HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Müdafiə Nazirliyi: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb 

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Yaralılara dərhal yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Minaya düşən üç hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bakıda NATO heyəti ilə məsləhətçi görüşü keçirilib

Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin birinci günündə qonaqlara inzibati məlumatlandırma və bölmənin fəaliyyəti barədə brifinqlər təqdim edilib.

Laçın-Xankəndi yolu: 132 gündür davam edən aksiyada ekofəalların tələbləri dəyişməz olaraq qalır

Azərbaycanlı ekofəalların və könüllü gənclərin Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda etiraz aksiyası 132 gündür davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdirib, səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Sahibə Qafarova Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “Rusarminfo” Rusiya-Ermənistan xəbər agentliyinin efirində Azərbaycan haqqında qərəzli fikirlər səsləndirməsi ilə əlaqədar Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.