ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından olan konqresmen Stiv Kohen 25 fevral 2016-cı il tarixində yüzlərlə günahsız insanların ölümü ilə yadda qalan Xocalıqətliamının ildönümü ilə bağlı bəyanat verib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konqresmen Kohen bəyanatında atəşkəsin imzalanmasından 20 ildən çox keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayon daxil olmaqla 20% ərazisinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz evindən didərgin düşdüyünü deyib.
Stiv Kohen Azərbaycanın çox çətin qonşuluq mühitində olmasına baxmayaraq, bir çox məsələlərdə, o cümlədən təhlükəsizlik və enerji məsələlərində ABŞ və müttəfiqlərinin güclü tərəfdaşı olmasını vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına mühüm töhfəsini qabardıb.