SSRİ-nin dağılması və kommunizmin iflasından sonra bir çox qərbli müşahidəçilər Rusiyanın da Sovet İttifaqının taleyini təkrarlayacağını proqnozlaşdırırdılar. Lakin SSRİ və keçmiş Balkan nəhəngi Yuqoslaviyadan fərqli olaraq Rusiya mövcuddur. Üstəlik öz ərazi bütövlüyünü də qoruyub saxlaya bilib. Hətta Çeçenistan da beynəlxalq səviyyədə tanınmadı, Rusiyanın tərkib hissəsidir.
Dağılmaqda olan SSRİ-də millətçilik saat mexanizmli bombaya bənzəyirdi. Bu bomba ittifaq (Qorbaçov) rəhbərliyinin Boris Yeltsinin rəhbəri olduğu yeni RSFSR rəhbərliyinə qarşı mübarizədə muxtariyyat kartını önə çəkəndə və onların statusunu SSRİ respublikalarına münasibətdə bərabərləşdirməyə çalışanda partladı (4).
Çeçenistan münaqişəsinin həlli problemlərini araşdırmadan öncə onun yaranma səbəblərinə və münaqişənin qısa xronikasına nəzər salaq.
XX əsrin sonlarına təsadüf edən Rusiya-Çeçenistan münaqişəsi rus-çeçen münasibətlərinin bütün inkişaf tarixi, çoxcəhətli obyektiv (daxili və xarici), həmçinin subyektiv səbəblərlə şərtlənir. Onların əsas bir hissəsi SSRİ-nin dağılmasından sonra Rusiyada yaranmış qeyri-sabit sosial-siyasi şərait, iqtisadi çətinliklər, ölkə rəhbərliyinin Rusiya Federasiyasının bütün ərazisində millətlərarası münasibətlərin kəskinləşməsinə səbəb olan qərarları ilə bağlıdır.
XX əsrin sonlarında Rusiyada iqtisadi vəziyyətin, “mərkəz”lə milli regionlar arasında münasibətlərin korlanması dövründə ali dövlət hakimiyyətinin milli maraq və tələblərin ödənilməsi üçün universal qayda axtarışı, iqtisadiyyat, siyasət və mədəniyyət sahəsində vahid standartlar tətbiq etmək cəhdləri insanların kor-təbii şəkildə milli əlamətlərə görə birləşməsinə gətirib çıxardı. (3) Onlar məhz milli qruplar vasitəsilə ictimai sərvətin ədalətlə bölüşdürülməsi üçün dövlət sisteminə təsir göstərmək və öz talelərinə özlərinin təsir göstərə bilmək imkanlarının yaranması üçün vasitə kimi baxırdılar. Bu baxımdan Çeçenistan münaqişəsi də istisna deyil.
Çeçenistan münaqişəsində general G.Troşevin sözlərilə desək, “sırf subyektiv və təsadüfü amillər də mühüm rol oynamışdılar”. Zahirən bu amillər çeçen liderlərinin və onların moskvalı opponentləri tərəfindən məntiqi cəhətdən özünü doğrultmayan hərəkətlər, hər iki tərəfin avantüralı ambisiyaları, “oyunçu”ların merkantil hesablamaları kimi özünü biruzə verirdi. Əslində isə Çeçenistan münaqişəsi pərdəarxası dolaşıq oyunlar, məxfi əlaqələr, razılaşmalar və s. sayəsində yaranıb. Bütün bu aksiyaların əsasında dövlət və milli maraqlar deyil, şəxsi və qrup halında tamahkar məqsədlər dayanmışdı. Münaqişənin gedişində həm də Çeçenistan neftinin mənsubluğu məsələsi, maliyyə axınlarına nəzarət problemi həll olunurdu. Bununla əlaqədar olaraq bəzi ekspertlər Çeçenistan münaqişəsini “kommersiya müharibəsi” adlandırırlar. Amma bu münaqişənin əsas səbəbi kimi siyasi və iqtisadi elitanın yalnız neft maraqlarını deyil, həm də Çeçenistanın müstəqillik səylərini də hesab etmək lazımdır (1).
Üstəlik bu fonda dini amil intensivləşdi. 1992-ci ildə Qroznıda Beynəlxalq İslam Qardaşlığının filialı açılmışdı və burada dünyanın istənilən nöqtəsində İslam ideyaları uğrunda döyüşməyə hazır olan dini-ekstremizm təmayüllü 150 nəfər çeçen hazırlaşdırılırdı.
Məlum olduğu kimi, dini-siyasi ekstremizm sosial-siyasi problemlərin danışıqlar, kompromiss, xüsusilə də konsensus yolu ilə həll etmək imkanlarını rədd edir. Dini-siyasi ekstremizm tərəfdarları eyni dində olanlar da daxil olmaqla, onların siyasi baxışlarını bölüşməyənlərə qarşı ifrat dözümsüzlük nümayiş etdirirlər. Onlar üçün heç bir “siyasi oyun qaydaları”, yolverilənlərin və yol verilməyənlərin sərhədləri mövcud deyil. Dövlət institutları ilə qarşıdurma onların davranış tərzidir. “Qızıl orta” və dünya dinləri üçün əsas prinsiplər sayılan “özünə rəva bilmədiyini başqalarına rəva görmə” tələbi onlar tərəfindən inkar olunurdu. Onların arsenalındakı əsas prinsiplər zorakılıq, qeyri-adi qəddarlıq və demaqoqiya ilə uzlaşan aqressivlik idi (7).
1994-cü ilin oktyabrında Çeçenistan Prezidenti Cohar Dudayev Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinə ünvanladığı məktubunda yazırdı: “Çeçen-rus qarşıdurması bu gün kritik nöqtəyə çatıb və sabah xalqlarımız üçün milli fəlakətə çevrilə bilər. Çeçen-rus münasibətləri nizamlanmadığından, hər hansı ehtiyatsız söz və ya addım istənilən an yeni Qafqaz müharibəsini alovlandıra bilər” (5).
1995-ci ildə B.Yeltsin öz hakimiyyətini möhkəmlətmək və növbəti seçkilərdə qələbə qazanmaq üçün xırda, qalibiyyətli müharibəyə ehtiyac duyurdu. Amma kiçikmiqyaslı döyüş əvəzinə, Çeçenistandakı hərbi əməliyyatlar uzandı, böyük maddi və insan itkilərinə səbəb oldu, hakimiyyət və cəmiyyət daxilində böhranı gücləndirdi, dünya ictimai birliyinin rəyini Rusiyaya qarşı yönəltdi. Qeyri-adekvat güc tətbiqi Rusiya qoşununa qarşı Çeçenistanda əhalinin böyük nifrətinə səbəb oldu, hətta Dudayev rejimini dəstəkləməyənlər də onun tərəfdarına çevrildilər. Hətta Cohar Dudayev Rusiyaya qarşı azadlıq müharibəsinin simvoluna çevrildi.
1996-cı ilin aprelində C.Dudayev öldürüldü, həmin ilin mayında onu əvəz edən Z.Yandarbiyev ilə Kremldə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşma imzalandı. 1996-cı ildə B.Yeltsin yenidən Rusiya prezidenti seçildi, Çeçenistanda isə müharibə davam edirdi. 27 yanvar 1997-ci ildə Çeçenistanda keçirilən prezident seçkilərində A.Məshədov qalib gəldi. Lakin Məshədov çeçen cəmiyyətini birləşdirə bilmədi. “İçkeriya” dövləti nə beynəlxalq-hüquqi baxımdan (“de-yure”), nə də “de-fakto” tanınmadı. Hakimiyyətə gələn yeni çeçen elitası da separatçı ideyaların ifadəçisinə çevrildi.
Bu problem 2000-2004-cü illərdə Rusiyanın siyasi həyatında mühüm yer tuturdu. Şamil Basayevin 1999-cu ilin avqustunda Dağıstana yürüşü ilə separatçıların terrorçu fəaliyyəti məhdudlaşmadı. Sentyabrın 5-də və 9-da Buynakskda (Dağıstan) və Moskvada evlər partladıldı. Nəticədə 147 nəfər həlak oldu və onlarla insan yaralandı. Bu hadisələrə işarə edən baş nazir Vladimir Putin bildirdi: “Rusiya müdafiə olunur: bizə hücum ediblər. Buna görə də biz bütün sindromları, o cümlədən günahkarlıq sindromunu kənara atmalıyıq”. 23 sentyabrda yaraqlıların Qroznı ətrafındakı silah və döyüş sursatı anbarı raket-qumbara atəşinə tutuldu, 29 sentyabrda isə federal qüvvələr Çeçenistan sərhədini keçdilər və silahlı birləşmələrə qarşı yerüstü əməliyyatlara başladılar. Fəal döyüş əməliyyatları 1999-2000-ci ilin qışında da davam etdi, fevralda isə federal qüvvələr Qroznını tutdu. 2004-cü ilin martında Rusiya silahlı qruplaşmalarının komandanı general G.Troşev əməliyyatın hərbi fazasının başa çatdığını bildirdi. Lakin sonradan partizan müharibəsinin çətinlikləri özünü biruzə verdi. Gündüz döyüşlərinin qalibi olan “federal”lar gecələr təşəbbüsü rəqibə verirdi. (2)
2000-ci ildə federal mərkəz Çeçenistanda mülki orqanların yaradılması ilə bağlı həlledici addımlar atdı. İyunda RF prezidentinin fərmanı ilə Çeçenistan müftisi Ə.Kadırov administrasiyanın rəhbəri təyin edildi. Bu vəzifəyə birinci çeçen müharibəsinin fəal iştirakçısının təyin edilməsi Moskvanın yaranmış çeçendaxili reallıqlarla hesablaşmağa hazır olduğunu göstərirdi. 2001-ci ilin yanvarında Rusiya hökumətində Çeçenistanın işləri üzrə federal nazir vəzifəsi təsis edildi, Çeçenistan Respublikasının hökuməti yaradıldı, onun iqtisadiyyatının və sosial sferasının bərpası üzrə federal proqram qəbul olundu və 14,7 mlrd. rubl (təxminən 500 mln.dollar) ayrıldı. Amma sülh planını reallaşdırmaq mümkün olmadı, çünki yaraqlıların salamat qalan dəstələri həm Rusiya əsgərlərinə, həm də Kadırov administrasiyasına qarşı mübarizə aparırdılar. 2001-ci ilin sonlarından A.Məshədovun səlahiyyətli nümayəndəsi M.Uduqovla RF Prezidentinin Cənub federal dairəsindəki nümayəndəsi V.Kazansev arasında danışıqlar gedirdi. 23 oktyabr 2002-ci il tarixdə M.Barayevin başçılığı altında 50 nəfərdən artıq terrorçu Moskvadakı Dubrovka Teatr Mərkəzini tutdu və mindən artıq tamaşaçını girov götürdü. Yaraqlılar Rusiya rəhbərliyindən Çeçenistandan rus qoşunlaını çıxarmağı tələb edir, əks-təqdirdə binanı partladacaqlarını bildirirdilər. Girovların xilas edilməsi məqsədilə keçirilən xüsusi əməliyyatda bütün terrorçular məhv edildi, amma 129 nəfər girov da həlak oldu. Rusiya hökuməti terrorçulara güzəştə getməyəcəyini göstərdi. Lakin 2002-ci ilin oktyabr hadisələri hərbi yanaşmaya alternativ yolların aranmasını aktuallaşdırdı. (2)
Rus-çeçen münaqişəsi dövründə tərəflər rus və çeçen xalqlarının rəyinə məhəl qoymadan Rusiya Konstitusiyasının və beynəlxalq hüququn tələblərini kobudluqla pozmuşdular. Bu, daxili münaqişələrin nizamlanması və həlli ilə bağlı hüquqi əsasların olmaması, eləcə də insan hüquqlarının pozulmasına görə günahkarların məsuliyyətə cəlb edilmələri üçün real, hüquqi hərəkət sxeminin olmaması üzündən baş vermişdi.
Rus-çeçen müharibəsi Çeçenistan xalqına sülh və rifah gətirmədi, Rusiya üçün isə böyük insan qurbanı, nəhəng siyasi, iqtisadi və mənəvi itkilər hesabına başa gəldi.
10 noyabr 2002-ci ildə Vladimir Putin çeçen ictimaiyyətinin nümayəndələri ilə görüşündə də problemin həllinin vacibliyini bildirirdi: “Əminəm, əgər bu gün Çeçenistan problemini həll edə bilməsək, sabah 1999-cu ildə olduğu kimi yenidən xilafət yaratmaq cəhdləri olacaq. Ekstremistlərin fikrincə, onlar bu barədə hətta açıq danışırlar, xilafət yalnız bütün Şimali Qafqazı deyil, həm də Krasnodar və Stavropol diyarlarının bir hissəsini birləşdirməlidir. Hələ bu da son deyil. Bunun ardınca Rusiyanın çoxmillətli Volqaboyunda vəziyyəti gərginləşdirəcəklər. Bütün bunlar ona yönəldilib ki, ölkəmizdəki şəraiti Yuqoslaviyanın dağıdılması ssenarisinə uyğun inkişaf etdirsinlər. Amma bu, olmayacaq. Məsuliyyətlə bildirirəm: ikinci Xasavyurt olmayacaq”. (13)
Amma münaqişənin həlli ilk növbədə onun səbəblərini aradan qaldırmağı tələb edir. Çeçen müqavimət hərəkatı müstəqillik uğrunda mübarizə aparırdı. Məhz Çeçenistanın Rusiya tərkibində muxtariyyat statusunda imtinası 1994-cü il müharibəsinə səbəb oldu və 1999-cu ildə Putinə ikinci müharibəyə başlamağa imkan verdi. Əlbəttə bir sıra qısamüddətli amillər, o cümlədən Rusiyada prezident seçkiləri münaqişəni müharibəyə çevirdi, amma münaqişənin səbəbi Çeçenistanın dövlətçilik cəhdləri ilə bağlı idi. Çeçenlər üçün Rusiya tərkibində muxtariyyatın qəbul ediləməsi təslim olmaqdı, amma Çeçenistan tarixində bununla bağlı heç bir presedent yox idi və çətin ki, gələcəkdə də ola.
Münaqişənin nizamlanması üçün ilkin tədbirlər aşağıdakılardan ibarət olmalı idi (12):
Hərbi əməliyyatların dayandırılması, güc yolundan istifadə ilə qarşıdurmadan qətiyyətlə imtina; məcburi köçkünlərin qayıtması üçün şəraitin yaradılması; çeçendaxili dialoqun başlanması üçün şəraitin yaradılması, ictimai-siyasi həyatın bərpası.
Rusiya Federasiyasının Qafqaz siyasətinin başlıca məqsədi millətlərarası həmrəylik, sülh, iqtisadi rifah, hərtərəfli uçot əsasında xalqların ümumi tarixi-mədəni inkişafı, onların hər birinin maraqlarının razılaşdırılması və reallaşdırılması olmalıdır.
2002-ci ilin oktyabrındakı hadisələr bir daha göstərdi ki, terrorçularla Çeçenistanın müstəqilliyi ilə bağlı danışıqlar aparmaq olmaz. Deməli, münaqişənin nizamlanması üçün bütün tərəfləri qane edən modellər tapılmalı idi. Əhməd Kadırov nəzəri cəhətdən onların sayının üç olduğunu bildirirdi (6):
Birinci model – yaraqlıların nəzarət etdikləri müstəqil İçkeriya. Bu, əlbəttə ki, qəbulolunmazdır. Çeçenistan müstəqil dövlət kimi mövcud ola bilməz, çünki dərhal daxili qarşıdurma başlayar, yaxın və uzaq qonşuların sərhəd iddiaları fəallaşardı.
İkinci model – Çeçenistan Rusiyanın tərkibində, amma ciddi “kordon”la ayrılıb. Bu variant faktiki olaraq 1990-cı illərin sonlarında reallaşdırılıb və yaxşı heç nə qazandırmayıb. Blokpostlar şəffaf idi, “kordon”un içində isə özbaşınalıq hökm sürürdü. Əslində Çeçenistan Respublikasını izolyasiyada saxlamaq və onu blokadaya almaq imkanı cinayətkarcasına siyasi blefdir. Bu ərazinin sərhədlərini toxunulmaz saxlamaq üçün Rusiyanın nə maddi imkanı, nə də hərbi birləşmələri var. Hətta müvafiq hərbi kontingentin, blok-postların, hərbi rejimin mövcudluğu şəraitində də quldur birləşmələrinin Rusiyanın dərinliklərinə uzunmüddətli reydləri həmişə mümkündür.
Üçüncü model – Rusiya Federasiyası tərkibində xüsusi istisadi statusa malik, Federasiyanın tamhüquqlu subyekti olan Çeçenistan Respublikası. Məhz bu model daha mükəmməl görünürdü. Bu, həm də Rusiya-Çeçenistan münaqişəsinin sülh yolu ilə siyasi həllinə yol açırdı.
Birinci modellə bağlı bəzi mülahizələri də sadalayaq. Kiçik dövlətlərin mövcudluğu həm də xarici amillərdən asılıdır. Bu gün müstəqil Çeçenistanın yaradılmasında dünyanın güclü dövlətlərindən heç biri maraqlı deyil. Hazırki dövrdə yeni dövlətlər daxili səylərdən çox, böyük dövlətlərin siyasi iradəsi sayəsində yaranırlar. Bu layihənin isə Kosovodan fərqli olaraq ciddi xarici dəstəyi olmadı. Həm də hər bir etnos öz dövlətçiliyini yaratmaq iqtidarında deyil. Bunun üçün yalnız istək azdır. Öz müstəqilliyini elan edən ölkə ən azı iki digər ölkə və ya dəniz sahili ilə həmsərhəd olmalıdır. Çeçenistan isə faktiki olaraq anklavdır, İnquşetiya, Şimali Osetiya, Stavropol diyarı və Dağıstanla sərhəddir. Deməli, harasa getməyi mümkün deyil, ətrafdakı Rusiyadır və Gürcüstanla dağ sərhədi. (10)
2002-ci ilin noyabrında Çeçenistanda konstitusiya quruculuğu prosesinə start verildi. 2003-cü ilin martında respublikada referendum keçirildi və təklif edilən Konstitusiya layihəsini səs verənlərin 96 faizi dəstəklədi. Səs verənlər həm də respublikanın prezidenti və parlamentinə seçkilər keçirilməsi ideyasını bəyəndilər. Bütün bunlar əhalinin vəziyyətinin normallaşdırılmasına yönəlik səyləri müdafiə etdiklərini göstərdi. 2003-cü ilin oktyabrında seçkilər baş tutdu, prezident və parlament seçildi.
Kremlin Çeçenistandakı prezident seçkilərində Ə.Kadırovu dəstəkləməsinin xüsusi bir məntiqi vardı və bir sıra səbəblərdən diktə olunurdu: birincisi, RF prezidentinə güc strukturlarının təsiri (Kadırov hərbçilərin, xüsusi xidmətlərin namizədi idi). İkincisi, xarici siyasət amili böyük rol oynamışdı. RF rəhbərliyi dünya ictimaiyyətinə nümayiş etdirmək istəyirdi ki, Çeçenistanın rəhbəri separatizm siyasətindən məyus olan çeçenlərin “dini lideri”, Məshədovun keçmiş silahdaşıdır. Üçüncüsü Kadırovun təyinatı bu və ya dogər səbəblərdən əllərinə silah götürməyən keçmiş dudayevçi və məshədovçuların barışdırılmasına yönəldilmişdi. Kremlin fikrincə, müftinin ziddiyyətli fiquru “vəhhabilik” əleyhinə çıxan bütün çeçenləri birləşdirməliydi. (9)
Çeçenistan Respublikasının Rusiyanın konstitusiya sahəsinə qayıtması, hakimiyyət vertikalının möhkəmlənməsi çeçen xalqına Rusiya Federasiyası tərkibində real inteqrasiya yoluna keçmək imkanı yaratdı. Çeçenistan respublikasının iqtisadi bazasının möhkəmləndirilməsi respublikanın simasını dəyişdi, səhiyyə, təhsil, mədəniyyət, idman müəssisələrinin işləməsi üçün şərait formalaşdırdı. Lakin zəif sənaye və sosial baza, hasilat sənayesinin kəskin surətdə aşağı düşməsi, sənaye və kənd təsərrüfatı müəssisələrinin dağılması respublikada əmək qabiliyyətli əhalinin işsizliyini şərtləndirən amillərdir. İşsizlərin 60 faizdən çoxu 16-29 yaşlı kənd gəncləridir. İşsiz əhali, o cümlədən də gənclər potensial yüksək təhlükə mənbəyidir. İctimai təhlükəsizliyin aşağı səviyyəsi və hakimiyyətin get-gedə cəmiyyətdən uzaqlaşması, onun “qapalılığı” və tayfa-korporativ xarakterliliyi regionda yeni sosial-siyasi münaqişənin yetişməsi ilə bağlı nəticə çıxarmağa imkan verir. (11)
Rusiya və Çeçenistan arasındakı qarşıdurma yalnız Rusiya dövlətçiliyinin möhkəmlənəcəyi, ölkə əvvəlki böyük dövlət statusunu geri qaytararaq siyasi və iqtisadi cəhətdən müstəqil ölkə olacağı təqdirdə təkrarlanmayacaq. Rusiya cəmiyyətinin real inteqrasiyası baş verəcəyi, müxtəlif etnik qruplar etnik ərazilərinin xaricində, Rusiya sərhədləri daxilində tamhüquqlu və müdafiə olunmuş vətəndaşlar kimi özlərini hiss edəcəkləri halda Çeçenistan Rusiya Federasiyasının tamhüquqlu subyekti olacaq. Bunu isə indiki halda yalnız cəmiyyət və hakimiyyət arasında konstruktiv dialoqa nail olmaqla təmin etmək mümkündür. (6)
Mənzil-qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun 2015-ci ildə dərc etdiyi “Çeçenistan: Daxili xaric” adlı məruzəsində deyilir: Çoxillik Rusiya-Çeçenistan münaqişəsi həll olunmayıb, dərinliyə çəkilib. Bu gün Çeçenistandakı sülh yalnız müharibənin olmaması ilə xarakterizə olunur. Real siyasi həll əvəzinə və regionun ümumrusiya gerçəkliyinə inteqrasiyası əvəzinə, son illərdə biz yalnız prosesin imitasiyasını müşahidə edirik. Bunun da nəticəsində Çeçenistanda mövcud olan nizamlama modeli uzunmüddətli sülhə apara bilməz. Bu modelin hələlik qansız, minimal qeyri-sabitlik təzahürləri ilə formasını dəyişmək mümkündür. (8)
Fuad Babayev,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
əməkdar jurnalist
İstifadə edilmiş ədəbiyyat:
1. Александров А.А. Возникновение и развитие «чеченской проблемы» в конце XX в. в России/Историческая и социально-образовательная мысль. 2012 №6
2. Барсенков А. С., Вдовин А. И. История России. 1917–2009 / А. С. Барсенков, А. И. Вдовин. — 34е изд., расш. и перераб. — М.: Аспект Пресс, 2010.778-779
3.Васильева М.В., Урбанович А.Р. Стратегические направления и ориентиры социально-экономического развития регионов // Национальные интересы: приоритеты и безопасность. 2011. № 2.
4.Гродненский Н. Первая чеченская – история вооруженного конфликта (первая книга). –М.: ФУАИнформ, 2007. 161
5.Дудаева Алла. Миллион первый/Б.: Адилов, Зейналов и сыновья, 2002.149
6.Кадыров А.А. Российско-чeчeнский конфликт: Генезис, сушность, пути решения//Диссертация на соискание ученой степени кандидата политических наук. М.: 2003
7.Садиков М.И., Ханбабаев К.М. Религиозно-политический экстремизм/ Учебное пособие для студентов высших учебных заведений – Махачкала: 2009. 50
8.Чечня все больше отделяется от России/ Новая газета. 2015 г.№68
9.Чечня от конфликта к стабильности (проблемы реконструкции)/М.: 2001, 281
10.Есть ли будущее у Чечни в составе Российской Федерации/https://ru.exrus.eu/Yest-li-budushcheye-u-Chechni-v-sostave-Rossii-id519a6a296ccc19f251000d62
11.Стратегические приоритеты социально-экономического развития чеченской республики на современном этапе/Электронный научный журнал «Современные проблемы науки и оброзования»// https://www.science-education.ru/ru/article/view?id=17213
12.О возможности мирного урегулирования конфликта в Чечне/ http://feedbackgroup.info/proetcon/konflikt.htm
13.http://kremlin.ru/events/president/transcripts/21770
“Geostraregiya” N 1 (43) yanvar-fevral 2018