Ermənilərin Türkiyədən köçürülüb gətirilməsi

1826-1828-ci illər Rusiya-İran müharibəsində qələbədən ruhlanan rus ordusu 1828-ci il iyunun 14-də Paskeviçin komandanlığı altında Gümrü yaxınlığından Arpaçayı 12 minlik qoşunla keçərək Şərqi Anadoluya hücuma başlayır və iyunun 23-də Qars qalasını ələ keçirir. Hücumu genişləndirən ruslar iyulun 24-də Axılkələyi, avqustun 15-də Axıskanı, 22-də Ərdəhanı, 28-də Bayazidi tutdular. 1829-cu ilin yazında müharibənin yenidən qızışması nəticəsində rus ordusu Ərzurumu, daha sonra Muşu, Oltunu, Bayburdu işğal edir.