Azərbaycanın müdafiə naziri: “Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq”
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov çıxışında ordu həyatında tibb xidməti sahəsinin vacib istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib.
“Əsgərin xidmət etdiyi bütün sahələrdə hərbi həkimlərin fəaliyyəti diqqəti cəlb edir. Belə olan halda hər bir həkim üzərinə düşən məsuliyyət hissini artırmalıdır. Bölmələrdə şəxsi və ictimai gigiyena qaydalarına əməl edilməsində komandir tələbkarlığının artırılmasında sizin fəaliyyətiniz yetərincə olmalıdır. Ordumuzda xəstəliklərə rast gəlinməməsi üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. Şəxsi heyətin geyiminə, qidalanmasına, məişət şəraitinə nəzarət etməklə, əsgərin sağlamlığını tam qorumaq mümkündür. Dövlətin, xalqın güvəndiyi və torpaqlarımızı qoruyan hərbi qulluqçuların sağlamlığı hər birimiz üçün önəmlidir”, – deyə nazir bildirib.
O, Hərbi Tibb Fakültəsində müasir tələblərə cavab verən laboratoriya otaqlarının, fənn kabinetlərinin, simulyasiya mərkəzinin fəaliyyət göstərməsini gələcəyin peşəkar hərbi həkim kadrlarının hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.