Tarix üzrə elmlər doktoru Tarix Dostiyev və tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovla Azərbaycan qalaları haqqında danışdıq.
Fuad Babayev: Azərbaycan qalaları fenomeninə etalon kimi uyğun gələn hansı istehkam, qala və səddləri oxucularımıza ziyarət etməyi məsələhət görərdinz?
Tarix Dostiyev: İlk növbədəistehkamların hansı ehtiyacdan və nə vaxt yaranmasına diqqət yetirmək lazımdır. Daş dövründə istehkamlara ehtiyac yox idi. İlk istehkam tikililəri, istehsal təsərrüfatının yaranması artıq cəmiyyətdə sosial mürəkkəbləşmənin getməsi və sərvətin toplanması ilə əlaqədar olmuşdur. Bizə bəlli olan ən qədim istehkam tikilisi İyerixon qazıntılarında üzə çıxarılan Erkən Neolit dövrünə aid qala qalıqlardır.
Bu mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçid dövrünün başlanğıcında artıq məhsulun yaradılması ilə, cəmiyyətin mürəkkəbləşməsi və müdafiə ehtiyacının ortaya çıxdığını göstərir. Bu qəbilələr və daha sonra tayfalar arasında sərvət toplamaq uğrunda gedən mübarizənin başlanğıcı idi.
Azərbaycana gəldikdə isə ilk qalaların şəhər mədəniyyətinin, sivilizasiyanın yaranması ilə ortaya çıxdığına şahid oluruq. Cənubi Azərbaycanda artıq ilk Tunc dövründən istehkamlı yaşayış məskənləri meydana çıxmışdır.
Amma əlbəttə ki, şəhər özü bir çox funksiyalar daşıyır. Bu funksiyalardan ən önəmlisi müdafiə konsepsiyası idi. Əvvəla şəhər hər hansı bir siyasi qurumun mərkəzi idi. Şəhər varsa, deməli dövlət var. Bunlar bir-biri ilə sıx bağlı olmuşdur. Dövlət varsa, onun müdafiə konsepsiyası olmalıdır. Müdafiə konsepsiyası isə paytaxt şəhərdən, yəni hakim dairənin dövləti idarə etdiyi mərkəzdən başlayır.
Təbii ki, Azərbaycanda da ilk siyasi qurumlar Erkən Tunc dövründən meydana çıxıb. Erkən Tunc dövründə biz artıq Cənubi Azərbaycanda Yanıqtəpə abidələrində (Urmiya gölünün şərqində, Təbriz şəhərindən 31 km cənub-qərbdə yerləşir-red. ) ilkin istehkamların meydana çıxdığının şahidi oluruq. Son vaxtlar Göytəpədə (Kür çayının sağ sahilinin orta axarında, Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir-red.) Fərhad Quliyevin apardığı qazıntılar nəticəsində oradakı yaşayış məskənini əhatə edən divar qalıqları üzə çıxmışdır. Həmin divar qalıqlarının müdafiə məqsədi daşımasını tam əminliklə deyə bilmərik. Çünki o qalıqların özü hələ bizə söz deməyə imkan vermir. Səbuhi müəllim də təsdiqləyər ki, müdafiə divarlarının xarakterik xüsusiyyətləri var. Müdafiə divarlarının qalınlığı, bürclərin olması və digər konstruktiv elementlərin mövcudluğu bizə həmin tikiliyə qala kimi baxmağa imkan verir.
Şimali Azərbaycanda qədim qalalar Naxçıvan ərazisində nisbətən yaxşı öyrənilib. Bu baxımdan Oğlanqalanı xüsusi qeyd etmək olar. Bu qala Manna dövrünə təsadüf edir, yəni burada eradan əvvəl I minilliyin 1-ci yarısına aid möhtəşəm istehkam qalıqları aşkara çıxarılmışdır. Cənubi Azərbaycanda isə R.Daysonun qazıntılar zamanı Həsənlitəpədə aşkar etdiyi şəhər divarlarını bu dövrə aid etmək olar. Biz burada artıq şəhər qalaları üçün xarakterik olan bütün əlamətləri, yəni qala darvazası, onun cinahlardan möhkəmləndirilməsi, qala divarı boyunca bürclərin yerləşdirilməsini görürük. Həmin qala divarları e.ə. I minilliyin hərb sənətinin tələblərinə tam cavab verir.
Şimali Azərbaycan ərazisində təbii ki, dövrümüzə gəlib çıxan qala istehkam tikililərindən söhbət ediriksə, ilk növbədə regional əhəmiyyətli müdafiə səddləri üzərində dayanmalıyıq. Bu Şimali Şərqi Azərbaycanda yerləşən səddlərdir. Dərbənd səddi indi Rusiya ərazisində olsa da, Azərbaycan mədəni irsinin bir parçasıdır. Onu biz heç vaxt yaddan çıxarmamalıyıq. Çox maraqlıdır ki, Sovet hakimiyyətinin ilk illərində Dərbəndin Azərbaycan abidəsi olması ilə sanki barışırdılar. Məsələn, Paxomov 1920-30-cu illərdə əsas tədqiqatlarını orada aparmışdı. Bu gün də Dağıstan arxeoloqları Dərbənd qalasından, istehkamlarından bəhs edəndə hökmən Paxomovun tədqiqatlarına əsaslanırlar. Onlar hətta bürclərin nömrələnməsini, qalanın ayrı-ayrı hissələrinin adlandırılmasını Paxomovun qeydləri əsasında davam etdirirlər. Mən niyə xüsusilə bu istehkamlar üzərində dayanmaq istəyirəm. Çünki bu istehkamlar Azərbaycanın hərb memarlığında nəhəng tikililərdir. Onları miqyas etabarilə deyil, xarakter, funksiya etibarilə Çin səddi, Avropada Adrian səddi (Böyük Britaniyada müdafiə istehkamı. 122-128-ci illərdə Roma imperatoru Adrian inşa etdirmişdir. Uzunluğu təqribən 120 km, hündürlüyü 4,5 m, eni 3 m.-dir – red.) ilə müqayisə etmək olar. Dərbənd qalası da, Gilgilçay səddi də artıq bir ölkə üçün deyil, müəyyən bir region üçün əhəmiyyət daşıyırdı.
Fuad Babayev: Müasir dövrdə Majino xətti, (1929-1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən uzunmüddətli fortifikasiya qurğuları sistemi. Majino xətti 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilib – red.) Mannerheym xətti ( Finlandiyanın keçmiş SSRİ ilə sərhədində istehkamlar sistemi. Finlandiya marşalı Karl Qustav Emil Mannerheymin adı ilə adlandırılmışdır. 1927-1939-cu illərdə inşa edilmişdir – red.) buna misal ola bilər.
Tarix Dostiyev: Bəli. Bunlar artıq lokal müdafiə funksiyası daşımayıb, regional əhəmiyyətə malik olublar. Bu səddlər təkcə o dövrün Qafqaz Albaniyası üçün deyil, bütün Yaxın Şərq və Anadolu üçün çox böyük əhəmiyyət daşıyırdı. Bu səddlərin ucaldılmasının tarixçəsi var. 395-ci ildə hunlar Dərbənd səddindən keçib Mesopatamiyaya (ikiçayarası – red.) qədər hərəkət etdilər və burada böyük dağıntılar törətdilər. Siyasi və iqtisadi maraqları toqquşan iki böyük fövqəldövlət Sasani və Bizans qarşıdurmada olmasına baxmayaraq yeganə bir məqamda birləşdilər. 395-ci ildə hunların yürüşündən sonra bu iki dövlət regionu, yəni Yaxın və Orta Şərqi müdafiə etmək üçün ümumi razılığa gələ bildilər. 442-ci il müqaviləsinə görə Gilgilçay və Dərbənd səddinin tikilməsinə Sasani dövləti rəhbərlik etməsinə baxmayaraq, maddi cəhətdən bu xərcin böyük bir hissəsini ödəməyi Bizans öz üzərinə götürürdü. Müqavilədə hətta o səddlərin tikilməsində Bizansın ödədiyi talant, yəni qızıl pullar (Qədim dövrdə Yunanıstan, Misir, Babilistan, İran və Kiçik Asiyada geniş yayılmış ən böyük çəki və pul-hesab vahidi – red.) qeyd olunurdu.
Fuad Babayev: Səhv etmirəmsə, Çıraqqala onlardan birinin hissəsi idi?
Tarix Dostiyev: Bəli. Gilgilçay səddi onların arasında ən böyüyüdür. Birinci Dərbənd səddidir. İki Dərbənd səddi var. Birincisi V əsrin ortalarında II Yezdəgərdin dövründə (Sasani hökmdarı 438-457 – red.) çiykərpicdən tikiləndir.
Qalıqları Dağıstan arxeoloqları tərəfindən tədqiq olunub. Amma o sədd tələblərə cavab vermədi. Ona görə Sasanilər II Xosrovun dövründə daş sədd ucaltmağa məcbur oldular. Daş sədd dənizin içindən başlayaraq 40 km-dək uzanırdı. Yazılı ərəb mənbələrində deyilir ki, sədd daş və qurğuşunla inşa olundu. Qazıntı aparan arxeoloqlar elə bilirdilər yazılı mənbələr düzgün məlumat vermir. 1985-ci ildə Kudryavtsevin rəhbərliyi altında aparılan tədqiqatın, ondan sonra isə bir neçə başqa sualtı arxeoloji qazıntıların məqsədi Dərbənd səddinin doğrudan da dənizin içində olub olmamasının dəqiqləşdirmək idi. Sualtı tədqiqatlar göstərdi ki, həqiqətən sədd dənizin içində davam edir.
Fuad Babayev: Tikilmə texnologiyası da mənbələrdə yazıldığı kimidir.
Tarix Dostiyev: Bəli. Yəni qurğuşundan çənbərlər vasitəsilə bloklar bir-birinə birləşdirilib və dənizin içində o keçidi tam qapamaq üçün təxminən 400 metrə qədər bu sədd davam edirdi. Dərbənd səddi Şərq qala divarlarından sonra 40 km dağlar boyu uzanırdı. Bu 40 km-də 10 qala yerləşdirilmişdi. Yəni tam müdafiəni təşkil etmək üçün dağ keçidlərinin hamısı bağlanmışdı.
Təbii ki, əhəmiyyətinə görə Dərbənd səddi dünyada məşhurdur. Əgər biz mənbələri götürsək elə bir səyyah, elə bir çoğrafiyaçı yoxdur ki, Qafqazda olsun, Dərbənddən keçsin, bu sədd haqqında yazmasın. Bu da onun əhəmiyyətindən irəli gəlirdi.
Bundan başqa Gilgilçay səddi də maraqlı bir tarixçəyə malikdir. 1920-30-cu illərdə Paxomovun apardığı tədqiqatlara görə dənizdən başlayan Gilgilçay səddi Çıraqqalada bitir.
1968-ci ildə Həzi Abdullayev “Sovetskaya arxeologiya” jurnalında (X. П. Абдуллаев (Баку). Гильгильчайская оборонительная стена и крепость Чирах-Кала, Советская археология 1968 №02 – red.) böyük bir məqalə çap etdirdi. Bu məqalə Bakıxanovun fikirlərini təsdiq etdi. Çünki Bakıxanov “Gülüstani-İrəm” əsərində yazırdı ki, Xəzər dənizindən başlayan Gilgilçay səddi Babadağa ( Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan ən hündür zirvələrindən biri, ziyarətgah – red.) qədər davam edir. Həzi Abdullayev arxeoloji tədqiqatlarla təsdiqlədi ki, bu səddin uzunluğu 60 km.-dir. Çıraqqala isə Gilgilçay səddinin Narınqalasıdır. Çıraqqala bir növ möcüzədir. Strateji baxımdan elə bir əlverişli məkan seçilib ki, təbiət sanki bu qalanı alınmaz edib. Çıraqqala təbii qayanın üzərindədir, orayalnız bir cığır vasitəsilə qalxmaq olar. Digər tərəfdən həmin qaladan o regionu göz işlədikcə müşahidə etmək olur.
Təmkin Məmmədli: Bu qala siklop tiplidir?
Tarix Dostiyev: Xeyr.Siklop tipli qalalar Dəmir dövrü üçün xarakterikdir. Siklop tipli qalalara misal olaraq Naxçıvandakı Oğlanqala və Çalxanqalanı göstərmək olar. Siklop tipli qalaların tikilmə tarixi Erkən Dəmir dövrü ilə bitir. Amma Çıraqqala Sasani memarlığına uyğundur. O dövrdə Yaxın Şərqdə Sasani hərb memarlığı kifayət qədər mütərəqqi idi. Qafqaz Albaniyasının tarixi ilə bağlı Musa Kalankatlının maraqlı bir fikri var. Musa Kalankatlı deyir ki, Sasani şahları Albaniyada böyük səddlərin tikilməsi üçün əhalini taqətdən salmışdı. Yəni bu işlərə Sasanilər nəzarət edirdi. Amma memarlar, mühəndislər və ustalar yerli əhali idi. Sara Qasımova və Murtuzəli Hacıyevin ”Dərbənd piktoqrafıyası” (“Среднеперсидские надписи Дербента VI века”. М., 2006 – red.) kitabındaDərbənd səddinin tikintisinə cavabdeh olan məmurların müfəttiş kimi tikintini yoxlayıb qəbul etməsi haqqında qeydlər var. Murtuzəli Hacıyevin apardığı maraqlı tədqiqarı elə Gilgilçay səddinə də aid etmək olar. M. Hüseynov hesab edir ki, təkcə dənizdən Narınqala hissəyə qədər Dərbəndin tikilməsi üçün 1 il müddətində hər gün 12 saat olmaqla 1325 işçi cəlb olunub. Unikal bir abidə olan Gilgilçay səddi bu gün turizm nöqteyi-nəzərindən də əhəmiyyət daşıyır.
Fuad Babayev: Beşbarmaq dağındakı sədd də Gilgilçaya aiddir?
Tarix Dostiyev: Bəli, həmin sədd (Beşbarmaq, Gilgilçay səddi və Dərbənd – Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir – red.) Beşbarmaq dağından başlayaraq dənizə qədər davam edir. Düzdür onun Narınqalası indi qalmayıb. Amma Olearinin, Kempferin qeydlərində Beşbarmağın ətəyində qalanın olması haqqında qeydlər var. Bu səddlərdən hansının tez tiliməsi ilə bağlı Paxomov hesab edirdi ki, Sasanilər əvvəlcə Beşbarmaq, sonra isə Qafqaz Albaniyasını işğal etdikcə Gilgilçay səddini tikiblər. Ən sonda isə Dərbənd səddi inşa olunub. Sonrakı tədqiqatlar göstərdi ki, bu heç də belə deyil. Birinci tikilən Dərbənd səddidir, çünki o qapı və həm də dar keçid idi. İkinci Gilgilçay, sonra da Beşbarmaq səddi tikilib.
Fuad Babayev: Səbuhi müəllim, Tarix müəllim qalalarla bağlı gözümüzün qabağında çox maraqlı mənzərəni canlandırdı. Amma səbirsiz, daim tələsən müasir oxucu çox qısa və sadə suallara da cavab tapmaq istəyir. Məsələn, Qala deyəndə adamın ağlına ilk olaraq bizim İçərişəhərin qala divarları gəlir. İçərişəhərin qala divarları indiki vəzyyətə nə vaxt düşüb? Deyilənə görə, XIX əsrin ortalarında ikinci qala divarı olub. Buyurun. Sizi dinləyək.
Səbuhi Əhmədov: Bu suala toxunmazdan əvvəl Azərbaycan, rus və ingilis dillərində hazırlanan “Daş keşikçilər” kitabını Sizin sayta hədiyyə etmək istəyirəm. Biz bu kitabda müasir oxucunu maraqlandıra biləcək suallara cavab verməyə çalışmışıq. Tarix müəllim də bu kitabın elmi məsləhətçisidir. Bu kitab-albomda qalalarımızın inkişaf tarixini panoram (fotoqrafiyada geniş mənzərələrin çəkiliş üsulu–red.) səhifələr vasitəsilə çatdırmaq istəmişik. Nümunə olaraq Həsənli qalasını, Bəzz qalasını, Əlincə qalasını, İçərişəhər qalasını göstərə bilərik. Eyni zamanda burada tək Azərbaycan Respublikasının deyil, tarixi Azərbaycan torpaqlarında, Cənubi Azərbaycan ərazisində də mövcud olmuş qalalar haqqında məlumat verilir. Bu nəşrdə bir çox qalaların fotoları, rəsm və sxemlərinin bərpası 3D qrafikası ilə verilib. Qalaların arxeoloqların tapıntılarına, elmə əsaslanan 3D rekonstruksiyası bizim hərb memarlığının inkişaf mərhələlərini göstərir. Prinsip etabarilə belə kitablar müasir oxucu üçün vacibdir.
O ki, qaldı İçərişəhərin qala divarlarına. Bizim gördüyümüz birinci xətt XII əsrdə Şirvanşah Mənuçöhrün dövründə (Şirvаnşаh III Mənuçöhrün hakimiyyət illəri: 1120-1160-cı illər – red.) yaradılsa da tədricən inkişaf edib və ən mükəmməl səviyyəyə XV əsrdə çatıb. Yəni ikinci xətt qala divarları inşa edilib, xəndək qazılıb. İkinci Qala divarları sonralar Çar Rusiyası dövründə XIX əsrin II yarısında sökülüb. Əsas səbəb kimi yerli əhalinin qala divarının arasını zibillə doldurması göstərilib. Amma rus hərbi komandanlığının tərtib etdiyi sxemlər, təsvirlər göstərir ki, dövrümüzə qədər gəlib çatmamış bastionlar (qala, istehkam –red.) da olub. Bunlar XVIII əsrin II yarısı və XIX əsrin I yarısına aid müdaifiənin mühüm elementləridir.
Fuad Babayev: Bizim ərazimizdə olan abidələrin özünün və müəllifinin bizə məxsus olduğu aydındır. Amma mətbuatda tez-tez Kremlin guya Əliş Kərəmli tərfindən tikilməsi haqqında fikirlərə də rast gəlirik. Bu barədə Sizin fikrinizi bilmək istərdik.
Səbuhi Əhmədov: Bu bizim real tariximizi cılız vəziyyətə salan məqamdır. Kənarda qala axtarmaqdansa, öz ərazimizdə olan möhtəşəm abidələri araşdırmalıyıq. Ən azı slavyan ölkələrindəki qalaların adlarına diqqət yetirsək görərik ki, Çexiyanın paytaxtı Praqada, Praqa yaxınlığındakı Krnov şəhərində eyni adlı qalalar var. Kreml təkcə Moskvada olsa, bəlkə də şübhələnmək olardı. Axı Kazanda, Rostovda, Suzdalda, Pskovda, Novqorodda da Kremllər var. Ona görə də bu qeyri-ciddi yanaşmadır. Bəzən deyirlər ki, ermənilər belə hərəkət edirlərsə, biz niyə etməyək. Gəlmə xalq olan ermənilərin belə abidələri olmadığı üçün bu yola əl atır, bizim isə buna ehtiyacımız yoxdur. Öz mənbələrimizi, tarix və ədəbiyyatımızı öyrənib tədqiq etmək əvəzinə nə üçün bu üsula əl atmalıyıq?!
Təmkin Məmmədli: Əliş Kərəmli Rus Sovet yazıçısı Sergey Borodinin “Dmitri Donskoy” tarixi romanının əsas personajlarından biri olub. Bu romanda Kərəmli XIV əsrin sonunda Moskva kremlinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən şamaxılı memar kimi təsvir edilir. Lakin elmi-akademik mənbələr tərəfindən onun real şəxsiyyət olması təsdiqlənməyib.
Tarix Dostiyev: Bəzən müxtəlif elm sahələrinin nümayəndələri bilmədikləri sahəyə müdaxilə edirlər. Diletantlıq da də elə buradan başlayır. Həmin şəxslərin hansısa sahəyə marağı var, amma elmi bazası yoxdur. Bu hal təkcə Azərbaycan elmi üçün xarakterik deyil. Rusiya alimləri, titullu akademiklər, riyaziyyatçılar, fiziklər tarixə müdaxilə edərək elə əcaib yazılar yazırlar ki, adam dəhşətə gəlir. Misal üçün Çingiz xanı slavyan edirlər. Mənim elmi rəhbərim German Alekseyeviç Fedorov-Davıdıov deyirdi ki, bəzən müstəmləkə altında olan xalqlar azadlığa çıxanda istəyirlər ki, öz tarixlərini dünya tarixində ən önəmli yerdə görsünlər və onu o qədər şişirdirlər ki, artıq obyektiv fikirlər də şübhə yaradır. Ola bilsin həmin tədqiqatçının müəyyən araşdırmaları həqiqəti əks etdirir, faktlara əsaslanır. Amma digər tərəfdən belə yanaşmanı görəndə normal tədqiqatçı o fikirlərə inanmır. Yəni bu təkcə bizim üçün yox, bütün respiblikalar üçün xarakterik haldır.
Təmkin Məmmədli: Azərbaycan ərazisində eyni adlı qalaların mövcudluğu arasında hər hansı əlaqə var, yoxsa bu bir təsadüfdür? Misal üçün Qız qalalarını, Gülüstan qalalarını göstərmək olar. Gülüstan adlı qalaya həm Goranboyda, həm Şamaxıda, həm də Naxçıvanda rast gəlirik.
Tarix Dostiyev: Xeyr, təsadüf deyil. Gülüstan qalası Şamaxıda da var, Qarabağda da var. Bunlar bir tərəfdən təbii-coğrafi şəraitlə, ikinci bir tərəfdən xalqın deyimləri ilə bağlıdır. Gülüstan adətən güllü-çiçəkli ərazilərə deyilir və orta əsr müəllifləri Şamaxının ətrafında Gülüstan deyilən ərazini və qalanı belə təsvir edirlər. Orta əsr qalalarının çox maraqlı xüsusiyyətləri var. Buna bəzi tədqiqatçılar fikir vermirlər. Bütün Azərbaycan dövlətlərinin son istinadgah qalaları olub. Şirvanşahlar üçün bu funksiyanı Gülüstan qalası yerinə yetirirdi.
Təmkin Məmmədli: Hökmdarın iqamətgahı orada olurdu.
Tarix Dostiyev: Bəli. Təhlükə yarananda dövlətin xəzinəsi bu istinadgah qalaya köçürülürdü və şah qvardiyası artıq orada möhkəmlənirdi. Tarixdən bilirik ki, Səfəvilər Şamaxı şəhərini tutsalar da, Gülüstan qalasını ala bilmədilər. Eləcə də Atabəylərin əsas xəzinəsinin yerləşdiyi Əlincə qalası olub. Bundan başqa Şabran Şirvanşahların paytaxtı olan zaman son müdafiə həlqəsi kimi Çıraqqaladan istifadə ediblər. Beləliklə, mənbələr təsdiq edir ki, istər Qarabağdakı, istərsə də Şamaxıdakı Gülüstan qalalarının adı coğrafi şəraitlə əlaqədardır.
Qız qalaları isə adətən xalq tərəfindən verilən adlardır. Gülüstan qalasına həm də Qız qalası deyirlər. Bunu adətən şahın qızı ilə əlaqələndirirlər. Yəni şahın qızının qorunması və mühafizəsi üçün tikilən bu qala həm də bir alınmazlıq, bakirəlik rəmzi idi. Bundan başqa Naxçıvanda, Lerikdə Oğlanqala adlarına da rast gəlinir. Bu qala adları real tarixlə deyil, xalq deyimləri ilə bağlıdır. Azərbaycanda nə qədər Koroğlu qalası var. Təbii ki, bu qalaların bir çoxuna Koroğlunun heç ayağı da dəyməyib. Çünki xalq nəhəng tikililərə, alınmaz qalalara öz qəhrəmanının adını verib. Şəmkir şəhərinin Narınqalasına yerli əhali Koroğlu qalası deyir. Baxmayaraq ki, Koroğlu olan dövrdə bu şəhər yox idi, ora xarabalıq idi.
Fuad Babayev: Yeri gəlmişkən, paytaxtımızda olan Qız qalası nə zaman inşa edilib? Qız qalası həqiqətən XII əsrə aiddir? Mətbuatda və elmi ədəbiyyatda bu barədə müxtəlif fikirlər səslənləndirilir.
Səbuhi Əhmədov: Biz Qız qalaları ilə bağlı materiallar toplayarkən çox maraqlı xüsusiyyətlər üzə çıxdı. Ümumiyyətlə, Yaxın Şərqdə olan 42 Qız qalasının hamısında oxşar elementlərə rast gəlmək mümkündür. Onlar arasında ən məşhuru İstanbuldakı Qız qülləsidir. Prinsip etibarilə bu qalalarda diqqətimizi hansı məqamlar cəlb etdi. Əvvəla bu qalaların əksəriyyətində müdafiə olunmaq çox çətindir. Yəni bu qalalar klassik hərbi istehkam tələblərinə cavab vermir. İkincisi məqam ondan ibarətdir ki, Bakıdakı Qız qalasının mərtəbələrində maqnitometr (maqnit sahəsinin gərginliyini ölçən cihaz–red.) və kompas düzgün işləmədi, biz maqnit anomaliyasının (yeri maqnit sahəsi kəmiyyətinin onun normal kəmiyyətindən kənara çıxması – red.) şahidi olduq. Son nəticə olaraq bir fərziyyə kimi söyləyim ki, od-alovla bağlı sözlərin hamısının kökündə “qız” sözü (qızmaq, qızdırmaq, qızartmaq və s. ) dayanıb. Türk dilində “qala” sözü “qalamaq” mənasını verir. Yəni bu Qız qalası ifadəsi “od qalanan yer” anlamına gəlir. Parametrlərinə görə bizim məşhur Qız qalasına oxşar cəhətlərə isə nə qədər təəccüblü də görünsə Peru abidələri arasında rast gəldik.
Fuad Babayev: Maçu Pikçu (Antik İnk şəhəri, müasir Peru ərazisində olub – red. ) tərəfdə?
Səbuhi Əhmədov: Xeyr, oradan cənubda yerləşir. Bu Moçika sivilizasiyası (Cənubi Amerikada, Peru sahillərində I əsrdən VIII əsrədək mövcud olmuş arxeoloji mədəniyyət – red.) ilə üst-üstə düşür.Yeri gəlmişkən mən qalalarımızla bağlı bir məqama da toxunmaq istəyirəm. Bu qədər istehkam qalası olan dövlətin heç bir qalası turizm marşrutlarına daxil edilməyib. Hətta İçəriçəhər qalasının özü də bu siyahıda yoxdur. Perudakı qalaya gəldikdə isə onu deyə bilərəm ki, istər yarusların sayı, istər qaya üzərində inşa edilməsi, istər hündürlüyünün 20-28 metrə çatması, istərsə də yeraltı yollara malik olması onun bizim Qız qalası ilə oxşar cəhətləridir.
Bundan başqa Perudakı abidənin ətrafında olan elementlər baxımından da Qız qalası ilə oxşarlıqları müşahidə etmək mümkündür. Məlumdur ki, Bakıdakı Qız qalasının şərti olaraq Bazar meydanı adlanan ərazisindən arxeoloji qazıntılar zamanı 52 qəbir tapılıb. Perudakı abidənin yanında da eynilə belə bir müqəddəs qəbiristanlıq var.
Qız qalasının arxa tərəfində zorxana (keçmişdə ağır idman məşğələləri və yarışları keçirilən yer, pəhləvanların güləşdikləri meydan – red.) olub. XIX əsrdə həmin zorxana söküldü. Amma Perudakı əgər belə demək mümkünsə “Qız qalası”nın yanındakı idman meydançası hələ də yerindədir. Qız qalasının böyründə indi də hamam var. Perudakı abidənin yanında da eynilə belə bir hamam mövcuddur. Peruda bunu belə izah edirlər ki, bura müqəddəs insanların dəfn edildiyi, ritualların icra edildiyi məbəd olub. Dəfn ediləcək müqəddəs şəxslər üçün ritual dəstəmaz prosesi hamamda həyata keçirilib, arxa tərəfdə isə ilahilərin, tanrıların şərifinə keçirilən ritual oyunların meydançası olub. Yəni Perudakı abidə bizim Qız Qalası ilə bütün parametrlərə görə üst-üstə düşür.
Təbii ki, Qız qalası ilə bağlı 28 rəqəmi də bizdə suallar doğurdu. Qalanın pəncərələrinin hara baxmasını araşdırarkən biz tanınmış arxeoloq Qara Əhmədovun (1928-2003, tarix elmləri doktoru, professor–red.) fərziyyəsinin üstündə dayandıq. Yəni gecə və gündüz bərabərliyində günəş doğan kimi əsas pəncərədən içəri işıq düşür. Təqdqiqatlar nəticəsində məlum oldu ki, Qız qalasının pəncərələrindən Sirius ulduzu görünür, 28 gün keçəndən sonra onu başqa bir ulduz Əqrəb bürcü əvəz edir. Hər 28 gündən bir günəş müəyyən qanunauyğunluqla pəncərələrdən içəri işıq salır.
Başqa bir məqam isə Qız qalasındakı mərtəbələrlə bağlıdır. İndi Qız qalasında mərtəbələr olsa da, məlumdur ki, əslində onlar yaruslar idi, yəni tam deyildi. Perudakı qalada da belə yaruslar var. Normandiyada da XII əsrə aid bu tipli qalalar, bürclər mövcuddur. Ən maraqlı məqam da ondan ibarətdir ki, istər Avropada, istərsə də Cənubi Amerikada abidələrin hər birində hansısa bir formada oda, alova sitayiş var idi. Digər çox maraqlı məqam bu bürclərin əksəriyyətinin ətrafında su hövzəsi olmasıdır. İstanbuldakı Qız qülləsində də, Perudakı abidədə də belədir. Bizim Qız qalasındakı yeraltı yollar axıra qədər tədqiq olunmasa da, Perudakı yeraltı yollarla gedərək kamera və onun içində mumiya aşkar ediblər. Mumiyaların büküldüyü örtük üzərindəki ornamentlər isə Quba xalçalarının naxışlara çox bənzəyir.
Tarix Dostiyev: Ümumiyyətlə, belə şeylər tarixdə var. Misal üçün Skif mədəniyyətinə aid heyvani üslub almanların ilk orta əsrlərdəki heyvani üslubuna olduqca bənzəyir. Baxmayaraq ki, məkan və zaman tamam fərqlidir. Skiflər e.ə. I minillikdə Avrasiya çöllərində, almanlar isə eramızın 3-6-cı əsrlərində Mərkəzi Avropada yaşayıblar. Amma üslub o qədər yaxındır ki, sanki onu skiflər yaradıblar. Halbuki, o vaxt skiflər yox idi.
Səbuhi Əhmədov: Qız qalasının tikilmə tarixi ilə bağlı məqama toxunmaq istəyirəm. İstər Peru, istərsə də Normandiyadakı qalaların əksəriyyətinin tikilmə tarixi XII əsrə təsadüf edir. Ziya Bünyadovun və bəzi Avropa müəlliflərinin əsərlərində XII əsr kataklizmlər baxımından zəngin dövr kimi xarakterizə edir. Yəni bütün dövrlərdə təbii fəlakətlər olub, amma XII əsrdə kataklizmlərin sayının kəskin surətdə artması insanlarda Allaha sitayişə, dini komplekslərin tikilməsinə ehtiyac yaradıb. Belə paralellər aparıldıqda bizim Qız qalasının da XII əsrdə inşa edilməsi ağlabatandır.
Fuad Babayev: Regionlarda bizim abidələrin vəziyyəti necədir?
Tarix Dostiyev: Siz ən ağrılı məsələyə toxundunuz. Çünki, bu sahədə güclü maariflənmə aparılmalıdır. Yəni insanların şüuru dəyişməlidir. İnzibati yolla bu məsələni həll etmək qeyri-mümkündür. Avropa ölkələri bu məsələləri çox gözəl həll edib. Britaniyada mədəni irslə bağlı xüsusi könüllülər cəmiyyəti var. Həmin cəmiyyətlərə dövlət də dəstək verir. Bu insanlar hesab edirlər ki, arxeoloji, memarlıq və təbiət abidələri onaların yaşadığı regionun qürur mənbəyidir. Artıq insanların şüurunda həkk olunub ki, tarixi abidə onun əcdadlarının yaratdığı maddi mədəniyyət nümunəsidir. Bunu gələcək nəslə ötürmək üçün qorumaq lazımdır. Sizin sualınza qayıdıram. Bilirsiniz ki, Şəmkirin Narınqalasında tədqiqatlar aparılıb. Amma Şəmkirçay məhz həmin hissədə bir növ zibillik poliqonudur. Turistlər də yolu qısa etmək üçün kəndin içi ilə deyil, çayın içi ilə gedəndə bu zibilliyi görürlər. Başqa abidələrlə bağlı da belə misallar çəkmək olar.
Fuad Babayev: Amma Buğurt qalası kimi elə abidələrimiz var ki, insan müdaxiləsi olmadan da təbii surətdə aşınmaya məruz qalır.
Tarix Dostiyev: Səbuhi müəllim bayaq gözəl vurğuladı ki, bizim ölkə abidələrlə zəngindir. Bu zənginlik qorunmalıdır. Elə xalqlar var ki, belə abidələrdən məhrumdurlar. Amma bizdə olan abidələrin dəyərini hələ bilmirik. Bu əcdadlarımızın yaratdığı mədəniyyətdir. O mədəniyyəti qorumaq lazımdır. Nə arxeoloqlar, nə Mədəniyyət nazirliyi bunun öhdəsindən gələ bilməyəcək. Orta məktəbdən başlamaq lazımdır. Yaponiya ilə bağlı maraqlı faktlara diqqət çəkmək istəyirəm. Yaponiyada kiçik bir adada 200-ə yaxın muzey var. Yəni təlabat olduğu üçün orada bu qədər muzey fəaliyyət göstərir. Yaponiyada hər bir valideyn övladını vətəninin məşhur olan ərazilərində gəzdirməyi, təbiəti, mədəniyyəti və tarixi ilə bağlı muzeylərə aparmağı və onu vətənpərvər ruhda böyütməyi özünə borc bilir.
Səbuhi Əhmədov: 2014-cü ildə mən Çexiya qalaları ilə bağlı bir layihənin iştirakçısı oldum. Əhali və ərazi baxımından Azərbaycanla müqayisə edilə bilən Çexiya da sosializm şinelindən çıxmış ölkədir. Çexiyada qalalarla bağlı problemi həll etmək üçün qəbul edilən prinsip bundan ibarətdir ki, tarixi mədəniyyət abidələri əgər bələdiyyəyə gəlir gətirməyəcəksə onları qorumaq mümkün olmayacaq. Bu prinsipin başqa bir formasını mən Özbəkistanda görmüşəm. Özbəkistanda bütün ölkə ərazisində olan tarixi abidələri (karvansaralar, məscidlər, ovdanlar, hamamlar və s.) dövlət təmir edərək oranı təmiz saxlamağı, qorumağı milli üslubda işləyən yerli ustalara həvalə ediblər. Bunun müqabilində tarixi abidələrin ərazisində fəaliyyət göstərən sənətkarlar kommunal xərclərdən azad edilir. Bundan başqa ustaların hazırladığı məhsulların satışının dövlət tərəfindən təşkili və həmin abidələrin turizm marşrutlarına daxil edilməsi sənətkarlara gəlir gətirir.
Tarix Dostiyev: Səbuhi müəllim çox maraqlı bir məqama toxundu. Mədəni İrs üzrə Konvensiya ilk dəfə 1972-cu ildə əvvəl Avropada, sonra Amerikada qəbul olunub. MDB məkanına isə bu Konvensiya çox gec gəldi. ( YUNESKO-nun Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il tarixli Konvensiyasına Azərbaycan 1993-cü ildə qoşulub – red.).Bu Konvensiyanın müddəalarından biri tarixi abidələrin fəaliyyəti ilə bağldır. Əsas məqsəd odur ki, abidə qorunub saxlanılsın, ona nəzarət edilsin. Azərbaycanda da tarixi abidələrin, xüsusilə memarlıq abidələrinin təyinatına, ümumi görünüşünə xələl gətirmədən istifadə edilməsinə, gəlir gətirməsinə şərait yaratmaq lazımdır.
Səbuhi Əhmədov: Xəzər universitetində İqtisadiyyat fakültəsinin tələbələrinə Abşeron qalalarını gəlir gətirən obyektə çevirmək üçün təkliflər verməyi tapşırmışdım. Tələbələrin təklif etdiyi layihələrdən ikisi çox maraqlı idi. Onlardan biri Nardaran qalasından Fort Bayar (Macəra xarakterli televiziya oyunu. Hadisələr Fransaya məxsus Boyar qalasında baş verir – red.) kimi istifadə edilməsini təklif edirdi. Diqqətəlayiq digər maraqlı layihədə isə 3D texnologiyalı eynəklərlə Ramana qalasının interaktiv tarixini seyr etmək təklif olunurdu. Bu təkliflərin smetasını hazırlayandan sonra uşaqlar maraqlı bir problemlə üzləşdi. Məlum oldu ki, qanunvericilikdəki boşluqlar belə belə layihələrin tətbiqini imkansız edir.
Fuad Babayev: Bizim işğal altında olan ərazimizdə olan qalalarımızın vəziyyəti necədir?
Tarix Dostiyev: Əslində ermənilərin Azərbaycan ərazisində bizim hökumətin icazəsi olmadan arxeoloji qazıntı aparması beynəlxalq hüquqa görə qəti qadağandır. Arxeoloji qazıntıların tənzimlənməsinə dair YUNESKO-nun xüsusi tövsiyəsinin 32-ci bəndində qeyd edilir ki, hətta müharibə dövründə işğalçı dövlət aşkar etdiyi arxeoloji tapıntının qorunub saxlanmasına görə məsuliyyət daşıyır. Hərbi əməliyyatlar başa çatdıqdan sonra həmin arxeoloji tapıntı işğala məruz qalmış dövlətə təhvil verməlidir. Hər hansı qazıntıdan isə söhbət gedə bilməz. Bəs Ermənistan nə edir? Yerevan universitetinin professoru Hamlet Petrosyan Pənahəli xanın tikdirdiyi Şahbulaq qalasında qazıntı apararaq “Tiqranakert” tapır.
Fuad Babayev: Təbii ki, o qazıntının materiallarını beynəlxalq nəşrlərdə çap edirir.
Tarix Dostiyev: Ermənilər öz məqsədlərini açıq etiraf edirlər.Petrosyan bir müsahibəsində qeyd edir ki, burada azərbaycanlılar yaşayıb. Erməni əhalisi üçün mədəni mühit yaratmaq lazımdır və bu baxımdan Tiqranakert ermənilər üçün müqəddəs yerdir. Yəni erməni bu abidəni görəndə düşünsün ki, mənim əcdadlarım burada yaşayıb.
Fuad Babayev: Hansı abidəni? Yəni belə demək mümkündürsə, orada həqiqətən abidə tapıblar, yoxsa o abidəni erməniləşdiriblər?
Tarix Dostiyev: Erməniləşdirirlər.Təbii ki, tapılanlar alban abidəsidir, Arran keramikasına aid tapıntılar isə İslamın yayıldığı dövrə aiddir.
Təmkin Məmmədli: Şahbulaq qalasında tapılan artefaktlar orada şəhər olmasını sübut edir?
Tarix Dostiyev: Şəhər olmasını da söyləmək hələ çətindir. Orada yaşayış məskəni olub, yəni o qazıntılarda şəhər görsənmir. Ermənilərə lazımdır ki, oranı Tiqranakert kimi təqdim etsinlər.
Fuad Babyev: Tarixi təhrif edirlər.
Tarix Dostiyev: Əgər ora doğrudan da Tiqranakertdirsə, hanı Tiqranın zərb etdiyi pullar?
Fuad Babyev: Ermənilər başqa yerdə tapılmış pulu da gətirib orada basdıra bilərlər.
Tarix Dostiyev: Onu da edə bilərlər.Amma mütəxəssisləri aldatmaq mümkün deyil.
Səbuhi Əhmədov: Ermənilər ilk növbədə işğal etdikləri ərazilərdəki qalaların adlarını dəyişərək erməniləşdiriblər, bəzilərində muzeylər təşkil ediblər. Azərbaycanda heç bir qalamızda muzey təşkil edilməyib. Bu bizim öz qalalarımıza olan münasibəti göstərir. Bizim şüurmuz üçün, milli mədəniyyətimiz üçün, vətənpərvərliyimiz üçün qala nədir anlayışını uşaqlara çatdıra bilmirik. Qala sadəcə daş deyil, bu istinadgahdır, bu faktiki olaraq hər şeydir.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 18 sentyabr 2020-ci ildə baş tutub. Materialda president.az saytının fotosundan istifadə edilmişdir.