İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Konfransı Gənclər Forumunun dəstəyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yürüş və İndoneziyanın, həmçinin Cənub-Şərqi Asiyanın ən böyük məscidində minlərlə insanın iştirakı ilə soyqırımı qurbanlarının xatirəsini anım mərasimi keçirilib.
Cakartanın mərkəzi küçələrində təşkil olunmuş kütləvi yürüşdə azərbaycanlı tələbələrlə yanaşı, xeyli sayda indoneziyalı da iştirak edib. Onlar İndoneziya və ingilis dilində “Xocalıya ədalət”, Ermənistanın işğalçı siyasətindən əl çəkməsi və zəbt etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən şüarlar səsləndiriblər. Azərbaycan diasporunun üzvü, tələbə Elmar İskəndərov yerli və xarici kütləvi informasiya vasitələrinə Azərbaycan həqiqətləri haqqında məlumat verib.
Cakartanın “İstiqlal” məscidində Xocalı qurbanlarının ruhuna qılınan namazda minlərlə adam, o cümlədən dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər və din xadimləri iştirak ediblər.
Elmar İskəndərov və “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasının İndoneziya üzrə koordinatoru İmas Choirun Nisa Fujiati Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, həmçinin Xocalı soyqırımı haqqında camaat namazına gəlmiş minlərlə insana geniş məlumat verərək, onları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında dəstək olmağa və soyqırımı qurbanlarının ruhuna dua etməyə çağırıblar.
Bundan əlavə, İslam Konfransı Gənclər Forumunun İndoneziya nümayəndəliyi İndoneziya Prezidentinə, parlamentinə və eyni zamanda, Cakartada yerləşən Ermənistan səfirliyinə minlərlə indoneziyalı tərəfindən imzalanmış petisiya təqdim etməyi planlaşdırıb.
24.02.2015