Mayın 17-də “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yeni Həyat – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başlayıb. Bu məqsədlə keçirilən mətbuat konfransını giriş sözü ilə layihənin hüquqşünası Şahin Camalov açdı. Layihənin mahiyyəti barəsində danışan Şahin Camalov bildirdi ki, əsas məqsəd cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək və onların qarşılaşdıqları hüquqi, psixoloji və sosial problemlərin həllinə kömək etməkdir. Ş.Camalov qeyd etdi ki, bununla bağlı olaraq 1, 4 və 15 saylı cəzaçəkmə müəssisələrində məhbuslarla görüşlər keçirilib və layihə onlar tərəfindən razılıqla qarşılanıb. Qeyd olunub ki, indiyədək 20 keçmiş məhkuma psixoloji və hüquqi yardım göstərilib və bunun davamlı olacağı gözləniləndir.
Mayın 15-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının üçüncü günündə 69 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycanlı atlet Anastasiya İbrahimli 5 rekord yeniləyərək qızıl medal qazanıb. Yarışda 63 kiloqram çəki dərəcəsində çıxış edən Elnarə Abbasova isə bürünc medala layiq görülüb.
Mayın 15-də AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) Turançılıq və Tanrıçılığa aid yeni kitabı (Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Bakı, Xan nəşriyyatı, 2017. – 512 səh. ) nəşr olunub. Bununla bağlı mətbuata açıqlama verən F.Ələkbərli bildirib ki, yeni kitabında Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilib: “Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarınınm tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilib. Bununla yanaşı Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapmışdır”.