Azərabycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Yanvarın 31-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində şəhid olmuş həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Eşqin Rəhim oğlu Allahverdiyev bu gün Şəki rayonunun Böyük Dəhnə kəndində son mənzilə uğurlanıb.
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Şamaxının millət vəkili Elxan Süleymanov Ermənistan qüvvələri tərəfindən girov götürülmüş və Ermənistanın işğal edilmiş ərazilərimizdə formalaşdırdığı “Dağlıq Qarabağ Respublikası” adlı tanınmamış separatçı rejimin “birinci instansiya məhkəməsinin” azadlıqdan məhrum etdiyi Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim edib.