Aprelin 21-də “1905.az” portalı Diskussiya Klubunun “Böyük yalanın 100 illiyi” adlı növbəti toplantısı Qafqaz Universitetində həmin universitetin Qarabağ Tədqiqatları Mərkəzi və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) təşkilati dəstəyi ilə keçirilib. Alimlərin, ictimai təşkilatların, media nümayəndələrinin və “1905.az” portalının ekspertlərinin iştirakı ilə keçirilən müzakirələrdə 1915-ci ildə Türkiyədə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıldı.
Qafqaz Universiteti Qarabağ Tədqiqatlar Mərkəzinin rəhbəri, ümumi fənlər bölməsinin müdiri, dosent Bilal Dədəyev tədbiri giriş sözü ilə açaraq, ermənilərin bölgəyə gəlmə tarixindən, qondarma “erməni soyqırımı”nın meydana çıxma səbəblərindən bəhs etdi.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) baş direktoru və “1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev rəhbərlik etdiyi portalın fəaliyyətindən danışdı, onun 200 ilə yaxın müddət ərzində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım və deportasiya siyasətini açan informasiya resursu olduğunu bildirdi. Tədbir iştirakçılarına “1905.az” portalının fəaliyyəti ilə bağlı süjet nümayiş etdirildi.
Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov 1915-ci il hadisələri ərəfəsində Türkiyə ərazisində təxminən 1,1 milyon erməninin yaşamasına rəğmən, guya 1,5 milyon erməninin öldürüldüyünü söyləyənlərin iddialarının absurd olduğunu söylədi.
Tarix üzrə fəlsəfə doktoru Aqil Şahmuradov “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınması uğrunda ermənilərin səylərindən danışdı və Vatikan, Şimali Kipr də daxil olmaqla 22 ölkənin bu yalanı dövlət səviyyəsində tanıdığını qeyd etdi. Natiq son dövrlərdə Vatikanın və Avropa Birliyinin “erməni soyqırımı”nı tanıması məsələsinə toxunaraq daha öncə Roma papası və AB tərəfindən bu qondarma soyqırımın üç dəfə tanındığını bildirdi.
Tarix üzrə fəlsəfə doktoru Vidadi Umudlu 1915-ci il hadisələri ərəfəsində baş verənlərdən bəhs etdi və faciənin əsas səbəbkarlarından birinin Rusiya olduğunu vurğuladı. O, bir sıra sənədləri və müəllifləri misal çəkərək, Rusiyanın erməniləri Türkiyə ordusuna qarşı çıxmağa təhrik etdiyini söylədi. Rusiya ermənilərə Türkiyə ərazisində yaşadıqları məkanda dövlət quracaqlarını vəd etməklə, onları şirnikləndirirdi. Əvəzində ermənilər ruslarla eyni mövqedən çıxış etməli idilər. Natiq məhz bu səbəbdən də türk hökumətinin erməniləri ölkənin içəri vilayətlərinə köçürdüyünü qeyd etdi.
Fransada təhsil almış Samir Quliyev qeyd etdi ki, həmin ölkənin Sorbonna və Monteskyö universitetlərində magistratura və doktorantura təhsili almaq şansı olub. Elə həmin dövrdə də Fransa ali təhsil müəssisələrinin humanitar yönümlü fakultələrində ermənilərin türklərə qarşı dezinformasiya mühiti yaratmasının şahidi olub. Bəzi hallarda isə onlar sırf fransız adı altında çalışırlar və belələrindən biri də onun elmi rəhbəri imiş. Doktorantura pilləsinə qəbul olmaq üçün lazım olan tədqiqat işinin mövzusu “ABŞ-ın Xəzər hövzəsində strategiyası” olduğu halda, elmi rəhbəri “erməni soyqırımı” ilə bağlı iş üzərində çalışmaqda təkid edib. Bunu qəbul etmədiyinə görə doktoranturada təhsil almaq arzusu arzu olaraq qalıb. Natiq Fransa kitabxanalarında Azərbaycanla bağlı kitabları da əsas etibarilə ermənilərin və fransızlaşmış ermənilərin yazdıqlarını vurğulayıb.
Dosent Bilal Dədəyev çıxışçılara 100 illik tarixi olan böyük yalanın ayaq tutub yeriməsinin qarşısını almağın yolları ilə bağlı da fikir mübadiləsi aparmağı təklif etdi.
Fuad Babayev bu kimi yalanların qarşısının alınmasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təcrübəsindən danışdı. O, AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun tədqiqatçı alim Vurğun Süleymanovla birgə yazdığı “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının erməni yalanlarının qarşısının alınmasındakı rolunu qeyd etdi və kitabın Azərbaycan dilində Bakıda, İngilis dilində Vaşinqtonda, fransız dilində Parisdə, Ukrayna dilində Kiyevdə və rus dilində Sankt-Peterburqda çap olunduğunu vurğuladı. Kitabda ilk dəfə olaraq işğal nəticəsində Azərbaycana 430 milyard dollardan artıq zərər vurulması faktların dili ilə və elmi yolla sübut olunub.
AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov qeyd etdi ki, Assosiasiya fəaliyyətə başladığı ilk gündən etibarən Ermənistanın Azərbaycana təcavüzü məsələsini daim gündəmdə saxlayıb. Natiq qeyd etdi ki, AVCİYA araşdırılan problemlərlə bağlı həqiqətin geniş auditoriyaya çatdırılması üçün nəşr etdirdiyi kitabların xarici dildə çapını və yayımını təmin edir. Müzakirə qoyulan “erməni soyqırımı” məsələsini “əsrin yalanı” adlandıran V.Əlibəyov onun qarşısını almaq üçün türk və azərbaycanlı ekspertlərin iştirakı ilə elmi cəhətdən əsaslandırılmış yeni bir strategiya hazırlanmasının vacibliyini söylədi.
Bilal Dədəyev qeyd etdi ki, müzakirə olunan məsələ uzun müddət Türkiyə elminin diqqətindən kənarda qalıb. Rəqəmlərə müraciət edən natiq bildirdi ki, Türkiyədə 2001-ci ilədək bu istiqamətdə aparılan elmi tədqiqatların sayı, ermənilərin Fransa və ABŞ-da apardıqları tədqiqatların sayından dəfələrlə az olub. Yalnız son illərdə bu məsələdə müəyyən dönüşə nail olunub.
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev 1915-ci il hadisələri dövründə həlak olan ermənilərin sayının süni surətdə artırılması problemindən danışdı. O, qeyd etdi ki, 400 min nəfərdən bir qədər artıq erməni Rusiya ərazisinə, təxminən bir o qədər də erməni ABŞ ərazisinə köçmüşdüsə, 1,5 milyon erməninin öldürülməsindən necə danışmaq olar. Bu yalanın qarşısnın alınması üçün natiq 1905.az saytı kimi resursların sayının artırılmasının, xarici dillərdə kitab nəşr olunmasının, eləcə də azərbaycanlı və türk tədqiqatçıların birgə fəaliyyətinin zəruriliyini önə çəkdi.
Qafqaz Universiteti rektorunun müşaviri Saleh Akçay bildirdi ki, erməni yalanına qarşı Türkiyə və Azərbaycan ortaq siyasət qurmalıdır. Dünyanın araşdırma mərkəzlərində, universitetlərdə, beyin mərkəzlərində tədqiqat apara və ermənilərə layiqincə cavab verə biləcək alimlər, mütəxəssislər olmalıdır.
Professor Akif Hüseynli qeyd etdi ki, ermənilərə qarşı bütün bu fəaliyyəti mərkəzləşdirilmiş qaydada idarə edən mərkəz – ola bilsin ki, Qarabağ Elmi-Tədqiqat İnstitutu yaradılmalıdır. Bu istiqamətdə aparılan tədqiqatların aydın məramı və istiqaməti olmalıdır. Natiq bildirdi ki, onun fikrincə, təbliğat ilk növbədə daxili auditoriyaya yönəldilməlidir, çünki baş verən hadisələr bəzən unudulur, yaddaşlardan silinir.
Şirxan Səlimov bu məsələ ilə bağlı aparılan tədqiqatların arxasında Türkiyə və Azərbaycan hökumətlərinin dayanmasının vacibliyini, türk və azərbaycanlı tədqiqatçıların fəaliyyətinin əlaqələndirilməsinin böyük əhəmiyyət daşıdığını söylədi.
“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı da bu problemin kompleks araşdırılması üçün vahid mərkəzin yaradılmasının zəruriliyini vurğuladı. M.Babaşlı soyqırım məsələsinin yalnız Türkiyə və Azərbaycanın problemi olmadığını bildirdi və digər türkdilli xalqların da bu məsələyə münasibət bildirməsinin gərəkliliyini qeyd etdi.