Prezidentin Mətbuat Xidmətinin məlumatı
Xəbər verildiyi kimi, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Bunun nəticəsində ilkin məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb. Vəziyyət barədə məlumat dərhal Azərbaycan Respublikasının Prezidentinə məruzə edilib. Dövlətimizin başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib.