![](https://1905.az/wp-content/uploads/2021/10/16331603634165046441_1000x669.jpg)
Qarabağ bölgəsində çalışan bir qrup media nümayəndəsi Vətən müharibəsinin informasiya cəbhəsində göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Tərtər rayonunda pandemiya şəraitinin tələblərinə uyğun olaraq tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsindən, media nümayəndələrinin informasiya cəbhəsindəki fəaliyyətindən danışıb. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı hər kəs qalibiyyət üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ortaya inanılmaz qətiyyət qoymuşdu. Bu əzmi, qətiyyəti və dəyanəti özünün əməli fəaliyyəti ilə göstərənlər sırasında jurnalistlər – kütləvi informasiya vasitələrinin bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıqları ilə seçilirdilər. Onlar Azərbaycan ictimaiyyətinin dəqiq və qərəzsiz informasiyalarla təminatında müstəsna missiya yerinə yetiriblər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında bildirib ki, 2020-ci il sentyabrın 27-də erməni təxribatına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Ordumuz bütün cəbhəboyu əks-hücuma keçdi. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı. 44 gün davam edən müharibə Azərbaycan Ordusunun Qələbəsi, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi.
İnformasiya cəbhəsində aparılan işin ön cəbhədəki qədər əhəmiyyətli olduğunu deyən Qənirə Paşayeva qeyd edib ki, Vətən müharibəsi zamanı Prezident İlham Əliyev dünyanın bir sıra nüfuzlu telekanalına geniş müsahibələr verib. Dövlətimizin başçısı həmin müsahibələrdə Ermənistanın Azərbaycana qarşı başladığı elan olunmamış müharibənin tarixi, səbəbləri, hazırkı durumu, eləcə də dövlətimizin, xalqımızın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Q.Paşayeva deyib ki, Azərbaycan Vətən müharibəsində həm döyüş meydanında, həm informasiya müharibəsində qalib gəldi. İnformasiya müharibəsində media nümayəndələrinin də üzərinə böyük məsuliyyət düşürdü. 44 gün ərzində KİV nümayəndələri çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Həm peşə borcunu ləyaqətlə yerinə yetirdilər, həm də vətənpərvərlik nümunəsi göstərdilər. Televiziyaların, elektron media orqanlarının nümayəndələri birbaşa hadisə yerindən informasiyalar foto və videolar yayımladılar, xalqımızı, dünyanı məlumatla təmin etdilər.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva tədbirdə çıxış edərək, Qarabağ bölgəsində çalışan media nümayəndələrinin müharibə dövründə əsgər və zabitlərimizin qəhrəmanlığını, cəbhəyanı bölgələrdəki sakinlərin fədakarlığını, postmüharibə dövründə isə Qarabağda abadlıq-quruculuq işlərini işıqlandırdığını diqqətə çatdırıb, ictimaiyyətin düzgün məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünyaya yayılması sahəsində fəaliyyətinə görə onlara təşəkkür ediblər.
İTV-nin bölgə müxbiri Şöhrət Eyvazov, AZƏRTAC-ın bölgə müxbirləri Tahir Ağaməmmədov və Aydın Yavərzadə, AzTV-nin bölgə müxbiri Elnur Tofiq, Xəzər TV və BakuTV-nin bölgə müxbiri Şamxal Adıgözəlov, Space TV-nin bölgə müxbiri Emin Babayev əməklərinə verilən qiymətə görə təşəkkürlərini çatdırıb, Qarabağ bölgəsindəki fəaliyyətlərindən söz açıblar. Bildirilib ki, Qarabağ üzrə bölgə müxbirləri təkcə 44 günlük Vətən müharibəsi dövründə deyil, atəşkəs dövründə də informasiya müharibəsinin cəbhəsində gərgin çalışıb, ermənilərin təxribatları, yaşayış məntəqələrimizin atəşə tutulması, regionun sosial-iqtisadi həyatı, Qarabağın tarixi, mədəniyyəti ilə bağlı informasiyalar, reportajlar hazırlayıblar. Bundan sonra isə xalqımızı işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif istiqamətli informasiyalarla, o cümlədən həyata keçirilən inkişaf, bərpa-quruculuqla bağlı məlumatlandıracaqlar.
Sonda KİV nümayəndələri Vətən müharibəsi zamanı peşə fəaliyyətinə həssas yanaşdığına, Azərbaycan və dünya ictimaiyyətinin operativ, dəqiq informasiyalarla təmin edilməsində aktiv iştirakına görə mükafatlandırılıblar.