HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənistanın Azərbaycana təcavüzü

Ansar Mahmud Battin: “Ermənistan problemin həllində maraqlı deyil”

Pakistanın diplomatik dairələrdə böyük nüfuza malik olan “Centreline” jurnalında və “DNA” İnformasiya Agentliyində Avropa İttifaqı və NATO üzrə ekspert Ansar Mahmud Battinin “İkili standartlar və dünya təhlükəsizliyi” adlı məqaləsi dərc edilmişdir.
Məqalənin əvvəlində Ukraynada baş verən hadisələrlə bağlı Rusiya ilə Qərb arasında yaranmış gərginlikdən, BMT Təhlükəsizlik Şurasının (TŞ) bu məsələ ilə əlaqədar sanksiyalar tətbiq etmək barədə qətnamə qəbul etdiyi, Avropa Şurası Parlament Assambleyasının bir sıra ciddi addımlar atdığı diqqətə çatdırılır.
Məqalə müəllifi müasir dünyada baş verən münaqişələrə BMT Təhlükəsizlik Şurasının ikili standartlardan yanaşdığını yazaraq Dağlıq Qarabağ, Kəşmir və Fələstin məsələlərində bu qurumun göstərdiyi etinasızlığı diqqətə çatdırır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə xüsusi toxunan müəllif bildirmişdir ki, Ermənistan problemin həllində maraqlı deyil, vaxtı uzadaraq ”nə sülh, nə müharibə” statusunu qoruyub saxlamaqla məşğuldur. Eyni zamanda, məsələnin həll edilməsi ilə məşğul olan beynəlxalq vasitəçilər də öz vəzifələrinin icrasına ciddi yanaşmırlar.
Yazıda bildirilmişdir ki, Ermənistana qarşı beynəlxalq sanksiyalar əslində çoxdan tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildən çoxdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Ermənistan Azərbaycanın Xocalı şəhərində soyqırımı törətmiş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışdır. Minlərlə Azərbaycan vətəndaşı həlak olmuş, bir milyondan artıq insan isə qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu faktlar göz qabağında olsa da Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir.
Məqalədə BMT TŞ-nın, Avropa Şurasının, Avropa Parlamentinin, NATO-nun, Qoşulmama Hərəkatının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinin icra olunmadığı qeyd edilir.
Bu yanaşmanı şərh edən A.M. Batti yazır: “Bu, ikili standartların bariz nümunəsi deyilmi? Nə üçün işğalçı ölkə qəti şəkildə ittiham olunmur və Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir? Nə vaxta qədər Azərbaycana qarşı cinayətlərdə əli olanlarla bağlı sanksiyalar tətbiq edilməyəcəkdir? Nə vaxta qədər işğalçı ölkənin rəhbərləri Qərb ölkələrinə azad gedib gələcəklər?”
Məqalə bu sözlərlə bitir: “Dünya artıq ikili standartlardan yorulmuşdur. İkili standartlar təhlükəsizliyin pozulması, xaos və soyuq müharibələrlə nəticələnə bilər”.
AzərTAc