Quba rayonunun Xanəgah kənd məscidi məhv olmaq üzrədir.
Bu barədə Avropa.info-ya kənd sakini Xanəli Absəlimov məlumat verib.
X.Absəlimovun sözlərinə görə, məlum məscid XVIII əsrdə tikilib və onun binası sovet dövründə anbar kimi istifadə edilib: “Həmin vaxt məscidə un, buğda məhsulları və s. yığılırdı. Vaxtilə binada minbər olub. Mənim yadımdadır ki, çoxlu kitablar, bəzi kağız sənədlər də var idi. Onları sonradan kimlərsə daşıyıb, aparıb”.
Son günlər Quba rayonunun kəndindəki məscidinin bərpaya ehtiyacı olması haqda mətbuatda xəbərlər paylaşılır. XVIII əsrdə tikilən bu məscid Sovet dövründə anbar kimi istifadə edilib. Kənd camaatı dəfələrlə əllərindən gələn qədər məscidi təmir etməyə çalışıb. Amma tarixi abidə davamlı yağış və küləyin qarşısında tab gətirə bilməyib , tam yararsız vəziyyətə düşüb.
Quba rayonunun Xanəgah kəndindəki məscid artıq tamamilə məhv olmaq ərəfəsindədir. Yaxın vaxtlarda məscidin bərpası ilə bağlı qəti və konkret tədbirlər görülməsə, gələcəkdə heç foto-şəkillərə istinadən də onu ilkin görünüşündə yenidən inşa etmək olmayacaq. Daha bir sərt qış yəqin ki, məscidin qalan divarlarının da uçulması ilə nəticələnəcək.
Kəndimizin məscidi…
Yarıuçuq, dağılmış…
Kəndimizin məscidi,
Sənin ömrün nağılmış.
Bu misralar jurnalist Fuad Babayevin “Kəndimizin məscidi” şeirindəndir. Əslində, müəllif “Kəndimizin məscidi”ni sadəcə olaraq “yazı” kimi səciyyələndirir. Və xüsusi olaraq qeyd edir ki, əsl şeir yazmaq iqtidarında deyil. O olsa-olsa yazı yaza bilər. Və əlbəttə, şəkil çəkə bilər.
Təqribən 2 ay bundan əvvəl jurnalist Fuad Babayev sosial şəbəkədə Qubadakı Xanəgah kənd məscidinin fotolarını paylaşdı. Bundan sonra müxtəlif saytlarda dağılmaqda olan abidənin durumu haqqında yazılar dərc edildi. Şəkillərin müəllifi ilə biz də əlaqə saxladıq. Fuad Babayev bunları söylədi:
“Abidə sadəcə olaraq dağılır.