Millət vəkili Aydın Mirzəzadə və psixoloq Azad İsazadə ilə çimərliklərdə təhlükəsizlik məsələlərindən danışdıq.
Fuad Babayev: Aydın müəllim bir müddət bundan əvvəl sosial şəbəkədə yazdığı statusunda Mingəçevirdə Kür çayının qırağında böyüdüyünü, uşaq vaxtından üzməyi öyrəndiyini vurğulayır. Qeyd edir ki, ilk dəfə 12 yaşında Kürü üzüb keçib, 13 yaşında isə bir erməni ilə mərc gəlib Kürü o taya keçib o dəqiqə də geri üzüb. Yazır ki, indi də pis üzmürəm, amma bütün bunlara baxmayaraq sudan qorxur.
Biz bəzən bəzi problemləri görməməzlikdən gəlirik, elə bilirik ki, hansısa problemə reaksiya verməsək, o problem öz-özünə həll olacaq. Amma çimərliklərdə baş verən hadisələr bu problemlərdən deyil.
Bu çimərlik mövsümündə onlarla adam batıb. Aydın müəllim, öz statusunuz ilə bu mövzuya öz reaksiyanızı bildirmisiniz. Bəs ötən illərdə belə bir şey olubmu? Bu il elə bil bu batmalar daha çox vüsət aldı.
Aydın Mirzəzadə: Çox təəssüf ki, su hövzələrinin yanında hər il insan batmaları baş verir. Bu təkcə bizdə deyil, bütün dünyada olur. Ancaq bununla belə, ondan qorunmağın hər ölkə üçün mexanizmi: ya qanunçuluq, ya da cəmiyyətdə mədəniyyət formasında hazırlanır. Bildirdiyim kimi, mən Mingəçevirdə düz Kür çayının sahilində anadan olub orada su ilə yanaşı yaşayıb böyümüşəm. Uşaq vaxtlarında da üzgüçülüyü öyrənmişəm. O zamanlar Kürü o tərəfə keçib qayıtmaq Mingəçevirdə artıq yetkinlik sayılırdı. Su kənarlarında yaşayanlarda özünüqoruma mexanizmi formalaşıb. Baxmayaraq ki, Kür sahilində idik, lakin ancaq inanılmış və hamının gözü qabağında olan çimərliklərdə çimirdik. Kənarda isə uşaqlar bir-birinə nəzarət edirdilər: dərin yerlərə üzməyə buraxmırdılar, başa salırdılar və s. Digər tərəfdən bəzi hadisələri danışmaqla cəmiyyət özü hər hansı hadisənin baş verməsinin qarşısını alırdı. Ancaq bununla bərabər, su kənarında böyüyən insanlarda suya qarşı bir etinasızlıq, ehtiyatsızlıq var. Onlar elə düşünürlər ki, suda çimmək hamamda çimmək kimi adi bir şeydir və su ilə bacaracaqlar. Amma bu düşüncə fəlakətə səbəb olur. Əvvəla, su cəlbedicidir və Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Bizdə çimərlik mövsümü maksimum 4 ay çəkir. İnsanlar çimərlik, suda üzmək üçün darıxırlar və mövsüm başlayan kimi enerjilərini qısa zaman ərzində ortaya qoymağa çalışırlar. Ikincisi, insanlarda elə bir təsəvvür var ki, onlar su ilə bacaracaqlar. Su az və dərin olmadıqda heç bir problem yaranmır. Ancaq su hövzəsi dərin və suyun altında görünməyən təhlükələr (burulğanlar, su yarğanları, su altında qırılmış ağac budaqları, böyük bir qaya parçası, hansısa metal konstruksiya, şüşə qırığı və s.) olduqda, insan üçün problem yarada bilər.
Mənim analizim göstərir ki, böyük ehtimalla aşağıdakı hallarda suda batma halları olur:
Birincisi, suda batanlar ya üzməyi bilmirlər, ya da ki, çox zəif bilirlər. Bu insanlar yalnız su qurşağa qədər olan ərazilərdə çimməlidir. Mən özüm də kifayət qədər yaxşı üzməyimə baxmayaraq, su boyumdan yuxarı keçdikdə 3-4 metrdən artıq irəli getmirəm. Çünki insan yorula bilər, qıcolmaya tutula bilər və s.
Ikinci məqam içkili vəziyyətdə suya daxil olmaqdan ibarətdir. Hadisələrin çoxunda bunun rolunu görmək olar.
Üçüncü məqam isə çimərlik üçün münasib olmayan yerlərdə çimməyə cəhd etməkdən ibarətdir. Bu baxımdan respublikamızın müxtəlif yerlərində artıq on illərdir sınaqdan keçmiş, nəzarət altında olan, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin olduğu yerlərdə çimmək olar. Amma kənarda bu təhlükələr var, faciələrin əksəriyyəti də burada baş verir.
Bir halı da qeyd etmək lazımdır. Bu da boğulanı xilas etmək üçün köməyə qaçan insanın xilasetmə texnologiyasını bilməməsidir. Heç bir halda suda batan insanın qarşı tərəfindən onu xilas etmək olmaz. Mütləq arxa tərəfinə keçib onu qollarının altından götürmək və arxası üstə üzərək onu sahilə çıxartmaq lazımdır.
Çox təəssüf ki, suda boğulanların sayı ildən-ilə artır. Məndə elə təəssürat yaranıb ki, nəzarətdən kənar çimərliklərdə batanların sayı daha da artmaqda davam edir.
Fuad Babayev: Aydın müəllim haqlı olaraq qeyd etdi ki, insanlar əsasən nəzarətdən kənar yerlərdə batırlar. Azad müəllim, bu nə ilə bağlıdır? Ənənəvi olaraq Xəzər sahillərinin zəbt olunması fenomeni ilə üz-üzəyik. Bəzi insanlar sahilin bir hissəsini zəbt edir və ora heç kəs gedə bilməz. Və yaxud pullu çimərliklərin həddən artıq baha və insanların cibinə uyğun olmaması da faktdır. Bu dediklərimdən başqa hansı məqamlar insanları nəzarətsiz yerlərə getməyə sövq edir? Nəyə görə insanlar nəzarətdən kənar yerlərdə çimməlidir? Bəlkə bu məsələnin psixoloji səbəbləri var?
Azad İsazadə: Mənim uşaqlığım Xəzər sahillərində keçib. O zamanlar nəzarətli çimərliklər demək olar ki, yox idi. Biz yaxın olsun deyə bağdan ən qısa yol ilə dənizə gedib suya girirdik. Doğrudur, Bakının hər kəndinin rəsmi çimərliyi var idi, amma orada xilasedici, xilasedici avadanlıqlar yox idi və s.
Fuad Babayev: Yəni məsələn, Şıxov çimərliyində də yox idi?
Azad İsazadə: Şıxov rəsmi nəzarətli çimərlik idi, lakin orada da xilasedicilər yox kimi sayılırdı. Batma halları da var idi. Amma biz kimə hara rahatdır, ora da getməyi öyrəşmişdik.
Bir məqama da toxunmaq istəyirəm. Dəniz sahilində yaşamağımıza baxmayaraq, digər ölkələrin sahil şəhərlərində yaşayanlar ilə müqayisə etsək Azərbaycanda, o cümlədən Bakıda yaxşı üzən insanlar daha az idi. Məsələn, Soçi, Krım, Türkiyənin dəniz sahilində yaşayan insanlar çox yaxşı üzür.
Fuad Babayev: Bəs bizdə niyə vəziyyət belədir?
Azad İsazadə: Biz əsasən qıraqda, gözdən uzaq yerlərdə olmağa çalışır, həm də istəmirik ki, bizə, yaxud ailə üzvlərimizə baxsınlar və nisbətən təmiz suda çimmək istəyirik. Çünki çimərliklər faktiki olaraq təmizlənmir. Yəni burada bir neçə amil rol oynayır.
Fuad Babayev: Üzə bilməyən insanlar yəqin ki, spirtli içkinin təsiri altında gedib təhlükəli yerlərdə çimə bilərlər. Amma çox vaxt belə fikrə rast gəlirəm ki, batanların arasında yaxşı üzənlər, özünə güvənənlər daha çoxdur.
Aydın Mirzəzadə: Yaxşı üzənlər qıc olmadan, yaxud yaxşı öyrənilməmiş yerdə burulğana düşüb bata bilər. Burulğandan da çıxmanın xüsusi texnologiyası var. Bu vəziyyətlə qarşılaşan insan suyun üzərinə çıxmağa çalışır və burulğan onu suyun dibinə çəkir. Əslində isə burulğana müqavimət göstərməyib onunla birlikdə gedib kənar yerdə suyun üzərinə çıxmaq lazımdır. Bundan əlavə yaxşı üzən insanlar bayaq qeyd etdiyim su altında gözlənilməz təhlükələrdən də batma təhlükəsi ilə üzləşə bilərlər. Bir məsələni də bildirim: professional üzgüçülər öz çimərlik paltarında həmişə sancaq gəzdirir. Onlar qıcolma zamanı sancağın ucunu ayağa batıraraq qıcolmanı aradan qaldırırlar. Yaxşı üzən insanların batması nadir hallarda ola bilər. Cəmiyyətimizdə özünü sudan qoruma mədəniyyətinin, texnologiyasının formalaşmasına çox böyük ehtiyac var. Baxmayaraq ki, Azərbaycanda Xəzər dənizi, Kür çayı kimi çoxlu sayda böyük-kiçik su hövzələrimiz var, sadəcə olaraq üzgüçülüyə istirahət kimi baxırıq, onu idman kimi görmürük. Biz bu sindromu sındırmalı, üzgüçülüyü bir idman növünə çevirməliyik. Məsələn, qış aylarında şəhərdəki hovuzlara gedirəm, təəssüf ki, ora gələn insanların sayı çox azdır. Qadınların, uşaqların sayı isə daha azdır. Batanların da əksəriyyəti cavan qızlardır. Insanlarda üzgüçülüyün bir idman növü, bir yaşam mədəniyyəti kimi formalaşmasına çox böyük ehtiyac var. Digər tərəfdən KİV-lərdə insanların sudan özünü qorumağın yolları barədə çoxsaylı materiallar, TV-lərdə sosial çarxlar getməlidir. Üzgüçülük sezonu may ayının ortasından başlayıb sentyabrın axırlarına qədər davam edir. Tək həmin dövr deyil, bütün il boyu sosial çarxlar nümayiş olunmalıdır. Birincisi, insanlar xəbərdar olunmalıdır: sudan nə təhlükə gələ bilər, özünü sudan qorumanın yolları nədən ibarətdir, suda batana necə kömək etmək olar. Gəncləri üzgüçülüyə həvəsləndirmək lazımdır. Təəssüf edirəm ki, üzgüçülük orta məktəblərdə bədən tərbiyəsi dərsləri proqramına daxil deyildir. Bizim bütün regionlarda üzgüçülük hovuzları olan çox gözəl olimpiya komplekslərimiz var. Mənə elə gəlir ki, Təhsil nazirliyi ilə Gənclər və İdman nazirliyi orta məktəblərin yuxarı sinif şagirdlərinin məhz üzgüçülüyü öyrənmək üçün bədən tərbiyəsi dərslərinin bir hissəsini həmin komplekslərdə keçirməsi, oradan istifadə edə bilməsi barədə razılığa gəlməlidir. Çünki suda batan insan təkcə bir ailənin faciəsi deyil, bu, ümumilikdə, cəmiyyətimizin faciəsidir. Bu ilk öncə hamımız üçün psixoloji travmadır, çünki bu barədə materialları oxuyuruq. Həm də batan insanlar bir qayda olaraq 12-30 yaş arasında olanlardır. Təqribən 30 yaşdan sonra insanlarda özünü qoruma instinkti güclənir. Hər batan bir insan sabah ərə getməyən bir qız, yaxud evlənə bilməyən bir oğlan deməkdir. Bu, dünyaya gəlməyən 2-3 uşaq, baba-nənə, əmi-bibi, dayı-xala olmayan insanlar deməkdir və o ailə və yaxınları üçün ağır bir psixoloji travmadır. Mən Kür sahilində böyümüşəm və tanıdığım ailələrdən suda batanlar olub, indiyə qədər də o hadisələr mənə ağır təsir edir.
Bəşəriyyət yaranandan insan həmişə su ilə təmasda olub. Su varsa, həyat da var. Ancaq su ona hörmətlə yanaşmanı tələb edir.
Razıyam ki, çimərliklərimiz heç də ideal vəziyyətdə deyil. Digər tərəfdən bir çox çimərliklərin pullu obyektə çevrilməsi çox da xoş hal deyil. Əlbəttə, qazanılan vəsaitin müəyyən hissəsi çimərliyin abadlaşdırılmasına, normal şəraitin yaradılmasına sərf olunur. Amma bu, biznesə çevrilməməlidir. Bu baxımdan son dövrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ictimai çimərliklər barədə təşəbbüsü dəstəklənməlidir. Çimərliyə giriş haqqı çox cüzi ola bilər, yaxud büdcədə vəsait tapılar ki, həmin o ictimai çimərliklər abadlaşdırılıb insanların istifadəsinə verilsin. Amma bununla yanaşı hər kəsin diqqətinə suyun bir tərəfdən həyat, digər tərəfdən təhlükə olması, insanlara üzməyə gedərkən həddən artıq ehtiyatlı olmaq fikri çatdırılmalıdır.
Fuad Babayev: Mən uzun illər bundan qabaq Rumıniyanın Konstantsa şəhərində elmi tədbirə qatılmışdım. Bu şəhər sahil şəhəridir, çimərliklərləri var. Təşkilatçılar bizə ən ucuz oteldə yer ayırmışdılar. Maraqlı idi ki, şəhərdə dəniz sahili ümumi idi, sahil boyu otellər arasında heç bir sərhəd yox idi. Biz ən ucuz oteldən ən bahalı otelə qədər sahil ilə gedə bilirdik. Getdikcə görürdüm ki, şezlonqlar (istirahət üçün nəzərdə tutulmuş yumşaq kreslo növü – red.) dəyişir. Tutalım ki, bizim ucuz otel tərəfdə adi şezlonqlar var idi, bir az gedəndən sonra onlar bahalısı ilə əvəz olunurdu və irəli bahalı otellər istiqamətində getdikcə əvvəlkilərdən daha bahalısını görürdük. Yəni mən nəzəri cəhətdən ən ucuz oteldə qala-qala ən bahalı otelin çimərliyinə də gedib çimə bilərdim. Hərçənd bunu etmədim, amma o imkan var idi. Bizdə necədir? Istərdim ki, Azad müəllim bunun bizim mental dəyərlərimizlə nə qədər əlaqəli olduğundan danışsın. Belə bir şey ola bilərmi ki, məsələn, varlı insanlar hansısa bir çimərlikdə çimir və bütün imkanlardan istifadə edərək “kasıb-kusub”un onların istirahət etdiyi əraziyə gəlməsini əngəlləyirlər. Bəlkə müəyyən çimərliklərin baha olması da buradan qaynaqlanır. Çünki orada xüsusi bir xidmət də göstərilmir. Orada axı nə qeyri-adilik var? Bu bizdə bir növ az qala sosial problemə çevrilmiş təbəqələşmənin təzahürü kimi qəbul oluna bilərmi?
Azad İsazadə: Yəqin ki, oluna bilər. Söhbət təkcə çimərlikdən getmir, söhbət brenddən, bahalı maşından və s. gedir, yəni mən o biri insanlardan nə ilə isə fərqlənməliyəm. Həm də elə fərqlənməliyəm ki, çoxunun mənə bənzəməyə imkanı olmasın. Bu təkcə Azərbaycana aid deyil. Bunu hətta Hollivud ulduzları, digər ölkələrin şou-biznes, idman və s. ulduzları da edir. Bundan əlavə, nəzərə alaq ki, biz Şərq ölkəsiyik, parlaq və bahalı şeyləri daha çox xoşlayırıq. Bizdə insanlar nümayiş etdirməlidir ki, “Amburan”a gedirəm, penthausda yaşayıram, bahalı nömrə götürürəm, mən o birilərdən seçilirəm və s.
Fuad Babayev: Əvvələr çox eşidirdik ki, dənizdə çiməndə insanları guya dalğıclar məqsədyönlü şəkildə dartıb batırırlar, sonra batıb ölmüş insanın cəsədini suyun altında bağlayırlar və nəhayətdə böyük pul müqabilində gedib onu suyun altında “tapırlar”. Bəlkə də belə hal bir dəfə də olmayıb. Amma mən bunu çox eşitmişəm. Yəni burada xilasediciyə də inamsızlıq var.
Azad İsazadə: Xilasedici olmayan vaxtlar da bu dalğıc söhbəti var idi. Amma şayiənin bir kökü var. Yadımdadır, güclü külək əsəndə sabahısı gün baba-nənələrimiz bizə dənizə getməyə icazə verməzdilər. Çünki dənizin dibi dəyişirdi. Bir-iki gün gözləməli idik ki, dalğalar dənizin dibini düzəltsin.
Fuad Babayev: Yəni külək ənənəvi relyefi dəyişirdi.
Azad İsazadə: Bəli. Biz harada çimməyə öyrəşmişdiksə, orada dənizin dibi dəyişirdi və burulğan yarana bilərdi. Burulğan da ona oxşayır ki, sanki kimsə səni ayağından tutub aşağı dartır. Bu vəziyyətdən qurtaran adam da deyirdi ki, kimsə ayağımdan dartırdı. Bu hadisələri eşitmişəm. Burulğandan xilas olmuş adamlar danışırdı ki, məni ayağımdan dartırdılar.
Aydın Mirzəzadə: Belə bir təsəvvür yaranır.
Mehman İbrahimov: Bununla bəlkə qorxu yaradırdılar ki, dənizin dərin yerlərinə gedən olmasın.
Azad İsazadə: Bəli. Amma mən inanmıram, real da görməmişəm, heç olmasa bu dalğıclardan biri ələ keçməli idi.
Mehman İbrahimov: Dalğıc nə isə edib daim suda qala bilməz ki. Sonra onu hansısa bir qayıq harada isə götürməlidir. Bunu isə istənilən halda insanlar görə bilərdi.
Fuad Babayev: İnsanların batmasında panik atakın rolu varmı? Yaxınlarda Qubanın bir kəndində 13 yaşlı Dəyanət adlı məktəbli bir qızı seldən xilas etdi, lakin onun qardaşını qurtara bilmədi. Ancaq baxın ki, dağ çayına atılmaq nə qədər cəsarət tələb edir. Psixoloji durumu qaydasında olmayan adam bunu etməzdi. Bəs bu suda batmalarda insanların çeşidli psixoloji durumunun ağırlaşmasının da rolu var? Bəlkə boğulan insan panikaya düşməsə və özünü toparlasa idi, situasiyadan çıxa bilərdi?
Azad İsazadə: Panika emosional haldır. Qanda adrenalinin artması nəticəsində kimdə isə panik atak yarana bilər. Biz adrenalinə fərdi reaksiya veririk. Kimsə adrenalinin çox olmasından qabağa qaçır. Məsələn, səngərdə bir əsgərin adrenalini artır, o, irəli atılır, amma digər əsgərin adrenalini artanda başqa cür təsir edir, o da qorxuya düşüb arxaya qaçır. Bu o demək deyil ki, qəhrəman yalnız adrenalin hesabına olur. Sadəcə olaraq bu adamın psixoloji durumu bu cürdür: vətənpərvərdir, həmişə qəhrəmanlıq edə, riskə gedə bilər, ümumiyyətlə isə dinc otura bilmir, nə isə etməlidir. Xilasedicidə də adrenalin çoxalır, sadəcə o peşəkardır, nə edəcəyini, necə xilas edəcəyini bilir. Batan insanın da adrenalini artır, amma o bilmir nə etsin, ona görə də panikaya düşür.
Aydın Mirzəzadə: Bir neçə gün bundan qabaq Rusiyada təyyarəni qəzalı vəziyyətdə qarğıdalı zəmisinə endirdilər. Mən professionalların bu barədə rəyini oxuyuram, deyirlər ki, ekipajın komandiri həddən artıq dəqiq işləyib. Bir millimetr səhv etsə idi, növbəti faciə baş verəcəkdi.
Azad İsazadə: Təbii ki, o anda pilotların adrenalini aşıb-daşırdı, ancaq onlar bilirdilər nə edirlər. Adrenalin o komandirə imkan verdi ki, hər şeyi saniyəsinə qədər hesablasın. Başqası olsa idi, əlbəttə bunu bacarmayacaqdı, özünü itirəcəkdi. Adətən nə edirik? Gözlərimizi bağlayırıq. Göstərirlər, xanım maşın sürərkən özünü itirir, sükanı buraxıb gözünü örtür. Deməli, eyni adrenalin, üstəgəl təcrübə, hansısa nəzəriyyə, ideoloji amil və s. hamısı bir yerdə müsbət nəticə verə bilər. Bazası olmayan yerdə adrenalin adamı çıxılmaz vəziyyətə, panikaya salır. Kimsə qışqırır, halbuki qışqırmaq olmaz, kimsə gözlərini yumur. O cümlədən də batan insan çabalamağa başlayır.
Fuad Babayev: Adətən indiyə qədər xatırlamıram ki, çimərlik mövsümü bu ilki kimi keçsin. Bu yay anomal hava çox oldu. Bəs nə etmək lazımdır? Bayaq gözəl təklif verdiniz ki, regionlardakı mövcud olimpiya komplekslərində məktəblilər üçün üzgüçülük dərsləri təşkil etmək lazımdır. Bizi oxuyan çimərlik həvəskarlarına bu cür faciələrin baş verməməsi üçün daha nələri nə tövsiyə edə bilərik?
Aydın Mirzəzadə: Təşəkkür edirəm ki, bu mövzunu müzakirə edirsiniz. Bu mövzu bir dəfə deyil, daima müzakirə olunmalı, ictimai diqqətdə olmalıdır. Sosial çarxlar, videolar olmalıdır, xəbər saytlarında bununla bağlı məlumatlar getməlidir. Amma burada faciəvi xəbərin yayımlanmasını nəzərdə tutmuram. Mən şəxsən batmaqla bağlı xəbərləri oxuya bilmirəm. Çünki mənə ağır təsir edir. Amma beynimdə həmin informasiya qalır. Hesab edirəm ki, qabaqlayıcı tədbirlər ilə bağlı çox böyük kampaniya getməlidir. Həm də bu, kampaniya xarakteri daşımamalıdır.
Fuad Babayev: Yəni daimi əsaslarla aparılmalıdır.
Aydın Mirzəzadə: Bəli. Necə ki, biz uşaqlara həyatda ayaq üstə durmağı, öz yerini tutmağı, vətəninin sevməyi öyrədirik, onlarla təhlükəsizliyin, sağlam qidanın, möhkəm ailə qurmağın təbliğatını aparırıq, o cür də onlara üzgüçülüyü təbliğ etməliyik. Bu təbliğat getməlidir. Ancaq çox təəssüf ki, biz yalnız faciənin özünü göstəririk.
Üzgüçülüyü bilmək adi bir normaya çevrilməlidir.
Əgər tez-tez desək ki, mütləq üzgüçülüyü öyrənin, bu cür standart şablon sözləri insanlar qəbul etməyəcək. Ancaq yazı çıxsa ki, insan batan zaman nə etməli ki xilas olsun, onu qəbul edəcəklər. Hesab edirəm ki, gənclərə özünü qoruyub saxlamağa, onların cəmiyyətə çox lazım olduğunu anlatmağa qeyri-standart yanaşmalarla, təkliflərlə təbliğ etmək lazımdır. Ona görə də statusumun axırında yazmışam ki, gənclər, özünüzü qoruyun, siz bizim üçün qiymətlisiniz. Hər bir insan cəmiyyət üçün heç bir qiymətlə ölçülməyəcək qədər dəyərlidir və hər bir insan üçün biz mübarizə aparmalıyıq.
Mehman İbrahimov: Bir şey əlavə etmək istərdim. Özəl çimərliklərə gedəndə adamın ürəyi açılır. Amma ictimai çimərliklərdə başqa vəziyyətlə qarşılaşırsan. Həddən artıq sıxlıqdır, bütün sahili adamlar tutub, dənizə girmək üçün mütləq kiminsə yanından adlayıb keçməlisən. Xilasedicilər də hər yerə çatdıra bilmirlər. Təmizlikdən isə danışmağa dəyməz. Bütün bunlar üçün o qədər də böyük olmayan vəsait lazımdır. Yəni dövlət qurumları bunu edə bilməz?
Aydın Mirzəzadə: Hesab edirəm ki, burada dövlətin də üzərinə böyük məsuliyyət düşür. Əvvəla, çimərlik mövsümünə hazırlıqla bağlı yerli icra hakimiyyətləri mövsüm ərəfəsində ciddi müzakirələr aparmalı, çimərliklərin mövsümə hazırlığını müəyyənləşdirməlidir. Digər tərəfdən, bütün çimərlikləri FHN-nin xilasediciləri ilə təmin etmək qeyri-mümkündür. Ancaq bununla bərabər, böyük təbliğat işi getməli, çimərliklərdə təhlükəsizliyin, təmizliyin qorunmasına dövlət diqqət etməlidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yeni ictimai çimərliklər açıldı, amma yerli icra hakimiyyətləri öz büdcələri hesabına həmin o çimərlikləri insanların rahat dincələcəyi və çimə biləcəyi vəziyyətdə daima saxlamağı bacarmalıdırlar. Həmçinin hesab edirəm ki, qapalı çimərliklər bütün insanlar üçün açılmalıdır. Mən də xaricdə çox olmuşam və siz dediyiniz kimi, çimərlikdən çimərliyə keçmişəm və orada çimərliyə girişə görə deyil, xidmətlərdən istifadəyə görə ödəniş edirsən. Əgər can dəsmalı lazımdır, yaxud sərinləşdirici içki, yemək istəyirsən, o zaman pulunu ödəyib alırsan. Doğrudur, ora gələn insanların bir qismi bu xidmətlərdən istifadə etmir, amma digər qismi istər-istəməz bu xidmətlərdən istifadə etməli olur. Demək, dəniz, ya çay insanlar üçün açıqdır, insan yalnız xidmətə görə pul ödəyir. Hesab edirəm ki, bizim biznes strukturlarına, dənizin sahilini hasarlayan hotel sahiblərinə biznesin bu formasını seçməyi təlqin, ya tələb etmək lazımdır. Məsələn, bir informasiyaya rast gəldim ki, BŞİH özəl çimərliklərin şlaqbaumlarını söküb. Sadəcə olaraq onlarla işləmək lazımdır. Ola bilsin ki, bu gün şlaqbaumu sökəcəksən, amma sabah yenə ora qoyacaqlar. Çünki hər gün nəzarət etmək mümkün deyil. Ona görə də bəlkə o sahibkarı maraqlandırmaq, müəyyən vergi güzəşti etmək lazımdır və s.
Azad İsazadə: Mənim belə bir sualım var: xilasedicilər kimdir? Bir misal deyim. Xilasedicilərdən biri jurnalistdir. Yaydan yaya bağa köçür. Mövsüm başlayanda xilasedici işləyib maaş alır, bağ da işə yaxındır. Bir gün növbədə olur – oturur çimərlikdə, iki gün isə bağında istirahət edir. Növbədə olanda çimərlikdə həm işini görür, həm də yazı-pozu ilə məşğuldur. Ümumiyyətlə, bu xilasedicilər kimlərdir? Sahilə yaxın kənddə, qəsəbədə yaşayan cavan oğlanlar… Mövsüm başlayanda bunları işə götürürlər, mövsüm bitəndən sonra isə hansısa başqa işlə məşğul olurlar. Söhbət onların peşəkarlıq səviyyəsindən gedir. Hamısı da yaxşı üzəndirlər.
Fuad Babayev: Təbii ki, ora üzə bilməyən adamı götürməzlər.
Azad İsazadə: Yəqin ki, il boyu hansısa təlimlər də keçirlər. Amma bəlkə bunu daha peşəkar səviyyəyə qaldırmaq, bununla bərabər onların maaşlarını, statuslarını, həmçinin saylarını da artırmaq daha yaxşı olardı. FHN çoxlu sayda çağırışçı çağırır və onların arasından seçim edir.
Daha bir məsələ, bizim dənizə, suya münasibətimiz… Mən, Xəzər sahillərində böyümüş bir insan bəlkə 10-15 ildir dənizə girməmişəm.
Aydın Mirzəzadə: Xəzər çox çirklənib. Bu da ayrıca müzakirə mövzusudur.
Azad İsazadə: Avropada çimərliyə gedəndə yemək alanda hansısa sendviç alırsan. Bizdə isə yemək gətirirlər – qarpız, kabab və s. Qumda oynayan uşaq bel ilə bir balaca qazan kimi altdan qarpız qabığı, butulka, siqaret və s. zibil çıxır. Aydındır ki, bunların bütün çirkli suları dənizə axıdılır. Bütün bu problemlər, o cümlədən təhlükəsizlik məsələsi hamısı bir yerdə həll olunmalıdır.
Hazırladı: Mehman İbrahimov, 1905.az