Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev suallarımızı cavablandırdı.
– Cavid müəllim, “Sülh mənbəyi” əməliyyatı barədə danışaq.
– Son bir aydır dünyanın gündəliyində olan bu məsələ həm regionu, həm də qlobal siyasəti yaxından maraqlandırır. Əslində bu “Sülh mənbəyi” əməliyyatını həm qlobal münasibətlər çərçivəsində, həm də regional münasibətlər çərçivəsində qiymətləndirməkdə fayda olduğunu düşünürəm. Sadəcə bunu təkcə Türkiyə və region üçün deyil, eyni zamanda qlobal güc münasibətləri çərçivəsində dəyərləndirmək lazımdır. Son günlərdə xəbərləri izləyəndə görürsünüz, tez-tez Tramp Ərdoğanla danışır, Ərdoğan Putinlə danışır, Almaniya-İngiltərə-Fransa açıqlama verərək Türkiyə prezidenti ilə görüşmək istəyir. Bütün bunların hamısı onu göstərir ki, bu sadəcə Türkiyə və ya Suriya məsələsi deyil, qlobal bir məsələdir və bunun da başında mən elə düşünürəm ki, təkqütblü dünya sistemindən çoxqütblü dünya sisteminə keçid durur.
– Və Türkiyə də bu prosesdə əsas aktorlardan biridir.
– Mən elə düşünürəm ki, Türkiyənin bu əməliyyatı bunun gələcəyini müəyyənləşdirəcək bir hadisədir. Türkiyə burada nə dərəcədə rol alacaq? Türkiyə “Sülh mənbəyi”ni həyata keçirəndən sonra Ankara ilə Vaşinqton arasında bir razılaşma əldə olunub. Sonra Rusiya ilə Amerika arasında bir razılaşma oldu. Bu razılaşmalar əldə olunandan sonra Amerikada Trampa qarşı çox ciddi tənqidlər ortaya çıxdı ki, siz bizim maraqlarımızı Türkiyə və Rusiyaya qurban verdiniz. Hətta beynəlxalq səviyyədə bir çox ekspert artıq Rusiyanın regionda addım-addım mövqeyini gücləndirdiyini düşünürlər. Çünki Suriyada Amerika əsgərlərinin çıxdığı yerlərə Əsəd hakimiyyətinin Suriya ordusu və Rusiya əsgərləri daxil oldu.
İkinci dünya müharibəsindən sonra Böyük Britaniya Yaxın Şərqdən çəkildi, Amerikaya məktub yazaraq təklif etdi ki, gəlin burada yer alın. Hazırkı prosesi ona bənzədənlər də çoxdur. Türkiyə üçün əvvəlcədən bir neçə hədəf var idi. 2015-ci ildən etibarən PYD/YPQ Suriya ərazisinin 3/1-nə, 50 min kv.km əraziyə nəzarət edirdi. Suriya neft və qaz yataqlarının 70 faizi onların (dolayısı ilə Amerikanın – C.V.) nəzarət etdiyi ərazidədir. Daha əvvəl isə İŞİD-in nəzarətə götürdüyü ərazilərdədir. Təxmini hesablamalara görə orada neft satışından ildə 8 milyard dollar gəlir əldə etmək olar. Bu sadəcə neft və təbii qaz demək deyil, eyni zamanda bu ərazilər Suriyanın 95 faiz kənd təsərrüfatına yararlı ərazisidir. Su mənbəyinin də 80 faizi bu ərazilərdə yerləşir. Suriyanın mərkəzi hakimiyyəti sırf bu səbəbdən bəzən PYD/YPQ ilə əməkdaşlıq edərək onlardan su və neft almağa məcbur olub. Yəni olduqca həm Suriya üçün, həm region üçün olduqca strateji dəyəri olan ərazidir. Hətta xatırlayırsınızsa, Türkiyə ilə Amerika arasında keçdiyimiz həftə əldə olunmuş razılaşmadan sonra Tramp tvitterində yazdı ki, Suriyanın enerji mənbələrini qorumağı bacardıq. Yəni onların əsas qorxusu o idi ki, “Sülh mənbəyi” əməliyyatı enerji mənbələrinə qədər gedib çata bilər. Türkiyənin bir neçə narahatlığı var idi. Əvvəla, o sərhədində terror təşkilatı tərəfindən yeni bir dövlət qurulmasını istəmirdi.
– Yəni de-fakto dövlət.
– Terrorçu təşkilat tərəfindən yaradacağı leqal olmayan dövlət.
– Amma terrorçu təşkilat olması dünya tərəfindən yekdilliklə qəbul edilmir axı.
– İndi belə bir məsələ var. Dəfələrlə sübüt olunub ki, o təşkilat PKK-nın bir qoludur. Onlarla PKK-nın İraqdakı düşərgəsində Kandil arasında çox sıx əlaqələr var. Onların məqsədi də bu idi ki, Şimali İraqdakı PKK-nın nəzarətində olduğu ərazi ilə Suriyanın şimalının coğrafi bütünlüyünü təmin etsinlər. Eyni zamanda Aralıq dənizinə çıxsınlar. Çünki, onların istər Şimali İraqdakı Kürdüstan bölgəsində, istər Suriyada neft və təbii qaz yataqları olsa da, onu xaricə sata bilmirdilər
– Onu xaricə satacaq kommunikasiyalara çıxışı yox idi.
– Bu kommunikasiyanıya Türkiyə, ya İraq və yaxud Bəşər Əsədin nəzarətində olan Süriya üstündən eldə etməli idilər. Həmin dövlətlər isə buna qarşı idi. Ona görə də özləri üçün coğrafi zona yaratmağa çalışdılar ki, neft və qazı satmaq üçün Aralıq dənizə çıxış əldə olunsun. Türkiyə həm dövlətin, həm də coğrafi bütünlüyü yaradacaq strateji zonanın yaranmasının qarşısını almağa çalışdı. Bildiyiniz kimi Türkiyədə 4 milyona yaxın suriyalı miqrant var.
– Bəzən 5 milyon deyirlər.
– 5 milyon təkcə suriyalılar deyil. Ora əfqanları və pakistanlıları da daxil edirlər. Türkiyə rəsmilərinin ifadələrinə görə sırf Suriya qaçqınları üçün 40 milyarda dollar yaxın pul xərclınib. Əlbəttə, suriyalı miqrantlar Türkiyə üçün təkcə iqtisadi problem yaratmır, eyni zamanda sosial və siyasi cəhətdən də problem yaradır.
– Bundan əlavə o vəsait Avropa Birliyinin yardımı olmadan Türkiyə tərfindən xərclənir.
– Avropa İttifaqı 6 milyard söz vermişdi. Türkiyə rəsmilərinin açıqlamalarına əsasən o vəsaitin yarısı 3 milyardı verilib.
– Amma, xərc 40 milyarddır.
– Əlbəttə. Bu Türkiyə vətəndaşlarının hakimiyyətə təzyiq göstərməsinə səbəb oldu. Bundan başqa müharibədən qaçan insanların sosial-psixloji problemləri sosial problemlər yaradırdı.
– Onların cəmiyyətə inteqrasiya problemi.
– Türkiyədəki məhəlli konfliktlər yaranırdı. Daha ucuz işçi qüvvəsi Türkiyə vətəndaşlarının işsizliyinə rəvac verirdi. Ona görə Türkiyə dövləti Suriyada dərinliyi 30 km, uzunluğu isə 400 km.-dən çox olan bir ərazidə təhlükəsiz zona yaradıb Türkiyədəki suriyalı qaçqınların heç olmasa 2 milyonunu həmin ərazidə yerləşdirmək istəyirdi.
– Orada bir problem var ki, o qaçqınların heç də hamısı məhz həmin bölgədən gəlməyib.
– Amma onların hamısı Suriya vətəndaşıdır. Türkiyə Miqrasiya İdarəsinin hesablamalarına görə 1 milyon suriyalı qaçqın məhz həmin ərazidəndir. Düzdür beynəlxalq hüquqa görə onları həmin əraziyə köçürməyə məcbur etmək olmaz, onlar könüllü olaraq getmək istəyir. Ona görə də Türkiyə hökuməti suriyalıları ora cəlb etmək istəyir. Suriyalı qaçqınlar Türkiyə iqtisadiyyatı üçün ağır yük olduğu üçün Ankara Avropa Birliyindən Suriyada yaradılacaq təhlükəsizlik zonasında strukturun yaradılması və yenidən qurulmasında maddi dəstək istəyir. Hazırda Türkiyə öz sərhədinə yaxın bölgədə dövlət yaradılmasına mane oldu.
– Yəni hədəflərdən birinə nail oldu.
– Əvvəla, Türkiyə Suriya ərazisində 30 km dərinliyə gedib. İkincisi Türkiyənin Amerika və Rusiya ilə imzaladığı müqavilə bu əməliyyatın iki böyük güc tərəfindən legitimliyini qəbul etdirdi. Mənim fikrimcə, Türkiyənin hərbi müdaxiləsi beynəlxaq hüquq çərçivəsində legitim idi. Çünki, Türkiyənin fəaliyyəti BMT razılaşmasının 51-ci maddəsinə müvafiq idi. Bu maddənin ekspertlər tərəfindən şərhinə görə əgər dövlətlər öz ərazisində qonşu dövlətdə olan terror təşkilatlarının hücumunun qarşısını ala bilmirsə, həmin dövlətin ora müdaxilə edib terror təşkilatını bitirmək, tərksilah etmək haqqı var. Ayrıca Türkiyə ilə Suriya arasında 1998-ci ildə imzalanan Adana razılaşması var. Bu razılaşmanı Rusiya da, Türkiyə də qəbul edib. Elə başa düşürəm ki, Bəşər Əsəd hakimiyyəti də bunu qəbul edir. Türkiyənin müdaxilə etmək haqqı o razılaşmada öz əksini tapmışdı. O razılaşmaya görə Suriya hakimiyyəti həmin ərazidə Türkiyəyə qarşı olan terror təşkilatının yerləşməsinə icazə verməməli idi. Əks təqdirdə isə Türkiyənin müdaxilə haqqı tanınırdı. Beləliklə, Türkiyə əməliyyatın legitimliyinə qəbul etdirdi, Türk ordusu İraqın şimalı ilə Suriya vasitəsilə Aralıq dənizinə gedən M 4 adlanan çox vacib yola qədər gedib çıxaraq onu kəsdi. Amma bu hələ başlanğıc prosesidir. Çünki Amerika PYD və YPQ-ni dəstəkləmək fikrindədir.
Qeyd edim ki, Türkiyənin bu əməliyyatına qarşı beynəlxalq mətbuatda qara PR kampaniyası da aparılırdı. Türkiyənin əməliyyatına qarşı olanlar da məhz bu məsələni, guya İŞİD-ə qarşı mübarizəyə ziyan vurulduğunu qabardırdı. Mən elə düşünürəm ki, Türkiyənin bu müdaxiləsi qanuni idi və NATO-nun baş katibi də Türkiyəyə səfəri zamanı Türkiyənin milli təhlükəsizliyinə qarşı təhdidləri başa düşdüyünü və Ankaranın belə bir haqqı olduğunu ifadə etmişdi. Elə Vladimir Putin də eyni fikirdə olduğunu dilə gətirdi. Suriyanın ərazi bütövlüyü məsələsi ilə bağlı narahatlığa isə Türkiyə açıqlama verdi ki, qonşu dövlətin ərazi bütövlüyünə qarşı əməliyyat keçirmir, sadəcə milli təhlükəsizliyinə qarşı təhlükəni aradan qaldırır.
– Noyabrın 13-də Türkiyə Prezidentinin Amerika Birləşmiş Ştatlarına səfəri nəzərdə tutulub. Proqnozlarınız necədir? O səfərə qədər hadisələr hansı məcrada inkişaf edə bilər?
– Türkiyə əməliyyatı dayandırdı. Türkiyənin Amerika ilə imzaladığı müqavilə onun əməliyyatlarının legetimliyini qəbul etdi. Bu razılaşmaya görə PKK/PYD 120 saat, Rusiya ilə Soçidə əldə edilmiş razılaşmaya görə 150 saat içində Türkiyənin müəyyən etdiyi “bufer zona”dan çəkiləcək. İndi gözləyirlər ki, Münbicdə və digər bölgələrdə PKK/YPQ Rusiyanın nəzarəti altında yerlərdən 30 km-dən kənara çıxarılsın. 10 km dərinlikdə Türkiyə ilə Rusiyanın ortaq nəzarət mexanizminin inkişaf etdirmək nəzərdə tutulur. Türkiyə üçün əsas problemlərdən biri Amerika tərəfindən tətbiq edilən sanksiyalar idi. Daha əvvəl Türkiyədən idxal edilən polada sanksiya tətbiq edilmişdi, Türkiyə F-35 layihəsindən çıxaılmışdı.
Daxili işlər, enerji və müdafiə nazirinə qarşı sanksiya tətbiq etməsi də gündəmdə idi. Tramp dedi ki, mən bu sanksiyaların dayandırılmasına göstəriş vermişəm. Hazırda Türkiyə sanksiyaların ləğvini gözləyir. Türkiyənin müdafiə naziri açıqlama verib ki, biz Amerikadan “Patriot” ala bilərik.
Türkiyə bəyan edib ki, Amerikadan “Patriot”, Rusiyadan isə “S-400” ala bilər.
– Amma “S-400”-ün “Patriot” sistemindən üstün olduğu söylənilir.
– Bu çox ciddi müzakirə mövzusu oldu, onun hansı parametrə görə daha üstün olduğu müzakirə edildi. Hətta son dövrlərdə yaşanan bir hadisə “Patriot”un zəifliyini gündəmə gətirdi. Bildiyiniz kimi Yəməndən atılan dron Saudi Aramco neft email zavodunu vurdu. Səudiyyə Ərəbistanınındakı “Patriot” bunun qarşısını ala bilmədi. Bundan sonra Putin Səudiyyəyə səfəri zamanı onlara “S-400” sata biləcəyini dedi. Amma burada mən elə düşünürəm ki, “S-400” və “Patriot” istər Türkiyə, istərsə də ABŞ və Rusiya üçün artıq silah məsələsi olmaqdan çıxıb dünya silah bazarında rəqabət halına gəlib. Rusiya ilə Amerika arasında dünya silah bazarında birincilik uğrunda bir rəqabət var. Türkiyə ənənəvi olaraq öz silah ehtiyacını Qərbdən təmin edirdi.
– Ən azı NATO-nun üzvü olduğuna görə.
– Rusiyadan “S-400”-ün alınması bu baxımdan narahatlıq yaratdı ki, Türkiyə bazarı əlimizdən çıxır.
– “Patriot” və “S-400”-lərin müəyyən bir pariteti var. Bəs “F-35”-in Rusiya analoqu varmı? Səhv etmirimsə, elə bir layihə də mövcuddur.
– Onu daha çox “Su-57” ilə müqayisə edirlər.
– 5-ci nəsildir?
– 5-ci nəsil deyil. “F-35” beşinci, “Su-57” 4.5-ci nəsil olaraq hesablanır. Avqust ayında Rusiyaya səfəri zamanı R.T.Ərdoğan “Su-57”-ni də incələdi. Geri qayıdanda ona sual verdilər ki, niyə maraqlandınız, Türkiyə onu alacaq? O da dedi ki, biz ora boşu-boşuna getməmişdik. Əslində, bunlar hamısı siyasi mesajlar idi. Çünki Suriyanın şimal bölgəsi ilə əlaqədar Türkiyənin bəzi narahatlıqları var idi. Və bu, Türkiyə üçün diplomatik manevr idi. Düşünürəm ki, uğurlu da alındı. Düzdür, Türkiyənin bu əməliyyatına fərqli yanaşmalar var, amma bu əməliyyat bir mərhələdir.
Türkiyəni daha əvvəl tənqid edirdilər ki, danışırsan, amma heç nə etmirsən. Amma dediyini edəndən sonra gördünüz ki, Rusiya ilə də razılaşdı, Amerika ilə də. Lakin bunun sonrası da var. Düşünürəm ki, Ərdoğan 13 noyabrda Trampla görüşdə YPG/PYD-nin silahsızlaşdırılması məsələsini və onların taleyini gündəmə gətirəcək.
– Dünən TRT kanalında canlı yayım zamanı Türkiyə prezidenti bu məsləyə də toxundu və səhv etmirəmsə, söhbət YPG/PYD-yə verilmiş iri çaplı silahlardan gedirdi. Hadisələrin hansı məcrada davam edəcəyini yəqin ki, zaman göstərəcək və düşünürəm ki, Sizinlə bu mövzuya ayın 13-dən sonra bir də qayıtmalıyıq.
– Amerikanın YPG/PYD-yə verdiyi silahlar barədə hər zaman deyirdilər ki, biz bunu İŞİD-ə qarşı mübarizə üçün vermişik. Türkiyə 30 km məsafəni niyə hədəfləyir? Çünki o silahlar 30 km məsafəni vuran silahlardır və əməliyyat başlanan ərəfədə vurdular da. Uzaqdan atdıqları mərmilər nəticəsində 18 mülki şəxs həyatını itirdi. Onların tank əleyhinə raketləri də var. Türkiyənin də istəyi bu silahların onların əlindən alınmasıdır.
– Yəni 30 km-lik təhlükəsizlik zolağının bu parametri silahların xarakteristikalarına söykənən bir məsələdir.
– Təkcə o deyil, amma o da var. Orada Suriyanın qərbi ilə şərqini birləşdirən M4 yolu da 30 km dərinlikdədir. Türkiyə o yolu ortadan kəsmək istəyir ki, Münbiçlə əlaqə qopsun və onların gediş-gəlişinə mane olsun.
– Azad Suriya Oredusunun perspektivləri haqqında nə demək olar?
– O, Türkiyənin mövqeyindən asılı olacaq.
– Onun sayı nə qədərdir? Necə bir ordudur?
– O ordu Türkiyə tərəfindən quruldu və ordunun içində ərəblər, kürdlər, Suriyada yaşayan türkmənlər də var. Belə qiymətləndirilir ki, əvvəlkinə nisbətən daha sistemli, düzənli bir ordudur. Hətta bu sonuncu əməliyyatda əraziyə Türk ordusundan əvvəl onlar girirlər, oranı təmizləyirlər…
– Onların itkiləri də Türkiyə ordusundan çox olub.
– Əlbəttə. Türk ordusu əməliyyat zamanı 4 əsgərini itirdi. Sonralar bombalı hücumlar da oldu. Amma Azad Suriya Ordusunun iki böyük şəhəri dörd gün ərzində ələ keçirib 50-60 nəfər itki verməsi elə də çox deyil.
– Bəs ciddi müqavimət oldu?
– Açığı, olmadı.
– İtkilərin sayının az olmasını ciddi müqavimətin olmaması ilə izah etmək olar.
– Məsələ ondadır ki, birinci, Türkiyə aldığı kəşfiyyat məlumatları nəticəsində onların bazalarını uzaqdan məhv etdi…
– Artilleriya hazırlığı həyata keçirdi.
– Bəli. Ikinci, təyyarələrlə vurdu. Üçüncü, orada başqa bir problem yarandı. Oradakı döyüşçülər uniformalarını dəyişib sivil vətəndaşa çevrildilər və sonra ora ordu girındən sonra hücumlar oldu. Həmçinin onların orada qazdıqları yeraltı tünellər də var idi; orada gizlənib, hücumlar etməyə başladılar.
Əlbəttə, ciddi ağır döyüşlər getmədi. Çünki hər şeydən əvvəl, Amerika dəstəyini çəkmişdi, Türk ordusu əvvəlcədən ağır silahlar ilə vurmuş, mövqelərini zəiflətmiş və parçalanma yaratmışdı. Amerika ilə razılaşma əldə olunana qədər YPG/PYD-nin əsgər sayının 60 min olduğu hesab edilirdi. Razılaşmadan sonra 40 minə düşdü. 20 min əsgər artıq oradan uzaqlaşıb.
– Bu o demək deyil ki, onlar qayıda bilməz.
– Əlbəttə. Türkiyə hələ də bundan çox narahatdır ki, onlar orada mülki vətəndaşa çevrilib öz varlığını sürürlər. Məhz Rusiya ilə əldə olunan razılaşmaya görə 10 km-lik ərazidə ortaq nəzarət sisteminin yaradılmasının əsas hədəfi də budur ki, orada bunlar qalmasınlar və sonradan Türkiyə ərazisinə keçməsinlər.
Azad Suriya Ordusunun gələcəyi məncə Türkiyənin mövqeyindən asılıdır. Çünki bu ordunu ən çox Türkiyə dəstəkləyir. Bilirsiniz ki, Suriyanın gələcəyi üçün Konstitusiya Komissiyasının yaradılması məsələsinin müzakirələri davam edir. Onları da o prosesə daxil etməyə çalışırlar. Qeyri-rəsmi razılaşma əldə olunduğu düşünülür. Və o ərazidə Türkiyə ordusu nə qədər güclü olarsa, onlar da orada yer alacaqlar.
– Dəməşq-Ankara danışıqlarının perspektivlərini görürsünüz?
– Rəhbərlər arasında birbaşa danışıqlar yoxdur, amma kəşfiyyat orqanları arasında əlaqə var.
– Ola bilərmi ki, danışıqlar masasında – bir tərəfdə Türkiyə lideri cənab Ərdoğan, digər tərəfdə Bəşər Əsəd otursun?
– Hal-hazırda Türkiyə hakimiyyəti buna qəti qarşı çıxır. Ancaq ingilislərin bir sözü var – “heç vaxt heç vaxt demə”. Onu gələcək göstərəcək. Bu barədə əlbəttə ki, qəti söz demək olmaz. Çünki Türkiyə daxilində də Bəşər Əsəd hakimiyyəti ilə Türkiyə hakimiyyətinin görüşməsini müdafiə edən qüvvələr var. Belə düşünürlər ki, birbaşa görüşlər olmasa, bu məsələni həll edə bilməyəcəklər. Bilirsiniz ki, YPG/PYD ordusunun Suriya ordusu ilə bütünləşməsi məsələsi də gündəmdə idi. Deyirlər ki, birbaşa görüşərək bunun qarşısını almasaq, bu proses belə şəkildə davam edə bilər. Ona görə də heç vaxt “heç vaxt” deməmək lazımdır.
Müsahibə 25 oktyabr 2019-cu ildə götürülüb.
1905.az