Peşəkar fotoqraf Mirnaib Həsənoğlu və “Röyters” agentliyinin operatoru İsgəndər Qənbərovla Şuşadan danışdıq.
Fuad Babayev: Qədim dövrlərdə tarixi salnaməçilər yazırdı. İndi müasir rəqəmsal texnologiyalar dövründə isə əsas arxivlər video və fotoşəkillərdən ibarətdir. İşğaldan azad edilmiş Şuşada çəkilişlər aparmısınız. Təəssüratlarınızı bölüşmənizi istərdik.
Mirnaib Həsənoğlu: Mən Şuşanın itirilməsinə və alınmasına şahidlik etmiş nəslin nümayəndəsiyəm. Şuşaya getmək mənə 2020-ci il dekabrın 15-də nəsib oldu. Mən Şuşaya Mədəniyyət Nazirliyinin xətti ilə 4 nəfərlik qrupun tərkibində getdim. Prodüser, operator və rejissorun da təmsil olunduğu bu qrupda yaşca ən böyük mən idim. Onlar üçün Şuşa nağıllar aləminə səyahət idi. Qarabağ torpağına, Şuşaya getməyimiz bizə yuxu kimi gəlirdi. Biz ermənilərin yaşadığı yerlərdən keçib Şuşaya gedirdik. Təsəvvür edin ki, yolun qırağına düzülmüş ermənilər başlarını aşağı salıb gözünün altından sənə baxırlar. Biz isə şəstlə onların gözünün içinə baxaraq 25 yük avtomobilindən ibarət kolonla Şuşaya qalxırdıq.
F.B. – Siz Sovet dövründə Şuşada olmamısınız?
Mirnaib Həsənoğlu: Xeyr, olmamışam. Şuşanın yalnız çoxlu fotomateriallarına baxmışam. Amma müharibə dövründə Xalid Əsgərovun, İlqar Cəfərovun çəkdiyi fotolarla və o dövrün xronikası ilə tanışam.
F.B. – Siz 2020-ci ilin dekabrın 15-dən sonra yenə Şuşada olmusunuz?
Mirnaib Həsənoğlu: 2021-ci ilin yanvar ayında başqa bir layihə ilə əlaqədar yenidən Şuşada olmuşam.
F.B. – İsgəndər müəllim, siz Şuşaya nə vaxt getmisiniz? Təbii ki, siz də Sovet dövründə Şuşada olmamısınız.
İsgəndər Qənbərov: Bizim uşaqlığımız Sovet dövrünə təsadüf edib. Mən 1984-cü ildə anadan olmuşam. Şuşa işğal olunanda mən 2-ci sinifdə oxuyurdum. O proseslər indiyə kimi gözümün qabağındadır. 44 günlük Vətən müharibəsi başa çatandan bir neçə ay sonra “Röyters” agentliyinin Azərbaycan üzrə akkreditə olunmuş nümayəndəsi kimi Şuşadan başqa işğaldan azad olunmuş bütün rayonlarımıza gedə bildim. Amma Şuşaya getmək mənə Zəfərimizdən 1 il sonra qismət oldu.
F.B. – Şuşa nə ilə yadda qaldı? Şuşadakı çəkilişləriniz “Röyters”in xətti ilə dünyaya yayıldı?
İsgəndər Qənbərov: Tək “Röyters”in xətti ilə deyildi. Əgər hər hansı bir ölkəyə getmək istəyən xarici media özü ilə operator göndərə bilmirsə müqavilə əsasında “Röyters” həmin kütləvi informasiya vasitəsini operator ilə təmin edə bilər. Misal üçün “Röyters” məni ABŞ-ın PBC (Public Broadcasting Company) kanalına təhkim etmişdi. Mən həmin telekanal üçün reportajlar çəkə-çəkə Qarabağ ərazisinə daxil oldum. Amma təhlükəsizlik məsələsinə görə Şuşaya getməyə icazə yox idi.
F.B. – Bu nə vaxt idi?
İsgəndər Qənbərov: 2020-ci ilin noyabr ayından danışıram. Amma Şuşaya “Röyters”in əməkdaşı olaraq mən bir il sonra gedə bildim. Müharibə dönəmində bizdən materiallar istəyirlər. Amma müharibə bitəndən sonra ölkə xarici media üçün 1-2 il maraqsız olur. Ona görə də xarici medianı da maraqlandırmaq lazım idi. Mən əgər yerli medianı təmsil etsəydim bəlkə də Şuşaya tez-tez gedərdim.
Nəhayət ki, mən Şuşada çəkiliş etməyi “Röyters” ilə razılaşdıra bildim. Xarici media qurumlarının qaydalarına görə hər hansı bir tədbiri əlahiddə bir informasiya kimi deyil, şəhərin yaşam tərzinin tərkib hissə kimi vermək lazımdır. Bu çəkilişlərin intensivliyi və vaxtın məhdudluğu mənə Şuşanı hiss etmək, onu doyunca gəzmək imkanı vermədi. Müəyyən zaman çərçivəsində mən tədbirdən kənar nələri isə çəkməli idim. Hətta mən orada 2 saatlıq nahar fasiləmdən imtina edərək şəhəri gəzirdim. 1-2 gün ərzində Şuşanı görüb təsəvvür etmək çox çətindir.
F.B. – Şuşa şəhəri nə qədər yığcam olsa da, kifayət qədər böyük bir ərazidir.
İsgəndər Qənbərov: Həm böyük ərazidir, amma eyni zamanda da kiçikdir. Şuşada yaşayan Cahid müəllimi mən öz süjetimin qəhrəmanı etdim. Təsəvvür edin ki, mən Şuşada hara gedirdimsə Cahid müəllimlə rastlaşırdım. Mən Şuşaya daha çox kameramın gözü ilə baxırdım. Şuşanın havasını ciyərlərimə çəkməyə vaxtımız yox idi. Mən və mənim həmkarlarım Şuşanı hələ istədiyimiz kimi hiss edə bilmirik. Yaradıcı adamlara öz fikirləri ilə baş-başa qalması üçün tənhalıq lazımdır, düşünmək üçün bizim zamana ehtiyacımız var. Bəlkə bütün bunlar şuşalılar öz doğma yurdlarına qayıdandan sonra olacaq. Biz digər rayonlarımıza istədiyimiz vaxt gedib görə bildiyimiz üçün həmin bölgələr haqqında rahat danışa bilirik. Şuşanı da o cür gəzməyənə qədər hiss edə bilməyəcəyik.
F.B. – Haqlısınız, bizə zaman lazımdır. İki ilə yaxındır ki, Şuşa azad olunub. İki il ərzində Şuşada saysız-hesabsız maraqlı və yaddaqalan tədbirlər olub. Obrazlı desək, Azərbaycan fotosu və videosu bu tədbirləri müvafiq şəkildə sənədləşdirə bilibmi? Gələcəkdə film çəkmək istəyənlər 2020-ci ilə aid foto və video xronikanı asanlıqla əldə edə biləcəkmi? Onlar əlçatandırmı?
Mirnaib Həsənoğlu: Çox təəssüf ki, hazırda Şuşa haqqında bütün foto və videoların yükləndiyi baza yoxdur. Olanlar da əlçatan deyil. Birinci Qarabağ müharibəsi haqqında əlimizdə nə var? Eləcə də Meydan hadisələri, 20 Yanvar haqqında olan materiallar sistemli şəkildə toplanmayıb. Bizim araşdırmalarımıza görə 20 Yanvar haqqında çəkilən materialların artıq 55%-i yoxdur. Mən Şuşaya gedəndə divarlardakı yazıların fotosunu bacardığım qədər çox çəkməyi qarşıma məqsəd qoydum.
F.B. – Onları qalib Azərbaycan əsgərləri yazıblar.
Mirnaib Həsənoğlu: Bəli, bunlar bizim tarixdir. Azərbaycan əsgərinin divarlara qoyduğu imzadır. Biz bu gün o imzaların fotosunu çəkib sənədləşdirməsək, onlar silinib gedəcək. Məndə Şuşa İcra Hakimiyyəti binasının fasadındakı yazıların fotoları var. İndi orada artıq heç nə yoxdur.
F.B. – Amma siz o yazıları çəkmisiniz?
Mirnaib Həsənoğlu: Bəli, mən çəkmişəm. Bu yaxınlarda “Space” telekanalında həmin fotoşəkillərin “Mənim imzam” adlı sərgisini təşkil etdik. Təsadüfən sərgiyə dəvət olunan hərbçilərdən biri öz yazısını tanıyaraq dedi ki, bu onun imzasıdır. Yadda qalan budur.
Ermənilər 30 ildə Şuşada iki binadan başqa heç nə tikməyiblər. Mən gedəndə bəxtim gətirdi. Şuşaya ilk qar yağdı. Mən Şuşaya iki dəfə getmişəm və ümumilikdə orada 15 gün qalmışam.
F.B. – İlk qarı çəkdiniz?
Mirnaib Həsənoğlu: Bəli, çəkdim. Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyində həmin fotoşəkillərdən ibarət sərgi olacaq. Mənim üçün divardakı yazılar çox əhəmiyyətli idi. Bu divarlara yazılmış şəxs və bölgə adları, sevgi etirafları gələcək araşdırmalar üçün mənbədir. Gəncə darvazalarının yanından aşağı baxanda Şuşaya gələn maşınları görürdük. Şuşaya ilk dəfə gələnləri o dəqiqə ayırd etmək olur. Çünki Şuşaya ilk dəfə gələnlərin bir əli avtomobili idarə etmək üçün sükanı, digər əli isə çəkilliş etmək üçün telefonu tuturdu.
Amma qeyd etmək lazımdır ki, Şuşa işğaldan azad olunandan sonra müəyyən materiallar çəkilib, lazım gəldikdə onlardan istifadə olunacaq.
F.B. – Siz bayaq qeyd etdiniz ki, bizdə Meydan hərəkatının, 20 Yanvar faciəsinin sistemli xronikası yoxudr. Amma etiraf edək ki, o dövrdə sosial şəbəkələr, You Tube kimi platformalar da yox idi.
Mirnaib Həsənoğlu: 20 Yanvarda çəkən fotoqrafların sayı bilirsinizmi nə qədər idi? Hamı evindən fotoaparatını götürüb çəkirdi. Amma gəlin görək əldə olan nə var? Nə qədər peşəkar fotoqrafların arxivləri yox olub getdi.
F.B. – Şuşa işğaldan azad ediləndən sonra keçən 2 il ərzində hansı işlər görülüb?
İsgəndər Qənbərov: Azərbaycanda son zamanlar xronika yoxdur. Söhbət Qarabağdan getmir, ümumiyyətlə, ölkənin xronikası çəkilmir. Əvvəl bizdə Betacam vardı, sonra DVCAM və HDCAM gəldi. Hazırda biz 4K-dan istifadə edirik. Rəqəmsal texnologiyalar nə qədər inkişaf etsə də plyonkanı (foto və kino şəkilləri çəkmək, yaxud səs yazmaq üçün xüsusi materialdan hazırlanıb üzünə işığa həssas emulsiya çəkilmiş şəffaf elastik lent – red.) əvəz edə bilmir.
F.B. – Plyonka daha keyfiyyəti və uzunömürlüdür.
İsgəndər Qənbərov: Ona görə də plyonkaya çəkilmiş köhnə filmləri restavrasiya edəndə istər görüntü, istərsə də səs yerində olur. Videolentlərə çəkilmiş materialları biz xronika hesab edə bilmərik. Çünki 15-20 ildən sonra o videolentlər tullantı olacaq.
Təmkin Məmmədli: Həmin videolentləri rəqəmsal platformalara keçirməklə onların ömrünü uzatmaq olmaz?
İsgəndər Qənbərov: İstənilən halda onun keyfiyyəti itəcək. Çünki videolentin həcmi və pikseli artdıqca keyfiyyəti itir.
Mirnaib Həsənoğlu: 1-2 ildən sonra 8K bizim üçün adi bir şey olacaq. Aydın məsələdir ki, materialların plyonkaya çəkilməsi baha başa gəlir. Amma məsələ ondadır ki, rəqəmsal informasiyanın yaşama tarixi sual altındadır.
İsgəndər Qənbərov: Rəqəmsal informasiyaları qorumaq olmur.
Mirnaib Həsənoğlu: Çox təəssüf ki, bizim Vətən müharibəsinin gedişatının xronikası yoxdur. Vətən müharibəsi bizdə yalnız pərakəndə şəkildə mobiloqrafiyada və You Tube-da qalıb.
İsgəndər Qənbərov: Məni yaxından tanıyanlar bilir ki, mən arxiv xəstəsiyəm. Mənim əlimdə rəhmətlik Fərhad Kərimovun çox çətinliklə əldə etdiyim arxivləri var. Fərhad Azərbaycanın ilk stringerlərindən (təbii fəlakət zonası, cəbhə bölgəsi və bu kimi ekstremal situasiyalardan material hazırlayan reportyor – red.) olub. O, Qarabağın, Çeçenistanın döyüş zonalarından hazırlanan reportajların müəllifi idi.
Mirnaib Həsənoğlu: O vaxtın stringerləri Fərhad Kərimov, Xalid Əsgərov və Adil Bünyadov olub. Xalid Əsgərovun çəkdiyi bütün fotoları mən skan edib özümdə saxlayıram.
İsgəndər Qənbərov: Asif Bağırovun (ANS telekanalının jurnalisti olub – red.) arxivlərini özündən halallığını alaraq mən götürmüşəm. Həmin arxivləri hətta Betacam kasetlərdə də saxlayıram. Mən öz mənzilimin bir otağını arxivim üçün ayırmışam.
F.B. – Amma “Röyters”də ən azı arxiv məsələsi ideal olmalıdır.
İsgəndər Qənbərov: Mənim əməkdaşlıq etdiyim “Röyters”, eləcə də ”Assoşieyted Press” informasiya agentlikləri bü günə kimə dünya üzrə çəkdikləri hər şeyi öz sistemlərinə yerləşdiriblər.
F.B. – Bu sistem əlçatandır?
İsgəndər Qənbərov: Bu sistemdən yalnız onların abunəçiləri isitfadə edə bilər. Mən “Röyters”in əməkdaşı olduğum üçün onların Qarabağla bağlı həm efirə getmiş, həm də montaj edilməmiş bütün arxivini əldə etmişəm. O vaxtlar nə yaxşı ki, xarici agentliklər bu çəkilişləri edib. Həmin materiallarda öz dövrünə görə keyfiyyətli görüntülər var. Bu yaxınlarda İctimai televiziyaya Şuşa ilə bağlı bir neçə görüntü verdim. Ermənilər Şuşanı işğal edəndən sonra divardakı mozaikalara tapança ilə atəş açdıqları görüntülər İTV-nin You Tube kanalında da yerləşdirilib. Biz ilk növbədə xronika haqqında fikirləşməliyik. Xronika nə qədər baha olsa da bizim üçün çox vacibdir.
Mirnaib Həsənoğlu: Xronikalar üçün stabil yer düzəldiləndən sonra plyonka yaşayacaq. Plyonkaların qorunması üçün zəruri texniki göstəricilərə və temperatur şəraitinə əməl olunmalıdır.
İsgəndər Qənbərov: Amma rəqəmsal platformalara ümid yoxdur. Orada saxlanılan materialın hər an itmə ehtimalı var.
Mirnaib Həsənoğlu: Rəqəmsal platformalarda materialların hard diskdə (xarici yaddaş diski – red.), virtual diskdə və ya serverdə saxlanılmasına baxmayaraq yenə də onların itməməsinə zəmanət yoxdur.
İsgəndər Qənbərov: Əvvəllər dərslər başlayanda Bakının və rayonların bütün məktəblərinin 1-ci siniflərinin xronikası mütləq çəkilirdi. Ona görə də gələcəkdə həmin məktəblərdən bir alim və ya tanınmış şəxs çıxacağı təqdirdə dövlətdə onun uşaqlıq xronikası olurdu.
Mirnaib Həsənoğlu: İnformasiya agentliklərinin hazırladıqları 2 dəqiqəlik süjet xronika deyil. Foto kəşf edilməyənə qədər bizim tarix haqqında rəsm və qravürlərdən mükəmməl informasiya almaq imkanımız məhdud idi. Amma fotoqrafiyanın kəşfi bəşəriyyətə tarixi dəqiqliklə əks etdirmək imkanı verir. Ötən əsrin 70-ci illərində Soçidə (Rusiyanın Qara dəniz sahilində yerləşən kurort şəhəri – red.) suyun altında daşlara xaçkarlar (üzərində xaç şəkli olan qəbir daşlar – red.) vuran ermənilər Qarabağda da saysız-hesabsız saxtakarlıqlar ediblər. Sistemli fotoarxiv və video xronika bizə həm də erməni saxtakarlığına qarşı səmərəli mübarizə aparmağımız üçün lazımdır. Tarixi yazan salnaməçilər öz təxəyyüllərini də reallıq kimi qələmə verə bilərlər. Amma foto və video çəkilişlərində belə saxtakarlıqlara yer yoxdur. Ona görə kriminalistlər üçün də fotoşəkillər və videogörüntülər əsas sübut hesab edilir.
AZƏRTAC-ın əməkdaşları rayon-rayon gəzərək Şuşanın və işğaldan azad olunmuş digər bölgələrimizin hamısının fotosunu çəkirdilər. Mən Beynəlxalq Məhkəməyə materiallar vermək üçün Tərtərdə bir layihə üzərində işləmişəm. Onlar tələb edirdilər ki, çəkdiyiniz hər bir fotonun mütləq geolokasiyası olmalıdır. Yəni mobil telefonla çəkdiyimiz hər bir fotoşəklin üzərində onun harada çəkilməsi mütləq qeyd olunmalı idi.
F.B. – Şuşaya gedən insanlara, media mənsublarına nələri tövsiyə edərdiniz?
Mirnaib Həsənoğlu: Televiziya üçün çəkilən hər hansı sujet efirə gedəndən sonra onun montaj edilməmiş variantı silinir. Əslində montai edilməmiş süjet elə xronikadır.
İsgəndər Qənbərov: Mən montaj edilməmiş bütün materialları saxlamışam.
Mirnaib Həsənoğlu: Bu dövlət səviyyəsində həll edilməlidir. Xronika bizim gələcəyimizidr. Məndə Şuşanın 30 il əvvəlki fotosu var. 30 il keçəndən sonra da abadlaşan, gözəlləşən Şuşanı əvvəlki Şuşa ilə müqayisə etmək imkanımız olmalıdır. Biz gərək istinad nöqtəmizi itirməyək. Unutqanlığımız müəyyən məsələlərdə bizə problem yaradır.
İsgəndər Qənbərov: İstər Şuşaya, istərsə də işğaldan azad olunmuş digər ərazilərə göndərilən jurnalistlərə mütləq təhlükəsizlik təlimləri keçilməlidir. Onlar mina görəndə necə hərəkət edəcəklərini bilməlidirlər. Jurnalistlər zirehli jiletlə təmin edilməlidir.
F.B. – Bəli. Ekstremal şəraitdə fəaliyyət göstərən jurnalistlər hazırlıqlı olmalıdırlar.
İsgəndər Qənbərov: “Röyters”in qaydalarına görə hərbi təlim görməyən jurnalist ekstremal şəraitdə işləyə bilməz. Mən “Röyters”də keçirilən təlimlərdə antiterror əməliyyatları və müharibə zamanı jurnalistin davranış qaydalarını öyrənmişəm.
Mirnaib Həsənoğlu: Mən təklif edərdim ki, işğaldan azad edilmiş torpaqlarımızda əldə olunan qənimətlər muzeylərdə nümayiş etdirilsin. Misal üçün erməniyə məxsus qumqumanın (yandan asılan kiçik su qabı – red.), Şuşada məhv edilmiş erməni zabitinin üstündə kimliyi yazılmış paltarının, Füzulidə yandırılmış maşının nömrələrinin muzeylərdə nümayiş etdirilməsi mühüm tarixi əhəmiyyət kəsb edir.
İsgəndər Qənbərov: Hazırda Şuşada restavrasiya işləri gedir. Arzu edərdim ki, restavrasiya işləri Şuşanın tarixi görkəminə xələl gətirməsin.
F.B. – Erməninin bizim qonşuluğumuzda olması bizi hər zaman ayıq saxlayır.
Mirnaib Həsənoğlu: Biz o qədər də ayıq olmamışıq. 1905, 1918 və 1948-ci illəri unutmuşuq. Bundan sonra bizim tariximizi unutmağa haqqımız yoxdur. Tarix bugün yazılır. Bugün yazdığın tarixə düşür.
Hazırladı: Ləman Carçalova, 1905.az
Söhbət 10 oktyabr 2022-ci ildə baş tutub
Əvvəlki söhbətlər burada:
1-ci; 2-ci; 3-cü; 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu