
1948-50-ci illərdə Stalinin sərəncamı ilə Ermənistandan 100 mindən artıq azərbaycanlı köçürüldü. 1968-ci ilədək Azərbaycan toponimlərinin əksəriyyəti erməni toponimləri ilə əvəzləndi. 1950-ci illərdə İrəvan Pedaqoji Universitetinin dörd əyani və qiyabi Azərbaycan fakültəsi bağlandı.
1920 ci ilin 28 aprelində Azərbaycan Demokratik Respublikasının süqutundan və bolşeviklərin qələbəsindən sonra Sovet Ermənistanının azərbaycanlılara qarşı deportasiya siyasəti «dostluq» və «beynəlmiləlçilik» pərdəsi altında davam etdirilmişdir.
XX əsr Azərbaycan tarixinin ağrılı-acılı səhifələrindən, faciələrlə dolu dövrlərindən biri soydaşlarımızın dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə zorakılıqla deportasiya olunmasıdır. Erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində on minlərlə azərbaycanlı “könüllülük” pərdəsi altında acı göz yaşları axıda-axıda, yüzlərlə, minlərlə qurban verə-verə doğma yurdlarından zorla çıxarılmış, fəryad çəkə-çəkə sürgünə məruz qalmışdır.
Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən onun ərazisində yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişlər. Eyni zamanda 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək məshəti türkü də Azərbaycanda sığınacaq tapmışdır.
Məlum olduğu kimi, Dağlıq Qarabağ hadisələri başlayan kimi məhz Ermənistanda azərbaycanlılara qarşı terror gücləndi. Azərbaycanlılar Ermənistandan, əzəli dədə-baba yurdlarından zorla qovuldular. Z.Balayan iddia edir ki, «azərbaycanlıların yarısı zəlzələ zonasında yaşayırdı və zəlzələdən sonra onlar özləri Ermənistandan getdilər».