Oktyabrın 4-də dünyanın əksər ölkələrində Heyvanların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu gün 1931-ci ildə İtaliyanın Florensiya şəhərində ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsini apardıqları yığıncaqdan sonra təqvimə daxil edilib. Bundan sonra həmin təqvim dünyadakı heyvanların bütün növlərinə şamil olunub.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib.
Ekoloqun sözlərinə görə, 4 oktyabr tarixi təsadüfi olaraq seçilməyib. Bu gün müqəddəs Fransisko Assizkonun ölüm günü kimi də yad olunur. Orta əsrlərdə İtaliyada yaşamış zahid nəinki Fransis ordeninin əsasını qoyan, həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransisi heyvan və quşların əhatəsində təsvir ediblər.
O qeyd edib ki, Azərbaycanda da heyvanların müdafiəsi sahəsində müxtəlif tədbirlər, layihələr həyata keçirilir. “Qırmızı kitab”a düşmüş heyvan növlərinin qorunmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə müvafiq tədqiqatlar aparılır. Nəsli kəsilməkdə olan və ya tükənmək təhlükəsi ilə üzləşən fauna növləri qoruqlar, yasaqlıqlar, milli parklarda ciddi mühafizə olunur, sayları artırılır: “Belə layihələrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramını, eyni zamanda, bəbirlərin, ceyranların qorunması sahəsində görülən tədbirləri nümunə göstərmək olar”.
A.Məmmədov bildirib ki, vəhşi təbiətin, fauna və flora növlərinin yox olmasının qarşısını birgə mübarizə aparmaqla ala bilərik.