Filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı və “Şərq-Qərb” nəşriyyatının departament müdiri Sevil İsmayılova ilə Məhəmməd Füzulinin Azərbaycanda işıq üzü görmüş kitablarından danışdıq.
Fuad Babayev: Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli Sərəncamında dahi şairimiz Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarı adlandırılır. Bu ifadə özündə o qədər məqamları ehtiva edir ki, Füzuli haqqında hamının bildiyi məlumatları sadalamaq oxucunu savadsızlıqda günahlandırmaq kimi səslənə bilər. Hərçənd bəzən məlum həqiqətlərin oxuculara təkrar çatdırılmasında da fayda var. Bugünkü söhbətimizdə biz əsas diqqəti Füzuli əsərlrinin nəşrinə yönəltmək istərdik. Sovet dövründə Füzulinin əsərlərinin Azərbaycanda nəşri qənaətbəxş sayıla bilərmi?
Zəkulla Bayramlı: Akademik səviyyədə bu nəşrlər qənaətbəxş olmasa da füzulişünaslıq sahəsində aparılan sanballı tədqiqatlar elə sovet dövrünə aiddir. Aydın məsələdir ki, bütün klassik sənətkarlar həmin dövrün ideoloji tələbləri baxımından öyrənilirdi. Amma nəşr sahəsində Füzulinin əsərlərinin, həyat və yaradıcılığı haqqında müəyyən tarixi təzkirələrdə gedən məlumatların toplanılması və akademik səviyyəyə gətirilməsi baxımından xeyli işlər görülüb. XX əsrin əvvəllərində bu sahədə ilk iş görənlər arasında Salman Mümtazın və Firidun bəy Köçərlinin adını çəkə bilərik. Sovet dövründə isə bu sahədə akademik Həmid Araslının xidməti ayrıca qeyd olunmalıdır. Bundan başqa professor Mirzağa Quluzadə də Füzuli yaradıcılığını tədqiq edib. Füzuli əsərlərinin tərcüməsi sahəsində Məmmədağa Sultanov, M.Mübariz (filologiya elmləri doktoru Məmməd Mübariz Əlizadə – red.) Mirnehdi Seyidzadə, Əliağa Vahid kimi bir çox alim və şairlərimiz iştirak edib. Sovet dövründə Füzulinin əsərlərinin akademik nəşri 1958-ci ildən 1985-ci ilə qədər davam edib. Bu akademik nəşrlərin 3 cildi 1958-ci ildə, 4-cü cild 1961-ci ildə, 5-ci cildi isə 1985-ci ildə işıq üzü görüb.
Fuad Babayev: Bu nəşrlər müstəqillik dövründə təkrar çap edilməyib?
Zəkulla Bayramlı: Bu nəşrləri “Şərq-Qərb” nəşriyyatı 2005-ci ildə çap edib.
Sevil İsmayılova: Bəli. Bizim nəşriyyatdaPrezidentin 2004-cü il tarixli sərəncamına (“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamı nəzərdə tutulur – red.) müvafiq olaraq Məhəmməd Füzulinin əsərləri 6 cilddə nəşr olunub.
Fuad Babayev: Faktiki olaraq Füzulinin sovet dövründə çap edilmiş 5 cildlik akademik nəşri müstəqillik dövründə 6 cilddə yenidən oxuculara təqdim edilib.
Zəkulla Bayramlı: Bu 6 cildlik Həmid Araslının tərtib etdiyi akademik nəşr əsasında çap edilib. Yeni nəşrin redaktoru Teymur Kərimli (AMEA-nın həqiqi üzvü – red.) orada cüzi ixtisar və əlavələr edib. Qeyd olunduğu kimi Füzulinin vəfatının 400 illiyində onun əsərlərinin 5 cildlik akademik nəşrinə başlanıldı. 1994-cü ildə rəhmətlik Heydər Əliyevin fərmanı əsasında Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə qeyd olundu. Həmin dövrdə Füzulinin 6 cildliyi kiril əlifbası ilə yenidən nəşrolundu.“Şərq-Qərb” nəşriyyatının 2005-ci ildə buraxdığı 6 cildlik də 1996-cı ildə kiril əlifbası ilə çap edilmiş nəşr əsasında tərtib edilib. Füzulinin sovet ideologiyasına uyğun gəlməyən məşhur “Hədiqətüs-süəda” (Xoşbəxtlər bağçası– red.) əsəri də məhz müstəqillik illərində işıq üzü gördü. Füzulinin həcmcə ən böyük və mükəmməl əsəri olan“Hədiqətüs-süəda”da Kərbəla faciəsindən bəhs olunur.
Təmkin Məmmədli: Füzuli əsrlərinin nəşrində transliterasiya zamanı Azərbaycan dilinin səciyyəvi tarixi xüsusiyyətləri qorunub? Müasir ədəbi dilimizdə “ğ” hərfi ilə başlanan söz olmadığından “ğ” ilə başlanan sözlərin “q” ilə əvəz edilməsini nəzərdə tuturam. Misal üçün: ğəm-qəm, ğərib-qərib, ğafil-qafil və s.
Zəkulla Bayramlı: Bəzi əvəzləmələr təbii olaraq gedib.Təbii ki, klassik dili olduğu kimi saxlamaq mümkün deyil. Məsələn, Həmid Araslının tərtib etdiyi nəşrlərdə həmişə “ğəm” yazılıb.
Teymur Kərinlinin redaktoru olduğu nəşrlərdə isə “ğ” hərfi “q” ilə əvəz edilib. Orijinalda, Füzulidə “ğ” yazılıb. Amma görünür Teymur müəllim daha çox kütləvi oxucunu nəzərə alıb. Amma əslində burada məna və məzmun dəyişmir.
Fuad Babayev: “Şərq-Qərb” nəşriyyatının 2005-ci ildə çap etdiyi 6 cildlik nəşrin tirajı nə qədər olub?
Sevil İsmayılova: Hər cildin tiraji 25 min nüsxə olub.
Fuad Babayev: Sevil xanım, Füzulinin istər sovet dövründə nəşr edilmiş seçilmiş əsərləri, istərsə də “Şərq-Qərb”in 2005-ci ildə çap etdiyi 6 cildlik akademik nəşrləri müəyyən yaşa çatmış hazırlıqlı oxucu üçün nəzərdə tutulub. Bəs uşaq və yeniyetmələr üçün müvafiq kitablar çap edilib? Bu sahədə vəziyyət necədir? Biz bu illər ərzində Məhəmməd Füzulini gənclərə, yeniyetmələrə təqdim edə bilmişik?
Sevil İsmayılova: Biz uşaqlar üçün Füzulinin “Meyvələrin söhbəti”ni (“Söhbətül-əsmar” – red.) ayrıca kitab şəklində çap etmişdik. Təəssüf ki, bu nəşrin davamı olmadı. Biz bu layihəni davam etdirmək üçün müəyyən qurumlara müraciət etsək də nə maraqlanan oldu, nə də sifariş verən.
Zəkulla Bayramlı: Orta məktəb şagirdləri üçünFüzulinin “Leyli və Məcnun” poemasının (Məhəmməd Füzuli “Leyli və Məcnun”. Poemanın nəsr variantı. Nəsrə çevirəni: Sabir Əliyev. Bakı, “Maarif” nəşriyyatı, 1991-red.) çağdaş Azərbaycan dilində sadələşdirilmiş variantı nəşr olunub. Kitabın müəllifi füzulişünas alim Sabir Əliyev idi. Füzulinin bəzi qəzəllərinin də sadələşdirilmiş variantı çap edilib. Yəni ara-sıra orta məktəb şagirdləri üçün nəzərədə tutulan belə layihələr olub. Klassik şairlərin əsərlərinin müasir dilə uyğunlaşdırılımış variantda çap edilməsi Türkiyədə daha geniş yayılıb. Bir məsələ də var ki, klassik şairlərin, o cümlədən də Füzulinin müasir dilə uyğunlaşdırılması əsərin ilkin gözəlliyinə, harmoniyasına xələl gətirir. Füzuli 3 dildə – Azərbaycan türkcəsində, ərəb və fars dillərində divan yaradıb. Belə örnəklərə dünya ədəbiyyat tarixində nadir hallarda rast gəmək mümkündür. Füzulinin ən böyük üstünlüklərindən biri budur.
Təmkin Məmmədli: Bəlkə də klassik əsərlərin müasir dilə uyğunlaşdırmaqdansa, əsərin tərcüməsini orijinalla bir yerdə vermək daha məqsədəuyğun olar.
Sevil İsmayılova: İndi, ümumiyyətlə, gənclər çox az oxuyurlar.
Zəkulla Bayramlı: Xüsusilə klassik ədəbiyyatı.
Sevil İsmayılova: Biz hər il dünyada keçirilən beynəlxalq kitab sərgilərində iştirak edirik. Mən sizə Frankfurtda keçirilən kitab sərgisində baş vermiş hadisəni danışmaq istəyirəm. Həmin sərgidə biz bir çox kitablarla yanaşı Nəsimi və Füzülinin əsərlərindən ibarət silsilə nəşrlərimizi də nümayiş etdirirdik. Füzulinin əsərlərindən ibarət kitabda gənc bir rəssamın illüstrasiyalarından istifadə etmişdik. Sərgi zamanı Frankfurtda təhsil alan azərbaycanlı bir gənc bizim stendə yaxınlaşaraq Füzulinin 3 cildlik kitabından birini məndən hədiyyə istədi. Kitabların sərginin axırına kimi ekspozisiyada nümayış etdirilməsi nəzərdə tutulduğu üçün ona dedim ki, yarmarkanın sonuncu günü gəlsəniz bəlkə sizə Füzulinin kitablarından birini hədiyyə verərəm. Amma məlum oldu ki, oğlan başqa şəhərdən Frankfurta məhz kitab sərgisində Azərbaycan stendinə baxmaq üçün gəlib və sərginin sonuna kimi onun Frankfurtda qalmaq imkanı yoxdur. Mənim o kitabları ona hədiyyə vermək ixtiyarım olmadığını biləndə bu oğlan birdən-birə bizim stendin qarşısında Füzilidən şeir deməyə başladı, onun ardınca oğlanın milliyətcə türk olan həyat yoldaşı da Füzilidən şeir deməyə başladı. Bu gənclərin Füzuli sevgisi mənə elə təsir etdi ki, dahi şairimizin kitabının hər 3 cildini onlara hədiyyə verdim.
Fuad Babayev: Füzulinin 530 illiyi ilə bağlı yeni nəşrlər nəzərdə tutulub?
Zəkulla Bayramlı: Yeni nəşrlərlə bağlı mənim məlumatım yoxdur. Sualdan kənara çıxsam da onu qeyd edim ki, əslində bu il Füzulinin 530 illiyi deyil. Bu il Füzulinin təxminən 540 və ya 545 illik yubileyi ola bilər. Sovet dövründə Həmid Araslı və bir neçə başqa alim Füzulinin doğum tarixinin 1494 və ya 1498-ci il olduğunu yazıb. Türklər buna inanmasalar da qəbul ediblər. Füzulinin 1556-cı ildə vəfat etməsi tarixi dəqiqdir. Çünki bu təzkirələrdə qeyd olunub. Həmin dövrdə Avropada və Şərqdə taun xəstəliyi geniş yayılmışdı. Füzuli də bu xəstəlikdən dünyasını dəyişib. Füzulinin ilk böyük məsnəvisi “Bəngü Badə” Sultan Səlimlə Şah İsmayıl Xətainin məktublaşmasına həsr olunub. Füzuli Şah İsmayılı böyük sərkərdə və dövlət xadimi kimi mədh etdiyi bu əsəri Çaldıran döyüşündən, yəni 1514-cü ildən sonra yaza bilməzdi. Füzulinin doğum tarixini 1494-cü il götürsək elə çıxır ki, o, ən böyük məsnəvisini 18 yaşında yazıb.
Fuad Babayev: Belə bir əsəri yazmaq üçün müvafiq hazırlıq və həyat təcrübəsi tələb olunur.
Zəkulla Bayramlı: Bəli. Yəni bu əsər qəzəl və qəsidə deyil. Füzulinin “Bəngü Badə”ni yazanda Füzulinin minimum 30 yaşı olmalı idi. Bunu təkcə mən demirəm. Bir çox alimlər bu fikirdədirlər. Yəni Füzuli 1494-cü ildə deyil, təxminən 1480-1485-ci illərdə anadan olub. Klassik Şərq şairlərinin heç birinin doğum tarixi dəqiq qeyd olunmayıb. Bu müsəlman aləmində qəbulolunmaz bir şey idi. Onların doğum tarixləri yazdığı əsərlər, müasirlərinin xatirələri əsasında təxmini qeyd edilirdi. Amma klassik Şərq şairlərinin ölüm tarixi təzkirələrdə dəqiqliklə öz əksini tapıb.
Fuad Babayev: Məhəmməd Füzulinin Azərbaycan şairi olması dünya ədəbiyyatşünaslığında sual yaratmır ki?
Zəkulla Bayramlı: Heç bir sual yaratmır. Amma zaman-zaman həm Nizami Gəncəviyə, həm də Füzuliyə qarmaq atanlar olur. Misal üçün hələ sovet dövründən öncə yəhudi əsilli rus alimi Krımski Füzulini mənşəcə kürd adlandırıb. Yəni bu tendensiya şəklində həmişə olub. Amma Füzulinin kürdlərə heç bir aidiyyəti yoxdur.
Fuad Babayev: Sovet dövründəki dərsliklərdə klassik ədəbiyyatımızın, Füzulinin təqdimatı necə idi?
Zəkulla Bayramlı: O dövrdə klassik və müasir ədəbiyyata, dilçiliyə, etnoqrafiyaya, humanitar sahələrə münasibət çox yaxşı idi. Əlbəttə ki, Sovetin ilk dövründə münasibət belə olmayıb. Amma bizim yetişdiyimiz ədəbi epoxada Azərbaycan tarixinə, ədəbiyyatına münasibət indiki ilə müqayisədə çox yüksək səviyyədə idi.
Sevil İsmayılova: Bir məsələ də var ki, indi yayındırıcı məlumatlar həddindən artıq çoxdur. Bəlkə də bunun Sovetlərə aidiyyəti yoxdur. Amma bizim dövrdə ədəbiyyata maraq böyük idi, Füzulini tanımayan adama heç salam verməzdilər. Əvvəl dərsliklərdə bədii əsərlər ixtisarla verilsə də biz onu mütləq tam şəkildə oxumalı idik. İndi isə şagirdlər bədii əsərlərin qısa məzmunu ilə internetdə tanış olmaqla kifayətlənirlər.
Təmkin Məmmədli: Bəlkə zamanın tələbinə uyğun olarq pdf formatlı rəqəmsal nəşrləri, audio kitabların istehsalını artırmaqla bu problemi qismən aradan qaldırmaq olar.
Zəkulla Bayramlı: Əlbəttə.
Sevil İsmayılova: Ola bilər. Gənc rəssam Orxan Hüeynovun maraqlı layihəsi var. O, “Dədə Qorqud” dastanını komiks şəklində çox gözəl işləmişdi.
Fuad Babayev: O komikslər çap olunmayıb?
Sevil İsmayılova: Həmin komikslər jurnal formatındaçox cüzi tirajla çap olunub. Mən düşünürəm ki, “Molla Nəsrəddin”in, eləcə də Füzulinin müəyyən əsərlərinin komiks şəklində nəşri kiçik yaşlı uşaqların gələcəkdə ədəbiyyatla maraqlanması üçün stimul ola bilər. Ümid edirəm ki, bu qəbildən olan layihələr bizim nəşriyyat tərəfindən həyata keçiriləcək.
Fuad Babayev: Filologiyaya gələn insanlarda Füzuliyə maraq hiss olunur?
Zəkulla Bayramlı: Bir neçə il bundan əvvəl mən bu məsələlərlə birbaşa əlaqəli idim. Bəzən magistr və doktorantlara dərs deyirdim. Müdafiəyə qədər olan seminarın üzvü idim. Hazırda magistratura və doktoranturaya qəbul azalıb. Hazırda mən bu işlərdən uzaqlaşmışam. Amma işlədiyim dövrdə maraqlı dissertasiyalarla yanaşı, klassik ədəbiyyatla, Füzuli ilə əlaqəsi çox zəif olan elmi işlərə də rast gəlirdim. Əslində klassik ədəbiyyata marağın azalması başadüşüləndir. Avropada, Amerikada dəqiq elmlərlə məşğul olanlar açıq-aşkar deyirlər ki, klassik ədəbiyyatı öyrənmək, Şekspiri tanımaq bizə lazım deyil. Amma bununla yanaşı inkişaf etmiş ölkələrdə humanitar sahəyə gələnlər öz tədqiqat sferasını dərindən bilirlər. Bizdə isə vəziyyət belə deyil.
Yeri gəlmişkən, ingilis şərqşünası Elias Con Gibbin Azərbaycan, fars və türk ədəbiyyatı haqqında çox gözəl əsərləri var. O, həm də “Osmanlı poeziyasının tarixi” (A History of Ottoman Poetry, 1900-09 – red.) kimi sanballı əsərinmüəllifidir.Gibb Füzulini (Gibb Avropada Məhəmməd Füzuli haqqında Azərbaycan şairi kimi ilk dəfə nisbətən doğru və dolğun məlumat vermiş, yaradıcılığını yüksək qiymətləndirmiş, onu “qəlb şairi” adlandırmışdır – red.), əruzu,Azərbaycan, türk, әrәb və fars dillərini mükəmməl öyrənmişdi. Bu yaxınlarda Mir Cəlalla bağlı bir tədbirdə iştirak edirdim. Onun sovet dövründə çap olunmuş “Füzuli sənətkarlığı” ktabı füzulişünaslıq sahəsində ən gözəl əsərlərdən biridir. Həmin kitabı şərqşünas-alim Mixael Hess alman dilinə tərcümə edilib. O, həmçinin Füzulinin bir neçə qəzəlini alman dilinə bədii tərcümə edib.
Sevil İsmayılova: Mixael Hess Nəsiminin qəzəllərini də alman dilinə tərcümə edib. Həmin kitab “Şərq-Qərb nəşriyyatında çap olunub.
Təmkin Məmmədli: Biz Füzulini Əhli-beyt şairi adlandıra bilərik? Yoxsa bu çox səthi yanaşmadır?
Zəkulla Bayramlı: “Hədiqətüs-süəda” əsərini Kərbəla faciəsinə həsr edən Füzuli Əhli-beyt şairi olması ilə həmişə fəxr edib. O, əsərlərində Həzrəti Əlini, İmam Hüseyni mədh edib.
Təmkin Məmmədli: Dünyəvi məhəbbət və ilahi eşq Füzuli yaradıcılığında özünü necə büruzə verir?
Zəkulla Bayramlı: Füzulidə həm dünyəvi, həm də irfani məhəbbət var. Füzulinin böyüklüyü həm də ondadır ki, dindar adam ona Əhli-beyt şairi kimi heyran qalır, ateistlər isə Füzulidə öz dünyagürüşünə uyğun məqamlar tapır:
Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma,
Namaz əhlinə uyma, onlar ilə durma, oturma!
Fuad Babayev: Füzulinin 530 illiyi qeyd olunan ildə mediadan gözləntiləriniz nədən ibarətdir? Füzuli ilə bağlı Siz media mənsublarına nə tövsiyə edərdiniz? Ümumiyyətlə, Füzuli ilində nə etmək lazımdır?
Zəkulla Bayramlı: Füzuli haqqında belə tədbirlər, müsahibələr, ali məktəb tələbələri və orta məktəb şagirdləri ilə görüşlər təşkil etmək olar. Füzuli daim təbliğ olunmalıdır, onun əsərlərini müxtəlif formatlarda, o cümlədən, sadələşdirilmiş variantlarda nəşr edib oxuculara çatdrmaq lazımdır. Füzuli kimi alimləri, şairləri, mütəfəkkir insanları öyrənmək biz azərbaycanlıların boynuna müqəddəs bir yük kimi düşür. Füzuli min illik Azərbaycan ədəbiyyatının açarıdır. Füzulişünaslıqda görülməli işlərdən biri də dahi şairimizin əsərlərinin elmi-tənqidi nəşridir. Füzulinin əsərlərinin külliyyatının elmi-tənqidi mətni hələ lazımi səviyyədə deyil. Qeyd olunduğu kimi akademik Həmid Araslı bu işə 1958-ci ildə başlayıb. Amma dünya praktikasında Füzulinin bütün əsərlərinin elmi-tənqidi nəşri öz həllini gözləyir.
Sevil İsmayılova: Füzulinin 530 illiyi ilə bağlı jurnalistlər məqalələr yazmalı, tanınmış mütəxəssislərdən müsahibələr alaraq onu daim təbliğ etməlidirlər. Təklif edərdim ki, qaliblərə kiçik mükafat verməklə məktəblilər arasında Füzuliyə həsr olunmuş inşa müsabiqələri təşkil edilsin. Fikrimcə, bu qəbildən olan tədbirlər Füzulinin təbliğatına öz töhfəsini verə bilər.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 15 mart 2024-cü ildə baş tutub.
Materialda konkret.az saytının şəklindən istifadə edilib.