Müsahibimiz internet və kompüter texnologiyaları üzrə mütəxəssis Tural Məlikovdur.
–Tural müəllim, erməniliyin sərsəm ideyalarına canla-başla xidmət edən xakerlərin Azərbaycan həqiqətlərini dünyaya çatdıran saytlarımıza hücumları barədə tez-tez məlumatlar yayılır. Bu hücumlar doğrudanmı deyildiyi qədər təhlükəlidir?
-Bəli, birmənalı olaraq təhlükəlidir. Həm də bu hücumlar yalnız Ermənistan üzərindən deyil, həm də ermənilərin yaşadıqları və onların havadarları olan ölkələrdən edilir. Bu hücumların təhlükəliliyi həm də onunla əlaqədardır ki, onlar bizim milli resurslarımızı, Dağlıq Qarabağ problematikası ilə əlaqədar saytlarımızı ələ keçirə və haqqımızda istədikləri dezinformasiyanı yaya bilərlər. Virtual aləmdə aparılan müharibədə ən çox viruslardan və “DoS ataka”lardan istifadə edilir. Bunlar vasitəsilə serveri gücdən salır, həmin resursları ələ keçirmək imkanı qazanırlar.
–Azərbaycan saytlarına zərbələr haradan endirilir? Bizim əleyhimizə çalışan xakerlərin yeri-yurdu (yaşadıqları ölkələr və s.) haqqında məlumatlar varmı?
-Ən çox hücumlar Ermənistandan, Rusiyadan, Çindən, bir müddət isə Amerikadan oldu. Cəbhədə vəziyyətin kəskinləşməsi, virtual aləmə də dərhal sirayət etdi. Əlbəttə, sual oluna bilər, nə üçün hücumlar daha çox yuxarıda adları çəkilən ölkələrdən həyata keçirildi? Xakerliklə məşğul olan xüsusi qruplar və qurumlar var. Onlara pul ödənilir və onlar vasitəsilə Azərbaycan saytlarına xaker hücumları təşkil olunur. Təəssüf ki, bizim saytlarımızın bir çoxu həmin ölkələrdə yazılmış skriptlər əsasında qurulub. Bu resursları dağıtmaq da onlar üçün daha rahatdır. Təcrübə göstərir ki, xaker qrupları tərəfindən dağıdılmış bizim saytların əksəriyyəti də elə həmin skriptlər əsasında yaradılıb. Diqqət etsək, görərik ki, bu skriptlər joomla, Data Life, WordPress və başqalarıdır. Həmin skriptlər əsasında yaradılmış saytları dağıtmaq asandır, çünki vizual aləmdə bu skriptlər çoxdur və onları tapıb, incələmək çətinlik törətmir. Xakerlər sadəcə olaraq həmin skripti yükləyir, onun hansı dildə yazıldığını aşkar edir və onu məhv edəcək virus axtarır. Virusu tapdıqdan sonra isə onu saytın resursuna daxil etməklə hücum təşkil edirlər. Buna “DoS atak” deyilir. Yəni guya ki, sayta çoxlu baxan var. Bir anda yüz min-iki yüz min baxış olduqda, server gücdən düşür və skritp qırılır. Bundan sonra xaker sayta daxil olur, resursları götürdükdən sonra istədiyi informasiyanı ora daxil edir.
–Önləyici tədbirlərimizi həyata keçirə bilirik. Bu sahədə daha hansı işlərin görülməsini məqbul sayırsınız?
-Bunun qarşısının alınması üçün dövlət səviyyəsində müəyyən işlər aparılır. Məsələn, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Elektron-Təhlükəsizlik Mərkəzi deyilən bir təşkilat var. Onlar 1656 saylı telefon-məlumat xidməti də yaradıblar. Mərkəz elektron təhlükələrin qarşısının alınması istiqamətində, o cümlədən istifadəçilərə qarşı istifadə oluna biləcək proqramlar, texniki vasitələr barədə təlimatlar hazırlayır, onlara tövsiyələr verir, metodiki dəstəyin göstərilməsini təmin edir. Bir şeyi də xüsusi vurğulayım ki, saytlar öz informasiyalarının surətini də mütləq saxlamalıdırlar ki, qısa müddətdə onu bərpa etmək mümkün olsun. Həmçinin, mütəxəssis saxlanılmalı, yaxud da texniki dəstək üçün müvafiq firmaların biri ilə əməkdaşlıq edilməlidir. Çünki xaker hücumları həm bir gündə ola bilər, həm də aylarla davam etməsi mümkündür. Və bu zaman mütəxəssis, yaxud texniki dəstək göstərən firma müvafiq tədbirlər görə bilər.
–Bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur…
-Təbii ki, bütün bu hücumlar dövlət səviyyəsində olur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün bu hadisələri nəzarətdə saxlayır. Çünki onlar həmin IP-ləri müəyyənləşdirir, onların informasiya mərkəzlərini dağıdırlar. Fərdi və şirkət səviyyəsində bunlar mümkün deyil. Ona görə ki, bu işlər həm böyük maliyyə tələb edir, həm də güclü mütəxəssislər cəlb edilməlidir. Mən daha optimal bir təklif verərdim. Məlumdur ki, dünyada 50 milyondan artıq azərbaycanlı var. Sözsüz ki, onların arasında yüksək səviyyəli mütəxəssislər də var. Həmin azərbaycanlıları müəyyən layihələrə cəlt etmək və böyük hücumlara başlamaq olar. Belə bir layihənin həyata keçirilməsində Azərbaycan diasporlarının üzərinə böyük yük düşür.Əlbəttə bizdə fərdi xakerlər də var. Onları bir mərkəz ətrafında birləşdirməklə, bacarıqlarından yararlanmaq olar. Məsələn, Ermənistan fərdi xakerlərdən çox istifadə edir. Onların həmçinin, öz forumları da var. Burada fəaliyyətlərini təhlil edir, təcrübələrini bölüşürlər.
–İndi də proqnozlar haqqında. Kiçilən, məğlub olan, nüfuzdan düşən, amma hələ də olduqca güclü olan erməniliyin xaker dəstələrinin fəallıq əmsalı artacaq, yoxsa…
-Təbii ki, artacaq. Ermənilərin təbliğat maşını əsrlərdir ki, işləyir. Daha çox üzərimizə gəlməyə çalışacaqlar. Xaker hücumlarının davamlılığına diqqət yetirsək, görərik ki, bu daim artan şkala üzrə gedir. Cəbhədə gərginlik artdıqca xaker hücumları da güclənir.
–Sonda saytımıza tövsiyələrinizi bilmək istərdik.
-Əvvələ məni dəvət etdiyinizə görə sizə minnətdarlığımı bildirirəm. Saytınız maraqlıdır. Amma mütəxəssis cəlb etməklə onu incələmək lazımdır. Çünki sayt inkişaf etdikcə, ona maraq artdıqca, bədxah qonşularımızın diqqəti də ona daha artıq dərəcədə yönələcək. Bunun qarşısını almaq üçün müəyyən tədbirləri indidən həyata keçirmək lazımdır.
Fuad Babayev, Gündüz Nəsibov
1905.az