İlham Əliyev düşmənin bütün hərbi hədəflərinin məhv olunacağını Lələtəpədən bəyan etdi
Ali Baş Komandanın işğaldan azad edilmiş ərazilərdən təcavüzkara sonuncu çağırışı:
– Lələtəpə də, Şuşa da, Xankəndi də Azərbaycandır;
– Aprel döyüşləri bizim şanlı qələbəmizdir;
– Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin,
məğlub durumunu etiraf edib Azərbaycan torpaqlarından dərhal çıxsın.
Azərbaycanın Silahlı Qüvvələrinin irimiqyaslı təlimlərə başladığı gün – noyabrın 12-də Ali Baş Komandanın cəbhə xəttinin ən öndə yerləşən məntəqəsinə gəlişi Bakıdan Yerevanadək, həmsədr ölkələrin üç paytaxtından dünyanın ən nüfuzlu KİV-inə qədər geniş rezonans doğurdu. Bu, təbii idi. Çünki İlham Əliyevin səfəri adi hərbi səciyyə daşımırdı.
Baş Sərkərdə aprel hərbi əməliyyatları zamanı işğaldan azad olunan ərazilərə, Lələtəpə şücaət zirvəsinə gəlmişdi. Və buradan təcavüzkara, onun havadarlarına, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dəxli olan bütün beynəlxalq dairələrə ən sərt mesajını göndərdi.