Ermənistanın müxtəlif bəhanələr altında münaqişənin mahiyətini təhrif edən və işğalın nəticələrinin möhkəmlənməsinə hesablanmış cəhdlərini qətiyyətlə pisləyirik.
AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycanın yaydığı bəyanatda əksini tapıb.
Bəyanatda, həmçinin deyilir: “Belə ki, Ermənistanın əlaltısı olan qondarma rejim danışıqların formatı ilə bağlı cəfəng iddialarından əl çəkməyərək özünü yenidən “münaqişə tərəfi” kimi təqdim etməyə çalışmışdır.
Dəfələrlə qeyd etdiyimiz kimi, münaqişənin həlli üçün aparılan danışıqların formatı ATƏT-in müvafiq qərarları, o cümlədən 1992-ci il Helsinki Yekun Görüşü zamanı qəbul olunmuş sənədlərdə təsbit olunub. Bir daha bəyan edirik ki, bütün dünyanın qəbul etdiyi kimi, münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır. Ona görə də qondarma qurumun öz aləmində hansısa “bəyanat” verməsi, onun “mətninin” üzərində çap edildiyi kağız parçasından da dəyərsizdir.
O ki qaldı 1994-cü il atəşkəs məsələsinə, Ermənistan ondan ərazilərimizin işğalının möhkəmləndirilməsi üçün istifadə etmişdir. Bu dövr ərzində Ermənistan münaqişənin həll olunmasının hər vəchlə qarşısını almış, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğul olmuş, o cümlədən qanunsuz məskunlaşdırma aparmışdır.
Ermənistanın dəfələrlə danışıqların formatını dəyişdirmək cəhdi beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilərək qətiyyətlə pislənmişdir. Lakin cəzasızlıqdan azğınlaşmış Ermənistan rəhbərliyi bu mövqeyindən əl çəkməmiş və ilhaq siyasətinə xidmət edən addımları ilə kövrək sülh prosesinə zərbə vurmaqda davam etmişdir. İyulun 12-də biz bunun bir daha şahidi olduq.
Aydındır ki, Ermənistan münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil. Lakin Ermənistan bilməlidir ki, torpaqlarımızı işğal altında saxlaması uzun sürməyəcək. Biz istənilən halda öz dədə-baba yurdlarımıza geri dönərək, orada yaşayışımızı tam bərpa edəcəyik”.