Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən, ümumilikdə 40 min hektar ərazinin təmizlənməsi planlaşdırılır. ANAMA-nın öhdəliyinə düşən ərazi 20 min hektar təşkil edir.
Bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov minatəmizləmə fəaliyyəti, yeni müdavimlərin hazırlanması və Qarabağda təhlükəsiz mühitin yaradılması istiqamətində öhdəliklər, çağırışlar və onların həlli üsulları ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.
Vüqar Süleymanov qeyd edib ki, məhz yeni müdavimlərin hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək. Yeni müdavimlərin hazırlanması müəyyən müddət tələb edir, təlimlər həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir. Ümumilikdə, yeni müdavimlərə keçirilən təlimlər əsas humanitar minaaxtarma və döyüş sahələrinin təmizlənməsi, eləcə də humanitar minatəmizləmə fəaliyyətinə inteqrasiya üzrə kurslardan ibarətdir.