Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnar Verdiyeva və Üzeyir Hacıbəyli adına Bakı Müsiqi Akademiyasının doktorantı Şanə Məmmədova ilə Şuşadan danışdıq.
Fuad Babayev: Bugünkü söhbətimiz Şuşanın musiqi xadimlərinə və “Xarıbülbül” festivalına həsr olunub. Şuşa işğaldan azad olunandan sonra “Xarıbülbül” festivalı iki dəfə keçirilib. Söhbətimizə bu festivalın tarixçəsi ilə başlamağınızı istərdim.
Gülnar Verdiyeva: “Xarıbülbül” Beynəlxalq Festivalı ilk dəfə 1989-cu ildə olub.
Şanə Məmmədova: “Xarıbülbül” Festivalı Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb.
Gülnar Verdiyeva: 1990 və 1991-ci illərdə də “Xarıbülbül” Festivalı keçirilib. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmayıb. Şuşa işğaldan azad ediləndən sonra isə 2021-ci ildə IV, bu il isə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirildi.
Şanə Məmmədova: 1992-ci ildə Ağdamda da festival keçiriblər.
Gülnar Verdiyeva: Sonuncu festival 1992-ci ilin may ayında olub. “Xarıbülbül” Festivalı işğala qədər Ağdam şəhərində keçirilib. Bundan əlavə festival bir dəfə də Qax şəhərində təşkil edilib.
Şanə Məmmədova: Bəli. Qaxda da olub. Çünki, oranın dağlarında da Xarıbülbül var idi.
Gülnar Verdiyeva: Şuşa artıq işğal edildiyi üçün “Xarıbülbül” Festivalı Qarabağın başqa bölğələrində keçirilirdi.
Təmkin Məmmədli: Bərdə və Ağcabədidə də olub.
Gülnar Verdiyeva: Mən Qaxda keçirildiyini bilirəm.
Şanə Məmmədova: “Xarıbülbül” Beynəlxalq Festivalı müxtəlif yerlərdə keçirilib və 2-3 gün davam edib.
Gülnar Verdiyeva: Əlbəttə. Eyni vaxtda bir neçə bölgədə keçirə bilərdilər.
F.B. – Şuşa işğal altında olarkən “Xarıbülbül” festivalının başqa bir bölgəmizdə keçirilməməsini necə dəyərləndirirsiniz?
Şanə Məmmədova: Qeyd etdiyim ki, Seyid Şuşinskinin 100 illik yubileyinə həsr olunan “Xarıbülbül” Festivalı 1989-cu ildən keçirilməyə başlayıb. Seyid Şuşinski Şuşa musiqi mədəniyyətinin ən gözəl, ən parlaq nümayəndəsi idi. Şuşa, Qarabağ olmayandan sonra biz bu festivalı necə keçirə bilərdik? O ruh olmayacaqdı. Söhbət o ab-havanı yaşatmaqdan gedirdi. Bir-birini əvəz edən faciələr festivalı da susdurmuşdu.
F.B. – Əvvəlki illərlə müqayisədə 2021 və 2022-ci illərdə keçirilən 2 festival arasındakı hansı fərqli məqamlara diqqət yetirərdiniz?
Şanə Məmmədova: Təbii ki, miqyas böyüyüb.
Gülnar Verdiyeva: 2021 və 2022-ci illərdə keçirilən festivalların beynəlxalq statusu genişlənib, əhəmiyyəti daha da artıb. Əlbəttə ki, “Xarıbülbül” Festivalı çox mütəşəkkil olub. İndi daha maraqla baxılır. Çünki, Şuşa bizimdir! Qarabağ bizimdir! Xarıbülbülün məğzi bizə daha da doğmalaşıb.
T.M. – Sovet dövründə festival çərçivəsində Müğam müsabiqəsi də keçirilib. 1989-cu ildə keçirilən “Xarıbülbül” Festivalında festivalın Muğam müsabiqəsinin qalibi Ağakərim Nafiz Şirvani olub.
Şanə Məmmədova: Bəli, Şuşada festival çərçivəsində müğam müsabiqəsi ilə yanaşı, Cıdır düzündə Qarabağ atlarının yarışı və güləş yarışları da keçirilib.
Gülnar Verdiyeva: “Xarıbülbül” Festivalında kompleks şəkildə bayram, festival ab-havası yaradılırdı.
Şanə Məmmədova: Festival təkcə Azərbaycan musiqiçilərini əhatə etməyib. Sovetlər dönəmində “Xarıbülbül” festivalında müttəfiq respublikaların və xarici dövlətlərin nümayəndələri də iştirak edib. Artıq həmin dövrdə də beynəlxalq səciyyə daşıyan festivalda iştirak etmək üçün çoxsaylı axın olub. Şuşa işğaldan azad olunandan sonra dövlət başçısı İlham Əliyev 7 may 2021-ci il tarixdə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzaladı. “Xarıbülbül” Festivalı və Vaqif Poeziya Günləri yenidən doğma Şuşaya qayıtdı.
F.B. – ”Xarıbülbül” Festivalının mediada inikası sizi qane etdimi?
Şanə Məmmədova: Həmin gün kifayət qədər gündəm oldu. Burada azsaylı xalqlarında musiqi mədəniyyətinə yer ayrılması çox maraqlı idi. Bu proqramın təşkili çox rəngarəng və səviyyəli şəkildə tərtib olunmuşdu.
Gülnar Verdiyeva: Mənə elə gəlir ki, daha dəqiq, rəngarəng edə bilərdilər.
Şanə Məmmədova: Şuşada o ab-hava tam formalaşmayıb, şəhidlərimizin qanı hələ qurumayıb. Bu amillərin təsirini nəzərə alsaq deyə bilərik ki, bütün məsələlər zaman keçdikcə öz həllini tapacaq.
F.B. – “Xarıbülbül” Festivalı Şuşanın musiqi tarixinin “vitrin”idir, təqdimatıdır, reklam çarxıdır.
Gülnar Verdiyeva: Şuşa fitri istedadlar məskənidir. Şuşa uşaqdan tutmuş böyüyə kimi hamının muğam oxuya bildiyi ecazkar bir torpaqdır. Deyirlər ki, bu Şuşanın havasındandır, suyundandır. Əgər bu təkcə təbii şəraitə bağlı olsaydı Şuşanı işğal etmiş ermənilərin də arasında 30 il ərzində Üzeyir bəy, Bülbül yaranardı. Belə bir ecazkar səs təbii mühitlə istedadlı xalqın təmasından əmələ gəlir. Buna görə onlar 30 il müddətində heç nə yaratmayıblar. Darmadağın etməkdən başqa heç nə etməyiblər. Yenə gözləri bizim mədəniyyətdə, musiqidə, mətbəximizdə, Üzeyir bəyin əsərlərində qalıb.
F.B. – İstedadlı insanlar bir az bədxərc olur.
Gülnar Verdiyeva: Bəli. Amma özünün heç nəyi olmayan başqalarının sənətinə göz dikir. Biz özümüzə məxsus olanları qorumaq baxımından bir az səhlənkar olmuşuq.
F.B. – Zaman-zaman ermənilərin “Sarı gəlin”ə olan iddiaları, tütəyi, kamançanı, nağaranı qədim erməni aləti hesab etməsi dediklərimizə bariz sübutdur.
Gülnar Verdiyeva: Onların hamısını həyasızcasına mənimsəyirlər. Amma Şuşa tək musiqi ocağı olmayıb. Vaqif yaşayan dövrdən Şuşa ədəbi mərkəz olub. Şuşanın ədəbi və musiqi məclisləri həm də nəqqaşların, xəttatların, memarların məclisi olub. Bir torpaqda nə qədər istedad ola bilərmiş. Xarrat Qulu (1823-1883-cü illərdə Şuşada yaşamış musiqişünas, şair – red.) Şuşada ilk musiqi məktəbinin yaradıcısıdır. O dövrün insanlarında indiki kimi məhdud ixtisaslaşma yox idi. Musiqiçi musiqişünas və xanəndə olmaqla yanaşı, həm də qəzəl yazırdı., nəqqaşlıq edirdi. Mir Möhsün Nəvvabın özü təkcə musiqişünas deyildi. O, universal biliyə malik bir insan olub. “Şərq konserti” adlı yeni konsert forması, Şimali Azərbaycanda ilk mətbəənin yarandığı ünvan məhz Şuşadır. Ona görə haqlı olaraq Şuşa mədəniyyət mərkəzi, Şərqin konservatoriyası hesab edilirdi. Hər şeyin təməli Şuşa idi. Mən bilmirəm ki, Qarabağ olmasaydı Azərbaycan musiqisinin taleyi necə olardı. Qarabağın muğam musiqisi bir başqadır.
Şanə Məmmədova: Tarix boyu öz ecazkar gözəlliyi ilə daima diqqət mərkəzində olan Şuşa həm də Qafqazın konservatoriyası kimi məşhurlaşmış şəhərdir. Şuşada musiqi məclislərinin, məktəblərinin təşkil olunması burada görkəmli musiqiçilərin-instrumental ifaçı və xanəndələrin parlamasına zəmin yaradıb. Çoxəsrlik tarixi olan tar alətinin böyük reformatoru olan Sadıqcan ləqəbli Mirzə Sadıq yeni Azərbaycan tarının yaradıcısı kimi musiqi tarixinə adını yazıb. Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Pirimov kimi mahir tarzənlər Sadıqcan məktəbinin davamçıları olub. Şuşanın xanəndəlik məktəbi də görkəmli adlarla zəngindir. Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov və digərlərinin adlarını çəkmək olar.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri təşkil olunmağa başlayır. Şuşada ilk musiqi məktəbi Xarrat Qulunun adı ilə bağlı olmuşdu. Bu məktəb dini məqsədlə yaradılsa da, burada həm də muğamlar öyrədilirdi. Həmin dövrün bir sıra gözəl xanəndələri bu məktəbin yetirmələri idilər. Şuşada yaranmış digər məktəb isə Mir Möhsün Nəvvabın adı ilə bağlı olmuşdur. M.M.Nəvvab tarixə adını şair, musiqiçi, musiqişünas, rəssam kimi yazmışdır. Onun “Vizuhul-Ərqam” risaləsi musiqişünaslıq elminə böyük töhfələr verib.
F.B. – Şuşanın musiqi tarixinə, Azərbaycan musiqisinə töhfələrinin öyrənilməsi hansı mərhələlərdən keçib? Mir Möhsün Nəvvab, Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Sadıqcan kimi Azərbaycanın mədəniyyət tarixində danılmaz xidmətləri olan şuşalı musiqi xadimlərinin yaradıcılığının tədqiqini qənaətbəxş hesab etmək olarmı? Müstəqillik dövründə bu tədqiqatlar səngiməyib ki?
Gülnar Verdiyeva: Sadaladığınız şəxslərin yaradıcılığı vaxtında öyrənilib. Onların haqqında məqalələr yazılıb. Misal üçün, Keçəçioğlu Məhəmmədin, Hacı Hüsünün və sadaladığınız digər musiqi xadimlərinin hamısı haqqında məlumat var. Amma bu məlumatlar müfəssəl deyil. Yəqin ki, daha dərindən onları öyrənməyə ehtiyac var. Amma mən elə bilirəm ki, müharibə illərində, işğal dövründə bu istiqamətdə ciddi işlər görülməyib.
Şanə Məmmədova: Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycan musiqi mədəniyyətində xalq musiqisi nümunələrinin toplanması, nota yazılması tendensiyası geniş vüsət alır. Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin təşəbbüsü ilə başlanan bu dəyərli iş sonralar daha da geniş miqyasda davam etdirilib. 1927-ci ildə Ü.Hacıbəyli və M.Maqomayev ilk dəfə olaraq “Azərbaycan türk xalq mahnıları” məcmuəsini nəşr edirlər. Bura daxil olan 33 mahnıdan ikisini Üzeyir bəy özü, 19 mahnını Cabbar Qaryağdıoğlunun ifasında nota yazıb. 1928-ci ildə Müslüm Maqomayev Qurban Pirimovun ifasında “Rast” muğamını nota salıb. Qeyd etmək lazımdır ki, bu qeyri-temperasiyalı lad sistemi, sərbəst improvizəli və metro-ritmik quruluşa malik muğamların nota yazılması yolunda atılan ilk addım idi.
Bundan əlavə, bəhs olunan dövrdə qocaman ifaçıların iştirakı ilə xalq musiqi nümunələri səs yazma vasitələrinə, fonoqramlara toplanılırdı. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarların ifaları vallara yazılaraq qızıl fonda daxil edilib. Bu işdə Bülbülün xidmətləri xüsusilə böyük olub. O toplanan nümunələrin nəşr olunmasında böyük işlər görərək, Cabbar Qaryağdıoğlunun ifasında fonovaliklərə yazdığı xalq mahnılarını “50 Azərbaycan xalq mahnısı” məcmuəsi adı ilə dərc edib.
Bu qəbildən olan faktların sayı olduqca çoxdur. Şuşa musiqi mədəniyyətinin nümayəndələrinin böyük bir qismi hərtərəfli fəaliyyətləri ilə musiqişünasların daim diqqət mərkəzində olub.
T.M. – Şuşanın musiqi xadimlərinin tədqiqinə akademik Zemfira Səfərovanın əsərlərində də rast gəlirik.
Şanə Məmmədova: Bəli, Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” toplusunda Qarabağ musiqisi və Şuşanın musiqi xadimləri haqqında tədqiqatlar da öz əksini tapıb.
T.M. – Bəzi muğam ifaçılarının özləri də tədqiqatla məşğul olur.
Şanə Məmmədova: Tədqiqatla məşğul olan ifaçılarımız var. Əməkdar artist Bəyimxanım Vəliyevanın tədqiqat isi Xan əminin yaradıcılığına həsr olunub.
F.B. – Beynəlxalq miqyasda Şuşa musiqisini təbliğ və müdafiə edə bilirikmi?
Gülnar Verdiyeva: Torpaqlarımızın işğaldan azad olunması bu prosesi gücləndirəcək. Amma dissertantlar, tədqiqatçılar yenə də bu mövzuları işləyirlər.
F.B. – Biz Rəşid Behbudov və Şuşa bağlantısı və yaxud Üzeyir Hacıbəyli və Şuşa bağlantısını qabarda bilmişikmi? Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov kimi nəhəng simaların şuşalı olduğunu beynəlxalq miqyasda tanıda bilmişikmi?
Gülnar Verdiyeva: Biz ona çalışmışıq. Amma buna nə dərəcədə nail olduğumuzu deyə bilmirəm.
F.B. – Musiqi aləmi mənim üçün qaranlıq, ecazkar bir dünyadır. Amma mənə elə gəlir ki, Fikrət Əmirovun və Niyazinin Şuşa ilə bağlantısı elə bil ictimai rəydə çox səslənmir. Üzeyir Hacıbəyli ictimai şüurda şuşalı kimi öz yerini tutub. Üzeyir bəyə həsr olunmuş “Uzun ömrün akkordları” filiminin həm də bu mənada böyük rolu olub.
Gülnar Verdiyeva: Xalq artisti, Filarmoniyanın bədii rəhbəri, Konservatoriyanın rektoru olmuş Soltan Hacıbəyov, Üzeyir bəyin qardaşı, Niyazinin atası Zülfüqar Hacıbəyov da musiqi mədəniyyəti tariximizdə əvəzsiz xidmətləri olan şuşalılar sırasındadırlar.
Şanə Məmmədova: Musiqiçinin əsəri onun hansı xalqa mənsub olduğunu sübut edən ən gözəl meyardır. Niyazinin özünün musiqisinə qulaq asanda biz onun Qarabağla bağlılığını hiss edirik. Biz Niyazini dünyada təbliğ edəndə onun məhz “Rast” simfonik muğamını göstəririk. Fikrət Əmirovun beynəlxalq miqyasda təqdimatını onun müəllifi olduğu simfonik muğamları həyаta keçirir. Musiqinin özü, muğamların kökü artıq bu musiqi xadimlərinin Qarabağa bağlılığını sübut edir.
F.B. – Media bu missiyanın öhdəsindən gələ bilirmi?
Gülnar Verdiyeva: Medianın vəzifəsi gündəmdə olan əhəmiyyətli hadisələri ictimaiyyətin nəzərinə çatdırmaqdan ibarətdir. Media insanları məlumatlandırmağa, savadlandırmağa xidmət edir və cəmiyyətin mədəni həyatında baş verən yenilikləri müxtəlif vasitələrlə yayaraq ictimai müzakirələrə, müqayisələrə, təhlillərə geniş meydan verir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan milli adət və ənənələri, elm və mədəniyyətin təbliği məsələlərinə həsr olunmuş məqalələr toplusu hazırlanıb ictimaiyyətə təqdim edilir.
Son illərdə mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərinin tarixinin araşdırılmasında, görkəmli şəxsiyyətlərinin, bəstəkar və ifaçılarının yaradıcılıq fəaliyyətinin öyrənilməsində və ümumiyyətlə, Azərbaycanın mədəni həyatında baş verən əhəmiyyətli hadisələrin, həmçinin “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının işıqlandırılmasında medianın olduqca böyük rolu olub.
Bu ilin iyul ayında Beynəlxalq Media Forumu keçirilib. “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusuna həsr edilmiş, Milli Mətbuat günü münasibətilə keçirilən bu Forumda Azərbaycanın media nümayəndələri ilə yanaşı xarici media təmsilçiləri də iştirak edib. Forumda Azərbaycan mədəniyyətinin öyrənilməsi sahəsində Beynəlxalq tədbirlərin olduqca böyük əhəmiyyət kəsb etməsi qeyd olunub.
“Şuşa İli” ilə əlaqədar olaraq həm Şuşada, həm də Azərbaycanın digər şəhərlərində keçirilən silsilə tədbirlərin yayılmasında, insanların nəzərinə çatdırılmasında medianın rolu çox böyük əhəmiyyətə malikdir. Fikrimcə, bu məsələdə media öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirir.
Şanə Məmmədova: Mən şəxsən çox narazıyam. Musiqi mədəniyyətimizin parlaq nümayəndələri bu mövzularda heç olmasa həftədə bir dəfə televiziyada, radioda verilişlər aparmalıdırlar. Efirlərdə musiqiçilərin yaradıcılığına yer ayırsalar nə gözəl olardı. Mənim axırıncı dəfə hansı televiziya verilişinə baxdığım yadıma gəlmir.
F.B. – Bu gün hamının Şuşadan danışması sanki dəb halını alıb. Amma bütün bunlara baxmayaraq Şuşa bizim üçün sözlə ifadəsi mümkün omayan bir dəyərdir.
Gülnar Verdiyeva: Mədəniyyət mərkəzi olduğuna görə Şuşa, hər şey demək idi. Əsrarəngiz təbiətindən əlavə hər şeyin ilki burada idi. Elə təkcə Üzeyir bəy bəs deyilmi?
Şanə Məmmədova: Mədəniyyət paytaxtımız deyirik. Paytaxtdırsa bu belə də olmalıdır. Şuşa həm də Azərbaycan bəstəkarlarının görkəmli nümayəndələrinin Vətənidir. Azərbaycan musiqi mədəniyyətinin banisi Üzeyir Hacıbəyli, eyni zamanda Zülfüqar Hacıbəyov, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Süleyman Ələsgərov və digər görkəmli bəstəkarlar bu mədəniyyət məbədinin yetirmələridir. Bu bəstəkarların yaradıcılıqları bilavasitə doğma torpaqları ilə bağlı olub. Üzeyir bəyin Şuşada uşaq vaxtı şahidi olduğu Məcnunun Leylinin məzarı üstündə ağlamasını əks etdirən şəbeh tamaşasından təsirlənərək daha sonralar bu mövzuya müraciət edərək Şərqin ilk operası “Leyli və Məcnun”u yazması məlumdur.
Şuşanın musiqi xadimləri musiqişünasların daim diqqət mərkəzində olduğu üçün həmişə araşdırılacaq.
Bu gün Şuşa öz əzəli və əbədi sahiblərinə qayıdıb. 30 illik zülm və həsrətdən sonra o dirçələrək, “yaralarını sarıyaraq” Azərbaycanın mədəniyyət paytaxtı kimi yerini yenidən bərqərar edir. Əminəm ki, tezliklə orada dünyaya göz açaçaq uşaqlara 10 il, 20 il sonra baxıb yenidən deyəcəyik: “Torpaq yetişdirir!”.
Hazırladılar: Təmkin Məmmədli, Ləman Carçalova, 1905.az
Söhbət 9 sentyabr 2022-ci ildə baş tutub
Əvvəlki söhbətlər burada:
1-ci; 2-ci; 3-cü; 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü, 14-cü