Dünən gecə Şuşanı göstərmişdilər. Adı yerə yıxılmışdı… Səhər içimdə düyünlənmiş özümə və özümkimilərə nifrətlə oyandım. Beynim uğuldayırdı. Bütün gecəni Şuşanın yerə yıxılmış adını qaldırmağa cəhd etmişdim. Alınmamışdı… Hiss edirdim ki, qollarım qalxmır. Lövhə ağır idi. Ya da qəsdən qalxmırdı… Xatirələrim o yerləri varaq-varaq qarşıma sərirdi…
“…Ey ümməti-müsəlman, agah ol ki, islam-kafir müharibəsi başa çatdı. Tanrı ruslara yardımçı oldu. Bundan sonra Qacarlar Allahın iradəsinə tabe olaraq ruslara itaət etməlidir…”
İlhamə Məmmədova – Zəncirdə Qalan “əsir” dostum
Qızmar avqust günlərindən birinin sonu yaxınlaşırdı. Günəş ağır-ağır nəfəs alaraq dağların arxasına enirdi. İşdən yorğun qayıdıb həyətdəki tənək ağacının altında qoyulmuş skamyada oturub dincəlməyə çalışırdım. Gözlərimi yumsam da beynimdə bir-birinə qarışan fikirlər mənə rahatlıq vermirdi. Ağrılı-acılı qaçqınlıq həyatı, atamın şəhid olması və əmimin itkin düşməsi, vaxtsız üzərimə götürdüyüm böyük ailənin bitib-tükənməyən qayğıları, uzun illərin yurd-yuva həsrəti, qəfil solan çiçəyə bənzəyən uşaqlıq illərim gözümün qabağında vərəq-vərəq canlanaraq sanki daş olub ürəyimi sıxırdı. Bununla yanaşı, nənəmin illər uzunu şəhid balalarına ağlayaraq dediyi ağılar, ağlayıb yorulduqdan sonra sanki kimi isə günahlandıraraq dodaqaltı, öz-özünə danışırmış kimi anlaşılmaz şıkayətləri və ən nəhayət kəndimizi tərk edərkən yaddan çıxıb zəncirdə qalan vəfalı dostum Alabaşın hayqırığa bənzəyən boğuq səslə köməyə çağırırmış kimi hürməsi gah yaxında, gah da uzaqlarda eşidilir, arada bir gurultuya çevrilərək qulağımı dəlirdi. Bütün bunların səbəbi olan acı hadisədən – kəndimizin işğal olunmasından keçən 21 il ərzində illər uzunu qızarmış köz kimi ürəyimi yandıran vicdan ağrısı isə bunları üstələyərək daha betər əzab verirdi. Bu vicdan ağrısı sevimli dostumun-Alabaşın hayqırığa bənzəyən “imdad“ zingiltisi idi. Mən niyə həmin gün Alabaşı zəncirdən açmadım?
Qaranlıq bir gecə idi. İşığı ilə yola iz salan bir avtobus bizə tərəf yaxınlaşırdı. Sanki bayaqdan sakit oturaraq gözlərini bir nöqtəyə dikmiş insanlarda canlanma oldu. Bu avtobus onların həyatını işıqlandıran sehrli bir çıraq idi. Sehrli çıraq onları nədən , kimdən qoruyurdu? Görən, bu xalq kütləsi hara tələsirdi? Onlar var-dövlətlərini bir düyünçəyə yığaraq niyə doğma vətənlərini tərk edirdilər? Suallar məni narahat edirdi. Nəsli – nəcabəti bilinməyən, həmişə özlərini qara kağız üzərində varlığını subuta yetirməyə çalışan qan içən ermənilərdən …