Bu gün Bakı yenidən dünya avtoidman həvəskarlarının diqqət mərkəzinə çevrilib.
AZƏRTAC xəbər verir ki, Bakı iyunun 10-dan 12-dək sayca altıncı dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edəcək.
Formula 1 üzrə dünya çempionatının cari mövsümü 22 mərhələdən ibarətdir ki, onun da səkkizinci Qran-Prisi Bakıda təşkil olunacaq. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Formula 1-də “Bakı sindromu”
Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. Bakı şəhər halqasında təşkil olunan ilk yarış Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda “Mercedes”in pilotu Niko Rosberq birinci olub. “Ferrari”dən Sebastian Fettel yarışı ikinci, “Force İndin”nın pilotu Serxio Peres üçüncü olublar. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışda “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo kuboku qazanıb. İlk üçlükdə “Mercedes”in pilotu Valtteri Bottas və “Williams”dan Lens Stroll yer alıblar. 2018-ci ildə Lusi Hamilton (“Mercedes”) Formula 1-in Bakı mərhələsində bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıb. “Ferrari”dən Kimi Raykkonen ikinci, Serxio Peres (“Force India”) isə üçüncü yeri tutublar. 2019-cu ildə “Mercedes”in pilotları Valtteri Bottas və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. İlk üçlüyü “Ferrari”nin sürücüsü Sebastian Fettel tamamlayıb. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən ləğv olunub. Bir il sonra azarkeşsiz təşkil olunan yarışda “Red Bull Racing”in pilotu Serxio Peres Azərbaycan Qran-Prisinin qalibi olub. “Aston Martin”dən Sebastian Fettel yarışı ikinci, Pyer Qasli (“Alpha Tauri”) isə üçüncü pillədə tamamlayıblar.
Fikir versək görərik ki, dünya çempionatının Azərbaycan mərhələsində hər il fərqli pilot qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər. Görəsən bu sindrom bu il də davam edəcəkmi?
Formula 1 komandaları və pilotları
Formula 1 üzrə dünya çempionatında hərəsində iki bolid olmaqla 10 komanda iştirak edir. Yeddi mərhələdən sonra pilotların sıralamasına 125 xalla Maks Ferstappen (“Red Bull Racing”) liderlik edir. Avstriya komandasının digər pilotu Serxio Peresdir. İtaliyanın “Ferrari” komandasının heyətində isə Şarl Lekler və Karlos Saynz birincilik uğrunda mübarizə aparırlar. “Mercedes”də Cors Rassell, Luis Hamilton, “McLaren”də isə Lando Norris və Daniel Rikkardo çıxış edirlər. Valtteri Bottas, Cou Quanju “Alfa Romeo”da, Esteban Okan və Fernando Alonso “Alpine”də mübarizə aparırlar. Kevin Maqnussen, Mik Şumaxer “Haas”da, Yuki Sunoda, Pyer Qasli “AlphaTauri”də, Sebastyan Fettel, Lens Stroll “Aston Martin”də, Aleksander Albon və Nikolas Latifi isə “Williams”ın heyətində Bakı şəhər halqasında yarışacaqlar.
Konstruktor kubokuna isə 235 xalla “Red Bull Racing” komandası birincidir.
“Pirelli”nin builki Azərbaycan Qran-Prisi üçün seçimi
İtaliyanın təkər istehsalı ilə məşğul olan “Pirelli” şirkəti Formula 1 üzrə dünya çempionatının iştirakçılarını şinlərlə təmin edir. Şirkət Azərbaycan Qran-Prisi üçün ən yumşaq şinlərin üçlüyünü – C3, C4 və C5 şinlərini gətirib. Hər pilot C3 və C4 yeni komplektinin hərəsindən bir dəst saxlamalı və onlardan azı birindən istifadə etməlidir. Ən yumşaq tərkibli şin dəstinin biri final təsnifatına saxlanmalıdır, onluğa düşənlər sessiyadan sonra həmin şin dəstini qaytarmalıdırlar.
İkiillik həsrətə son…
Formula 1 azarkeşlərinin səbirsizliklə gözlədiyi avtoqraf sessiyası ikiillik fasilədən sonra Azərbaycan Qran-Prisinə qayıdır. Avtoidman həvəskarları yarış həftəsi çərçivəsində – iyunun 11-də məşhur pilotlarla yenidən görüşmək imkanı qazanacaqlar. Bütün bilet sahibləri Formula 1 şəhərciyi ərazisində baş tutacaq avtoqraf sessiyasında öz sevimli ulduzlarını görə biləcəklər.
Formula 1-in üçüncü sərbəst yürüşündən əvvəl nəzərdə tutulan avtoqraf sessiyasında azarkeşlər ulduz sürücülərlə görüşmək, xatirə şəkli çəkdirmək və xüsusi imzalı kartları özləri ilə götürmək imkanı əldə edəcək, bu möhtəşəm görüşdən xoş təəssüratlarla ayrılacaqlar.
Sürət, həyəcan və əyləncənin birləşdiyi məkan
Formula 1 Azərbaycan Qran-Prisinin fanatları nəhayət ki, yarışları tribunalardan canlı izləyə biləcəklər. Məşhur avtoidman yarışı pandemiya səbəbindən 2020-ci ildə təxirə salınıb, ötən il isə azarkeşlərin iştirakı olmadan baş tutub. Sürət azarkeşlərinin səbirsizliklə gözlədikləri Formula 1 Azərbaycan Qran-Prisinin həyəcanını bu il birbaşa tribunadan yaşamaq mümkün olacaq.
Hər il olduğu kimi, bu il də bilet sahibləri Dənizkənarı Milli Park ərazisində əyləncə proqramlarına qatıla biləcəklər. Balaca azarkeşlər də darıxmayacaq. Uşaqlar və yeniyetmələr üçün xüsusi ayrılmış “Game Park” onların ürəyincə olacaq. “Game Park”da ekstremal əyləncələr olacaq. Zonada “Upside down”, “Climbing wall”, “Helmet bouncy castle”, “Trampoline”, “Have a ride” və “Roll it” əyləncə proqramları təqdim olunacaq.
Formula 1 Azərbaycan Qran-Prisi haqqında maraqlı faktlar
Serxio Peres və Sebastian Fettel Bakı mərhələsində podiumların sayına görə rekord vurublar. Meksikalı və alman pilotların hərəsi üç dəfə finiş xəttinə ən tez çatan üçlüyə daxil olub.
Bakı şəhər halqasında yalnız 2016-cı ildə debüt yürüşü təhlükəsizlik maşınının trasa çıxmasına ehtiyac olmayıb. Növbəti dörd yürüşdə təhlükəsizlik maşını Azərbaycan Qran-Prisi distansiyasının üçdə iki hissəsini trasda keçirib, bu müddətdə 36 dövrə vurub.
Şarl Lekler Bakıda iki dövrə rekordunun sahibidir. 2017-ci ildə Formula 2-də bu monakolu pilot rekord vaxt göstəricisi müəyyən edib: 1.53,635. Dörd il ərzində gənclər seriyasındakı pilotların heç biri bu rekordu qıra bilməyib. 2021-ci ildə isə Lekler Formula 1-də 1.41,218 rekord nəticə ilə poul-mövqeyin qalibi olub.
Formula 1 yarışlarında hazırkı dünya çempionu Maks Ferstappen Bakıda heç vaxt finiş xəttinə dördüncü yerdən tez çatmayıb. Ferstappen beş yürüşdə cəmi 16 xal toplayıb.
2016-cı ildə Bakıda keçirilən birinci yürüş o qədər sakit, sonrakı dörd yürüş isə əksinə, o qədər xaotik olub ki, Bakı mərhələsinin ilk qalibi Niko Rosberq pelotonun başlanğıcında dövrələrin sayına görə hələ də birinci yerdədir. Azərbaycan paytaxtında cəmi bir dəfə çıxış etmiş bu alman pilot 51 dövrədə lider kimi siyahıda birincidir. Bu göstərici üzrə ikinci yeri Valtteri Bottas (49 dövrə), üçüncü yeri Luis Hamilton (43 dövrə) tutur.
Qarşıdakı mərhələdə “Red Bull Racing” 2013-cü ildən bəri ilk dəfə olaraq, dalbadal beşinci yürüşün qalibi ola bilər.
Bakıda Fernando Alonso Formula 1 yarışlarında iştirak müddətinə görə Mixael Şumaxerin müəyyən etdiyi rekordu qıracaq: 21 il 3 ay və 8 gün.