MilliByte şirkətinin rəhbəri Kərim Tahiroğlu və Azərbaycan-Fransız Universitetinin müəllimi Əhəd Məmmədov ilə informasiya-kommunikasiya texnologiyalarının tədrisindən danışdıq.
Fuad Babayev: Sizin fikrinizcə orta statistik azərbaycanlının informasiya-kommunikasiya texnologiyaları ilə bağlı bilgiləri minimal tələblərə cavab verirmi?
Əhəd Məmmədov: Mən 2002-ci ildən təhsil müəssisələrində çalışıram. 90-cı illərin sonu 2000-ci ilin əvvəllərindən bu yana tək dünyada deyil, təbii ki, Azərbaycanda da bu sahədə həm tələbat, həm də onun qarşılanması baxımından ciddi irəliləyiş hiss olunur. O zamanlar İKT-ni müəyyən bir məqsədlər üçün istifadə etsələr də, indi artıq demək olar ki, istənilən sahədə, istənilən istiqamətdə İKT-siz iş getmir. Azərbaycanda bu təlabatın qarşılanması üçün isə əfsuslar olsun ki, hazırda kifayət qədər insan və avadanlıq resursu yoxdur. Bunun təbii ki, iki səbəbi var. Əvvəla, insan resurslarının yetişdirilməsi üçün kifayət qədər təhsil və tədris müəssisələrinin olmaması, ikinci olaraq da fiziki cəhətdən çox ciddi vəsait tələb olunan bu sahəyə kifayət qədər maliyyə dəstəyinin ayrıla bilməməsidir. Son dönəmlərdə bütün universitetlərdə kompüter mühəndisliyi, kompütür elmləri, informasiya texnologiya sistemləri və informasiya texnologiyaları adlı ixtisasların açılması, eyni zamanda ingilis dilində tədrisə də üstünlük verilməsi onu göstərir ki, təxminən yaxın 5-10 il ərzində Azərbaycan İKT sahəsində həm insan resursları, həm də fiziki cəhətdən tələbləri qarşılayacaq. Təbii ki, şirkətləri də mütləq şəkildə bu işə cəlb etməklə.
Fuad Babayev: Mən belə başa düşdüm ki, ümumiyyətlə sizin fikrinizcə istiqamət, trend müsbətə doğrudur. Kərim müəllim Sizi dinləyək.
Kərim Tahiroğlu: Burada mənim həm razılaşdığım, həm də razılaşmadığım məqamlar var. Təbii ki, biz əgər İKT-nin populyarlaşmasını, İKT-nin ölkə iqtisadiyyatında və tədrisdə yüksək səviyyədə tətbiqindən danışırıqsa, bunun kökündə təhsil dayanır. Amma təəssüflər olsun ki, hazırda İKT ixtisaslarını tədris edən ali məktəblərimizin vəziyyətinə baxanda görmək olur ki, orada vəziyyət heç də arzuolunan deyil. Çünkü, tədris proqramlarının nisbətən aktuallığını itirməsi, bu sahəni tədris edən pedaqoji heyətin günün tələblərinə cavab verməməsi son nəticədə ona gətirib çıxarır ki, prosses hər nə qədər müsbət işartılar versə də, mənim düşüncəmə görə ümumilikdə bu kortəbii xarakter daşıyır.
Fuad Babayev: Yəni konseptual yanaşma yoxdur.
Kərim Tahiroğlu: Bəli, yoxdur. Çünkü biz nəticələrə nəzər yetirdikdə görürük ki, bu sahə üzrə məzun olan tələbələr ali təhsil müəssisəsini bitirdikdən sonra daha çox şey öyrənirlər nəinki, ali məktəb dövründə. Ola bilər bir-iki ali məktəbimizi çıxmaq şərti ilə. Bu baxımından təəssüflər olsun ki, İKT-nin tədrisi hələ ki, ölkəmizdə arzuolunan səviyyədə deyil.
Fuad Babayev: Mən mövzunun bir qədər fərqli bir aspektinə toxunmaq istərdim. Bütün dünyada beyin axını problemi var. Müəyyən səviyyəyə gəlib çatmış mütəxəssislərin bir qisminin ölkəmizi tərk edib başqa ölkələrdə çalışmağa başlaması nə qədər ciddi fəsadlar törədir sizin fikrinizcə?
Kərim Tahiroğlu: Ümumiyyətlə, mən beyin axınının baş vermə səbəbləri haqqında geniş danışa bilərəm. Amma birmənalı şəkildə bunu qiymətləndirmək bir az çətindir. Beyin axınının müsbət və mənfi tərəfləri var. Əslinə qalsa beyin axınının olmasına mən ciddi bir problem kimi baxmıram. Lakin konkret indiki halda nəzərə alanda ki, İKT üzrə püxtələşmiş mütəxəssislərimizin sayı kifayət qədər azdır, bu fonda beyin köçü əlbəttə ki, bizim zərərimizə işləyən bir amildir. Əgər bizdə də Hindistandakı kimi olsaydı, bu problem sayılmazdı. Hindistan İKT mütəxəssislərinin sayına görə dünyada birinci yeri tutur. Orada beyin köçü hələ də var, amma bu onun üçün ciddi bir problem deyil.
Təmkin Məmmədli: Təhlükə deyil.
Kərim Tahiroğlu: Bəli, təhlükə deyil. Çünkü say çoxdur. Yaxud Braziliyada deyək ki, hər uşaq futbol oynayır. Orada da o futbolçuların legioner həyatı yaşaması bir problem deyil. Amma, bizdə elə deyil vəziyyət. Bayaq qeyd etdiyim kimi mütəxəssislərimiz daha çox öz hesabına yetişiblər, ali məktəblərdən məzun olduqları dövrdə o qədər də mütəxəssisə tələb olunan biliklərlə ayrılmayıblar. Onlar müxtəlif təlimlərə qatılaraq, bəziləri xaricə gedərək biliklərini artırıblar. Mən belə düşünürəm ki, onların yetişməsində daha çox yük məhz onların öz şəxsinə düşüb. Belə olan halda, onların köç etmələri təbii ki, bizə təsir edir. Çünkü, dediyim kimi sayları onsuz da azdır və onlar da çıxıb gedirsə, bu ciddi fəsadlara gətirib çıxara bilər. Amma, əlbəttə ki, təhsil müəssisələrimizin, infrastrukturumuzun inkişaf səviyyəsi daim mütəxəssis ixrac etməyə imkan versəydi bu bizim üçün daha xoş olardı. Yəni say nisbətini nəzərə aldıqda, bəli, bəlkə də təhlükəli həddə gəlib çatıb. O ki qaldı səbəblərinə, bu haqda da söz demək istərdim. Yəni sözsüz ki, İKT mütəxəssisləri harada daha çox qazanırlarsa, ora da gedirlər. Bu birmənalıdır. Hətta ölkə daxilində belə görürürük ki, onların sirkulyasiyası başqa sahələrdə olduğundan daha sürətlidir. Bu baxımından o başa düşüləndir. Amma yenə də ölkə daxilində belə bəzi hallar olur ki, onların əməyi də kifayət qədər qiymətləndirilmir. Biz əmək haqqı nisbətlərinə baxsaq, hətta Avropanı bir kənara qoyaraq, Rusiya və yaxud da yaxın Türkiyə ilə müqayisə etsək yenə də görə bilərik ki, onların aldığı məvacib həqiqətən də azdır. Onlar artıq Azərbaycan səviyyəsini aşdıqlarına görə düşünürlər ki, harada daha çox qiymətləndirilirlərsə, o ölkələrə üz tutmaları onlar üçün daha məntiqli olar.
Fuad Babayev: Əhəd müəllim, Azərbaycanda Kərim müəllimin haqlı olaraq qeyd etdi ki, bu sahə üzrə mütəxəssislər ali təhsil müəssisələrindən daha çox real həyatda püxtələşirlər. Bizim ümumi biznes həyatı, müəssisələrin mövcudluğu, obrazlı desək proqram istehsalı sahəsində işlər nə dərəcədə münbitdir?
Əhəd Məmmədov: 2002-ci ildən bu ilə qədər Qafqaz Universitetində işləmişəm. Özüm də həmin Universitetin məzunuyam, 1997-ci ildə qəbul olmuşdum, indi ora Bakı Mühəndislik Universiteti adlanır. Mən keçdiyim təcrübələrə dayanaraq çox ümüdlü idim ki, Azərbaycanda İKT üzrə mütəxəssislərin sayı get-gedə artacaq, çoxalacaq. Amma əfsuslar olsun ki, barmaqla sayıla biləcək Universitetlərdə İKT mütəxəssisi yetişdirilirdi. UFAZ-da da (red – Azərbaycan-Fransız Universitetində də) İKT üzrə mütəxəssislərin yetişməsinin şahidi oluram və təbii ki, biz artıq ümidlə gözləyirik ki, məzunlarımızın Azərbaycanda səsi eşidələcək. Bəlkə də birinci sualın cavabında mənim bu dərs keçdiyim Universitetlərdən gələn ümid idi ki, Azərbaycanda İKT-nin müsbətə doğru inkişafını vurğuladım. Amma əfsuslar olsun ki, həqiqətən də Kərim müəllim dediyi kimi Azərbaycanın əhalisinə və tələbatlara baxsaq, bu kifayət etmir. Mütəxəssislərin ölkədən ayrılma probleminə baxdığımız zaman belə görünür ki, hazırda olduğu kimi bəlkə də yaxın 5 il ərzində Azərbaycan tələbatı qarşılamaqda, mütəxəssisləri burada saxlamaqda çətinlik çəkəcək. Bü gün bizdə İKT üzrə mütəxəssis yetişdirilməsi üçün kifayət qədər universitet yoxdur, çox az saydadır. Müxtəlif universitetlər kompüter mütəxəssisi diplomu verə bilər. Amma, işə düzəlmək istəyən tələbə və məzunlarımız universitetlərdəki boşluğu doldurmaq üçün kurslara üz tuturlar və bu o deməkdir ki, hal-hazırda tələbatı qarşılıyacaq səviyyədə mütəxəssimiz yoxdur. Adını çəkmədiyim digər ali təhsil müəssisələrinin rektorları İKT üzrə olan ixtisaslara üstünlük versə, ümid edirəm ki, məqsədyönlü fəaliyyət nəticəsində onlar tələbatı qarşılıyacaq şəkildə mütəxəssis yetişdirə bilərlər.
Fuad Babayev: Əhəd müəllim, məni daha çox maraqlandıran real biznesin, real fəaliyyət sektorunun təlabatıdır. O sahənin inkişafı sürətlə gedərsə, obrazlı desək, Azərbaycanda “Amazon” (red. – internet üzərindən əmtəə və xidmət satışı dövriyyəsinə görə ən iri ABŞ kompaniyası) kimi bir nəhəngin yaranma ehtimalı və yaxud hansısa blokçeyn (red.— məlumatların saxlanması vasitəsi və yaxud tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestridir) texnologiyalarının burada vüsət alması və yaxud ola bilsin hansısa bir nou-hau-nun Azərbaycan istehsalı olması ehtimalı varmı? O sahədə bir donuqluq yoxdur ki?
Əhəd Məmmədov: Mən şəxsən fikirləşirəm ki, bu dəqiqə tələbatı qarşılayacaq vəziyyətdə deyilik. Çox ciddi şəkildə kənardan mütəxəssis cəlb olunur. Müəyyən şirkətlərə baxsaq görərik ki, qrup rəhbəri və yaxud da şöbə rəhbəri olaraq əsasən xariciləri cəlb edirlər. Çünkü, bizim mütəxəssislərin tələb olunan səviyyədə təcrübələrinin olması üçün gərək müəyyən bir müddət keçə. Amerikanın, Hindistanın keçdiyi təcrübə yolunu keçmədən mütəxəssislər yetişmir. O mütəxəssislərin yetişməsi üçün müəyyən bir vaxt tələb olunur. Şirkətlərin də bu dəqiqə onu gözləməyə vaxtı yoxdur, bu onlar üçün sərfəli deyil. Amma, Avropaya üz tutan mütəxəssislərimizə baxanda təxmin edirəm ki, onlar bir neçə il sonra geri qayıdıb burada xarici təcrübələrini paylaşsalar, yaxın 5-10 il ərzində öz kadrlarımız ehtiyacımızı qarşılamaq gücündə olacaq.
Fuad Babayev: Belə başa düşdüm ki, bizim mütəxəssislər xaricə gedir, biz isə hardansa mütəxəssis gətiririk.
Kərim Tahiroğlu: Burada əslinə qalsa bir neçə faktor var. Mən bayaq bunların birinə toxundum. Təhsil bunların kökündə dayanır. Amma tək təhsilin yüksək səviyyədə təşkil olunması da indiki məqamda kifayət etmir. Çünkü, İKT-nin təhsilində universitet mühitində texnoparkların fəaliyyət göstərməsi çox vacib faktorlardan biridir.
Fuad Babayev: Maddi texniki baza məsələsi.
Kərim Tahiroğlu: Bəli. Bu daha çox praktiki əmək tələb edən bir sahə olduğuna görə tələbələr universitetdə oxuduğu illər ərzində sadəcə nəzəri biliklərə deyil, eyni zamanda praktiki biliklərə yiyələnməlidirlər. İnkişaf etmiş ölkələrdə İKT ixtisasında oxuyan tələbələr dərslərinin praktiki tərəfini Google, Apple kimi şirkətlərdə keçirlər. Hər universitetin özünün texnoparkı var. Bu texnoparkda onlar real layihələr üzərində işləyirlər, şirkətlərlə saziş imzalayırlar.
Fuad Babayev: Konkret müəyyən layihələri gerçəkləşdirirlər.
Kərim Tahiroğlu: Bəli. Bunların hamısı önəmli faktorlardan biridir. Digər tərəfdən universitet məzununun ən azından təcrübə qazanmaq üçün münbit şəraiti olan şirkətlərə üz tutmağı lazımdır. Amma Azərbaycanda bu yoxdur. Çünkü müraciət edilən şirkətlərin hamısı hazır işçi istəyirlər. Yəni onlarda belə bir təcrübə, belə bir praktika yoxdur ki, işçi gəlsin ona təcrübə proqramı keçilsin və yaxud da müəyyən şərtlərlə daha az maaşla işə götürülərək yetişdirilsin. Bir-iki şirkəti çıxmaq şərti ilə təəssüflər olsun ki, bizdə belə bir praktika yoxdur. Digər tərəfdən bizdə real startaplara biznes dünyasında çox da müsbət yanaşılmır. Bizim elə startap (red. – “STARTUP” (ingilis dilindən tərcümədə “işə salmaq” ) – inkişaf mərhələsində olan, yeni yaranmış bir şirkətdir (hüquqi şəxs kimi fəaliyyət göstərməyə də bilər), hansı ki, öz məşğuliyyətini ya yeni yaranmış texnologiyalarla, ya da yeni innovasiya ilə əlaqədə olan ideyalarla bağlayır. Dünyada ən tanınmış startuplara misal olaraq Wikipedia-nı, Facebook-u, YouTube-u və s. göstərmək olar) layihələr var ki, onları elə belə demək mümkünsə beşikdəcə boğurlar, yəni onlara diqqət göstərilmir və yaxud layiqincə qiymətləndirilmir. Biz az öncə beyin köçü haqqında danışdıq. Amma bu da faktdır ki, Azərbaycandan kənarda İKT şirkətləri quran şəxslər var. Bu artıq şirkət köçüdür. Amerika da daxil olmaqla bir çox ölkələrdə sırf azərbaycanlı mütəxəssislərin qurmuş olduğu şirkətlər var ki, həqiqətən də böyük layihələr üzərində işləyirlər. Ən bariz nümunələrdən biri kimi azərbaycanlı bir gəncin Tvitterə öz layihəsini satmasını göstərə bilərik. Sadəcə bu fakt belə onu göstərir ki, bizdə əslinə qalsa mütəxəssis də, yaxşı biznes ideyalar da var. Baxmayaraq ki, bu sahədə biz hələ yeni-yeni addımlayırıq. Amma təəssüflər olsun ki, ölkədə bu məsələyə kompleks şəkildə yanaşma yoxdur. O baxımından da hər mənada insanlar uğuru kənarda görürlər.
Təmkin Məmmədli: Ümumiyyətlə, xarici dili bilməyən şəxs İKT ilə məşğul ola bilərmi, nəsə öyrənə bilərmi? Azərbaycan dilində dərslik yetərincədirmi? Onların səviyyəsi sizi qane edirmi?
Kərim Tahiroğlu: Ümumiyyətlə biz hər zaman deyirik ki, elmin dili ingilis dilidir. Qəbul olunmuş, yazılmamış qanunlara görə bu belədir. Amma İKT-də bu xüsusilə belədir. Çünkü istənilən ədəbiyyat, ilk çıxan ədəbiyyat məhz ingilis dilindədir. Bu baxımından İKT sahəsində mütəxəssis olmaq istəyən hər bir şəxs bu dilə yiyələnməlidir. Burada söhbət ondan getmir ki, məhz ingilislər bu sahəni ən yaxşı bilir. Hətta digər millətlərdən olan mütəxəssislər belə ən yaxşı kitabları, ən yaxşı resurslarını bu dildə yazırlar. Bizdə buna nümunə kimi Kamran Ağayevi misal göstərmək olar. Onun Oracle proqramı ilə bağlı yazdığı kitab bu sahə üzrə bestseller-lər arasındadır.
Təmkin Məmmədli: Kitab ingilis dilindədir?
Kərim Tahiroğlu: Bəli kitab ingilis dilində yazılıb. Amma bir məqamı qeyd edim. Biz deyirik ki, bunun dili ingilis dilindədir. Ən yaxşı resursları, ən yaxşı materialları biz ingilis dilində tapa bilərik. Hətta ruslar belə daha çox tərcümə edirlər, nəinki yazırlar. Amma bu o demək deyil ki, Azərbaycanda öz dilimizdə bu resurslar olmamalıdır. Yaxud təməl anlayışlarını, bunun fundamental əsaslarını öyrənmək üçün biz hökmən yenə ingilis dilinə müraciət etməliyik. Mən proqramlaşdırmanın əsaslarını izah edən kitab (red. – “Python ilə proqramlaşdırma”) yazmışam. Bu təməl bilgiləri, fundamental məlumatları vermək üçün nəzərdə tutulub. Təbii ki, o kitabla kifayətlənmək doğru deyil.
Təmkin Məmmədli: Bu başlanğıc üçündür.
Kərim Tahiroğlu: Bəli. Mənim inandığım bir gərçək var ki, başlanğıc üçün hökmən və hökmən bizim öz dilimizdə resurslar olmalıdır. Biz hər zaman deyirik ki, hamı öz ana dilində təhsil almalıdır. Əlifbanı belə öyrənmək insan öz ana dilində öyrənməlidir. Bu baxımından İKT-nin də əlifbasını, İKT-nin əsaslarını, fundamental hissəsini öyrənmək üçün bizim dilimizdə resurslarımız olmalıdır. Amma təssüflər olsun ki, yoxdur. Bunun da səbəblərini deyə bilərəm. Əvvala ona görə yoxdur ki, bu sahə ilə məşğul olmalı olan şəxslər təbii ki, ali məktəblərimizin pedaqoji kollektividir. Təəssüflə bir daha qeyd edirəm ki, əksər ali məktəblərimizin pedaqoji kollektivi günün tələblərinə cavab verən və yaxud aktual olan biliklərə malik deyillər. Mən özüm təhsil aldığım dövrü deyim. Mən 1997-2001-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almışam. Bizə 70-ci, 80-ci illərin materialları öyrədilirdi. Bu böyük bir problemdir. Müəllimlərimiz müasir, günün tələblərinə cavab verən, son texnologiyalardan bəhs edən, istər proqramlaşdırma dili olsun, istər sistem adminstrasiya şəbəkəsi ilə bağlı olsun, müasir kitablardan və ya öz beyin məhsulları olan ədəbiyyatlardan istifadə etmirdilər. Ona görə də onlardan elə bir gözləntim yoxdur. Bu kitabları bu sahə üzrə pedaqogikadan, təhsildən uzaq mütəxəssislər yaza bilər. Amma təəssüflər olsun ki, onların da bu cür kitablar yazmağa vaxtları yoxdur. Kamran Ağayevi götürsək, o, sadəcə bir istisnadır. Onun da Azərbaycan dilində yazmağa bəlkə də heç vaxtı olmaz. Bu baxımından görürük ki, həqiqətəndə ciddi bir ədəbiyyat qıtlığı müşahidə olunur. Mən məhz bu boşluğu aradan qaldırmaq üçün o kitabı yazmışdım. Çünkü proqramlaşdırmanın əsasları çox vacib bir sahədir. Biz proqramçı yetişdirmək istəyiriksə ona ilk növbədə proqramçı məntiqini öyrətməliyik, alqoritm məntiqini öyrətməliyik. Bunlarsız bir proqramçının yetişməsi düşünülə bilməz. O baxımından yaxşı olardı ki, bu kimi kitabların sayı çox olardı. Başlanğıc kimi, ilk addımlar üçün bu kitablardan istifadə olunardı. Amma daha sonra yenə xarici ədəbiyyata müraciət etmək lazımdır.
Fuad Babayev: Ermənistanda bu sahədəki durumla bağlı məlumatınız varmı?
Əhəd Məmmədov: Mən tədris etdiyim ixtisasdan misal gətirəcəm. Şəbəkə üzrə dərslər deyəndə biz IP protokolunun 6-cı versiyasından söhbət açanda təbii ki, söhbət serverlərdən düşür. Server olmadan o protokoldan istifadə edilməsi mənasızdır. 2018-ci ilə gəlib çatmışıq hələ də Azərbaycanda 6-cı versiya IP-dən istifadə edən serverlərin olmadığı ortaya çıxır. Bunu təbii ki, həm maliyyə ilə, həm də müəyyən texnika tələbatla əlaqələndirmək olar. Yəni hazırda 6-cı versiya IP-yə tələbat yoxdur. Amma, araşdırmalar apardığım zaman artıq Ermənistanda o serverlərin fəaliyyət göstərdiyini öyrəndim. Burada Rusiyanın köməyi, Ermənistana müəyyən layihələrlə maddi dəstəyin verilməsi və s. amillər mövcuddur. Bizim maddi cəhətdən bəlkə də problemimiz olmaya bilər. Amma fakt odur ki, Azərbaycanda 6-cı versiya IP-yə ehtiyac yoxdur. Ermənistanda 6-cı versiya IP-lərin istifadə edilməsi daxili amillərə bağlı deyil. Çünkü onların insan resurslarına, təlabatlarına baxsaq görərik ki, İKT üzrə Azərbaycandan irəlidə deyillər. Xarici layihələrin, başqa şirkətlərin müəyyən hab-paylama (red. – ing. Hub — fəaliyyət mərkəzi və ya toplanma mərkəzi, kompüterin şəbəkəyə qoşulması üçün istifadə olunur) nöqtəsi olaraq Ermənistanın seçilməsi də ehtimal oluna bilər. Amma əfsuslar olsun ki, onlarda layihələrin sayəsində güclü serverlərin, yüksək performanslı şəbəkə və təhlükəsizlik avadanlıqlarının olması bu sahə üzrə mütəxəssislərin indi də olmasa gələcəkdə yetişməsinə gətirib çıxaracaq. Onun üçün Azərbaycanda da IP v6-ya ehtiyac olmasa da, ekspermental məqsədlə də olsa IP v6 serverlərini və digər müasir avadanlıqları hissə-hissə tətbiq etməyə başlamaq lazımdır. Avadanlıqların mövcudluğu o sahə üzrə kadrların da yetişməsini zəruri edir.
Fuad Babayev: Ola bilsin burada erməni lobbisinin, erməni diasporunun da rolu var.
Kərim Tahiroğlu: Mən rəqəmlərlə bağlı bir söz deyə bilməyəcəyəm, çünkü məlumatsızam. Amma satınalmalarla bağlı müstəqillik illərində Azərbaycan kifayət qədər vəsait xərcləyib. Hətta mən bir mütəxəssisdən eşitmişdim ki, Azərbaycan Oracle məhsullarının alınması (red. – Oracle verilənlər bazasının lisenziyalarının alınması ilə bağlı) ilə bağlı bir sıra Avropa ölkələrini belə qabaqlayıb. Yəni təbii ki, xərclənən vəsait və bu sahədən əldə olunan gəlir fərqli ola bilər. Düşünürəm ki, bizim bu sahədən gəlir əldə edə bilməməyimizin kökləri araşdırımalıdır. Bizdə proqram təminatının işlənib hazırlanması ilə bağlı vəziyyət təbii ki, müsbətə doğru gedir. Məsələn Vergilər Nazirliyi ilk dəfə İKT-ni tətbiq etməyə başlayanda Pakistandan, Türtkiyədən mütəxəssislər dəvət etmişdilər. Amma indi onların tamamən bütün proqram təminatları, İKT ilə bağlı olan bütün resursları yerli mütəxəssislər tərəfindən hazırlanır. Yəni bu baxımından bizim kənardan bir asılılığımız olmur. Əvvəllər heç mütəxəssis, proqramçı yox idi. Daha doğrusu proqramçı var idi, amma, onlar müasir texnologiyaları bilmirdilər. O baxımından müəssisələrimiz hazır proqram təminatlarını kənardan alırdılar. Amma indi Azərbaycanın daxilində bütün proqram təminatları işlənib hazırlanır. Bu sahədə mütəxəssislərimiz kifayət qədərdir. Amma dediyim kimi, o, bir müəssisənin ehtiyacını qarşılamaq üçünür. Amma, Azərbaycan bir proqram təminatının xaricə satması, ixrac etməsi faktı ilə isə mən qarşılaşmamışam. Xaricdə şirkət qurub bu biznesi inkişaf etdirənlər haqqında məlumatım var. Xaricilərlə ortaq layihələrimiz var. Bildiyimə görə bəzi şirkətlərimiz Orta Asiyada, Gürcüstanda biznes əlaqələri qurublar, orada da bu sahə ilə bağlı ortaq layihələrdə iştirak edirlər. Amma rəqəmlər haqında təəssüflər olsun ki, məlumatım yoxdur.
Fuad Babayev: Karyera qurmaq istəyən gənclərə nə tövsiyə edərdiniz. Elə bir əlçatan, internet üzərindən yüklənməsi mümkün olan resurslar varmı ki, bu boşluq dolsun?
Kərim Tahiroğlu: Birincisi hər sahədə olduğu kimi burada da bir yol xəritəsi deyilən bir anlayış var. İKT mütəxəssisi olmaq üçün ilk növbədə biz aydınlaşdırmalıyıq ki, İKT – İnformasiya Kommunikasiya Texnologiyaları dedikdə hansı əsas istiqamətlər mövcuddur, hansı iş imkanları var. Bizdə ümumi olaraq ən yaxşı halda İKT mütəxəssisi deyirlər. Sözümü ona gətirirəm ki, konkret hansı sahələr üzrə ixtisaslaşma olması haqqında insanlarda məlumat yoxdur. Amma reallıqda 50-dən çox konkret ixtisaslaşmış sahələr, istiqamətlər var. Bunu araşdırmaq, öyrənmək əslində çətin bir məsələ deyil. Araşdırma həvəsi olan hər bir tələbə, hər bir gənc çox rahatlıqla bu yol xəritəsini əldə edə bilər. Azərbaycanda hansı iş imkanları var, hansı beynəlxalq sertifikatlar tələb olunur. Ümumiyyətlə tələb olunanlar və trend nədir. Bunların hamısını o özü də araşdıra bilər.
Fuad Babayev: Hər bir unikal situasiyaya müvafiq olaraq.
Kərim Tahiroğlu: Bəli. Birinci mən onlara araşdırmağı tövsiyə edirəm. İkinci isə bu sahə ilə bağlı özləri Azərbaycanda olmasalar belə kifayət qədər ictimaiyyətə açıq mütəxəssislərimizlə əlaqə qura bilərlər. İstər sosial şəbəkə üzərindən, istər hansısa başqa bir yolla. Onlarla əlaqə qurub onlardan məsləhətlər ala bilərlər. O mütəxəssislərimizə mən ayrı-ayrılıqda təşəkkür etməyi borc bilirəm. Onlar əzab əziyyətli, enişli-yoxuşlu yollardan keçib bu səviyyəyə gəldiklərinə, bütün çətinlikləri şəxsən yaşamış olduqlarına görə tövsiyə verməkdə, yol göstərməkdə comərddirlər. Çox rahat bir şəkildə tövsiyə verirlər.
Fuad Babayev: Çünkü onlar qüvvələrinə də inanırlar.
Kərim Tahiroğlu: Bəli. Mənim yaxın münasibətdə olduğum Ramin Orucov da təəssüflər olsun ki, hazırda Azərbaycanda yoxdur. Ramin müəllimlə biz MilliBytela əməkdaşlıq çərçivəsində bir neçə ali məktəbdə İKT sahəsində əsas istiqamətlər və iş imkanları mövzusunda seminarlar təşkil edirdik. Bundan başqa bizim şirkətimizdə (red. – MilliByte MMC-də) tələbələr üçün pulsuz konsultasiya saatları təşkil edirik, seminarlar veririk və bunlar tamamən təmənnasızdır. Bu ixtisasda oxuyanlar bilsin ki, onları qarşıda nə gözləyir, nə öyrənməlidirlər, nə cür davam etməlidirlər. Bundan başqa yenə dediyim kimi başqa mütəxəssislərimiz də mütəmadi olaraq öz sosial şəbəkədəki hesablarından tövsiyələr verirlər, yol göstərirlər. Arzusu olan, həvəsi olanlar üçün bu imkanlar var.
Fuad Babayev: Əhəd müəllim, Siz necə düşünürsünüz?
Əhəd Məmmədov: Məncə xarici dil məsələsinə mütləq üstünlük verilməlidr. Çünkü İKT sahəsi üzrə ixtisaslaşmaq istəyirlərsə deməli mənbələrdən istifadə edəcəklər. Azərbaycan dilində isə kifayət qədər resurs olmadığına görə məcburən ingilis dilini bilmək lazımdır.
Fuad Babayev: Bəs türk dilində dərs vəsaiti kifayət qədər var?
Əhəd Məmmədov: Dərs vəsaitləri ilə bağlı sualda mən bu məsələyə toxunmaq istəyirdim. Hansı dildə olmasına baxmayaraq mətnin hamısı ingilis dilindən tərcümə edilmişdir. İstər türk dilində olsun, istərsə də rus dilində. Türk və ya rus dilində material oxuduqda qarşıya çıxan terminin mənasını aydınlaşdırdıqda isə yenidən ingilis dilinə müraciət etməli oluruq. Bununla yanaşı, gənclərə onlayn resurslardan səmərəli istifadə etməyi tövsiyə edərdim. Çünkü bu dəqiqə kifayət qədər video material, pdf fayllar və müxtəlif onlayn resurslar, vebinarlar var. Vebinarlar, artıq heç bir yerə getmədən seminarları kompüterdə izləmək imkanı verir.
Fuad Babayev: Bu faktiki olaraq əvvəllər mövcud olmuş distansion təhsilin bir formasıdır.
Əhəd Məmmədov: Bəli. Ondan başqa Azərbaycanda keçirilən kifayət qədər pulsuz seminarlar var. Seminarlarda iştirak etsinlər. Daha sonra Azərbaycanın tələbatına, iş elanlarına baxsınlar ki, İKT üzrə hansı sahəyə təlabat var. Bundan sonra öz istiqamətini seçsinlər. Elə adam var riyaziyyatı sevmir, belə şəxslərə proqramlaşdırma tövsiyə edilmir. Çünkü o bunu bacarmayacaq. Bu insanlara İKT istiqamətlərindən bəziləri, misal üçün şəbəkə, database (red. – verilənlər bazası) və yaxud qrafik dizayn kimi bir o qədər də riyazi bilik tələb etməyən ixtisasları seçmək tövsiyə edilir. Qısaca öz həvəsinə, istəyinə uyğun istiqamət seçmələri tələb olunur. Daha sonra, hər hansı bir şirkətdə təmannasız belə olsa təcrübədən keçməyə çəkinməməlidirlər. Üç ay da olsa, beş ay da olsa təmannasız şirkətdə işləməyə razı olmalıdırlar. Əks təqdirdə istənilən şirkətə müraciət etdikdə təcrübə soruşulur. Onun üçün mən tövsiyə edərdim ki, təmannasız olsa da təcrübədən keçsinlər və bundan sonra artıq iş dünyasına atılmağa hazır olmuş olarlar.
Kərim Tahiroğlu: İki şey də əlavə edim. Əhəd müəllim sağ olsun çox geniş izah etdi. Beynəlxalq sertifikatlar haqqında danışmaq istərdim. Beynəlxalq sertifikatların əldə olunması, bunlara hazırlıq prosesi də bizim tələbələrimizə çox şeylər qazandıra bilər. Praktiki biliklərə yiyələnmək şərtilə bu çox önəmlidir. Bəziləri əzbərçiliklə sertifikat əldə etsələr də, heç bir praktiki bilikləri olmur. Yəni bunu qarışdırmamaq lazımdır. Şirkətlərdə təcrübə keçməklə eyni zamanda beynəlxalq sertifikatları da əldə etmək barədə düşünməlidirlər. Çünkü beynəlxalq sertifikatlar işə qəbul yolunda yaşıl işıq yandıran məsələlərdən biridir. Digər tərəfdən onlar tələbəlik illəri ərzində startap layihələrinə qoşula bilərlər. Azərbaycanda startap layihələrini müxtəlif səviyyələrdə dəstəkləyən müsabiqələr olur. Məsələn neçə ildir ardıcıl olaraq Yeni Fikir Müsabiqəsi (red. – Qafqaz Universiteti Texnoparkının başlatdığı, indi isə Bakı Mühəndislik Universiteti Texnoparkının təşkil etdiyi layihədir) keçirilir.
Əhəd Məmmədov: Əslində texnoparklarda keçirilən yarışlar da startap layihələridir.
Kərim Tahiroğlu: Yəni bunlar var. Tələbələr komanda şəklində ora qoşula bilərlər. Orada kifayət qədər motivasiya olur. Qalibləri mükafatlandırırlar, hətta şirkət qurmaq üçün belə müəyyən vəsait verirlər. Bundan başqa öz işlərini beynəlxalq müsabiqələrə göndərə bilərlər. Amma bunlar olmadığı müddət ərzində yenə məzun olan tələbə iş üçün müraciət edir və ondan iş təcrübəsi tələb edilir və tələbə də deyə bilmir ki, mənim iş təcrübəmin olması üçün gərək işləmiş olam. Yəni belə deyək. İşləmək üçün iş təcrübəsi lazımdır, iş təcrübəsindən öncə işə girmək lazımdır. Amma bunun çözümü odur ki, tələbə oxuduğu illər ərzində təcrübə proqramlarında, startap layihələrdə iştirak edir, digər tərəfdən beynəlxalq sertifikatları əldə edir. Sadaladıqlarımız amillər CV-də öz əksini tapanda, şirkətlər əlbəttə ki, onları həqiqətən işə qəbul edirlər. İnkişaf etmiş ölkələrdə bu təcrübə var. Orada bu sahədə oxuyan tələbələrin işə qəbul olmaması deyə bir şey yoxdur. İnkişaf etmiş ölkələrdə İKT mütəxəssisi olasan amma iş tapmayasan, bu həqiqətən də təsəvvürə gətirilə bilən bir şey deyil. Orada I və II kurs tələbələri müxtəlif proqramlarda iştirak edir, İKT şirkətlərində yarımştat olaraq işə düzəlir, ona görə onların belə bir problemi olmur. Bizim bu sahə üzrə ixtisas alan tələbələrimizə tövsiyə edirik ki, universitet çərçivəsindən çıxmalıdırlar, düşüncələri o çərçivədən çıxmalıdır, önlərini görməlidirlər. Biz adətən tələbələrlə danışanda hər zaman bunu vurğulayırıq ki, İKT mütəxəssisləri Azərbaycanda da yüksək maaş alırlar. Amma bununla bağlı biliklərə yiyələnmək lazımdır.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 28 fevral 2018-ci ildə baş tutub.