Əli Həsənov: “Belə təəssürat yaranır ki, beynəlxalq təşkilatlar, Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun təhlükəsizliyinin təmin edilməsinə yönəldib”
Azərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-sı gecə saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini və qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan – “Qrad” qurğuları, toplardan intensiv şəkildə atəşə tutublar. Nəticədə Ağdam rayonunun 1 sakini həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Bundan başqa, yalnız bu üç gün ərzində 100-dən artıq evə ziyan dəyib, onlarla ev dağıdılıb və yaşayış üçün yararsız vəziyyətə düşüb, əhalinin mülkiyyətinə, təsərrüfatına, habelə inzibati binalara, kommunal infrastruktura ciddi ziyan vurulub.