“Kvartet” rubrikasının qonaqları Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Günel Seyidəhmədli ilə Şuşadan danışdıq.
Fuad Babayev: Bu bizim Şuşa ilə bağlı dördüncü söhbətimizdir. Bizim bugünkü mövzumuz Şuşanın, demək ki, həm də Qarabağın milli geyimləri ilə bağlıdır. “Şuşa İli”ndə sizin bu müstəvidə gözləntiləriniz nədən ibarətdir?
Könül Vəlibəyli: Azərbaycan milli geyimlərini hazırlamağa başlayanda mənim ən çox diqqətimi cəlb edən, məni ən çox həyəcanlandıran geyimlərdən biri Şuşanın rəngarəng və gözəl yay geyimləri olub. Bu günə qədər bizə gəlib çatan, muzeylərdə qorunub saxlanılan geyimlərdən elə ən gözəli Şuşa geyimləri olub. Yeni milli geyim kolleksiyalarının hazırlanması, onun təbliğatı gənclərin də milli geyimlərə marağını artırır. Milli geyimi əyləncə və rəqs geyimlərindən ayıran insanların ən çox diqqətini cəlb edən də məhz Şuşa geyimləridir. Mən 15 ildir ilboyu davamlı olaraq milli geyimlərin yeni kolleksiyalarını hazırlayıb xarici ölkələrdə sərgilərdə, dəfilələrdə (moda nümayişi-red.) nümayiş etdirəndə Qarabağ, Şuşa geyimləri həmişə diqqət çəkib. XVIII əsrdə Avropadan gələn qonaqlar, tarixçilər Şuşa haqqında yazılarında daim Şuşa xanımlarının gözəl və rəngarəng geyimlərini xüsusi vurğulayıblar. Şuşa xanımlarının həmin dövrdə gözəl və zövqlə geyinməsini mən o bölgənin inkişafı ilə əlaqələndirirəm. Bu gün qorunub saxlanılan geyimlərə diqqət edəndə, araşdırmalar aparanda, təsvirlərə baxanda, oxuyanda görürsən ki, Azərbaycanın milli geyimləri arasında ən çox Qarabağın, Şuşanın geyimlərindən danışılır. Bizim geyim sahəsində də bəlkə ən çox inkişaf edən, ən rəngarəng və zəngin geyimlər Qarabağ bölgəsinə məxsus olub. Gözəl təbiət qoynunda yaşayan insanın yaradıcılıqla məşğul olmağa həm vaxtı, həm də böyük həvəsi olur. Ona görə də belə gözəl geyimləri hazırlamaq Şuşa xanımlarına nəsib olub.
Günel Seyidəhmədli: Könül xanımın fikirləri həqiqəti əks etdirir. Mən Qarabağ, Lənkəran, Bakı, Quba və s. bölgələrimizə aid geyim anlayışının meydana çıxma tarixinə nəzər salmaq istərdim. Bölgələrimizə aid milli geyim anlayışının yaranması xanlıqlar dövrünə təsadüf edir. XVIII əsrdə Azərbaycanda xanlıqların yaranması mühafizəkarlığı və bölgələrin özünəməxsusluğu önə çəkdi. Amma ondan öncə bütün geyimlər demək olar ki, eyni idi. Çünki onlar uzun əba, üzərindən kaftanlar (kaftan və ya qaftan – uzunətəkli qədim kəndli paltarı, don, qabağı düymə və ya lentlərlə bağlanıb – red.) geyinirdi.
Könül Vəlibəyli: Bəli, bu Şərq üslubu, Osmanlı üslubu idi.
Günel Seyidəhmədli: Tarixi proses bizim milli geyimlərin formalaşmasına çox mühüm təsir göstərib və həqiqətən onun dəyişməsinə səbəb olub. Hər əsr özünəməxsus geyim xüsusiyyətləri ilə seçilirdi.
Bizim milli geyim dediyimiz anlayış XVIII əsrdə formalaşıb. Hazırda bizə gəlib çatmış milli geyimlər XIX əsrə aiddir. Buna görə də biz məhz həmin geyimlərə istinad edirik. Könül xanım düzgün qeyd etdi ki, Qarabağ xanlığı çox zəngin idi.
F.B. – İqtisadi imkanların da burada rolu var.
Günel Seyidəhmədli: Əlbəttə. Burada maldarlığın, əkinçiliyin inkişafı da əsas şərtlərdən biridir. Şuşa isə xüsusilə dövrünün dəb mərkəzi idi. Milli geyimlərdəki fərqli detallar ilk olaraq məhz Şuşada özünü göstərirdi. XVI əsrdə Azərbaycanın dəb mərkəzi Təbriz idisə, XVIII əsrdə bu Şuşa idi.
Könül Vəlibəyli: Bəlkə də bir çox Şuşalı ziyalıların Qərbdə təhsil alması da burada öz sözünü deyib.
Günel Seyidəhmədli: Elə mən də o məqama toxunmaq istəyirdim. Biz dəbin dəyişməsini deyəndə milli geyimləri nəzərdə tutmuruq. Çünki milli geyim XIX əsrdə kifayət qədər inkişafının zirvəsinə çatmışdı. Şuşa Avropa və Rusiya ilə sıx əlaqədə idi. Şuşadan çıxan ziyalılar Rusiyaya, Avropaya üz tuturdular və qayıdanda əlbəttə ki, getdikləri yerin geyimlərini, xüsusilə kişi geyimlərini, parçalar və aksessuarlar gətirirdilər. Xanımlar da o parçalardan gözəl geyimlər hazırlayırdılar. Qadın geyimlərində dəyişiklik bir az gec başladı. Çünki qadınlar evdən bayıra çıxmırdılar. Ona görə də ilkin olaraq kişilərin geyimi dəyişməyə başladı.
F.B. – Milli geyim deyəndə insanın gözünün qabağına ilk növbədə qadın geyimləri gəlir. Amma kişi geyimləri də milli geyimin tərkib hissəsidir.
Günel Seyidəhmədli: Əlbəttə. Çox mühüm tərkib hissəsidir.
F.B. – Qarabağ geyimlərinin unikallığı həm də kişi geyimlərinə aiddir?
Günel Seyidəhmədli: Qadın və kişi geyimləri də özünəməxsus formada idi. Uşaq geyimlərinin isə elə bir özəlliyi yox idi. Onlar böyüklər üçün nəzərdə tutulmuş geyimlərin kiçildilmiş forması idi. Qadın geyimləri kişi geyimlərinə nisbətən daha zəngin, daha rəngarəng idi. Burada qadın geyimlərinin də öz təbəqələri var idi. Varlı və kasıb qadın geyimləri, yaşlı və cavan qadın geyimləri fərqli idi.
Könül Vəlibəyli: Gənc və evli qadınların, subay və nişanlı qızların geyimləri də fərqli idi.
Günel Seyidəhmədli: Bəli. Geyiminə görə qadının mənsub olduğu təbəqəni və yaşını müəyyən etmək olurdu. Qadınların çadra örtməsi əsasən Bakı zonası üçün xarekterik idi. Qarabağ zonasında çadradan daha az istifadə olunub.
F.B. – Amma bütün hallarda qadınların başı bağlı olub.
Könül Vəlibəyli: Bəli baş bağlı olsa da, qadının saçı, araxçını (qiymətli parçadan, çox vaxt tirmədən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi – red.) görsənirdi. Bölgələrimizdə xanımlar adətən başlarını yaylıqla örtürdülər.
Günel Seyidəhmədli: Mən bir haşiyəyə çıxmaq istəyirəm. Bu türk adət-ənənəsi ilə bağlıdır. Türklər başlarınıbağlayırdılar, amma onlar qapanmırdılar, qadınların hörükləri görsənirdi. Bu türk tayfalarında ayıb sayılmırdı.
Könül Vəlibəyli: Bir türk qadını sonradan İslamı qəbul etsə belə öz nənə-babalarından gətirdikləri adət-ənənəyə, geyim və bəzəklərə sadiq qalıb. Yəni Qarabağ qadınları o qədər də qapanmayıblar.
Günel Seyidəhmədli: Doğrudur. Sovetlər dövründə türkçulük ideologiyası təzyiqlərə məruz qalsa da o bizim qanımızdadır. Qadınların geyimlərinin daha gec dəyişikliyə məruz qalmasının səbəbi o idi ki, onlar dəyişməyə heç də həvəs göstərmirdilər. Milli geyimləri onlar üçün çox xoş idi, əkisnə milli geyimdən imtina edənlər qınaq obyektinə çevrilirdi. Hətta hazırkı dövrdə də bizim regionlarda, xüsusilə cənub zonasında yaşayan yaşlı qadınlar, bir neçə ətəkdən ibarət geyimlərdən istifadə edirlər.
F.B. – Həmin dövrdə parçaların istehsalında tətbiq edilən yeni texnologiyalar, yeni parça növlərinin yaranması milli geyimlərimizdə dəyişikliyə səbəb oldu?
Könül Vəlibəyli: Azərbaycan xanlıqlarının dağılması, Rusiyanın Azərbaycandakı təsiri istər-istəməz İrandan gələn, Şərqdən gələn parçaları bazardan çıxardı. Rusiyada parça istehsalının inkişafı onun kütləvi şəkildə Azərbaycana gətirilməsinə səbəb oldu.
Təmkin Məmmədli: Azərbaycanda parça istehsalı barədə nə deyə bilərsiniz?
Könül Vəlibəyli: Azərbaycanda parça istehsalı çox az olub. Şəkidə ipək istehsal edilib. Muzeylərimizdə saxlanılan milli geyimlərə baxan kimi parçaların Təbrizdən və ya Türkiyədən gətirilməsini, Qərb və ya Şərq istehsalı olmasını ayırd etmək mümkündür. Rusiyadan gələn geyimlər güllü-çiçəkli olması ilə seçilirdi. Şərqdən gətirilən parçalar daha çox zər-zibalı, bərli-bəzəkli, ipək, atlaz olurdu. Qərbdən isə daha çox pambıq, yun, kətan, saya parçalar gətirilirdi. Geyimlərin dəyişməsinə səbəb olan amillər arasında inqilabları, savaşları, ölkədəki güclü dövlətlərin təsirini də qeyd etmək lazımdır.
Günel Seyidəhmədli: İpək yolu vasitəsilə, tacirlər vasitəsilə həyata keçirilən parça mübadiləsi qədim dövrlərdən mövcud olan ənənəvi tendensiyadır.Amma XVIII əsrə qədər Azərbaycanın öz parça sexləri olub. Misal üçün Şuşada 8 bez karxanası, 28 toxucu mərkəzi, 800-dən çox dəzgah var idi. Hər dəzgahda da 10 arşınlıq (arşın – 0,71 metrə bərabər uzunluq ölçü vahididir – red.) parçalar istehsal olunurdu. Heyvandarlığın inkişafı yerli istehsalı əsas xammal olan yunla təmin edirdi. Yun parçadan əsasən kişi geyimləri hazırlanırdı. Bundan başqa İsmayıllının Basqal kəndində və Şamaxıda da ipək mərkəzləri olub. Şuşada “Küçə mənə dar gəlir”, “Hacı, mənə bax”, “Alışdım, yandım”, “Qonşunun bağrı çatlasın” adlı parçalar istehsal edilirdi.
F.B. – Şuşada geyimin mühüm elementlərindən biri olan ayaqqabı istehsalı necə idi?
Könül Vəlibəyli: Ayaqqabı və papaq istehsalı ilə məşğul olan çox gözəl sənətkarlarımız olub.
Günel Seyidəhmədli: Bəli, yerli istehsal olub.XIX əsrdən etibarən ipək mərkəzləri, parça sexləri Rusiyanın təsiri ilə sıxışdırılmağa başladı. Rusiyadan gətirilən kustar, ucuz çitlər əhali üçün daha əlçatan idi.
Könül Vəlibəyli: Bu siyasət bəlkə də xalqın mədəniyyətini, adət-ənənəsini, zənginlyini sıxışdırmağa xidmət edirdi.
Günel Seyidəhmədli: Bu həqiqətən belə idi. Qarabağın qadın geyimləri rəng çeşidlərinə görə olduqca zəngin idi. Qarabağ qadınlarının qoza adlanan sinəbəndləri olub. Varlı təbəqənin qadınlarının sinəbəndi qızıldan, orta təbəqənin sinəbəndi isə gümüşdən olurdu. Bundan başqa pullarla bəzədilmiş eşməklər (eşmək – yaxası xəzli, gödəkqollu, sırıqlı qadın üst geyimi – red.) və araxçınlardan geniş istifadə olunurdu. Geyinib-keçinən qadının əynindəki libasın çəkisi 10 kiloqrama yaxın olurdu. O dövrün ayaqqabıları xüsusi dərilərdən hazırlanırdı. Ayaqqabının altı üçün əsasən gön dəridən, üstü üçün ən qalın parça olan baftalardan istifadə olunurdu. Parçaların üzərində isə bəzək və naxışlar olurdu. Başmaqlar qadınların ev ayaqqabıları, çizmələr isə bayırlıqları idi. Kişilər çust (yüngül və gündəlik geyilən ayaqqabı növü – red.) geyinirdilər, kasıb təbəqə çarıqdan istifadə edirdi. XIX əsrdə sənaye üsulu ilə istehsal edilən qaloşlar meydana çıxdı. Rusiyadan gətirilən bu məhsullar təmtərağa zərbə vurdu.
F.B. – Bu məhsullar sadə, ucuz və praktiki idi.
Günel Seyidəhmədli: Qadınlar çoxətəkli tuman geyinsələr də onlara işləmək çətin idi. Onların topuğunun görünməməsi üçün ətək uzun olmalı idi. Başqa geyim növü olmadığı üçün qadınlar həmin geyimdə işləməyə məcbur idi. Amma artıq Rusiya imperiyasının Azərbaycana təsiri artdıqca geyimlərdə sadə çit bezlərdən istifadənin çoxaldığını görürük. Ermitajda nümayiş etdirilən XIX əsrə aid Azərbaycan milli geyimlərinə aid şəkillərdə sadə bezdən olan geyimlər var.
Könül Vəlibəyli: Mən də həmin geyimləri görmüşəm. Amma düşünürəm ki, o cür zövqsüz, sadə və saya geyimlər bizə məxsus deyil. Hətta kasıblar belə elə geyinməzdi.
Günel Seyidəhmədli: Bunlar bizim milli geyim deyildi. Ola bilsin o dövrün fotoları bizə gəlib çatmayıb.
F.B. – Milli geyimlə bağlı ermənilərin bizə qarşı hansı iddiaları var? Azərbaycan elmi milli geyimlərimizin bizə məxsusluğunu sübut edə bilir?
Günel Seyidəhmədli: Bizim geyimimizə, musiqimizə, mətbəximizə, xalçamıza, torpağımıza iddialı olan qonşularımız var. Özləri qəbul etməsə də, biz yaxşı bilirik ki, onlar haradan gəliblər, harada məskunlaşıblar və Qafqaza necə yerləşdiriliblər. Bunu hamı bilir. Əlbəttə biz düşünürük ki, milli geyimlərimizin Azərbaycana məxsus olduğunu sübut etməyə ehtiyacımız yoxdur. Amma dünya qondarma erməni tarixinə inanıb. Çünki onların təbliğatı kifayət qədər güclü gedib. Şuşada dərs deyən rusiyalı müəllim XIX əsrdə yazırdı ki, Qarabağ geyimləri çox gözəl idi. Hətta erməni qadınları belə öz libaslarını çıxarıb Qarabağ çəpkənlərini geyinirdilər. Bu çox gözəl tarixi bir faktdır. Ermənilər nəinki Azərbaycan mədəniyyətini, türk mədəniyyətini də mənimsəyiblər. Misal üçün çənəbənd, çutqu (qadın yaylığı – red.), əllərində qolbaqla üzükləri birləşdirən şəbəkə və s. bu kimi geyim və bəzək əşyaları heç vaxt ermənilərə məxsus olmayıb. Ermənilər Qafqaz, Azərbaycan və türk mədəniyyətlərini mənimsəyərək özününküləşdiriblər.
F.B. – “Şuşa İli”ndə milli geyimlərimiz ilə bağlı hansı planlarınız var?
Könül Vəlibəyli: Mən həmişə milli geyimlərin təqdimatında, sərgilərdə, dəfilələrdə azərbaycanlılardan daha çox xarici qonaqların iştirakına çalışıram. Təbliğat daha çox başqa millətlərə yönəlik olmalıdır. Xaricilər bizim milli geyimlərə böyük maraq göstərirlər. Bizim alimləri milli geyimdə hər hansı konfransa getməyə məcbur etmək qəliz məsələdir. Amma xaricdə rəsmi qəbullarda, elmi tədbirlərdə milli geyimlərdən məmnuniyyətlə istifadə edirlər. Çində, Yaponiyada, Koreyada, Kanadada bu məsələlərə çox böyük önəm verilir. Xaricilərlə əməkdaşlıq edib öz milli geyimlərimizi təbliğ etməliyik. “Şuşa İli” ilə bağlı isə bizim Daş Salnamə Muzeyində dəfiləmiz olacaq. Xaricdəki diaspora nümayəndələrinə, səfirliklərimizə də milli geyimlərimzin təbliği ilə bağlı müraciətlər etmişik. Hər kəs öz imkanları çərçivəsində üzərinə düşən işləri görməlidir. Azərbaycanda geyimlə bağlı sənətşünas tapmaq və onunla əməkdaşlıq etmək çox çətindir. 15 ildə ümid etmişəm ki, gənc nəsil yetişəcək və milli geyimləri birlikdə təhlil etmək imkanımız olacaq. Məni tənqid edən sənətşünaslar real köməklik göstərməkdən və təklif verməkdən uzaq olublar. Mən Qarabağa məxsus 13 xalçanın naxışlarını iki il ərzində işləyərək araxçın üzərinə köçürürəm. İnşallah, bu layihəni özüm gerçəkləşdirəcəm.
Günel Seyidəhmədli: Təbliğat məsələsi bir illə yekunlaşa bilməz. 2016-cı ildə “Qarabağ geyimləri”nin Özbəkistanda sərgisi keçirilmişdi. Orada özbəklərin ən çox diqqətini cəlb edən parçalar idi. Özbəklərin dünyanın hər yanında tanınan ikat parçaları var. Onlar bu gün də o parcadan gündəlik geyimlərində istifadə edirlər. Özbəklər və qazaxlar konfranslarda, dövlət tədbirlərində öz geyimlərindən, aksesuarlarından və saç düzümündən istifadə edirlər.
Könül Vəlibəyli: Mən məxmər parçalar alıram. O parçaların üzərinə öz bölgələrimizə məxsus xalçalarımızın naxışlarını köçürürəm. Mən saya parça üzərində o naxışları çəkməklə elə bil o parçanı istehsal edirəm. Bizim hələ texniki cəhətdən istədiyimiz naxışı parçaya vurmaq imkanımız yoxdur. Amma hazırda Türkiyədə hər kəs öz naxışı ilə parçasını istehsal edib gətirə bilir.
Günel Seyidəhmədli: İnşallah Könül xanımın kolleksiyası ilə yaxından tanış olarıq. Gülzadə Abdulova bu sahə üzrə məşğul olan mütəxəssislərimizdəndir.
Könül Vəlibəyli: Gülzadə xanımı mən yaxşı tanıyıram. Əslində milli geyim istehsalı ilə praktik olaraq məşğul olanlarla bu sahənin tədqiqatçıları bərabər işləməlidirlər. Hazır olan geyim haqqında danışmaq asandır. Amma geyimi istehsal edib gündəmə gətirmək lazımdır. Əvvəllər Milli Azərbaycan Tarixi Muzeyində geyimləri araşdırmağa imkan verirdilər, indi belə bir imkan yoxdur. O vaxt hər şey əllə tikilib, indi biz bunu maşınla tikirik. Biz milli geyim istehsalına başlayanda Sabirə Dünyamalıyevanın kitabı var idi. Sizin kimi gənc sənətşünaslarla əməkdaşlığımız yalnız işin xeyrinə olar.
Günel Seyidəhmədli: Bizim bəzi modelyerlərimiz milli geyimlərimizi korlayırlar. Təəssüflər olsun ki, həmin geyimlər xarici sərgilərə də yol tapır və xalqımız üçün tamamilə əks-təbliğata çevrilir. Biz təbliğatımızı düzgün şəkildə qurmalıyıq. Hətta mən xaricə göndəriləcək milli geyimləri senzuradan keçirəcək bir qurumun yaradılmasını təklif edərdim. Hər dərzi milli geyim istehsalı ilə məşğul ola bilməz.
Könül Vəlibəyli: Özbəkistanda Mədəniyyət Nazirliyinin tərkibində belə bir qurum var. Qazaxıstanda Milli geyimlərin istehsalı ilə məşğul olan atelye fəaliyyət göstərir. Onların Mədəniyyət nazirliyi milli geyimləri hətta Fransada dəb nümayişlərinə çıxararaq satırlar.
Günel Seyidəhmədli: Bir də görürsən dərzi milli geyim adı ilə rəqs paltarı tikir. Amma hamı bilməlidir ki, rəqs paltarı və milli geyim tamam fərqli şeylərdir. Rəqs paltarı milli geyimin üzərində qurula bilər. Amma onun funksiyası tamam başqadır. Rəqs paltarı funksionaldır, hərəkətlidir.
Könül Vəlibəyli: Rəqs paltarı yüngül olmalıdır, onun materialı şifondur, orqanzadır. Orqanzanı Azərbaycanın milli geyimi kimi təqdim etmək olmaz.
Günel Seyidəhmədli: Əgər doğru biçimli milli geyimin rəngi yanlışdırsa, o milli geyim deyil. Milli geyim rənginə qədər lokal olmalıdır. Bizim milli geyimlərə məxsus innabı, xınayı, məxməri kimi lokal rənglər var. Bəzən açıq yaşıl rəngdə milli geyimlərə rast gəlirik. Axı XVIII-XIX əsrlərdə bizdə heç vaxt belə rənglər olmayıb. Azərbaycanda “FR collection” adlı qrup var. Onlar özləri tikmirlər, bölgələrimizdə olan milli geyimləri bərpa edərək atelyelərini yaradıblar. Əsl milli geyimlər oradadır. Sonradan tikilən milli geyimlərdə rənglərə, konstruksiyalara fikir verilməlidir. Milli geyimi ortaya çıxarmaq asan məsələ deyil.
Könül Vəlibəyli: Amma bəzən Azərbaycan milli geyiminə aid olmayan kolleksiyaları “Qarabağ geyimi” adı altında təqdim edirlər.
Günel Seyidəhmədli: Geyimdə hər hansı milli elementdən istifadə edərək improvizasiya etmək olar. Amma bu milli geyim deyil.
T.M. – Biz, ümumuyyətlə, Şuşa geyimlərini Qarabağ geyimlərindən əlahiddə şəkildə götürə bilərik, yoxsa onu elə Qarabağ geyimləri kimi təqdim etməliyik?
Könül Vəlibəyli: Şuşanın yay geyimlərinə mən Qarabağın başqa bölgələrində rast gəlməmişəm. Şuşa geyimləri yaxasının kəsiminə, qırçınına (qırçın – paltarda və s. qırışıq şəklində naxış – red.), qolunun üstündə olan banta görə Qarabağ geyimlərindən fərqlənir. Şuşanın üst geyimlərinin qısalığı (təxminən 40 sm – K.V.) da unikal hesab edilə bilər. Fikrimcə, Şuşanın Qarabağ xanlığının paytaxtı olması, xarici ölkələrlə əlaqəsi bu unikallığa rəvac verib.
Günel Seyidəhmədli: Mən qeyd etmək istəyirəm ki, milli geyimlərdə modernləşmə də Şuşadan başladı. Hazırda Etnoqrafiya muzeyində Üzeyir Hacıbəylinin anasının çəpkəni (çəpkən – qolları çapıq, qıraqları baftalı, astarlı qadın geyimi – red.) saxlanılır. Həmin çəpkənin üzərindəki Avropa ornamentləri də fərqliliyin bir nümunəsidir. Şuşa geyimləri öz xüsusiyyətlərini saxlasa da, onin hansısa elementində avropalaşma gedib.
Könül Vəlibəyli: Mən milli geyimdə 4 rəngin bir yerdə istifadə edilməsini qəbul edə bilmirəm, milli geyimdə iki-üç rəngin incə çalarlarından istifadə edirəm. Muzeylərdə qorunan bəzi milli geyimlərdə müxtəlif rənglərdə olan köynək, üst çuxası və ətəyə rast gəlmək olar. Milli geyimlərdə bu rənglərin üçü bir yerdə çox eybəcər görünür.
Günel Seyidəhmədli: Ola bilərmi ki, Könül xanım, muzeydə nümayiş etdirilən köynək, çəpkən və ətəyin müxtəlif rənglərdə olması həmin geyimlərin fərqli yerlərdən tapılmasından irəli gəlsin?
Könül Vəlibəyli: Əlbəttə, bu geyimlərin dəst olmasını iddia etmək mümkün deyil.
T.M. – Azərbaycan milli geyimlərinin aşkar edilib üzə çıxarılması, elmi cəhətdən araşdırılması sizi qane edir?
Könül Vəlibəyli: Xeyr.
Günel Seyidəhmədli: Geyim mədəniyyəti maddi irsimizin elə kateqoriyasına aiddir ki, biz bunu saxlaya bilmirik. Milli geyimlərlə bağlı işlər ən azı 50-70 il bundan öncə edilməli idi. Bizim milli geyim fondu bu illər ərzində yaradılmalı idi. Amma əlbəttə ki, Sovetlər buna imkan verməzdi. Bu işi bacardığı qədər Püstəxanım Əzizbəyova və Rasim Əfəndiyev edib. Biz onların tədqiqatlarına istinad edirik. Bu gün mənim köklü araşdırma aparmağım üçün əlimdə material yoxdur.
T.M. – Xarici dövlətlərin muzeylərində bizim milli geyimlər nümayiş etdirilir?
Günel Seyidəhmədli: Ermitajda Etnoqrafiya şöbəsində milli geyimlərimizin şəkilləri var.
T.M. – Ermitajdakı şəkillər Azərbaycan milli geyimi adı altında nümayiş etdirilir?
Günel Seyidəhmədli: Bəziləri Azərbaycan milli geyimi, bəziləri isə Qafqaz milli geyimi kimi təqdim edilir.
Könül Vəlibəyli: Mən təklif etmişdim ki, müxtəlif muzeylərdə saxlanılan milli geyimlərimiz ayrıca bir fondda və ya muzeydə qorunub saxlanılsın.
Günel Seyidəhmədli: Bəli. Bütün milli geyimlər Etnoqrafiya muzeyində qorunaraq nümayiş etdirilməlidir. Yeni tikilən milli geyimləri muzey fonduna daxil etmək olmaz. Bölgələrimizdə olan milli geyimlər toplanaraq bərpa edildikdən sonra muzeyin fonduna daxil edilməlidir
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 16 mart 2022-ci ildə baş tutub
Əvvəlki söhbətlər burada: 1-ci söhbət; 2-ci söhbət; 3-cü söhbət