Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlərin nəzərdə tutulduğunu qeyd edən Prezident İlham Əliyev dedi:
– Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il də çox böyük işlər nəzərdə tutulur. Bu işlərin bir hissəsi artıq görülüb. Bu yaxınlarda “Qobu Park-2” yaşayış kompleksinin açılışını qeyd etdik. Bu kompleksdə 1300 qaçqın ailəsi yerləşəcək. Kompleksin açılışında gördüm ki, ən yüksək standartlar tətbiq olunur. Çox gözəl, rahat evlər, gözəl ictimai zonalar, məktəb, uşaq bağçası, supermarket, tibb məntəqəsi, yəni, yaşayış üçün bütün şərait yaradılıbdır. Sevindirici hal ondan ibarətdir ki, “Qobu-1” və “Qobu-2” komplekslərinin tikintisi sırf özəl sektor tərəfindən təmin edildi. Hazırda tikilməkdə olan “Qobu-3” də özəl sektorun vəsaiti hesabına inşa edilir. Beləliklə, təqribən 4 minə yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillərlə təmin ediləcəkdir.
Mən açılış zamanı sahibkarlara da çağırış etdim, onlara bu işlərə qoşulmağı tövsiyə etdim. Mənim çağırışıma sahibkarlar cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürübdür. Bu günə qədər yüzdən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilmişdir. Ümumiyyətlə, köçkünlərin problemlərinin həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bu il məcburi köçkünlərin müavinətləri 50 faiz artırıldı. Bu, bir daha onu göstərir ki, dövlət bu kateqoriyadan olan insanlara daim öz yardımını edir.
İlin sonuna qədər yeni şəhərciklərin açılışı nəzərdə tutulur. İlin əvvəlində nəzərdə tutduğumuz bütün işlər ilin sonuna qədər öz həllini tapmalıdır. Siz artıq indidən gələn ilin proqramı üzərində işləməlisiniz. Gələn il harada, nə qədər köçkün ailəsini biz yeni evlərlə, mənzillərlə təmin edə bilərik.
İndi isə görülən işlər haqqında məruzə edin və gələn il hansı işlərin görülməsi nəzərdə tutulmuşdur?
Rövşən Rzayev: Çox sağ olun, möhtərəm cənab Prezident. İlk növbədə, “Qobu Park-2”nin açılışında iştirak etdiyinizə görə təşəkkür edirəm. Bu park oktyabrın 8-də açıldı. Artıq məruzə edə bilərəm ki, Nəsimi rayonunda yerləşən yataqxanaların birində yaşayan 120 ailə yeni mənzillərdə məskunlaşıb. Proses davam etdirilir. Dünən ikinci püşkatma oldu. Nərimanov rayonunda və Sizə əvvəlcədən təqdim olunmuş ərazilərdəki yataqxanalarda məcburi köçkünlər siyahıya uyğun köçürüləcəklər. Bunun üçün Sizin tərəfinizdən bütün şərait yaradılıbdır. Komitənin bütün əməkdaşları bu istiqamətdə məşğuldurlar və işi davam etdirirlər.
Təbii ki, bu ilin sonuna qədər Sizin tapşırıqlarınıza əsasən bir neçə rayonda qəsəbələrin tikintisi başa çatdırılacaq. İcazə verin, bir-bir sadalayım – Şirvan rayonunda 685 mənzilli qəsəbəmiz artıq hazırdır, tamamlama işləri yekunlaşır. Beləliklə, Şirvan şəhərində məskunlaşan bütün məcburi köçkünlər mənzillərlə təmin olunacaqlar. Hətta ətraf rayonlardan bir neçə ailəni də həmin qəsəbəyə yerləşdirə biləcəyik. Göyçay rayonunda 80 mənzildən ibarət binada artıq tamamlama işləri bitir. Orada da qəzalı vəziyyətdə olan bir binada yaşayan 80 məcburi köçkün ailəsinin hamısı yeni mənzillərə köçürüləcək. Sizin tapşırığınıza əsasən Kürdəmirdə salınan, 565 mənzildən ibarət böyük bir qəsəbəmizdə də tamamlama işləri aparılır. Yəqin ki, oktyabr ayının axırları, yaxud noyabrın ortalarında onu da təhvil verə biləcəyik. Beləliklə, Kürdəmir rayonunda məskunlaşan bütün məcburi köçkünlərin hamısı bu qəsəbədə mənzillə təmin olunacaq. Oraya hətta ətraf rayonlardan bir neçə ailəni də gətirə biləcəyik.
Göygöl rayonunda ümumilikdə 130 mənzildən ibarət üç binanın inşası davam edir. Ağcabədi rayonunda əsasən laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində 645 fərdi ev tikilir. Biz 645 ailəni ilin sonuna qədər o evlərə köçürəcəyik. Ucar rayonunda 250 ailəlik bir qəsəbəmiz də ilin sonuna qədər tamamlanacaq. Beləliklə, Sizin tapşırıqlarınız əsasında Komitə tərəfindən inşa edilən mənzillərin sayı 3700-ə çatacaq.
Özəl sektorun töhfələri çox önəmlidir. Siz qeyd etdiyiniz kimi, özəl sektor tərəfindən tikilən 1300 ailəlik “Qobu Park-2” artıq açılıbdır. Özəl sektorun vəsaiti hesabına tikilən 540 mənzillik daha bir qəsəbəmiz var. İlin sonunadək biz o mənzilləri də məcburi köçkünlərə təqdim edəcəyik. Beləliklə, Siz dediyiniz rəqəmlər ilin sonuna qədər tamamilə həllini tapacaq.
Möhtərəm cənab Prezident, icazə verin, mən Sizin tapşırığınızla gələn il hansı rayonlarda hansı qəsəbələri tikəcəyimizlə bağlı Komitə tərəfindən hazırlanan sənədləri diqqətinizə təqdim edim.
Prezident İlham Əliyev: Ondan əvvəl mən soruşmaq istəyirəm. Sumqayıt şəhərində də mənim tapşırığımla yeni evlərin tikilməsi nəzərdə tutulur. Mənim göstərişimlə artıq Sumqayıtda şəhərcik salınıbdır. Bu istiqamətdə hansı işlər görülür?
Rövşən Rzayev: Möhtərəm cənab Prezident, ötən il Sumqayıt şəhərində Sizin iştirakınızla iki qəsəbənin açılışını etmişik. Sumqayıtdakı 1001 ailəlik qəsəbədə məskunlaşma tamamilə başa çatıb. Sumqayıtın 12-ci mikrorayonunun ərazisində 1005 ailəlik şəhərcik Sizin iştirakınızla istifadəyə verilib və orada da köçkünlər yaşayırlar. Sizin tapşırıqlarınıza uyğun olaraq, Abşeron rayonunun “Stansiya Sumqayıt” deyilən ərazisində 1250 ailəlik qəsəbənin tikintisi başlayıb, işlər davam etdirilir. Bu, Sizin investisiya xərclərindən ayırdığınız vəsait hesabına inşa edilir. Düşünürəm ki, biz o qəsəbəni də 10 ay ərzində təhvil verə biləcəyik.
Eyni zamanda, Sumqayıt şəhərində Dövlət Komitəsinə 20 hektara yaxın yeni ərazi də ayrılıbdır. O istiqamətdə də fəaliyyət göstərilir. Gələn illərdə orada da tikintiyə başlamaq nəzərdə tutulub.
Prezident İlham Əliyev: İndi Bakı şəhərində yataqxanalar boşaldılır. Bu yataqxanaların bir çoxu qəzalı vəziyyətdədir. Onların taleyi necə olacaq, söküləcəkmi, təmir olunacaqmı? Siz bu məsələ ilə məşğul olmusunuz, yoxsa yox?
Rövşən Rzayev: Bəli. Biz çalışırıq ki, bütün yataqxanalardan məcburi köçkünləri tamamilə köçürək. Biz yataqxanaları rayon icra hakimiyyətlərinə və Əmlak Komitəsinə təhvil veririk.
Prezident İlham Əliyev: Onların vəziyyətinə də baxmaq lazımdır. Qəzalı vəziyyətdə olan yataqxanalar sökülməlidir və onların yerində yeni binalar tikilə bilər.
Rövşən Rzayev: Möhtərəm cənab Prezident, deyə bilərəm ki, bütün yataqxanalar həqiqətən də qəzalı vəziyyətdədir, bu, onları bərpa etməyə imkan verməyəcək. Yəqin ki, sökülüb yerində yeni binalar tikiləcək.
Prezident İlham Əliyev: Gələn ilin proqramı haqqında məruzə edin.
Rövşən Rzayev: Gələn ilin proqramını biz üç variantda işləmişik. İcazənizlə, mən Sizə bu variantları bir-bir məruzə edim. Deməli, biz gələn il Abşeron rayonunda əlavə olaraq 1890 ailəlik, Goranboy rayonunda isə 552 ailəlik qəsəbələr sala bilərik. Bunlar üç variantdır, Sizin diqqətinizə çatdırırıq, tapşırıqlarınızı gözləyəcəyik. Gəncə şəhərində 1512 ailəlik qəsəbə sala bilərik. Bunların hamısının vəsaiti Sizin tərəfinizdən ayrılıbdır. Qaradağ rayonunun “Ümid” qəsəbəsində də 500 ailəlik şəhərcik sala bilərik. Şəmkir rayonunun ərazisində 375 məcburi köçkün ailəsi üçün yeni qəsəbə tikə bilərik. Bu, bizim təqdim edə biləcəyimiz ikinci variantdır. Üçüncü variantımız – məcburi köçkünlər üçün Binəqədi rayonunda ayrılmış torpaqlarda 800 ailəlik, Gəncə şəhərində 1512 ailəlik və Samux rayonunun ərazisində 200 ailəlik qəsəbələr sala bilərik.
Prezident İlham Əliyev: Əgər biz bunu həll etsək, ümumiyyətlə, nə qədər köçkün ailəsi yerləşdiriləcək?
Rövşən Rzayev: Bununla bağlı biz üç variantda sənəd hazırlamışıq, icazənizlə, diqqətinizə təqdim edim. Birinci variantda toplam 6989 ailənin, ikinci variantda 6934 ailənin, üçüncü variantda isə 7059 ailənin yerləşdirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev: Məncə biz üçüncü variant üzərində dayanmalıyıq. Gələn il biz köçkünləri mümkün qədər çox yerləşdirməliyik. Siz bu proqrama yenidən baxın, xüsusilə Bakı və Sumqayıt şəhərlərini nəzərə alın. Çünki ən çox köçkünlərin məskunlaşdığı şəhərlər Bakı və Sumqayıtdır. İndi biz bölgələrdə vəziyyəti böyük dərəcədə yaxşılaşdıra bilmişik. 2007-ci ildə bütün çadır şəhərcikləri ləğv edildi və Azərbaycanın rayonlarında 100-dən çox şəhərcik salınmışdır. Ona görə bu proqramı mən bütövlükdə təsdiqləyirəm. Ancaq buna əlavələr edilməlidir, daha böyük həcmdə evlər tikilməlidir. O ki qaldı, buna lazım olan vəsaitə, biz vəsait taparıq. Çünki bu, bizim üçün ən prioritet məsələdir.