“Kvartet” rubrikasının qonaqları Milli Kitabxananın Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova və “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: biblioqrafiya” kitabının tərtibçisi Xeyransa Abbasovadır.
Fuad Babayev: “Şuşa İli” başlayıb. Çox sevindirici haldır ki, Milli Kitabxananın Şuşa ilə bağlı Biblioqrafik nəşri artıq çap edilib.
Ədibə İsmayılova: Qeyd etmək istəyirəm ki, Koronavirus (COVİD–19) pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da müəssisə və təşkilatların fəaliyyətinə təsir göstərdi. 2020-ci il mart ayının 11-dən etibarən Azərbaycan Milli Kitabxanası öz fəaliyyətini əyani surətdə dayandırdı. Oxucuların oxu zallarından istifadəsi dayandırılsa da, Milli Kitabxana öz fəaliyyətini onlayn rejimdə davam etdirməyə başladı. Milli Kitabxananın kifayət qədər elektron resurslara, elektron kataloqa və dünya kitabxanalarına inteqrasiyaya malik olması buna imkan yaratdı. Bizim dünya milli kitabxanaları ilə müqavilələrimiz var, beynəlxalq əlaqələrimiz genişdir. Azərbaycan Milli Kitabxanası Respublikada istər kitab fonduna, istərsə dövri mətbuatın arxiv bazasına görə yeganə kitabxanadır. Milli Kitabxananın kitabxana-informasiya xidməti tam elektronlaşdırılıb və buna görə də biz bu çətin vəziyyətdən çıxdıq. Pandemiyaya qədər də Milli Kitabxananın onlayn xidmətləri var idi. Ancaq oxucuların əksəriyyəti Milli Kitabxanaya gəlirdilər. Bununla yanaşı oxucularımız iş yerlərində və ev şəraitində də kitabxanamızdan istifadə edə bilirdilər.
F.B. – Bu o deməkdir ki, pandemiya dövründə kitabxana oxucular üçün bağlı olsa da, siz işləmisiniz.
Ədibə İsmayılova: Bəli. Biz onlayn şəraitdə işləmişik. İstər ev şəraitində, istərsə kitabxana şəraitində bəzi elektron xidmətlər fəaliyyət göstərib. İstifadəçilərin sifariş verdikləri bəzi resursların elektron versiyası hazır olmadığı üçün biz Milli Kitabxananın təşkil etdiyi maşınlar vasitəsilə işə gedib fəaliyyət göstərməyə məcbur idik. Qeyd etmək istəyirəm ki, hazırlığımız olduğu üçün biz bu işlərin öhdəsindən gələ bildik. Bütün bu çətinliklərə baxmayaraq başqa ölkələrdən fərqli olaraq Azərbaycan xalqının, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan tarixi Qələbə baş verdi. 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğal altında olan bölgələrimizi düşməndən azad etdi. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bu Zəfər bizə koronavirusu belə unutdurdu. Bu Azərbaycan xalqının arzuladığı bir Qələbə idi. Bu məqamda mən Azərbaycan Milli Kitabxanasının gördüyü işlərdən danışmaq istəyirəm. 44 günlük Vətən müharibəsində Milli Kitabxana onlayn rejimdə fəaliyyət göstərərək Qələbə ruhunda olan resurslarla xalqımızı Zəfər yürüşünə hazırlayırdı. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Azərbaycan” qəzetinin 2020-ci il 5 noyabr tarixli sayında çıxan “Haqq savaşında tam qələbəmiz uzaqda deyil” adlı məqaləsində Azərbaycandakı birlik və vətənpərvərliyi, eləcə də bütün xalqın cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşməsini 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun qələbəsinin başlıca səbəbi kimi dəyərləndirir, bu müharibəni xalqımızın haqq savaşı adlandırırdı.
Biz istər hazırladığımız resurslarla, istərsə də alimlərimizin dövri mətbuat səhifələrində çıxışları ilə xalqımızı Qələbəyə inama ruhlandırırdıq. Bundan başqa pandemiya dövründə Milli Kitabxana Müzəffər Ordumuzun Zəfər yürüşünə dəstək olaraq tariximizə, mədəniyyətimizə, Dağlıq Qarabağ məsələsinə və digər mühüm sahələrə dair virtual sərgilər, elektron məlumat bazaları hazırlayaraq Azərbaycan və ingilis dillərində bütün dünyaya yayımlayıb. Azərbaycanın, Qarabağın, Şuşanın tarixini, mədəniyyətini tanıtmaq məqsədilə bu elektron resurların kifayət qədər əhəmiyyəti var idi. Görülən tədbirlərimizin məqsədi cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi, uzun illər işğal altında qalan, dağıdılıb talan edilən tarixi-mədəni irsimizin dünyaya tanıdılmasıdır. Bu dövrdə Milli Kitabxana Vətən uğrunda döyüşən, şəhid olan döyüşçülərimizi tanıtmaq və unutmamaq üçün hərbi-vətənpərvərlik mövzusunda hazırladığı “Zəfərlərin mübarək”, “Azərbaycan Əsgəri”, “Vətənimdir Azərbaycan”, “Qarabağ müharibəsi”, “Xocalı”, “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”, “Azərbaycanın Milli Qəhrəmanları”, “Qarabağ – Şuşa həsrəti”, “Qarabağın incisi – Şuşa” adlı elektron məlumat bazalarını onlayn rejimdə istifadəçilərə təqdim edib.
Təmkin Məmmədli: Bu elektron bazaların hamısı Azərbaycan və ingilis dillərindədir?
Ədibə İsmayılova: Elektron məlumat bazalarının əksəriyyəti Azərbaycan dilindədir. Virtual sərgiləri isə müharibə dövründə ingilis dilində də sosial şəbəkələr vasitəsilə bütün dünyaya yayımlayırdıq. Şuşa işğaldan azad olunmazdan əvvəl də biz resurslarımızı hazırlayırdıq. “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Sərəncamına uyğun olaraq “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya“ adlı kitabı Şuşanın işğaldan azad edilməsinin 1 illiyi münasibətilə nəşr etdik.
Bizim hədəflərimiz və layihələrimiz hələ çoxdur. Azərbaycan Milli Kitabxanası öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına, Nazirlər Kabinetinin qərarlarına, Mədəniyyət nazirliyinin göstərişlərinə uyğun olaraq qurur. Milli Kitabxana 2021-ci ildə Şuşa Biblioqrafiyası ilə yanaşı Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından “Xan Şuşinski” adlı biblioqrafiyanı da nəşr edib. 2022-ci ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şuşa İli” elan edilməsi ilə əlaqədar bizim də layihələrimiz var. Milli Kitabxanada cari ilin fevral ayında Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun, eləcə də digər ziyalılarımızın iştirakı ilə “Şuşa İli”nin açılış mərasimi oldu. Bu mərasimdə “Biz səni dirçəldəcəyik Şuşa” adlı geniş kitab sərgisinin açılışı oldu. Azərbaycan Milli Kitabxanasının fondunda olan qədim kitablar, eləcə də müasir kitablar, qədim dövri mətbuatın nümunələri də nümayiş olundu. Milli Kitabxana bu gün Azərbaycan kitabının, Azərbaycan ədəbiyyatının arxiv fondunu yaradır. Əgər bu kitablar bizim arxiv fondumuza daxil olmazsa, gələcəkdə biz onun qeydiyyatını, uçotunu apara bilmərik. Biz nəinki Azərbaycanda, hətta Azərbaycanla bağlı xarici ölkələrdə nəşr edilən kitabların da qeydiyyat və uçotunu aparırıq.
F.B. – Xeyransa xanım, “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı Biblioqrafiyanın ərsəyə gəlmə prosesindən danışmağınızı istərdik.
Xeyransa Abbasova: 2021-ci il may ayının 7-də cənab Prezident “Şuşanın Azərbaycanın mədəniyyətinin paytaxtı elan edilməsi haqqında” sərəncam imzaladı. Milli Kitabxana da bu sərəncamı rəhbər tuturaq Şuşanın işğaldan azad olunmasının bir illiyi münasibətilə bu Biblioqrafiyanı tərtib etməyi nəzərdə tutdu. Çox sevinirəm ki, bu işi də mənə tapşırdılar. Bu biblioqrafik göstərici Şuşa haqqında tərtib olunmuş ilk fundamental Biblioqrafiyadır. Bu bibliorafiyada materiallar 1876-cı ildən 2021-ci ilə qədər olan dövrü əhatə edir. Biblioqrafiyaya Şuşanın tarixi, tarixi abidələri, görkəmli şəxsiyyətləri, mədəni, ictimai-siyasi həyatını əhatə edən 3982 adda material daxil edilib. Materiallar əsasən Azərbaycan, rus və digər xarici dillərdədir. Biblioqrafiya tarixçilər, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar, geniş oxucu kütləsi və mədəniyyət xadimləri üçün nəzərdə tutulub. Biblioqrafiyanın tərtib olunmasında əsas baza olaraq Milli Kitabxananın kataloq və kartotekalarından istifadə olunub.
T.M. – Milli Kitabxananın fondunda olmayan materiallar da sizin nəşr etdiyiniz Biblioqrafiyaya daxil edilib?
Xeyransa Abbasova: Bəli. Sözügedən Biblioqrafiyaya həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondunda, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanasında olan materiallar da daxil edilib. Bəzi materiallar isə Əlyazmalar Fondundan və Milli Arxiv İdarəsinin Fondundan götürülərək komplektləşdirilib. Bu kitaba biz daha çox material daxil edə bilərdik. Amma mövzu ilə əlaqədar olaraq Şuşanın mədəniyyəti ilə bağlı materiallara daha çox diqqət yetirilib. Kitab bölmələr şəklində tərtib olunduğu üçün istifadəçi asanlıqla özünə lazım olan materialı tapa bilər. Biblioqrafiyanın Giriş hissəsində Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı Azərbaycan və rus dillərində verilib. Daha sonra Azərbaycanın mədəniyyət paytaxtı kimi Şuşanın əsas tarixi hadisələrinin xronologiyası verilib. Bu nəşrə Şuşa şəhərinin salınma tarixindən başlayaraq 2021-ci il ilə qədər olan əsas tarixi hadisələr Azərbaycan və rus dillərində daxil edilib. Biz kitabımıza eyni zamanda Şuşa ilə bağlı xarici ölkələrin milli universitet kitabxanalarında olan materialları da daxil etmişik.
F.B. – Xeyransa xanım, Sizin Biblioqrafiyada “Hekayələr və nağıllar” bölməsində qeyd edilib ki, Elçinin “Şuşaya duman gəlib” hekayəsi 1977-ci ildə Azərbaycan” jurnalının 8-ci sayında işıq üzü görüb. Ondan sonra isə Orxan Muxtarlının 2012-ci ildə çap edilmiş “Xarı Bülbül” hekayəsi haqqında məlumat verilir. Elə bir təsəvvür yaranır ki, Azərbaycanda 1977-ci ildən 2012-ci ilə qədər Şuşa ilə bağlı hekayə yazılmayıb. Daha sonra isə kitabda Şuşa ilə bağlı 2014, 2015 və 2021-ci illərdə çap edilmiş hekayə və nağıllar haqqında məlumatlar öz əksini tapıb. Sizin bu kitab həm də Şuşa mövzusuna marağın barometridir. Məni maraqlandıran odur ki, Şuşa mövzusuna ədəbiyyatımızda müraciətin dinamikası necə olub?
Xeyransa Abbasova: Şuşa ilə bağlı mövzular Biblioqrafiyadan istifadəni asanlaşdırmaq üçün bölmələr üzrə verilib. Biz deyə bilmərik ki, Sizin qeyd etdiyiniz dövrdən indiyə kimi Şuşa ilə bağlı heç nə yazılmayıb.
F.B. – Mən sırf hekayə və nağılları nəzərdə tuturam.
Xeyransa Abbasova: Ümumiyyətlə, Şuşa ilə bağlı hekayə və nağıllar çox azdır. Həm də sizin qeyd etdiyiniz bölmə Biblioqrafiyanın dövri mətbuat və məcmuələr hissəsini əhatə edir. Bizim nəşrdə “Şuşa mövzusu bədii ədəbiyyatda, ədəbiyyatşünaslıqda və incəsənətdə” bölməsi var. Həmin bölmədə Şuşa haqqında olan kitablar, monoqrafiyalar və onların qısa mündəricatı verilib. Yəni bu bölmədə də Şuşa haqqında yazılmış hekayə və nağıllar var. Misal üçün 1979-cu ildə nəşr edilmiş Bayram Bayramovun “Cıdır düzü” romanı, 1984-cü ildə çap edilmiş “Vaqif çeşməsi: poeziya almanaxı”, 1991-ci ildə işıq üzü görmüş Məmməd Səid Ordubadinin “Qanlı illər: 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi” əsəri, fransız yazıçısı Jan Gevrin “Xacə şah” tarixi romanının 1994-cü il nəşri və s. bədii ədəbiyyat nümunələri sözügedən bölməyə daxil edilib. Siz baxdığınız dövri mətbuat hissəsində isə böyük hekayələr və romanlar verilməyib.
F.B. – Sizin 1876-cı ildən 2021-ci ilə kimi böyük dövrü əhatə edən Biblioqrafiyanız çox təqdirəlayiq bir işdir.
Xeyransa Abbasova: Biblioqrafiyanı tərtib etmək üçün materialları toplamaq çətindir. Amma eyni zamanda bu çox maraqlı bir tədqiqat işidir. Mən şuşalı deyiləm və Şuşada da olmamışam. Şuşa işğal olunan zaman iki yaşım var idi. Amma Şuşa haqqında belə bir Biblioqrafiyanı tərtib etmək tarixi bir missiyadır. Biləndə ki, sənin tərtib etdiyin biblioqrafiyadan gələcəkdə istifadə olunacaq, oxucular özlərinə lazım olan materialları bu kitabdan əldə edəcəklər, bu insan üçün çox qürurverici bir iş olur. Bunun üçün də Milli Kitabxanaya mənim üçün yaratdığı şəraitə görə təşəkkür edirəm. Bu Biblioqrafiyanı tərtib edən zaman materiallar həddindən artıq çox idi. Ona görə də daha çox önəm daşıyan materialları qeyd etmək üçün seçim etməli olduq. Ümumiyyətlə, Biblioqrafiya 8 hissəyə bölünür. Hər bir hissə də ayrı-ayrı bölmələrdən ibarətdir. Birinci bölmədə “Kitablar və monoqrafiyalar”ı vermişik, Bu hissə də özlüyündə 3 hissəyə bölünür: “Şuşa mövzusu tarixi-siyasi araşdırmalarda”, “Şuşa mövzusu bədii ədəbiyyatda, ədəbiyyatşünaslıqda və incəsənətdə” və xüsusi olaraq “Şuşanın xalçaçılıq sənəti” ayrıca bölmə şəkilində verilib.
F.B. – Biblioqrafiyada “Şuşa kinolarda” bölümü də var.
Xeyransa Abbasova: Bəli, qeyd etdiyiniz bölmədə Şuşada çəkilən kinolar, Şuşaya həsr olunan filmlər haqqında məlumatlar yer alıb. Bu Biblioqrafiya vasitəsilə, ümumiyyətlə Şuşa haqqında istənilən məlumat, o cümlədən, Şuşanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında informasiya əldə edə bilərik. Biblioqrafiyada Şuşanın görkəmli şəxsiyyətləri haqqında qısa məlumat vermişik. Çünki Milli Kitabxanada Şuşanın görkəmli şəxsiyyətlərindən Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Seyid Şuşinski, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev haqqında ayrılıqda fundamental biblioqrafiya tərtib edilib.
F.B. – Şuşa Biblioqrafiyası kimi fundamental işin mediada işıqlandırılmasını qənaətbəxş hesab edirsiniz?
Ədibə İsmayılova: Biz yeni kitablarımızın təqdimatını keçirəndə media qurumlarına məktubla müraciət edirik. Onlar da öz növbəsində bu təqdimatlara gəlib yeni nəşrlərimizi işıqlandırırlar. Milli Kitabxananın fəaliyyətinə telekanallarımız da böyük önəm verir. Bizim virtual sərgilər, hazırladığımız elektron məlumat bazalar haqqında telekanallar süjetlər verirlər. Mədəniyyət kanalı Milli Kitabxananın gördüyü işləri çox yüksək qiymətləndirir.
T.M. – Gələcəkdə Şuşa haqqında Biblioqrafiyanın daha geniş variantının hazırlanması nəzərdə tutulur? Ümumiyyətlə, biblioqrafiyaların nəşrinin dövriliyi necədir?
Xeyransa Abbasova: Biblioqrafiyaların hazırlanmasında Prezidentin sərəncamlarını, Mədəniyyət nazirliyinin qərarlarını və Milli Kitabxananın əlamətdar tarixi günlər təqvimini əsas götürürük. Rəhbərlik bu barədə qərar qəbul etsə gələcəkdə əlavələrlə biblioqrafiyanı təkrar nəşr etmək mümkündür.
Ədibə İsmayılova: Təbii ki, “Şuşa İli”ndə də Şuşa ilə bağlı kitablar yazılacaq, araşdırmalar aparılacaq. Bizim istifadəyə verdiyimiz “Qarabağın incisi – Şuşa” adlı elektron məlumat bazası il ərzində yeni məlumatlarla zənginləşdiriləcək. Milli Kitabxana həm də metodik mərkəzdir. Biz nəşrlərimizi bölgələrə də göndəririk. 5-10 ildən sonra yeni biblioqrafiyalar da olacaq. Ötən il bildiyimiz kimi ”Nizami İli” idi. Bu münasibətlə də Milli Kitabxana Nizami Gəncəviyə həsr edilmiş möhtəşəm bir biblioqrafiyanı oxucuların istifadəsinə verdi. Biz əvvəlki illərdə də Nizaminin biblioqrafiyasını çap etmişdik, amma zaman keçdikcə əlavələrlə daha geniş nəşrə ehtiyac yarandı. Dünya kitabxanalarından Nizaminin əlyazmalarının elektron nüsxələrini gətirərək onun bazasını yaratdıq.
T.M. – Milli Kitabxananın beynəlxalq əlaqələri barədə nə deyə bilərsiniz?
Ədibə İsmayılova: Azərbaycan Milli Kitabxanasının demək olar ki, bütün Milli Kitabxanalarla beynəlxalq əlaqələri var, onlarla kitab mübadiləsini həyata keçiririk. Bu kitab mübadiləsinə həm bizim Kitabxananın nəşrləri, həm də Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənəsi ilə bağlı xarici dillərdə nəşr edilmiş kitablar daxildir. Milli Kitabxana dünya milli kitabxanaları ilə yanaşı, həm də səfirliklərə, xaricdəki beynəlxalq təşkilatlara da kitablar göndərir. Kitab mübadiləsi bizdə yüksək səviyyədə təşkil olunub. Xarici tərəfdaşlarımız bizə az kitab göndərsə də, biz Azərbaycanı tanıtmaq məqsədilə onlara daha çox kitab göndəririk. Yeri gəlmişkən“Qarabağa kitabla gedək” adlı layihəmiz haqqında da qısa məlumat vermək istəyirəm.
F.B. – Biz bu layihədə iştirak edərək Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nəşrlərini Milli Kitabxanaya təqdim etmişik.
Ədibə İsmayılova: Bəli, həmin kitabların qeydiyyatı aparılıb. Azərbaycan Milli Kitabxanasında 2020-ci lin dekabrında işğaldan azad olunan bölgələrimizin kitabxana direktorlarının iştirakı ilə onlayn konfrans keçirildi. Hazırda işğaldan azad edlimiş bölgələrimizdəki kitabxanalardan əsər-əlamət qalmayıb. Ermənilərin dağıdıb məhv etdikləri həmin kitabxanaların fotoşəkillərini Beynəlxalq Kitabxana Təşkilatı olan IFLA (International Federation of Library Associations – red.)-ya göndərdik. Bundan sonra isə 2021-ci ilin yanvar ayında “Qarabağa kitabla gedək” layihəsinə start verdik, yəni işğaldan azad edilmiş bölgələrimizdəki kitabxanalar üçün kitab toplamağa başladıq.
F.B. – Hazırda yığılan kitablar hara gedir?
Ədibə İsmayılova: Bu kitablar Milli Kitabxananın bazasına yığılır. Hazırda 70 minə yaxın kitab toplamışıq. Bu kitablar işğaldan azad edilmiş bölgələrimizdə gələcəkdə bərpa ediləcək kitabxanalara veriləcək.
Hazırladi: Təmkin Məmmədli, 1905.az
Söhbət 3 mart 2022-ci ildə baş tutub.
Əvvəlki söhbətlər burada: 1-ci söhbət; 2-ci söhbət