən türklər içərisində Quba sözü işlənib, xüsusilə, coğrafi adlarda öz tarixiliyini qoruyub saxlayıb.
Bu sözün islam dini ilə bağlı yayılmasının uyğunluğudur ki, Qubanın bir şəhər kimi mövcudluğu XI-XIII əsrlərə aid edilir. Bu bir tərəfdən sənətkarlıqla, xüsusilə, xalçaçılıqla əlaqədar üzə çıxırsa, digər cəhətdən tarixi sənədlərdə təsdiq olunur. XII əsrdə yaşamış Şirvanşah Fəriburzun Aranda yüksək vəzifə daşıyan Məcid İbn Namdara yazdığı məktubda Qubanın adının çəkilməsi buna misal ola bilər.
Quba şəhərinin ilkin yeri çayın kənarı deyil, təpə üzərində olub. Professor C.Ə.Xəlilova görə Sandıqtəpədə apardığı qazıntı işləri bu fikri təsdiq edir. Qafqazşünas alim P.K.Usların fikrincə də Quba şəhəri iki təpə üzərində yerləşirmiş. Bugünkü şəhər ərazisi çay yatağı olub, çay yatağı daraldıqca əhali bu yerlərdə məskunlaşıb. Çayın adı ilə bağlı Quba şəhərinin Qudyal adlı kəndi məskunlaşıb. 1744-cü ildə Hüseynəli xan xanlığın iqamətgahını Xudatdan Qudyala köçürmüş, böyüyən və genişlənən ərazi kiçik bir kəndin adı ilə deyil, Quba adı ilə tanınıb. Bu dövrdə Quba ətrafına üç tərəfdən hasar çəkilməsi ona Qala deyilməsinə səbəb olub.
Sonralar da çay yatağının kiçilməsi davam edib. Yaşayış yerinə çevrilmiş Dərə məhəlləsi buna sübutdur. Qubanın küçələrində kanalizasiya xətti çəkilir. Bu, sevindirici haldır. İki metr dərinlikdə üzə çıxan quyu və küçəbəndlərin tədqiqatdan kənarda qalması, üstünün tələsik örtülməsi təəssüf doğurur: “Qubanın küçələrində tarix dəfn olunur”.
Quba sözündən törəmiş müxtəlif variantlarla yazılış, eləcə də Qubadla əlaqələndirmə bu sözü kəsb etdiyi ilkin mənadan və türkdilli müsəlman xalqların yaşadıqları ərazilərdəki Quba toponimindən ayırmaqdır.
Tarixçi alim Əli Hüseynzadənin yazdığına görə, 1856-cı ildə tərtib edilmiş Orenburq vilayətindəki tayfalar siyahısında qıpçaq tayfası tərkibində quba adlı uruğa rast gəlinir. Qırğızıstanda da belə bir etnik bölmə mövcuddur. Demək olmaz ki, quba tayfa adındandır. Axı, quba adı ilə məscid, dağ, çay və başqa adlar vardır.
Belə olduqda bir məsələ qalır. Quba sözünün mənası nədir? Niyə bu söz bu qədər sevilib və yayılıb?
Mahmud Kaşqari, Əbu Həzzan, B.Kozlov, L.Budaqov və başqa müəlliflər Quba sözünün rəng mənası verdiyini yazmışlar. Bu, hansı rəngdir?
Altayda Belaya Kuba və Solyonaya Kuba adlı iki çay qolu vardır. Quba deyilməsi çayın ağlığı ilə bağlıdır. Sonradan rusdilli xalq bu ağ çayları fərqləndirmiş, birinə Ağ Quba, digərinə Şor Quba demişdir. Mənası ağ olan Quba sözünə yenidən ağ sözünü qoşmaqla bu fikir təsdiqlənmişdir. Bəzi quş və heyvanlara da Quba adı verilə bilir. Məsələn, quba qaz, quba at. İnsanlara verilən adlarda da bunu görmək olur. Qızlara Qubaxanım, oğlanlara Qubaşah adının qoyulması da bu anlamdan irəli gəlir.
Ağ rəng işıq deməkdir, gözəllik deməkdir, istilik deməkdir, qaranlığın, pisliyin, şərin əksidir. Ona görədir ki, sevilir və məscidə, yaşayış yerinə, çaya, dağa və insana ad verilir.
Quba ağ rəngin çalarlarından biridir. Yazıçı Əfqan bunu belə ifadə edir: “Quba qədim dilimizdə ağ deməkdir, azacıq qırmızıya çalan ağ rəng. Bu həm də gözəllik rəmzidir”.
Qubanın gözəlliyi, təbiəti isə bir çox alimlərin, səyyahların diqqətini cəlb edib. Azərbaycanlı səyyah, alim və coğrafiyaşünas Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahət” (Səyahət bağı) əsərində yazmışdır: “Ab-havası ürəyə yatandır. Hələ qədimdə ərəb tayfalarından biri Qubaya köçmüş və orada məskən salmışdır”…
Bütün dediklərimizdən aydın olur ki, Quba adı çaya, dağa, tayfaya, ata, qaza, insana gözəlliyinə, gözəlliyi isə insanı valeh etməsinə, heyrətləndirməsinə görə verilir.
Tahir HƏSƏNLİ
Quba rayonu, Yerfi kəndi