ERMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINA TƏCAVÜZÜNÜN QURBANI OLMUŞ QADINLAR VƏ UŞAQLAR BARƏDƏ ARAYIŞ
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, erməni tərəfi “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, onların insan haqları ilə əlaqədar tələblərini kobud surətdə pozur, Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Dinc əhalinin kütləvi şəkildə qırılması, girov götürülməsi, dözülməz işgəncələrə məruz qoyulması, heysiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver obyektinə çevrilməsi söylədiklərimizə əyani bir sübutdur.