– Fazilə xanım, əvvəlcə çəng barədə danışaq.
– Çəng Azərbaycanın ən qədim musiqi alətlərindən biridir, bəlkə də 1000 ildən çox yaşı var. Və çəng çağdaş arfanın sələfi hesab olunur. Nizami, Füzuli, Məhsəti Gəncəvinin dövründə də bu alət çox geniş yayılıb, sevilib. Hətta Nizami Gəncəvi “Yeddi gözəl” poemasında çəngə xüsusi yer ayırıb.
Çəngin Azərbaycanda ilk izləri Bərdə şəhəriyaxınlığında Şatırlı kəndində aparılan arxeoloji qazıntılar zamanı ortaya çıxıb. Həmin qazıntıda eramızdan əvvəl IV-III əsrlərə aid üzərində çəng çalan qadın fiquru təsvir edilmiş saxsı qablar tapılıb. Bu da onun nə qədər qədim olduğunu bir daha sübut edir. Onu da qeyd edim ki, XVI əsrə kimi bu alət Azərbaycanda geniş yayılıb və orta əsrlərdə Azərbaycanda istifadə olunmuş çəng, təxminən, 18-24 simli olub. XVII əsrdə isə Qərbdə arfa adı ilə yenidən həyat tapıb.
– Artıq 24 ildir ki, bizim Qədim Musiqi Alətləri Dövlət Ansamblı fəaliyyət göstərir. Ansamblın bədii rəhbəri və konsertmeysteri xalq artisti Munis Şərifovdur. Ansamblımızda 13 alət var və hər biri qədim musiqi alətləridir.
– Digər alətlər hansılardır?
– Çəqanə alətinin adını çəkə bilərəm hansı ki, bizim çox yaxşı tanıdığımız kaman alətinin qədim versiyasıdır. Rübab mizrabla çalınan simli musiqi alətidir. Tənbur da çox qədim tarixi olan bir alətdir. Muğni adlanan alət var, onun yaradıcısı isə Səfiəddin Urməvidir. Və bu alət uda bənzəməsi ilə diqqəti cəlb edir. Bunlarla yanaşı ansamblda nusə, qopuz, rud, bərbəd, səntur kimi alətlər də var.
– Bəs siz bu alətdə ifa etməyi harda öyrəndiniz?
– Mən həm Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, həm də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında arfa sinfini bitirmişəm. Diqqət yetirsəniz çəngin quruluşu da məhz arfaya bənzəyir. Mən bir çox müsahibələrimdə də qeyd etmişəm ki, arfanı Avropa aləti kimi tanımaq düzgün deyil. Onun əcdadı çəng alətidir. 1918-ci ildə fransız Sebastyan Erard hansı ki, öz dövrünün məşhur arfa ifaçısı idi, o çəng üzərində islahatlar aparıb və arfanıyaradıb.
– Ansambldakı alətləri hardan əldə etmisiniz?
– Qədim musiqi alətləri deyəndə təbii ki, ilk yada düşən şəxs xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məcnun Kərimov olur. Məcnun müəllim 10-dan çox qədim musiqi alətimizi bərpa edib. O, həm də bizim ansamblın yaradıcısı, bədii rəhbəri idi. Allah onu qəni-qəni rəhmət etsin. Məcnun müəllim miniatür sənət əsərlərində həmin alətlərin təsvirini taparaq eskizlər hazırlayıb. Amma hazırlanmasına heç kim razılıq vermədiyi üçün daha sonra alətləri özü hazırlamaq qərarına gəlib. Və öz şəxsi emalatxanasında böyük əziyyətlərlə həmin alətləri düzəldib. Çəngin də qədim variantı ilk dəfə 1979-cu ildə Məcnun Kərimov tərəfindən hazırlanıb. Qədim musiqi alətləri içərisində ən çox zəhmət tələb edən alət məhz çəng olub. Ansamblımız isə 1996-cı ildə yaranıb və o vaxtdan bəri biz qədim alətlərdə ifa edirik. Elə həmin il Ulu Öndər Heydər Əliyev tərəfindən ansambla status da verildi. Biz tələbələrdən ibarət bir ansambl kimi kimyaçı alim Yusif Məmmədəliyevin yubileyinə həsr olunmuş konsertdə çıxış edirdik, Heydər Əliyev də həmin konsertdə iştirak etmişdi. İlk dəfə həmin konsertdə bizim ansambl ilə tanış oldu və ertəsi gün bədii rəhbərimiz Məcnun müəllim böyük sevinclə çıxışımızın çox bəyənildiyini və ansamblımıza Dövlət ansamblı statusu verildiyini dedi.
– Sizin ansambl harda fəaliyyət göstərir?
– Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində. 24 ildir ki, hər həftənin birinci və dördüncü günləri biz orada məşqlər edirik. Beynəlxalq Muğam Mərkəzində, Heydər Əliyev Sarayında konsertlərimiz də olur. Eyni zamanda nazirliklərin dövlət əhəmiyyətli təbirlərində də iştirak edirik. Demək olar ki, dünyanın bir çox ölkələrində çıxış etmişik. Ərəb ölkələrində, Avropa ölkələrində həm festivallarda, həm də dövlət tədbirlərində çıxış etmişik.
– Arfanın özünə müraciət etmirsiniz, baxmayaraq ki, onun yayılma arealı dah genişdir.
– Mənim hər iki təhsilim məhz arfa üzrədir. Azərbaycanda 1 neçə orkestr var ki, artıq orda arfa ifaçıları fəaliyyət göstərir. Ansamblda 15 skripka ifaçısı, 5 violonçelo ifaçısı olmalıdırsa, arfada ifa edən bir nəfər olmalıdır. Yəqin ki, mənim qismətimə də çəngdə ifa etmək düşüb.
– Qastrollar barədə danışaq.
– Almaniyada, Fransada, Küveytdə, Qətərdə, İordaniyada və bir sıra başqa ölkələrdə dəfələrlə çıxış etmişik. 2002-ci ildə Fransanın Paris və Strasburq şəhərlərində YUNESKO tədbirlərindəki çıxışımız kompakt-disk şəklində buraxılıb. İstanbulda bir sıra mədəni tədbirlərdə iştirak etmişik. Hətta Avstriyanın paytaxtı Vyana şəhərində Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunan tədbirdə də möhtəşəm çıxışımız olub.
– Diqqətimi çəkən digər bir məqam ansamblın ancaq milli geyimdə çıxış etməsi oldu.
– Geyimlərimiz də miniatürlərdən götürülüb və orta əsrlərə aiddir. Səfəvilərin dövründə saray musiqiçilərinin istifadə etdikləri geyimlərdir, xanımlar üçün araxçın, bəylər üçün isə ağ əmmamələr. Bizi artıq efirlərdə, çıxışlarımızda geyimlərimizlə tanıyırlar. Avropada çıxış edəndə də ifamızdan öncə geyimlərimiz alqışa səbəb olur. Efirə tək dəvət aldığım vaxtlarda da tələb etməsələr belə ancaq milli geyimlə çıxış edirəm.
– Qədim alətlər oduğu üçün geyimlə orientasiyada olmalıdır.
– Bəli, tamamilə razıyam. 2016-cı ildə Əlcəzairdə II Beynəlxalq Qanun Festivalı keçirilirdi. Baxmayaraq ki, biz həmişə ansamblla çıxış edirik, amma həmin tədbirə təkcə mən dəvət olunmuşdum. Qanun simli alət olduğu üçün müəyyən qədər çəngi onun da əcdadı hesab edirlər. 15 dəqiqəlik proqramla 3000 nəfər tamaşaçı qarşısındakı solo ifam çox böyük məhəbbətlə qarşılandı. Milli geyimim isə xüsusi marağa səbəb oldu. 2016-cı ildə Türkiyənin Kayseri şəhərində yerləşən Abdullah Gül Universitetində “Çəngnamə” adlı konsert təşkil olunmuşdu. Ora bizi də dəvət etmişdilər. Sənət yoldaşlarım Munis Şərifov, Aynurə Məmmədova, Əkbər Məmmədov, Natiq Əliyev və mən bu dəvəti qəbul edərək həmin tədbirdə çıxış etdik. Saat yarımlıq ifamız oldu. Onu da qeyd edim ki, konsertin təşkil olunmasında əsas məqsəd türk mədəniyyətinə aid olan, unudulmuş qədim musiqi alətlərini Anadoluya yenidən qazandırmaq idi. Onların öz çəng ifaçıları olduğu üçün niyə məni dəvət etdiklərini də soruşdum. Və mənə bildirdilər ki, həmin ifaçılar o qədər də professional deyil, sadəcə olaraq qanun ifaçıları həvəskar şəkildə çəngdə də ifa edirlər.
– Ermənilərin milli qədim alətlərimizi özününkiləşdirmə cəhdləri ilə rastlaşmısınızmı?
– Çox sevindirici haldır ki, hələ ki, belə cəhdlərlə rastlaşmamışıq. Bunun qarşısını indidən almaq üçün mən çəngin tədrisinə xüsusi diqqət ayırdım. Bu məsələ ilə bağlı çox çalışırdım. Milli Konservatoriyada bu barədə söhbətlərimiz oldu və mənə dedilər ki, ilk növbədə bu alətin dərsliyi olmalıdır. Dərslik olarsa, o zaman tədrisə salına bilər. Mən 10 il qabaq özümü fəxrlə Azərbaycanın yeganə çəng ifaçısı kimi təqdim edirdimsə, indi çox təəssüf hissi ilə deyirəm. Çünki çox istəyirdim ki, tədrisə salınsın, şagirdlərim, tələbələrim olsun. Çox şükür ki, mən buna nail oldum. “Çəng məktəbi” adlı bir dərslik yazdım. Dərslikdə çəngin tarixinə də yer ayırdım ki, tələbələr çəngin məhz Azərbaycana məxsus olduğunu bilsin. 4-cü sinifdən uşaqlara tədris olunması üçün nəzərdə tutulmuş bir dərslikdir. Çünki 1-ci sinifdən tədrisi alətin xüsusiyyətləri nöqteyi-nəzərdən uşaqlar üçün çox çətin olardı.
– O alətdən neçə nüsxə var?
– İlk dəfə 1979-cu ildə Məcnun Kərimov tərəfindən hazırlanıb. İki nüsxə var. Biri ansambldadır, digəri isə muzeydə saxlanılır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində.
– Bəs sizin şəxsi sərəncamınızda olan çəng var?
– Miniatürlərdən hazırlanmış çəng təxminən 27-28 simli idi və müasir tələblərə uyğun gəlmirdi. Bəzi əsərləri ifa etmək istəyəndə simlərin azlığı mənə çətinlik törədirdi. Getdiyimiz yerlərlə əlaqədar iqlim dəyişikliyi, hava şəraiti də öz növbəsində təsir edirdi. Əlbəttə ki, alətin təkmilləşməsinə ehtiyac var idi. Məşqlər zamanı Məcnun müəllim mənə çox kömək edirdi. Amma görürdüm ki, bir çox cəhətləri mənim tələblərimə uyğun gəlmir. Çətin köklənir, sabit kök saxlamırdı. Bir müddət sonra Milli Konservatoriyanın emalatxana müdiri Məmmədəli Məmmədovla bu barədə söhbət etdik. Mən alətin çətinliklərini izah etdim, yeni, təkmilləşmiş çəng barədə istəyimi dilə gətirdim. Razılaşdıq və o, 44 simli yeni bir çəng düzəltdi. Və mən çəngi gənclərə sevdirmək, daha çox təbliğ etmək üçün müasir musiqilər də ifa etməyə başladım. Artıq ispan musiqilərinə müraciət edirdim.
– Sintez gənclər üçün, ümumən dinləyicilər üçün daha maraqlıdır.
– Müxtəlif saytlarda da paylaşıldı və çox böyük marağa səbəb oldu. Daha sonra mənə milli musiqiləri solo ifa etmək təklif olundu. Əlbəttə, milli musiqidən söz açıldıqda ilk növbədə “Sarı Gəlin” yada düşür. Cəngdə yeni aranjimanda solo ifa etdim.
2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə əməkdar artist fəxri adına layiq görüldüm. Bu mənim üçün böyük fəxrdir. Sənətə verilən diqqətin, qayğının göstəricisidir.
– Həm sənətə verilən qiymətdir, həm də qədim alətlərə verilən dəyər. Çəng hazırlayan şəxslərin tələbələri varmı?
– Hələ ki yoxdur.
– O aləti hazırlayanın da gərək öz məktəbi olsun.
– Mən sizinlə tam razıyam. Məmmədəli Məmmədovla yanaşı Musiqi Akademiyasının emalatxanasında Musa müəllim də var. O isə miniatürdəki çəngin demək olar ki, eynisini yaradıb.
– Və artıq sizin şagirdləriniz də var.
– Bəli. Artıq İncəsənət Gimnaziyasında dərs deyirəm və 4 şagirdim var.
– Bəs fərdi öyrənmək istəyənlər necə, varmı?
– Əlbəttə ki. Tədrisə salınmadan öncə tələbələrlə fərdi şəkildə məşğul olurdum. Onlar da qanun və arfa üzrə təhsil alan Milli Konservatoriya tələbələri idi. Və artıq 3 nömrəli musiqi məktəbində də çəngin tədrisi nəzərdə tutulur. Bildiyiniz kimi Bakıda Heydər ƏliyevMərkəzində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasim olmuşdu və Sami Yusuf Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiya ilə çıxış etmişdi. Bakıya gələn kimi Sami Yusufun ilk tələbi çəng ifaçısı olub. Çünki onun hazırladığı kompozisiyada çəngin öz partiyaları var idi. Əlbəttə ki, çəngdə ifa etmək üçün məni dəvət etdilər. 3 nömrəli musiqi məktəbinin şagirdləri də həmin konsertdə xorda oxuyurdular. Artıq çəng məktəb direktoru və mənim təşəbbüsümlə orda da tədris olunur.
Aytac Hüseynova, 1905.az