Qarabağ muzeyləri
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan 31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.
Məqsədimiz Qarabağda olan maddi-mədəni irsimiz haqqında məlumatların gənc nəslə çatdırılmaqla yanaşı, beynəxalq təşkilatlara itkilərimiz barədə dürüst informasiyaları çatdırmaqdır. Bu ideya Söz Azadlığını Müdafiə Fondunun (SAMF) Azərbaycan Republikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gercəkləşən layihədə mümkün olub.
“İrs” rubrikasında Qarabağ muzeyləri ilə bağlı məlumatları ardıcıl olaraq təqdim edəcəyik.
Cəbrayıl rayonunda Tarix-Diyarşünaslıq müzeyi II Dünya Müharibəsindən əvvəl yaradılmışdı. “İ.V.Stalin”in adını daşıyan muzey 1953-ci ildə ləğv edilərək, eksponatları arxivə verilmişdir. Az müddətdən sonra onun yerində yenidən tarix-diyarşünaslıq muzeyi yaradılmış, iyirmi ildən artıq bir müddətdə ictimai əsaslarla fəaliyyətini davam etdirmişdir.
Muzeyə 1980-ci ilin dekabrında rəsmi status verilmiş və ştat cədvəli təsdiq edilmişdir. Həmin ildə Cəbrayıl Rayon Partiya Komitəsinin təşəbbüsü ilə şəhər orta internat məktəbinin dörd otağı muzeyin sərəncamına verilmiş və qısa müddət ərzində təmir edilərək dekabrın 8-də ilk ziyarətçilərini qəbul etmişdir. Qeyd edək ki, internat binası şəhərin “Sağ sahil” küçəsində yerləşirdi.
Muzeydə rayonun tarixinə dair arxeoloji və etnoqrafik materiallar, toxuculuq məmulatları, dekorativ sənət nümunələri, qədim və orta əsrlərə aid məişət əşyaları, fotolar, sənədlər, rayonun flora və faunasını əks etdirən eksponatlar sərgilənirdi.
Mədəniyyət Nazirliyinin yaxından iştirakı ilə əldə olan materialların xronolojı ardıcıllığına və dövrlərə görə düzülməsi, habelə tərtibat işləri həyata keçirilmişdir. Onlarla birlikdə muzeyin yaradılmasının təşkilində rayon zilayalısı Şəhriyar Quliyev yaxından iştirak etmişdir. Ş.Quliyev sonradan muzeyin ilk direktotu təyin edilir.
Təlimata uyğun olaraq muzey ekspozisiyası üç bölmədən ibarət idi: təbiət bölməsi, qədim dövr və sovet dövrü.
Təbiət bölməsi ənənəvi olaraq rayonun florası – bitki örtüyü, faunası – heyvanlar aləmi haqqında geniş və hərtərəfli məlumat verirdi. Burada ayrı-ayrı bitki növlərindən qurudulmuş nümunələr, toxumlar, müxtəlif yazılı informasiyalar, o cümlədən rayon ərazisində vəhşi heyvan və quşların müqəvvaları, onların qidalanması və s. haqqında geniş məlumatlar verilirdi.
Qədim dövr bölməsi ən qədim dövrlərdən – b.e. əvvəlki cəmiyyətin müxtəlif inkişaf dövrlərindən tutmuş bizim eranın ilk əsrləri və orta əsrləri əhatə edirdi. Bu materialların əsas hissəsi müxtəlif qazıntılar və təsadüflər nəticəsində tapılmış qədim əmək və döyüş alətləri, qab nümunələri, müxtəlif sirli qab qalıqları, taxta və mis qablardan ibarət idi. XIX və XX əsrin əvvəllərində Qarabağ xalça məktəbinin Cəbrayıl qrupuna aid olan xovlu və xovsuz xalça nümunələri, dekorativ tətbiqi sənətin digər bir qolu olan gümüş qadın və kişi kəmərləri, qadın döş və baş bəzəkləri, müxtəlif etnoqrafik alətlər – xış, araba, kotan, vəl, qədim qadın milli geyimləri və s. muzeyin dəyərli eksponatları sırasında idi.
Sovet dövrü iki otağı əhatə edirdi. Bu muzeyin ən geniş bölməsi idi. Azərbaycanda Sovet hakimiyyətinin yarandığı vaxtdan-1920-ci ildən sonrakı dövrdə kollektivləşmə, kolxoz qurulucuğu, 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dinc quruculuq illərinə aid ayrı-ayrı stendlər, fotolar, sənədlər və digər qiymətli əşyalar nümayiş etdirilirdi.
23 avqust 1993-cü il Cəbrayıl rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunana qədər rayon tarix-diyarşünaslıq muzeyinin kollektivi işlərini davam etdirməklə müxtəlif tədbirlər keçirirdi.
1993-cü ilə qədər muzeydə 19 mindən artıq eksponat toplanmışdı.
Muzeyin ilk direktoru Şəhriyar Paşa oğlu Quliyev ilyarım bu vəzifədə çalışmışdı. 1981-1988-ci illərdə muzeyin direktoru vəzifəsində Fazil Quliyev, 1982-ci ildən etibarən muzeydə kiçik elmi işçi kimi fəaliyyət göstərən Tariyel Abbaslı isə 1988-ci ildən sonra muzeyin direktoru vəzifəsini icra edir.
1993-cü ildə erməni işğalı zamanı T.Abbaslının şəxsi təşəbbüsü ilə muzeyin əmlakının məhv olmasına imkan verilməmiş, erməni hücumları zamanı muzeyin eksponatlarını işğal altından çıxarmağa nail olmuşdur.
17 mindən çox eksponatın təxminən 16 mini düşmən işğalı altında çıxarmaq mümkün olmuşdur. Bu sıraya xalça və xalça məmulatları, gümüş və qızıl qadın bəzəkləri, gümüşdən kişi və qadın kəmərləri, gümüş xəncərlər, tariximizin müxtəlif dövrlərini əks etdirən tarixi və etnoqrafik materiallar, rayonun tarixi ilə bağlı fotolar, sənədlər aiddir. Muzeydə daşınması çətin olan bir sıra əşyalar, ümumilikdə 2 mindən artıq eksponatı hazırda erməni işğalçıları tərəfindən məhv edilmişdir.
Bu gün Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətini paytaxtdakı “İstiqlal” muzeyində davam etdirir.
Hazırladı:
Vüqar Tofiqli
Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru