Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedoqoji Universitetinin baş müəllimi Dəyanət Musayev, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin dosenti Aqil Şahmuradov, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Sevinc Qasımova, hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi Əlövsət Allahverdiyev, filologiya üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin müəllimi Kəmalə Ələkbərova, “Nömrə 1” Təhsil mərkəzinin rəhbəri Samin Həsənov, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi Könül Təhməzova və Təhsildə İnkişaf və Araşdırmalar Mərkəzinin direktoru İlkin Həsənov ilə dərs ilinin yekunları barədə dəyirmi masa ətrafında söhbət etdik.
Fuad Babayev: İstərdim ki, müzakirəyə başlamadan əvvəl Təhsil Nazirliyinin hazırladığı bir rolikə tamaşa edək.
Dəyirmi masa iştirakçıları video rolikə baxır. (https://www.youtube.com/watch?v=kc7jlKajD24).
Biz, “Təhsil TV” internet resursunun hər gün Kür çayını keçərək dərsə gedən 13 yaşlı Əli haqqında “Obanın yeganə şagirdi” adlı qısametrajlı filminə baxdıq. Həmçinin, bir çoxunuzun bəlkə xəbəri olub, bir müddət 13 yaşlı bir qubalı yeniyetmə, Cimi kənd orta məktəbinin 6-cı sinif şagirdi Dəyanət İsrafilov kəndə sel gələndə Qızbikə adlı 4 yaşlı bir kənd sakinini xilas edib. Bu iki informasiya ilə söhbətimizə başlayırıq. İstərdim ki, məktəbli Dəyanət İsrafilova Quba Rayon İcra Hakimiyyətində mükafat təqdim olunmasından ibarət şəkillərə də baxaq.
Cimi ucqar bir kənddir. Orada sel zamanı çox dramatik anlar yaşanıb. Dəyanət 4 yaşlı uşağı xilas edib, lakin qızın 3 yaşlı qardaşı seldə həlak olub. Dağ çayının daşmasını görən insanlar daşqın zamanı çaya yaxınlaşmağın nə qədər təhlükəli olduğunu yaxşı dərk edirlər. Nə yaxşı ki, bizim belə gənclərimiz var.
Indi isə söz sizindir. Buyurun, fikirlərinizi bildirin: başa çatmaqda olan dərs ili nə ilə yadda qaldı, əsasən hansı məqamlara diqqəti çəkmək istərdiniz?
Samin Həsənov: Tədris ilinin sonunda hər kəsdə belə fikir formalaşır ki, dərslər sentyabrın 1-də başlasaydı daha yaxşı olardı. Bu məsələ Milli Məclisə qədər gedib çıxır, amma yenə həllini tapmır və dərslər əvvəlki sistem üzrə davam edir. Yayda istilər düşəndə, mayın sonu, iyunun əvvəlində uşaqlar dərsə getməyəndə və məktəblər boş qalanda vəziyyət valideynləri də, müəllimləri də düşünməyə məcbur edir. Bir halda ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının tarixini daha əvvələ salıb, aprel ayından artıq buraxılış imtahanları keçirilir, biz də bir tədris mərkəzi olaraq dərs ilinin erkən başlayıb tez də bitməsinin və yay aylarına təsadüf etməməsinin tərəfdarıyıq. Bu isə inanıram ki, şagirdlərə, qəbul imtahanlarına hazırlaşan uşaqlara daha yaxşı təsir edəcək.
Bizim əsas fəaliyyət sahəmiz orta məktəblərin yuxarı sinif şagirdlərini universitet həyatına hazırlamaqdır. Ali məktəbə daxil olmaq üçün şagirdlərin bir neçə seçimi var: özləri hazırlaşır, repetitor yanına gedir, ya da tədris mərkəzlərinə üz tuturlar. Tədris mərkəzlərinə, yaxud repetitor yanına üz tutanlar təxminən 30-40 faiz təşkil edir. Yerdə qalan 60-70 faiz şagirdlər isə şəxsi şəkildə hazırlaşır, yaxud, ümumiyyətlə hazırlaşmırlar. Əgər 80 min şagird orta məktəbi bitirirsə, onun 35-40 mini ali məktəblərə sənəd verir, digər şagirdlər isə qabiliyyət tələb edən ixtisaslara və kolleclərə üz tuturlar. Buraxılış imtahanlarının bu formatda keçirilməsi respublikamızda qiymət nəticələrinə çox təsir etmişdir. Ona görə də son günlər 700 bal söhbəti çox müzakirə olunur. Hal-hazırda bu qədər balı heç kim yığa bilməyib. Halbuki keçən il qəbul imtahanında 29 nəfər 700 bal toplamışdı.
Fuad Babayev: Niyə 700 bal yığa bilmədilər?
Samin Həsənov: Mən şəxsən kurikulum sistemini səbəb olaraq göstərmək istəməzdim. Bu sistemdə də 700 bal toplamaq mümkündür. Sadəcə buraxılış imtahanlarına uyğun nümunə sınaqlar təşkil edilmədi. Şagirdlərə ikinci bir imtahan müddəti verilmədi. Buraxılış imtahanlarına Bakıda bizim kurslarda hazırlaşanlar daha hazırlıqlı olurlar, amma kənd məktəblərində dinləmə mətninin nə olduğunu bilməyən şagirdlər var. Onların müəllimləri də dinləmə səviyyəsində dərs keçmirlər, bunun üçün avadanlıqlar yox dərəcəsindədir. Şagirdlərdən tədris edilməyən bir şeyi tələb edəndə, təbii ki, nəticəyə də təsir göstərəcək. Ilk buraxılış imtahanının bir mərhələdə, amma əvvəlkindən fərli formada keçirilməsi, verilən sualların da ikibaşlı olub xeyli dünyagörüşü tələb etməsi şagirdləri çətinliyə salır. Məsələn, Azərbaycan dilinə aid suallarda təkcə bu dili bilmək kifayət deyil, orada tarixi, coğrafiyanı, məntiqi və s. də bilmək lazımdır. Hər hansı bir sual düşəndə göstərilir ki, buna uyğun başqa tarixi hadisələri misal çəkin. I və IV qruplar buna cavab verə bilmirlər, çünki onlar əsasən fizika və kimyaya hazırlaşırlar. Buna görə də zəif nəticə göstərməli olurlar. III qrupa hazırlaşanlar Azərbaycan və ingilis dilində olan suallara yaxşı cavab verirlər, amma riyaziyyatdan zəif nəticə göstərirlər. Belə halda buraxılış imtahanlarında maksimal nəticədən 5 – 6 bal az toplanırsa, 700 bal yığmaq ümidi itir. Imtahanlar iki mərhələdə keçirilsə idi, daha maraqlı olardı və şagirdin yüksək bal yığmaq üçün şansı daha böyük olardı.
Bu tədris ili kurikulumun ilk ilinə təsadüf etdi. Ona görə də şagirdlər üçün çətin oldu. Sualları nə qədər asanlaşdırsalar da, imtahan prosesi şagirdlərə mənfi təsir göstərdi. Şagirdlərin açıq sualları bilməməsi müəyyən rol oynadı. Məsələn, şagird məndən sualın həllini istəyib, mən də yazmışam. Amma yoxlama zamanı aydın olur ki, şagirdin öz fikri olsa da, konkret bir meyar var və ona əsaslanmalıdır. Halbuki, şagirdin fikri də əsas olmalıdır. Ola bilsin şagirdin fikri kitabda yoxdur, amma onun da fikri elmi cəhətdən düzgündür. Yəni belə problemlər də olur.
Orta məktəblərdə repetitorlar tərəfindən imtahanlara cəlb edilmə prosesi və köhnə kitablardan, dərs vəsaitlərindən, abituriyent jurnallarından istifadə olunmasının da şagirdlərə mənfi təsiri var. Çünki yeni sistemdə ancaq yeni metoda aid misallara, məsələlərə müraciət etmək lazımdır.
İnanıram ki, bu sistem gələcəkdə inkişaf etdirilsə, düzgün tətbiq olunub məktəblərdə də düzgün tədris edilsə, şagirdlər üçün xeyirli olacaq. Əgər şagirdə indiyə qədər məktəbdə ingilis dilindən dinləmə mətni keçməyiblərsə, o zaman həmin şagirddən yüksək nəticə gözləmək olmaz. Dinləmə mətni 7 sualdan ibarətdir və şagird düşünür ki, bu sualları yazmasam da olar.
Kəmalə Ələkbərova: Biz 11 illik zəhmətin bəhrəsini görürük. Mən sizi əmin edirəm ki, gələn il 700 bal alan çox olacaq. Çünki, bu il ilk dəfə idi, təcrübə yox idi.
Fuad Babayev: 700 bal məsələsinə bu qədər diqqət yetirməyə dəyər?
İlkin Həsənov: Ali məktəblə orta məktəb bir-birini tamamlamalıdır. Bir çox hallarda belə də olur. 700 bal məsələsini gündəmə gətirmək, məncə doğru deyildir. Çünki bizim 700 bal toplamış uşaqlardan daha çox fədakarlıq göstərmiş Dəyanət kimi uşaqlara, yəni başqalarına qarşı qayğıkeş, riskə gedə bilən, nümunəvi vətəndaş ola biləcək şagirdlərə, insanlara ehtiyacımız var. Nə qədər ki, 700 balı beyinlərə aşılayacaq, TV kanallarda, saytlarda, qəzet və jurnallarda yayımlayacağıq, o zaman istər-istəməz bu “700 bal”ı reklam etmiş oluruq. Ümumiyyətlə, cəmiyyətin insana verdiyi dəyərlər dəyişdirilməlidir. Şagirdi 700 bal toplayıb deyə başqa uşaqlardan fərqləndirmək cəmiyyətə lazım olmayan yanlış yanaşmadır. Yəni şagird 300 bal ilə universitetə girib çox yaxşı vətəndaş ola bilər, ondan Mübariz İbrahimov kimi qəhrəmanlar da çıxa bilər, amma maksimum bal toplayıb özündən başqa kimsəyə faydalı olmayan insanlar da yetişə bilər. Ona görə də 700 bal məsələsində ehtiyatlı olmaq lazımdır. Bu məsələni çox qabartmaq, şagirdlər arasında bala görə fərq qoymaq lazım deyil. Təəssüf ki, hətta ailələr belə uşağına bala görə qiymət verir. Əgər imtahandan aldığın bal yüksəkdirsə, səni daha çox dəyərləndirirlər.
Sizə bir hadisə danışım. Türkiyədə Van zəlzələsi zamanı (23 oktyabr 2011-ci il – red.) xilasetmədə könüllü iştirak edən insanların arasında qulağında sırğa, bədənində tatu olan uşaqlar, məktəblilər digərlərinə nisbətən daha çox adam xilas ediblər. Əslində biz belə insanları necə qarşılayırıq?
Amma həyati bacarıqlar var ki, universitetlər onu vermir. Təəssüf ki, universitetlər akademik biliklər verir, amma həyatda necə davranmaq, risk məsələləri, nümunəvi vətəndaş olmaq, sosial məsuliyyət və s. məsələləri öyrətmir. Universitet proqramları dəyişirilməlidir. Ilk öncə isə məktəb kurikulumlarını dəyişmək lazımdır. 700 bal isə üzərinə köklənməyin vacib olmadığı bir məsələdir.
Kurikulumlar təəssüf ki, müasir dövrün tələblərinə, bacarıqlarına cavab vermir. Yüksək bal toplayan şagird universitetə gedir, orada isə problemlər üzə çıxır. Məsələn, universitetlərdən birinin ingilis dilli fakültəsində dərs deyən yaxın dostum danışırırdı, girmişəm auditoriyaya, ingilis dilində dərsi izah edirəm, uşaqlar deyirlər ki, müəllim, çox xahiş edirik, dərsi Azərbaycan dilində keçin. Əslində uşaqlar ingilis dilində təhsil almalıdırlar. Anlaşılmaz bir durum var. Orta məktəb proqramı ilə ali məktəbin qarşılaşmasında bu cür disbalans var. Universitetə girəndə bir çox müəllimlər deyir ki, orta məktəbdə oxuduqlarını yadından çıxart. Və ali məktəbdə tamam başqa şeylər oxuyuruq. Universiteti bitirib işə qəbul olanda da orada deyirlər ki, universitetdə oxuduqlarını unut. Bu mövzu barədə çox geniş danışmaq olar.
Ona görə də 700 bal məsələsində çox ehtiyatlıyam. Burada əyləşənlər təhsildə kifayət qədər sözünü demiş aparıcı insanlardır. 700 balı şişirtmək cəmiyyətimizi irəli aparmır.
Samin Həsənov: Dediyinizlə razıyam, ancaq biz “niyə 700 bal yoxdur” deyə mühakimə etmirik. Söhbət təhsildən gedir. Əgər 30 min adam imtahan verirsə, niyə bir nəfər ən yüksək bal toplamasın və təhsil sisteminin verdiyi tədrisi mənimsəyib yüksək nəticə göstərməsin. Yəni bir nəfər bu tədris sisteminin düzgün olduğunu, tədrisə düzgün yanaşılarsa, maksimal nəticə göstərməyin mümkün olduğunu göstərmək üçün ən yüksək bal toplamalıdır.
Fuad Babayev: Yəqin ki, bu il də ən yüksək bal alanlar olacaq.
Kəmalə Ələkbərova: Gələn il mütləq olacaq. Çünki şagirdlər öyrənəcək, müəllimlər də öyrənəcəklər.
Samin Həsənov: Bizim kursda yaz qəbul imtahanında 670-680 bal yığanlar var. Bu özü də böyük nəticədir. Amma 700 bal toplamaq üçün uşaq daha diqqətli və məsuliyyətli olmalıdır, prosesin də hamısını bilməlidir. 2-3 il ərzində də onların hamısını öyrənəcəklər.
Fuad Babayev: Bəlkə ali məktəb müəllimlərini dinləyək? Durum necədir?
Sevinc Qasımova: Mən özüm ümumiyyətlə, təhsildə kəmiyyətin yox, keyfiyyətin tərəfdarıyam. Bunu təcrübədən görmüşəm. 650, 690 bal toplayan tələbəm olub. Testi əzbərləyib, gözəl nəticə əldə edib. Amma digər göstəriciləri sıfırdır: danışa bilmir, məntiqi təfəkkürü yoxdur, adi bir suala cavab verə bilmir. Artıq 30 ildir ki, pedaqoji fəaliyyət göstərirəm. Bir neçə ildir ki, universitetimizin tarix və digər fakültələrində zərbəçilər, çox yüksək göstəriciləri olan tələbələr var. Yay və qış sessiyasında yüksək nəticə göstərən tələbələr təqaüd alır. Bu, çox gözəl təcrübədir. Görünür ki, belə etmək lazımdır.
Bəs 700 bal və digər məsələlər haradan yarandı? Bizim cəmiyyətə gözəl musiqiçi, ya gözəl rəssam da gərəkdir, amma hər şeydən əvvəl cəmiyyətimizə sağlam adamlar, müəyyən dünyagörüşü olan insanlar lazımdır.
Mənə ali məktəbdə Əkbər Bayramov psixologiyadan dərs deyib. Bir dəfə imtahanda cavab verdikdən sonra mənə “2” dedi. Düşündüm ki, “2” ala bilmərəm, çünki psixologiyanı gözəl bilirdim. Düşündüm ki, ola bilməz, yəqin eksperiment edir. Ancaq mənimlə qəbul olan tələbə yoldaşlarım mənə inanmayıb etiraz etdilər. Əslində, mən düşündüyüm kimi, müəllim uşaqların temperamentlərini öyrənmək istəyirdi. Ona görə imtahandan qabaq yoldaşlarıma xəbərdarlıq etdim ki, diqqətli olun. Amma mənə qulaq asmadılar, müəllimə etiraz etdilər, hay-küy saldılar və s. Mənə elə gəlir ki, hər bir müəllim ən əvvəl psixoloji cəhətdən tələbəsinə övladına yanaşdığı kimi yanaşmalıdır. Məgər istərdik ki, xəstə övladımız olsun? Qətiyyən yox. Elə isə, niyə cəmiyyətə xəstə şagird, tələbə verək?
Orta məktəbdə təhsilin səviyyəsi o dərəcədə yüksək olmalıdır ki, şagirdlər kənara qaçmasınlar. Amma gəlin reallıqdan danışaq. Hansı orta məktəbdə 10-11 sinif şagirdləri müntəzəm dərsə gedir? Məktəbə gedirsən, direktor deyir ki, 10-11-ci sinfə girməyin, çünki həmin şagirdlər dərsə gəlmir.
Fuad Babayev: Kursa, ya repetitor yanına gedirlər.
Sevinc Qasımova: Çünki orta məktəbdə təhsilin səviyyəsi heç kəsi qane etmir. Elə məktəb müəllimi var ki, əlavə dərs üçün yanına gəlməyən şagidrlərin qiymətini kəsir. Şagirdin ona görə də təhsilə marağı itir. Yaxud universitetdə tələbəni bəzi müəllimlər elə günə salır ki, III kursda mən onlara dərs deyəndə təəccüblənirlər ki, belə müəllimlər də var. Deyirlər ki, I kursda bizə elə müəllimlər dərs deyib ki, universiteti atmaq istəmişik.
Sentyabr başlayanda auditoriyada mənim ilk sualım bu olur: kim tarixçi olmaq istəyir. 120 tələbədən iki nəfər qorxa-qorxa əlini qaldırır, yalnız bir nəfər deyir ki, tarixçi olmaq istəyirəm. Yalnız tarixçi olmaq istəyən tarixə getməlidir.
Tələbələrin çoxu ali məktəbə valideynlərin istəyi ilə gəlir. Mənim övladım birinci il ali məktəbə girmədi. Mən də etiraz etmədim. Ən gözəl müəllimlərin yanına gedirdi. Amma istədiyi ixtisasa balı çatmadı. Dedi ki, müəllim olmaq istəmirəm. Ona görə də ikinci il yenidən imtahan verdi və istədiyi ixtisasa qəbul oldu. Mənə elə gəlir ki, uşağın üzərinə gedib “mütləq bu instituta girməlisən” demək nəticəsində cəmiyyətə “xəstə” bir insan vermiş olacağıq. Bu isə heç birimizə lazım deyil. Əgər hər kəs istədiyi ixtisasa getsə, görün cəmiyyətimizə nə qədər faydalı insanlar yetişəcək. 700 bal hələ heç nəyin göstəricisi deyil. Amma müəyyən sənət, peşə sahəsində hər hansı bir ixtira etmiş gəncimiz bizim üçün yüksək balla ali məktəbə girib iş tapmayan birisindən daha üstündür. 700 bal toplayan magistraturanı bitirəcək, qırmızı diplomunu da alacaq və tarix fakültəsini bitirən bu insandan soruşanda ki, harada işləyirsən, deyəcək, filan bankda, ya şirkətdə.
O ailə ilə bağlı rolikə əvvəl də baxmışdım. Çox xoşuma da gəlmişdi. Düşünürdüm ki, hər dəfə Bərdədən Zərdaba məktəbə getməkdən ötrü necə əziyyət çəkir. Məgər bu uşağa imkan yaratmaq olmaz? Bizə fədakar insanlar lazımdır. Yolu keçməkdə əziyyət çəkən yaşlı insana kömək edən, ağır yük götürən insanlara yardım edən gənclərə bizim ehtiyacımız var.
Kəmalə Ələkbərova: Hal-hazırda 2019-cu ildə yaşayırıq. Mənim rəhmətlik atam 1950-60-cı illərdə ucqar dağ kəndində məktəbə gedib. Rolikdəki hadisəyə bənzər eyni hadisələri atam da danışırdı. II Dünya müharibəsindən 10-20 il sonra da bu rolikdəki həyatı yaşayırdıq. Hamınız bəlkə görmüşünüz o şəkli, Yaponiyada yalnız bir nəfərə – məktəbli uşağa görə qatar bir stansiyada dayanır.
Bizdə belə bir stereotip formalaşıb: uşaqlarımız ali təhsilli olmalıdır. Mənim yaxın bir adamım İsveçrədə yaşayır, deyir ki, uşağı nə qədər məcbur edirəm, ali təhsil almaq istəmir. Sənət alıb, texniki təhsili var, deyir, nə edirəm ali təhsili. Ingiltərədə heç kim məmur olmağa can atmır. Çünki maaşı azdır. Hamı özəl işə gedir. Bizdə isə hamı can atır ki, dövlət universitetlərinə qəbul olsun. Avropada dövlət institutlarına kasıblar gedir.
Samin Həsənov: Roliklə bağlı mən də fikrimi deyim. Burada şəraitdən də çox şey asılıdır. Bəlkə orada avtomobil yolu da var. Amma o uşağın imkanı yoxdur hər dəfə pul verib getsin. Mən hazırlığa müəllim yanına getmək üçün 2 il 6 km yol qət etmişəm. Bu qədər yolu qışda da, yayda da ayaqla gedib gəlirdim. Ora mənimlə yanaşı taksi ilə gedib gələn də olurdu. Məncə o uşaq halından məmnundur. Belə olmasa idi, məktəbə getməzdi.
Bizim kursa gələn elə uşaqlar var ki, müəllimlərə təklif edir ki, gəlib ona evdə dərs keçsin. Amma belə uşaqlar həyatda uğur əldə edə bilmir. Çünki rəqabət görmür, ancaq rahatçılığa öyrəşiblər. Amma kursa gəlib can yandıran, yolda yorulan, tərləyən, əziyyət çəkən şagirdlər daha çox uğur əldə edirlər.
Fuad Babayev: Bayaq Sevinc xanım dedi ki, fakültədə birinci kurs tələbələrinin mütləq əksəriyyəti ora tarixçi olmaq fikri ilə gəlməyib. Bəs hüquq fakültəsində necə?
Əlövsət Allahverdiyev: İxtisas seçimi ciddi məsələdir. Mən həm hüquq, həm də digər fakültələrdə dərs deyirəm. Bu gün abituriyent ixtisas seçəndə balı əgər hüquq fakültəsinə çatmırsa, istəyi olmasa da sənədini tarix müəllimliyinə verir. Məsələ ondadır ki, tarix müəllimi kimi formalaşmaq istəyən bu gənc imtahandan keçməyəcək. Pedaqoji Universitetdə nə qədər gələcəyin müəllimi olacaq tələbələr imtahandan kəsilir. Bu, cəmiyyət üçün bir problemdir. Ona görə müəllimlərə irad tuturlar ki, müəllimlər müəyyən güzəştə getməlidir. Gülünc məsələdir, gələcək müəllimlər nəyə görə imtahan verə bilmirlər?
Hüquq fakültəsində rastlaşdığım gözəl ənənəni sizinlə paylaşmaq istərdim. Bu il bu fakültəyə 30 nəfərə yaxın gənc kadr dərs deməyə dəvət olundu, hüquq fakültəsi tamam cavanlaşdı. Bu kadrların içində xeyli praktiklər də var idi. İnsan hüquqları üzrə Ombudsman Aparatında çalışan şəxslər, prokurorluq əməkdaşları adətən məşğələlər aparmağa cəlb olunurlar. Bir növ, təcrübə ilə nəzəriyyəni birləşdirməyə çalışdılar. Hüquq fakültəsində 600 bal toplamış tələbə ilə beynəlxalq iqtisadi münasibətlərdə 250-300 bal alıb ödənişli fakültəyə daxil olan tələbə arasında çox böyük fərq var. Mən bu fərqi bal fərqi ilə hesaba çatdırmaq istəməzdim, burada keyfiyyəti əsas götürmək lazımdır. Məsələn, hüquq fakültəsində tələbələrə verdiyin hər hansı məsələyə reaksiya olur və dərhal müzakirələr başlayır. Amma digər fakültəyə daxil olursan, nə desən hamısı ilə razılaşırlar. Yaxud Milli Aviasiya Akademiyasının hüquq fakültəsində dərs dediyin zaman böyük həyəcan keçirirsən. Yəni elə bil seçmə uşaqlardır. Səhər dərsə gedəndə fikirləşirsən ki, görəsən nə sual verəcəklər.
Amma problemlər də var. Hüquq fakültəsində, digərlərində də dil məsələsi var. Bizdə daha çox dünya ölkələrinin təcrübəsini misal çəkməyə maraqlıdırlar. Tutalım ki, Beynəlxalq Cinayət Məhkəməsinin Haaqa Tribunalının araşdırdığı məhkəmə işlərindən hər hansı birini əyani şəkildə tələbələrə göstərmək istəyirsən, dil problemi meydana çıxır. Açırsan əyani vəsaiti göstərirsən, özün də məcbursan tərcümə etməyə. Yaxud, material verirsən ki, bu saytdan istifadə edə bilərsiniz, yenə də xarici dili bilməmək mane olur. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələsində də tələbələr çox zəifdir, ondan istifadə imkanları məhduddur. Həm universitet baxımından, həm də müstəqil şəkildə bu texnologiyalardan yaxşı istifadə edə bilmirlər.
Mən bir metoda əl atmışam. Seminar məşğələ aparanda, istər oğlan, istərsə də qız, fərqi yoxdur, hər birini tribunaya çıxardıram, deyirəm ki, mən tələbəyəm, siz isə müəllimsiniz, öyrədənsiniz. Bir var mənim üzümə baxıb dərsi izah edəsiniz, bir də var hamının üzünə baxıb danışasınız. Bu, sizdə müstəqil düşüncə, auditoriya qarşısında sıxış etmə qabiliyyətinin formalaşması deməkdir. Auditoriyada olan bütün gözlərə baxıb dərsi izah etməyə çalışın, hesab edin ki, mən burada yoxam, yaxud mən də tələbəyəm. Görürəm ki, tələbələr sıxılır, psixoloji problem var.
Ülviyyə Tahir: Bəlkə natiqlik mədəniyyəti yoxdur, ona görə.
Əlövsət Allahverdiyev: Bundan da əlavə, müstəqilliyə alışmayıblar, sərbəst düşünə bilmirlər.
Ülviyyə Tahir: Sizcə bu, evdəki tərbiyədən irəli gəlmir? Valideyn həmişə uşağının yerinə fikirləşir.
Əlövsət Allahverdiyev: Burada valideynin də rolu var. Amma məktəbin rolu daha çoxdur. Məktəbdə uşaqlara meydan verilməli, şərait yaradılmalıdır. Əgər müəllim auditoriyada ancaq özü danışırsa, özünün dinlənilməsini istəyirsə, əlbəttə, burada uşaqlara meydan verilməkdən söhbət belə gedilməz. Amma uşağa meydan verəndə, bəlkə də o yaxşı mütəxəssis ola bilər. Təbii ki, burada danışdıqlarını heç kəs səndən yaxşı bilmir. Bu meydan sənindir. Amma sənin tələbəndə özünə inamsızlıq formalaşır, başlayır səhv etməyə.
Gənc kadrların dərs deməyə dəvət edilməsi nə qədər əhəmiyyət daşıyır? Dəfələrlə fikir vermişəm, yaşlı nəslin nümayəndəsi, xüsusilə də vəzifədə çalışıbsa, dərs deyirsə, tələbələrin halına acımaq lazımdır. Bütün proseslərdən, rastlaşdığı problemlərdən danışacaq: harada mükafat, tərifnamə alıb, buna Mərkəzi Komitədə kim söz verdi, bu nə dedi və s. Tədris qalır qıraqda, tələbələrin tədris ruhunu məhv edir.
Fuad Babayev: Bu yaxınlarda Şamaxıda 9-cu Sabir qiraət günləri oldu. Tədbir çox böyük maraqla qarşılandı. İlin ikinci yarısında keçirilən həmin tədbirdə şagirdlər, o cümlədən orada yerləşən ali məktəblərin filiallarının tələbələri Sabir şeirlərini əzbərləyib onları bədii qiraətlə ifadə etdilər. Dəyanət müəllim, buna bənzər modellər təhsil prosesinin stimullaşdırılmasında hansı rolu oynayır?
Dəyanət Musayev: Bayaqkı məsələyə münasibət bildirmək istəyirəm. Bilirik ki, bu il imtahanlar kurikulum əsasında keçirildi. Doğrudur, artıq 11 ildir proqram qəbul olunub və işləyir, amma kurikulum fənni cəmi iki ildir tədris olunur. Mən özüm Azərbaycan Pedaqoji Universitetində və Bakı Dövlət Universitetində tarixin tədrisi metodikası fənni ilə bərabər ümumtəhsil kurikulumunun əsasları fənnini tədris edirəm. Buradan başlamaq lazımdır ki, kurikulum fənni hələ təzə tədris olunmağa başlayıb. Həm də metodikanın içində deyil; metodika iki semestr tədris olunur, kurikulum üçüncü semestrdən başlayaraq ayrıca tədris olunur. Həmin o kurikulumu mənimsəmiş müəllimlərimiz də cəmi iki ildir universitetdən çıxıb müəllim işləyə bilir. Məncə bu məsələ bir qədər gecikib.
Biz, humanitar yönlü insanlar 1992-ci ildə çıxan köhnə testi götürüb oradakı hətta fizika suallarını yazıb o vaxt üçün lazım olan balı toplaya bilərik. Yəni o vaxt bu suallar primitiv, sadə tapşırıqlar idi. O vaxt qəbul üçün 250-300 bal toplamaq normal sayılırdı. Biz həmin rəqəmi 1992-ci ildən indiyə qədər gətirib 700-ə qaldırdıq. Amma indi istəyirik ki, bu il mütləq təzə metod ilə 700 bal yığan olsun.
Sabir qiraət müsabiqəsini Şamaxının millət vəkili Elxan Süleymanov keçirir. Bundan başqa, Elxan müəllim deputat seçildiyi ildən hər il 600-dən çox bal toplayaraq ali məktəbə daxil olan uşaqlara təqaüd təsis edir. Onlar ali məktəbi bitirən günə qədər hər ay bu təqaüdü alırlar. Bir gün Elxan müəllimə dedim ki, bəlkə bu yüksək bal toplayan uşaqların monitorinqini təşkil edək. Çünki bu uşaqlar 600 balı yığıb qəbul olur, bəs sonra necə oxuyurlar. Mən də müəlliməm və bilirəm ki, yüksək bal toplamaq hələ yaxşı oxumaq demək deyil. Ən azından universitetdə belədir ki, tələbə Prezident təqaüdü ala bilər, ancaq bir imtahandan kəsiri varsa, bu təqaüd növbəti imtahana qədər dayandırılır. Elxan müəllim dedi ki, hər ehtimala qarşı yoxla. İnandırım sizi ki, 76 nəfər aylıq təqaüdçümüzdən cəmi 12 nəfər imtahanı normada verə bilmişdi. Qalanların hamısının kəsiri var idi. Halbuki bu uşaqlar rayon üzrə ən yaxşı nəticə göstərmişdilər.
Sabir qiraət müsabiqələri artıq 9-cu ildir keçirilir və onun da qalibləri aylıq təqaüd alır. Belə demək olarsa, bu ilki müsabiqə qaliblərinin heç biri humanitar sahəyə sənəd vermədi. Ötən ilin qaliblərindən bir neçəsini dəvət etmişdik və çıxış etdilər. Orada uşaqlardan biri dedi ki, mən bu təqaüd puluna müəllim yanına getmişəm. Aldığım Sabir adına təqaüdün gələcək həyatımda böyük rolu var. Yəni təqaüd bu şəxsə kömək olub, stimul verib.
Əslində bu ilki imtahana hazırlıq daha əvvəl başlamalı idi. Sevinc xanım qeyd etdi, əvvəl imtahanlar faktoloji əzbərçilik idi. Hətta bəzi universitetlərdə, elə bizim Pedaqoji Universitetdə də buraxılış və sınaqlar test ilə verildi. Demək istəyirəm ki, çox fərq var. İki yerdə dərs deyirəm və fərqini aydın görürəm. Məsələn, sual verirsən ki, Çaldıran döyüşü nə vaxt olub, tələbə gözləyir ki, buna variant veriləcək, bu da seçimini edəcək. Mən bəzilərinə tez-tez deyirəm ki, vaxt gələcək, ixtisasınızı deməyə utanacaqsınız ki, birdən tarixdən sual verərlər, bilmərəm. Bu insan bir-iki gün qalmış testləri əzbərləyir, sonra gedib cavab verir. Bu gün bu bizə lazım deyil.
Kəmalə Ələkbərova: Bizim hal-hazırda övladlarımızın oxuduğu sistemlə sizin tədris etdiyiniz sistem eynidir?
Dəyanət Musayev: Xeyr. Aydın məsələdir ki, test formatı biliyin yoxlanması üçün ən yaxşı vasitədir.
Ilkin Həsənov: Yanlış bildiyimiz bəzi şeylər var. Biz elə düşünürük ki, ənənəvi təhsil ilə 2008-ci ildən tətbiq olunan və bu il qəbul imtahanlarının keçirildiyi kurikulum sistemi fərqlidir. Reallıq odur ki, bu ilki imtahanla keçən il keçirilən imtahan arasında o qədər də fərq yoxdur. Fərq bəs haradadır? Bəzi situasiya tipli açıq suallarda. Misal üçün tarix fənninə müraciət edək. 30 sual var, 27-si qapalı, 3-ü açıq sualdır. Həmin o 27 qapalı indiyə qədər düşən suallarla eynidir.
Samin Həsənov: Elə o 3-4 sual bəs edir ki, 700 bal çıxmasın.
Ilkin Həsənov: O 3 sual yanlış sualdır.
Samin Həsənov: Kurikulum standartlarına uyğun deyil.
Ilkin Həsənov: Deyil. Niyə deyil? Sualda mənbəni verir, ardı ilə sual verir ki, mətni oxuyun və dərslikdəki və özünüzün biliklərinizdən çıxış edin. Mənbə sualını salmaq doğru deyil. Əgər uşaq kitabdakı biliklərindən istifadə edəcəksə, onsuz da bunu 27 sual ilə yoxlayırsan. Bəs biz nə istəyirik? Istəyirik ki, uşaq hansısa tarixi mənbəni bilsin. Götürək Türkmənçay müqaviləsini. Görək uşaq bunu oxuyub doğru nəticə çıxarda, ümumiləşdirmə apara bilir? Uşağın bu bacarığı yoxlanılmalıdır. Amma yoxlanılmır. Sən ora uzun mənbə yazmalı və 3 sualı sırf mənbədən verməlisən ki, o uşaq mənbəni oxuyub doğru nəticə çıxarda bilirmi. O üç sualdan biri də faktaloji sualdır. Faktaloji sualı onsuz da 27 sualda yoxlayırsan. Qalan suallara açıq sual deyirlər, əslində o açıq tipli qapalı sualdır. Açıq sual o deməkdir ki, insan təxəyyülündən istifadə edərək istədiyin cavabı verə bilər.
Kurikulum sisteminin içərisinə baxsaq görərik ki, biliklə bərabər bacarıqlar da var. Yazı bacarığı olmalıdır, amma yoxlanılmır. Ingilis dilində yalnız dinləmə bacarığı götürülür, bəs bunun danışıq bacarığı harada yoxlanılır? Yoxlanılmır. İngilis dilini götürsək, görürük ki, kurikulumun danışığı tələb edən məzmun xətti qəbul imtahanında yoxlanılmırsa, demək qəbul prosesi ilə kurikulum arasında böyük boşluq var. Bu böyük boşluğu doldurmayınca, kurikulum özünü həqiqi mənada doğrultmayacaq. Çünki biz toplum olaraq qəbul sisteminə köklənmişik.
Uşaq qəbul imtahanı verir, valideyn, dost, qohum, hamı soruşur, neçə bal topladın. Uşaq imtahan balının siyahısı çıxana qədər “o dünyanı görüb gəlir”. Bu, yanlış bir şeydir. Bunun üçün böyük bir peşəkar komandanın işləməsi lazımdır. Kor-koranə həll yolları irəli sürmək düzgün olmazdı.
Samin Həsənov: DİM noyabr ayında açıqlayır ki, imtahan bu şəkildə olacaq. Amma bu 11 il mövcud olan kurikulumda ən azı 3 il qabaq imtahan prosesi açıqlanmalıdır. Şagirdlər bu imtahana hazırlaşmalıdırlar. Adicə, imtahan prosesində dinləmə olsun, 5 ay ərzində şagird nə öyrənə bilər?
Ilkin Həsənov: Siz hələ bunu Bakı şəhərində keçirsiniz. Bəs rayonlarda necə, bunu keçirlər?
Samin Həsənov: Keçmirlər. Söhbət də ondan gedir ki, 3 il əvvəl olsa idi, onlar da keçərdilər. Müəllimləri də o şəkildə attestasiya edərdilər. Bu günləri müəllimləri dinləmə ilə götürmürük, amma şagirdləri götürürük. Burada da problem var.
Ilkin Həsənov: Təəssüf ki, təhsilimizi çox vaxt zorla düzəltməyə çalışırıq.
Samin Həsənov: Zorla deyil, sadəcə alınar-alınmaz məsələsidir. Bu gün kurikulumla bağlı test və dərs vəsaitləri yoxdur. Sistemə uyğun testlərin tətbiqi və nəzəriyyəyə aid kitab olmalı, ondan sonra imtahan keçirilməlidir. Bu gün şagird ancaq orta məktəb dərsliklərini oxuyur və orada lazım olan suallara rast gəlmir.
Ilkin Həsənov: Köklü araşdırma olsa, görərik ki, bugünkü dərsliklər də, müəllimin keçdiyi dərs də kurikulumun prinsiplərinə uyğun deyil.
Sevinc Qasımova: Kurikulum sistemi ilə orta məktəblərdə tədris fərqlidir. Yenə ənənəvi kitablardan dərs keçirilir, müəllimlər hətta köhnə kitablardakı materiallardan istifadə edir.
Ilkin Həsənov: Biz elə gəlir ki, uşaqlara təhsil imtahana hazırlaşmaq üçün verilir. Tamam yanlış fikirdir. Imtahanı kənara qoymaq lazımdır. Orta məktəb təhsili ona görə verməlidir ki, insan yetişdirsin. Əgər 11 il təhsil alan şəxs məktəbi bitirdikdən sonra cəmiyyətdə müstəqil şəkildə özünü ifadə etməkdə problem yaşayırsa, demək onun oxuduğu illər hədər gedib. Yəni məktəbin funksiyası imtahana hazırlıq olmamalıdır. Məktəb vətəndaş yetişdirməlidir. Bu gün 11-ci sinif şagirdinə sual verirsən ki, növbəti 5 il üçün hansı hədəflərin var, üzünə elə baxır ki, sanki yadplanetlisən. Yəni 5 il qabağı görməyən insan ilə gələcək adına hansı cəmiyyəti formalaşdıra bilərik. Ona görə də məktəbin funksiyası dəyişirilməlidir. Bu da bizdən asılıdır. Nə qədər çox imtahana vurğulansaq, köklənsək, o qədər də inkişaf etməyəcəyik.
Kəmalə Ələkbərova: Tələbələr imtahan verib instituta girir. Mən “da” və də”ni bilmirəm uşağa hansı dildə başa salım ki, nə vaxt bitişik, nə vaxt ayrı yazılır. Yaxud tələbə status yazır: “gələcəy”, “öləcəy” və s. Burada şəkilçi “acaq”, “əcək”dir, amma sonunda “y” yazır.
Samin Həsənov: Necə deyir, elə də yazır.
Könül Təhməzova: Mən Bülbül adına orta ixtisas musiqi məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirəm. Həm də kurikulum üzrə təlimçiyəm və bir çox layihələr üzrə təlimçi-ekspert kimi fəaliyyət göstərmişəm. Bu gün adını çəkdiyimiz kurikulum sistemi ilə bizim uşaqlar beynəlxalq müsabiqələrin qalibi olurlar. Demək istəməzdim ki, məktəbdə şagird hazırlanmır, müəllim dərs keçmir, yaxud uşaqlar nəyə görə isə dərsə gəlmir. Bizim hazırda çox potensial imkanlara malik, beynəlxalq müsabiqələrdə sözlərini deyə bilmiş yetirmələrimiz var ki, onlarla qürur duymaq olar. Bir çox layihələr var ki, rayon məktəblərindən belə müəllimlər ora qatılıb qalib olurlar. Özümüzdə müsbət cəhətləri bəzən görməməzlikdən gəlirik. Xaricdən hər hansı bir ekspert gəlib burada öz təhsilləri ilə bağlı danışanda biz onu çox maraqla dinləyirik. Halbuki bizim bəzi müəllimlər ondan qat-qat çox təcrübəyə və yüksək iş potensialına malikdir.
Bəs çatışmaz nüanslar nədən ibarətdir? Əslində məktəblərdə tətbiq olunan kurikulum sistemini çox müsbət qiymətləndirirəm. Çünki ənənəvi təlimdə müəllim sırf bilik mənbəyi hesab olunurdu, şagird düşünürdü ki, yalnız müəllimdən öyrənə bilər, onun dediyi ola bilər, indi isə öz fikirlərini azad söyləyə bilər, başqa bacarıqlarını da göstərə bilər. Şərt o deyil ki, şagird mütləq 700 bal toplasın. Bizim musiqi məktəbində 4-cü sinif şagirdləri var ki, musiqi üzrə Prezident təqaüdü alırlar, beynəlxalq laureatlardır, festivallarda iştirak edirlər. Bunları məncə biz özümüz dəyərləndirməliyik ki, onlarda da bu dəyəri formalaşdıra bilək.
Deyə bilərəm ki, məktəbdə 10 günlük kurikulum təlimləri keçən müəllimlərdən daha çox imtahan verməyə hazırlaşan tələbələr kurikulumun dərinliklərini daha dəqiq bilir. Öyrənməyə məcburdurlar, çünki müəllim olmaq üçün növbəti dəfə imtahan verəcəklər. Biz kurikulumla bağlı açıq dərslərə girəndə, şagirdləri qruplara ayırırdılar. Belə fikir formalaşırdı ki, əgər kurikulum deyirlərsə, uşaqlar qruplarda əyləşməlidir, bir yerdə oturmaq olmaz. Müəllimlərin yenidən bu təlimlərə cəlb olunması yaxşı olardı.
Bəzi şeyləri də qeyd etmək lazımdır. Məsələn, kimsə ixtisası bəyənmirsə, ən pis variantda onu göndərirlər ki, get ibtidai sinif müəllimi işlə. Amma biz də istəyirik ki, uşağı ibtidai sinifdə ən yaxşı müəllimin sinfinə qoyaq. Indiki dövrdə ibtidai sinif müəllimi riyaziyyat müəllimindən də çox öz üzərində işləməlidir. Çünki o, ana dili, riyaziyyat, informatika və digər fənləri tədris etməlidir. Ona görə də ibtidai sinif müəllimlərinin üzərinə daha çox məsuliyyət düşür.
Kəmalə Ələkbərova: İbtidai sinif təhsilin təməl daşıdır. Ibtidai sinif müəllimi hərtərəfli biliyə malik olmalıdır. Ona görə də bura savadlı insanlar götürülməlidir. Çünki uşağın gələcəyi onlardan asılıdır.
Könül Təhməzova: Əvvəl ənənəvi təhsil sistemində özümüz dərsi izah edirdik, danışırdıq, şagirdlər ancaq sakitcə dinləməyə üstünlük verirdilər, biz özümüz də deyirdik ki, “böyük danışanda kiçik susub qulaq asar”. Mən özüm də məktəbi ənənəvi təhsillə bitirmişəm, ona görə bu hallarla daim rastlaşmışam. Biz, müəllimi sona qədər dinləməli idik və sonra sualımız olanda qorxa-qorxa əlimizi qaldırardıq, cavab verəndə də çəkinərdik ki, bəlkə səhv danışdıq. Amma müasir təhsil sistemində bunları artıq yığışdırmışıq. Artıq şagirdə öz fikrini demək üçün şərait və imkan veririk və yaxud, dərsi onun maraqlarına, tələblərinə uyğun təşkil edirik.
Problemlər nədə yaranır? Ənənəvi metodla işləyən müəllim bu gün kurikulumla işləyəndə çətinliklərlə üzləşir. Baxırsan ki, müəllim yenə köhnə metoda qayıdır. Məsələn, ev tapşırıqlarının verilməsi, səhər gələndə şagirdlərin sual-cavab edilərək dərsin yoxlanılması… Amma əgər mənim üçün qoyulmuş standart varsa, həmin standarta çatmaq üçün mütləq şəkildə məhz bu gün məqsədimə çatmalıyam kimi nüanslar bu sistemdə yığışdırılıb.
Kəmalə Ələkbərova: Bütün boşluqlar ibtidai təhsildən başlayır.
Könül Təhməzova: Mənə elə gəlir ki, ilk dərsi necə başlamaqdan çox şey asılıdır. Tədris ilini necə başlayacağıqsa, sona qədər elə də gedəcəyik. Əgər uğurlu addım atıb işlərimizi planlı şəkildə quracağıqsa, ilin sonuna qədər işimiz uğurlu alınacaq.
Bizdə valideyn iclası çağıranda, valideynlərin çoxu iclasa gəlmir. Əmindir ki, digər valideynlərin içində uşağına görə danlanacaq. Amma mən iclasları tam fərqli şəkildə edirəm. Heç vaxt şagirdin adını çəkib onun valideynini pis vəziyyətdə qoymuram. Hər bir şagirdin özünə məxsus xarakteri, xüsusiyyətləri olduğu üçün o nüansları nəzərə alıb ona fərdi yanaşmalıyıq. Özüm şahid olmuşam ki, bir valideyn məktəbi ağlaya-ağlaya tərk edib, deyirdi ki, nə qədər olar, hər müəllim başlayır ki, uşaq nadincdir, belədir. Artıq iclasa gəlmək istəmirəm. Iclas nəyi isə öyrənmək, təbliğat aparmaq, valideynlərlə hansısa bir işi görmək, yaxud uşaqlar üçün bərabər nə iş görə bilərik kimi vasitəsidir.
Uşaqda əgər problem varsa, hansı yolu seçə bilərik. Əlbəttə ilk gündən həmin uşaq haqqında məlumatımız olur. Bunun üzərində də işimizi qururuq. Sadəcə hər işin başında sevgi durur. Hər kəs öz peşəsinə sevgi ilə yanaşmalıdır. Şagirdlərə öz övladın kimi yanaşmalısan. Kiməsə iradım olarsa, özümü onun yerinə qoyuram. Məsələn, məktəb vaxtı olsa idi, belə bir vəziyyətlə rastlaşsa idim, müəllim mənə hansısa uşağın yanında belə desə idi, necə olardı? Nə qədər təhsildə dəyişikliklər etsək, beynəlxalq standartlara uyğun olaraq hər şeyi yüksəltsək də, əgər daxili nüansları dəyişməsək, insanın öz içində olan pozitivlik, sevgi, hörmət, ətrafa, cəmiyyətə baxışı düzəlməyəcəksə, heç bir təhsil, yaxud oxuduğumuz kitablar bizi dəyişə bilməz.
Aqil Şahmuradov: Çox qiymətli fikirlər dinlədik. Təhsil cəmiyyətdə bir nömrəli strateji sahədir. Təhsildə problem olarsa, demək cəmiyyətin də problemi var. Çünki hər bir insanın övladı, qardaşı, ya bacısı təhsil sistemi, orta məktəb ilə bu və ya digər formada bağlıdır. Bəs nəyə görə bu qədər problemlər var və ildən-ilə artır? Bir qədər qəribə səslənsə də, bizim cəmiyyət öz istiqamətini, oriyentasiyasını itirmiş vəziyyətdədir. Yəni biz özümüz nə istədiyimizi bilmirik: məktəbdən nə istəyirik, övladdan nə gözləyirik və ya cəmiyyətdən nə umuruq. Elementar ardıcıllığı götürək. Ali məktəbə övladım qəbul olsun, savad alsın. Kökündən yanlış fikirdir. Çünki biliyin əsasını orta məktəb qoyur. Ali məktəb savad verən yer deyil. Biz ora bilik mənbəyi kimi baxdığımız üçün repetitor məsələsi, qəbulda bal məsələsi ortaya çıxır. Ali məktəb ixtisas verir. Ali məktəbə insan şüurlu şəkildə gedir: həkim, müəllim, yaxud mühəndis olmaq istəyir və s. Bilik almağa getmirəm, çünki bilik orta məktəbdə 11 il ərzində verilir. Ali məktəbi qurtarıb magistraturaya daxil olur, bu artıq elmi dərəcədir. Yəni elmin konkret sahəsində tədqiqatçı olmaq istəyirəm. Cəmiyyətimiz bunu başa düşmür. Çünki cəmiyyətimizdə bir qədər sahili funksional baxımdan yanaşanda diferensiasiya getmir. Elə bilirik ki, hər şeyi bilirik. Bir məclisə düşəndə iqtisadiyyatdan söhbət düşür, iqtisadçı qalır qıraqda, hamı iddia edir ki, iqtisadiyyatı daha yaxşı bilir. Və yaxud söhbət tibbin üstünə gəlir, həkim qalır qıraqda, hamının tibbdən çox məlumatlı olduğu aydın olur. Seçimdə də cəmiyyətdə bu diferensiasiya sosial, iqtisadi, siyasi cəhətdən təbəqələşmə getmədən uşaqlar nə istədiyini bilməyəcəklər. Sosial dedikdə burada kasıb, ya varlı insanları nəzərdə tutmuram.
8-10 sinif şagirdləri müqayisə qabiliyyətinə malikdirlər. Onlar cəmiyyətə diqqət yetirirlər; kim daha rahat, hansı yolla və necə özünü təmin edir. Bu da onların təhsilinə, peşə seçiminə təsir göstərir. Ona görə də tarixçi, yaxud riyaziyyatçı olmaq istəyən yoxdur. Amma hüquqşünas olmaq istəyən var.
Ülviyyə Tahir: Dediyiniz bu halların dəyişməsi üçün cəmiyyət özü dəyişməlidir.
Aqil Şahmuradov: Beyinlər dəyişilməlidir.
Kəmalə Ələkbərova: Mənim dərs dediyim tələbələr var. Deyirlər ki, mən jurnalistikaya, yaxud başqa ixtisasa qəbul olmaq istəyirdim, balım bura çatdı, ona görə gəlib bura düşdüm.
Aqil Şahmuradov: Bu gün məktəblə kursların yeri dəyişib. Kurslar önə keçib. Orta məktəb proqramı üçün bütün dünyada hal-hazırda minimum 11 il sərf olunur, bəzi Avropa ölkələri isə hətta 12 illik təhsilə keçib. Bu da 3 mərhələyə bölünür: 1-4-cü ibtidai siniflər, 5-8-ci siniflər və 9-11-ci siniflər. Bu mərhələlərdə uşaqların qavrama qabiliyyəti, dünyagörüşünün formalaşması fərqlidir. Bu gün nəyin şahidiyik? Niyə kurikulumu bəyənmirlər? Çünki qəbul imtahanları bu il keçirildi. Ancaq kurikulumla imtahan verən uşaqlar birinci sinifdən imtahan mərhələsinə qədər təzə proqramla gəliblər. 10 il ərzində valideynlər susdu, niyə danışmadı? 4-cü sinif dərsliyində mən bir misalı həll edə bilmirəmsə, uşaq bunu necə həll etsin? 30 il bundan əvvəl vurma cədvəlini 3-cü sinifdə keçirdik, indi isə birinci sinifdə. Dairə genişlənib. Materialları yerləşdirmək olmur, artmaqda davam edir. Uşağına düşünmək qabiliyyəti aşılamaqdansa, valideyn yenə də deyir ki, dərslər sadələşsin, əzbərçilik olsun, övladım düşünməsin. Sənin kimi başqalarının da övladı düşünmürsə, millət düşünmür, millət düşünmürsə, ümumi axında geridə qalırıq.
Ülviyyə Tahir: Mən təsadüfən Budapeştdə universitetdə kompüter dərsində iştirak etmişəm. Dərs ingiliscə keçirilirdi. Mən isə ingilis dilini zəif bilirəm, həm də ixtisaslaşmış kompüter dərsidir, oradakı terminologiyanı isə bilmirəm. Amma müəllim o dərsi elə anlatdı ki, həmin dərs indiyə qədər yadımdadır. Valideynlər də bu cür metod istəyir. Istəyir ki, dərs uşağın başa düşəcəyi tərzdə onun beyninə yeridilsin. Və uşaq məktəbi bitirəndə ona lazım olacaq qədər riyaziyyatı, yaxud tarixi bilsin, digər fənlərdən də xəbərdar olsun, həmçinin xarici dillərdə özünü ifadə edə bilsin. Valideynlər bunu istəyir.
Aqil Şahmuradov: Əslində valideynlər nə istədiyini bilmirlər. Bu il iyunun 14-ə qədər məktəblər davam edəcək. Ən çox şikayət edən də valideynlərdir: uşaqlar niyə iyunun 15 gününü məktəbə gedir. Məktəb artıq iyunun 1-dən kitabları yığıb, heç kəs etiraz etmir. Hesablama aparmışam, əgər dərslər sentyabrın 1-də başlayarsa, bir dərs ilində uşaqlar 168 gün dərsə getmir, yəni istirahət edir. 365 günün 168 gününü tədrisdən qalan uşaqda müasir cəmiyyətdə irəliləmə, Avropa ölkələri ilə ayaqlaşma gözləmək olar?
Ülviyyə Tahir: Elə dərs keçmək olar ki, ayaqlaşmaq olsun.
Aqil Şahmuradov: Lakin cəmiyyət bunu qəbul etmir. Tələblər fərqlidir. Bunun da nəticəsini bu gün görürük. 5-6-cı sinif uşağının 45 akademik saatdan artıq yükü olmamalıdır. Əgər məktəbdən sonra 5 saatlıq kursa da gedirsə, o artıq məhv olur.
Əgər bakalavrı bitirən insan magistri bitirənin müdiri işləyirsə, o zaman bu bakalavr-magistr bölgüsü nəyə lazımdır? Magistrin, bakalavrın yeri görünmürsə, orta təhsili olan ilə ali təhsil alanın yeri düzgün deyilsə, bu təhsili sağlamlaşdırmaq olmayacaq.
Samin Həsənov: Təhsil Nazirliyi də etiraf edib ki, onların əsas funksiyası universitetə tələbələr hazırlamaq deyil. Bu nazirliyin də, məktəblərin də funksiyası cəmiyyətə insan yetişdirməkdir. Kurslar da, repetitorlar da bütün ölkələrdə var və olubdur.
Dəyanət Musayev: Bayaq Aqil müəllim proqramların çətinləşdirilməsi barədə danışdı. Təbii ki, bu kimin isə fikri deyil, dövrün tələbidir. Insanın üzərinə düşən informasiya yükü hər il artır. Köhnə statistikaya görə bu yük 3-5 ildən bir 5-10 dəfə artırdısa, son 10 ildə bəlkə 20 dəfədən də çox artıb. Bu gün 3-4 yaşında uşaq telefonda istənilən proqramı yükləyə bilər. Halbuki ondan qırx yaş böyük adam bunu edə bilmir.
Seçim zamanı hansısa ixtisasa təsadüfi düşmək barədə misal çəkmək istəyirəm. Mən tarix müəllimi olmaq istəmirdim. Universitetə qəbul olanda fikirləşirdim ki, kiminsə yerini tutmuşamsa, yəqin ki, davam edib axıra qədər getmək lazımdır. Qardaşım danışırdı ki, müəllimi bir gün onlara – öz tələbələrinə dedi ki, onun Tibb Akademiyasına gəlmək fikri yox idi, tarixçi olmaq istəyirdi. Sadəcə, müharibə başlayanda anası ona deyib ki, atan gedib qayıtmayıb, qardaşından da xəbər yoxdur, ona görə də get Tibb Universitetinə, onda səni əsgərliyə aparmayacaqlar. Beləcə gəlib Tibb Universitetinə. Sonra müəllimim fikirləşib ki, əgər bura gəlmişəmsə, həkimliyi seçmişəmsə, o zaman vətənə xidmət etməliyəm. Indi həmin adamı bütün dünya tanıyır. Yəni insan düşdüyü yerdə heç olmasa bir az məsuliyyət hiss etməlidir. Artıq buradasan da, əgər bu ixtisası bəyənmirdin, ümumiyyətlə gəlməzdin.
Kəmalə Ələkbərova: Etiraf edək ki, proqram çətindir. Mən 3-cü sinifdə oxuyanda müəlliməm sinfə gəlib dedi ki, uşaqlar, xaricdə kompüter var, bu otaq boydadır. Indi həmin kompüteri cibimizdə gəzdiririk. Hər halda proqram get-gedə çətinləşməlidir. Dövrün tələbidir.
Aqil Şahmuradov: Gəlin bir qədər geniş baxaq, görək dünya nə fikirləşir. Bu gün rəqəmsal texnologiya çox sürətlə inkişaf edir, informasiya artır. Bütün dünya bu qədər informasiyanı uşağa necə çatdırmaq barədə düşünür. Hələ ki, finlərin fikirləşdiyi bir modelin üzərində dayanıblar. Finlandiya nəyi tətbiq edib? Proqramı elə qurmaq lazımdır ki, tarix, ədəbiyyat, yaxud coğrafiya müəllimi olmasın. Tutalım, bir coğrafi kəşfi tarix müəllimi 45 dəqiqə ərzində tarixi aspektdən, coğrafiya müəllimi coğrafi aspektdən izah etsin, ədəbiyyat müəllimi hadisənin ədəbiyyatda necə əks olunduğunu danışsın və s.
Kəmalə Ələkbərova: Qori gimnaziyası kimi.
Aqil Şahmuradov: Bunu modelləşdirərək uşaqların yükünü 4-5 dəfə azalda bilərik. Dünya bunun üzərində fikirləşir.
Ülviyyə Tahir: Tanıdığım bir şagird ailəsi ilə xaricə köçmüşdü. Etiraf edirdi ki, burada oxuyanda fizika dərsini heç xoşlamayıb. Halbuki, ən yaxşı məktəbdə oxuyub. Amma xaricdə oxuyanda görüb ki, fizika necə də gözəl fənndir.
Əlövsət Allahverdiyev Bir gün mənə dedilər ki, hüquqşünaslar üçün təlim keçməliyəm. Işdən göndərdilər, qeydiyyatdan keçdim, gedib oturdum. Baxdım ki, mövzu tamam başqa şeydir: xərclər və gəlirlər, iqtisadi bir mövzu. Mən də iqtisadçı deyiləm. Dedim, yəqin səhv göndəriblər, çıxıb gedim. Dedilər ki, getməyin, bu gün iştirak edin, istəməsəniz, sabah gəlməyin. Inanırsınız, təlim o qədər maraqlı keçdi ki, düz bir ay o təlimdə iştirak etdim. Sonra dedilər, sertifikat veriləcək, imtahandır. Amma həmin imtahandan kəsildim. Dedim, kəsilmişəm, çıxıb gedim. Dedilər ki, hara gedirsən, 1 ay burada vaxt sərf etmisən, sertifikat almamış getməyəcəksən. Cavab verdim ki, bilmirəm axı, bir adam var məni başa salsın? Beş gün məşğul oldum. Ondan sonra mənə o sertifikatı verdilər.
Ülviyyə Tahir: Bir nəfər deyirdi ki, Azərbaycanda məktəbə 3-4 il getmişəm. Sonra ailəmlə xaricə köçmüşəm. Xaricdə məktəbdə oxuyanda o qədər bacarıqlar kəşf etmişəm ki. Demək orada uşağın bacarıqlarını aça biliblər.
Aqil Şahmuradov: Uşaqlara yanaşma fərlidir.
Ülviyyə Tahir: Məktəbdə uşaqların potensialı açılmalıdır. Nə köhnə sistemlə, nə kurikulumla bu potensial açılmır.
Sevinc Qasımova: Birinci sinfə gedən uşağın əlavə olaraq müəllim yanına getməsinə necə baxırsınız?
İlkin Həsənov: Çünki çox uşağın anasının təhsili yoxdur, uşağını hazırlaşdıra bilmir.
Sevinc Qasımova: Hamısı müəyyən bir təşkilatda çalışır, yaxşı müəllimliyi də var, amma yenə də öz uşağını müəllim yanına qoyur.
Ülviyyə Tahir: Təhsil metodu elə olmalıdır ki, uşaqlar bezməsin. Həmin o Finlandiyada uşaq 5-ci sinfə qədər məktəbdə oynayır.
Dəyanət Musayev: Xarici təcrübəni bura gətirib birbaşa yeritmək mümkün deyil. Bəs nəyə görə deyirlər ki, milliləşdir? Isveçrədə icbari hərbi qulluq deyilən bir şey yoxdur. Sadəcə 16 yaşında gedib qeydiyyatdan keçir, 1 ay hazırlıqdan sonra silahı götürüb evə qayıdırlar. Yəni 16-65 yaş arası kişi və könüllü hərbi xidmət keçmiş qadınların hər birinin silahı evdə olur. Müharibə başladığı təqdirdə hər kəs öz yerini bilir, ildə bir dəfə də işdən azad olmaq şərti ilə 1 aylıq hərbi hazırlığa gedirlər. Təsəvvür edin ki, bizdə də belə bir şey edirlər: 16 yaşlı gəncə silahını verib evə göndərirlər. Evə çatanda bu gənc nə edə bilər?
Aqil Şahmuradov: Bilmirəm necə hesablayıblar, bir yerdə yazmışdılar ki, orta statistik Azərbaycanlı il ərzində 4-5 səhifə kitab oxuyur. Problemin kökü bundadır.
Ülviyyə Tahir: Bu, nəticədir, problemin səbəbi nədir?
Aqil Şahmuradov: Çox problemlərin səbəbi maarifsiz cəmiyyətdir. Valideynlər savadsızdır, mütaliə yoxdur, dünyagörüşü məhduddur: bir çox problemlər buradan qaynaqlanır.
Hazırladı: Mehman İbrahimov, 1905.az
Söhbət 12 iyun 2019-cu ildə baş tutub.