Azərbaycan və Slovakiya arasında siyasi dialoqu yüksək qiymətləndiririk. 2019-cu ildə Slovakiya Respublikasının Azərbaycan Respublikasında səfirliyi açılıb. Bunu ikitərəfli münasibətlərin inkişafı baxımından yüksək dəyərləndiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçok ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Qarşılıqlı iqtisadi əlaqələrə toxunan nazir qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələndirmə mexanizminin yaradılması ilə bağlı addımların atılması nəzərdə tutulur. Beynəlxalq platformalarda ölkələrimiz arasında əməkdaşlıq məsələləri də müzakirə olundu. “Hazırda biz regionun xüsusi bir dövrünü yaşayırıq. 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımız erməni işğalından azad edildi. Azərbaycan dövlətinin mövqeyi dövlətlərarası münasibətlərin yaradılmasını və inkişaf etdirilməsini özündə əks etdirir. Regionda sabitliyin və inkişafın bərqərar olunması üçün dövlətlər üçtərəfli Bəyanatın tələblərinə riayət etməlidirlər. Lakin təəssüf ki, bu tələblərin Ermənistan tərəfindən pozulması halları müşahidə edilir. Bütün bu hallara son qoyulmalıdır.
İşğal altında olan torpaqları kütləvi şəkildə minalayan Ermənistan bu minaların xəritəsini Azərbaycan tərəfinə verməkdən boyun qaçırır. Bu gün Azərbaycan postmünaqişə dövrünün tələblərinə uyğun olaraq işğaldan azad edilən ərazilərin bərpası ilə məşğuldur. Bu, böyük vəsait və zaman tələb edir. Əminik ki, Azərbaycan dövləti bu vəzifənin də öhdəsindən uğurla gələcəkdir. Dost ölkələrin bu işlərə cəlb edilməsi prioritet məsələdir.
Azərbaycan və Slovakiya arasında münasibətlər beynəlxalq hüququn prinsiplərinə söykənir. Əminik ki, bu münasibətlər bundan sonra xalqlarımızın rifahına xidmət edəcək”, – deyə Ceyhun Bayramov bildirib.