Turizm ekspertləri Samir Dübəndi və Çeyhun Aşurovla daxili turizmdən danışdıq.
Fuad Babayev: Daxili turizm və onun ən əsas problemləri haqqında nə demək olar?
Samir Dübəndi: Yaxşı mövzudur. Biz son illər ərzində kifayət qədər ciddi olaraq, sistemli şəkildə gəlmə turizmin müxtəlif növlərinə diqqət yetirmişik. Ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərə gələn qonaqlar qismən bizim üçün turistə çevrilirlər.Ümumiyyətlə MICE (Turizmin bir növü olan MICE abreviaturası ingilis dilində istifadə edilən meetings, incentives, conferences and exhibitions) sözlərinin baş hərflərindən götürülüb – red.) işgüzar turizmin böyük bir hissəsidir və bir çox dövlətlər bundan bacarıqla istifadə edirlər. Təbii ki, gəlmə turizmi inkişaf etdirmək lazımdır. Bu dövlət iqtisadiyyatına yatırılan investisiya rolunu oynayır. Yəni turist xarici valyuta gətirir. O aldığı tur paketi ilə yanaşı əlavə xidmətlərə də (nəqliyyat, suvenirlərin alınması, ekskursiya və s. – S.D.) pul xərcləyir. Amma bunun fonunda mən deyərdim ki, biz bir qədər daxili turizmi unutmuşuq. Azərbaycan Respublikasının Konstitusiyasında insanın bir sıra hüquqları göstərilir. Onların sırasında istirahət hüququ da var, turizm sənayesi bu hüququn təmin olunması üçün istifadə olunun ən lazımi və ən səmərəli bir alətdir. Əvvəllər Həmkarlar İttifaqları daxili turizmlə məşğul olublar, bu mexanizmlər indi bir az zəifdir. Hazırda bizim əlimizdə 2017-ci ilin statistikası var. Əfsuaslar olsun ki, bu günə kim hələ saytda 2018-ci ilin rəsmi məlumatları yoxdur. Düzdür çox sağ olsunlar müraciət edərkən bu məlumatları bizə təqdim edirlər. Amma mən düşünürəm ki, ümumiyyətlə statistika açıq olmalıdır, məlumatları saytda vaxtında göstərmək lazımdır. Alternativ statistikanı Dövlət Turizm Agentliyi də aparır, onlar da bülletenlər yayırlar. Buz bunları da izləyirik, ona istinad edərək təhlil edirik. Rəsmi statistikaya görə 6 min nəfər insan daxili turizmdən istifadə edib. Amma bu rəqəm reallığı əks etdirmir. Biz təxminən bilirik ki, bir milyona yaxın azərbaycanlı il ərzində təkcə Gürcüstana üz tutur.
Fuad Babayev: Demək daxili turizmin problemlərindən biri də odur ki, bu sahənin real miqyası haqqında informasiya, statistik məlumatlar natamam, bəzi hallarda isə sadəcə olaraq gülməlidir.
Samir Dübəndi: Bəli.
Fuad Babayev: Daxili turizmin başqa hansı problemləri var?
Samir Dübəndi: Bir çox problemlər var. Bizim təbii ki, naliyyətlərimiz də var. Ötən illər ərzində biz daxili infrastruktur (yolların salınması, elektrik xətlərinin çəkilməsi – S.D.) yaratmışıq, bu sahəyə dövlət iri investisiyalar yatırıb. Bunlarsız turizmi təsəvvür etmək olmaz. Bu gün əminliklə demək olar ki, Azərbaycanın turizm üçün maraqlı olan, hətta turizm üçün maraqlı olmayan ən ucqar kəndlərində də artıq avtomobil yolları var. Bizim 6 beynəlxalq aeroportumuz (Bakı, Gəncə, Lənkəran, Naxçıvan, Qəbələ, Zaqatala – red.) var. Düzdür, onların potensialından biz o qədər də istifadə etmirik. Amma bu daxili turizm mövzusu deyil. Daxili turizmdə, xüsusilə də regionlarda mənə elə gəlir ki, keyfiyyət məsələlərinə diqqət yetirmək lazımdır.
Fuad Babayev: Nəyin keyfiyyətindən söhbət gedir?
Samir Dübəndi: Söhbət otellərdəki, turizm istirahət mərkəzlərindəki, restoran və kafelərdəki xidmətlərin keyfiyyətindən gedir. Keyfiyyət amili turistlərə suvenir və şirniyyat satan mağaza işçilərindən tutmuş bu infrastrukturda işləyən hər bir kəsə aiddir.
Təmkin Məmmədli: Problem təkcə keyfiyyətdədir, yoxsa qiymət məsələsi də var?
Samir Dübəndi: Bəli, qiymət problemimiz də var. Ona görə də elə əhalinin bir çox hissəsi xaricə üz tutur.
Fuad Babayev: Aydındır. Biz əlbəttə o barədə danışacağıq. Ceyhun müəllim, bu problemlərə nə əlavəniz var?
Ceyhun Aşurov: Tamamilə doğru qeydlər olundu. Əslində problem regionlarda xidmətin keyfiyyətinin və standartının olmamasıdır. Bunun da müxtəlif səbəbləri var. Əsas səbəblərdən biri odur ki, kifayət qədər alternativlər yoxdur. Biz regionlara səfər zamanı əgər sanitariya-gigiyenik qaydalara nisbətən daha uyğun bir yerdə əyləşiriksə ora çox baha və əksər hallarda alternativsiz olur. Hansısa kommersiya obyekti müştərisini itirməkdən qorxmursa, özünü alternativsiz görürsə, təbii ki, istədiyi qiyməti qoyacaq. Amma turizmi inkişaf etmiş digər qonşu ölkələrdə belə bir qayğı yoxdur, çünki rəqabət mühiti orada öz sözünü deyir. Mən həmişə deyirəm ki, təssəvvür edin bir restoranın yanında ona uyğun daha 5-6 restoran olsaydı o özünü daha fərqli şəkildə aparardı, müştərilərlə başqa cür davranardı. Hətta bir stəkan çayı da pulsuz verərdi ki, gələn dəfə bir də gələsiniz. Təbii ki, hər bir sahibkar mənfəətə can atır, onların fəaliyyətinə kobud müdaxilə arzuolunmazdır. Amma bərabər şərtlərlə azad rəqabət bütün sahibkarlar üçün açıq olmalıdır ki, orada bir rəqabət mühiti yaransın. Belə olan halda sahibkarlar da öz işçilərinə təlim verməyə, təqdim etdiyi xidmət və məhsulları isə daha keyfiyyətli etməyə çalışacaqlar. Samir müəllim düzgün qeyd etdi ki, daxili bazarda kifayət qədər potensial var. Statistik məlumatlara görə 2018-ci ildə təxminən 2.9 milyon xarici vətəndaş Azərbaycana təşrif buyurub, amma iki dəfə çox insan, 4,9 milyon nəfər Azərbaycandan xaricə gedib. Ümumdünya Turizm Təşkilatının verdiyi tərifə əsasən turist o şəxsdir ki, öz yaşadığı ərazini tərk edərək ən azı 24 saatdan çox, bir ildən az olmaq şərti ilə istirahət, əyləncə, dincəlmək məqsədilə bir yerdən başqa yerə səfər edir. Bu ölkə daxilində, sərhədlər içərisində olursa daxili turist, sərhədi keçirsə xarici turist sayılır. Azərbaycana gələn turistlərin təxminən 71 %-i 4 ölkənin payına düşür: bunlar Rusiya, İran, Türkiyə və Gürcüstandır. Azərbaycandan gedən 4,9 milyon turistin də təxminən 94%-i bu 4 ölkənin payına düşür. Bu o demək deyil ki, azərbaycanlılar əsasən bu dörd ölkədə istirahət edirlər. Həmin ölkələrə tranzit məqsədlə gedənlərin sayı kifayət qədər çoxdur. Təkcə bir milyon yarıma yaxın insan Gürcüstana səfər edir və ən azı orada bir gün qaldıqdan sonra digər ölkələrə səfər edir. Məncə loukosterlərdən (aşağı büdcəli istiqamətlər üzrə uçuşlar, ucuz hava yolları – red.) istifadə edərək, Avropaya və digər ölkələrə uçuşlar təşkil etmək olar. Bizim altı beynəlxalq aeroportdan birini (məsələn Gəncəni – C.A.) coğrafi mərkəz olaraq bu məqsədlərlə istifadə edə bilsək, xaricə gedənlərin sayı azalar, daxili turistlərin sayını isə arıtmış olarıq.
Fuad Babayev: Tez-tez mediada və sosial şəbəkədə belə məlumatlara rast gəlirik ki, hansısa bölgəmizə gedib istirahət etmək Gürcüstanda istirahətdən daha bahadır. Bizim daxili qiymətlərimiz bu qədər vahiməlidir ki, insanlarımızı istirahət üçün xarici ölkəyə üz tutmağa vadar edir? Azərbaycan vətəndaşı üçün Qəbələdə və ya Qusarda bir həftəlik istirahət Batumidə bir həftəlik istirahətdən bahadırmı?
Ceyhun Aşurov: Əgər söhbət eyni standarta malik ekvivalent qalma yerlərindən, otellərdən və istirahət mərkəzlərindən gedirsə bizdə qiymətlər baha deyil, orada daha bahadır. Lakin alternativlərin çoxluğu, kifayət qədər seçim imkanlarının olması bizim insanlarda Gürcüstanda daha ucuz istirahət etdim düşüncəsini yaradır.
Fuad Babayev: Amma ola bilsin orada daha aşağı satandartlarla istirahət edib.
Ceyhun Aşurov: Birmənalı olaraq bu belədir. Təbii ki, bizdə də o alternativ olmalıdır. Yəni məsələ ondadır ki, bu seçim imkanları o qədər bol olmalıdır ki, daxili müştəriyə də, xariciyə də pay düşsün. Mən özüm turizm sənayesində olduğum üçün tam əminlikə deyirəm ki, eyni kateqoriya otellər bizdə Gürcüstana nisbətən daha ucuzdur.
Təmkin Məmmədli: Azərbaycanda 600-ə yaxın otel var. Onların neçəsi 2-3 uduzlu otel kateqoriyasına daxildir?
Ceyhun Aşurov: 2017-ci ilin statistikasına görə səhv etmirəmsə 560-a yaxın otel var. Amma hazırda mən əminlikə deyə bilərəm ki, Azərbaycanda 700-dən çox otel var və onun təxminən 3/1-i Bakı-Abşeron ərazisinə düşür. Otellərin də çoxu dörd və beş ulduzludur, üç ulduzluların sayı elə də çox deyil, iki ulduzlular isə daha azdır. Bu otel sahibləri də tələbata uyğun bazara məhsul çıxarırlar. Tez-tez hostellərin, bir və iki ulduzlu otellərin sayının artırılması haqqında fikirlər səslənir. Bu çox yaxşıdır. Amma bizim müşahidələr onu göstərir ki, ölkəyə gələn turist seqmentinə bir, iki, üç ulduzlu otellər o qədər də lazım deyil. Bəlkə də daxili turistlər üçün regionlarda belə bir şəraitin yaradılmasına ehtiyac var. Amma tez-tez sahibkarlara yönəlik belə tənqidlər eşidəndə mən anlayış göstərməyə çalışıram. Çünki sahibkar mənfəətə çalışan fərddir, əgər orada mənfəət olsa, kifayət qədər güzəştli imkanlar yaradılsa onu edərdi.
Təmkin Məmmədli: Amma Gürcüstanın təcrübəsi bunun əksini deməyə imkan vermirmi?
Ceyhun Aşurov: Çox gözəl sualdır. Gürcüstana gələn müştəri seqmentində bizdəki kimi 3-4 ölkədən asılılıq yoxdur, onlar daha divervikasiyalı şəkildə, xüsusən Avropa və körfəz ölkələrinə, Yaponiyaya, Koreyaya, Orta Asiyaya birbaşa reyslər açıblar. Bu ölkələrdən daha çox müştəri cəlb etməyə çalışırlar və proporsional qaydada müxtəlif gəlir qruplarına görə turizm məhsulu və yaxud da yerlər təklif edə bilirlər. Körfəz ölkələrindən bizə gələn turistlər isə daha rahat şəraitə, komforta meyillidir, onlar iki-üç ulduzlu oteldə qalmaq istəmirlər. Pakistan, Hindistan və digər Asiya ölkələrindən gələnlər belə iki-üç ulduzlu otel müştəriləri deyil, onlar dörd və beş ulduzlu otellərə üstünlük verirlər. Ötən ilin statistikasına görə bu ölkələrdən gələnlərin sayında 50-54% artım olub. Bu da təsadüfi deyil. 2015-ci ildən bəri iki devalvasiyadan sonra müştəri artımı oldu, turistlərin sayı artdı. Bu artım xüsusən mərkəzə yaxın yerdə yerləşən beş ulduzlu otellərə tələbatı artırdı və bunun nəticəsində onlar da qiymətlərini 30-40%-ə qədər qaldıra bildilər.
Fuad Babayev: Samir müəllim, Siz bayaq problemlərdən danışanda xidmətin keyfiyyəti məsələsinə toxundunuz. Ümumiyyətlə daxili turizmin inkişafını əngəlləyən problemlər sırasında bu sahədə çalışan insanların peşə hazırlığı hansı yeri tutur? Turizm sektorunda fəaliyyət göstərən şəxslərin peşə hazırlığının səviyyəsini yüksəltmək üçün hansı işlər görülür?
Samir Dübəndi: Təbii ki, keyfiyyəti yaradan insanlardır. Turizm sektorunda xidmət, qonaqpərvərlik daha az avtomatlaşdırmaya məruz qalan sahələrdir. Burada insan amili xüsusi rol oynayır, onu yaradan, xidməti göstərən və təşkil edən təbii ki, insandır. Restoranların, otellərin idarəeolunmasında cüzi avtomatlaşdırmalar olsa da, yenə də insan faktoru həlledicidir. Qonaqpərvərlik sənayesinin yarandığı tarixdən bu günə qədər bu amil dəyişməz olaraq qalır. Bu sektorda çalışan insanlara ixtisaslaşmış məktəblərdə müvafiq təhsil verilməlidir. 10 ildən artıqdır ki, Azərbaycanda Turizm və Menecment Universiteti (keçmiş Azərbaycan Turizm İnstitutu – red.) fəaliyyət göstərir, bir sıra ali təhsil ocaqlarında turizm və onun təşkili, turizm və qonaqpərvərlik ixtisasları tədris edilir. Artıq 2 ildir ki, qonaqpərvərlik digər ali təhsil müəssisələrindən yığışdırılıb. Bu ixtisas yalnız Turizm universitetində tədris edilə bilər. Regionlarda kolleclərin, Bakı Turizm peşə məktəbinin mövcudluğuna, ixtisaslaşmış ali və orta ixtisas məktəblərində turizm ixtisasının tədris olunmasına baxmayaraq mən düşünürəm ki, bunların sayı kifayət deyil. Biz regionlarda peşə məktəblərinin sayına bir qədər diqqət yetirməliyik. Turizm sahəsində fəaliyyət göstrən təşkilatlardan, ictimai qurumlardan bəziləri peşə təlimləri ilə məşğul olur. Bu təlimlər zamanı müşahidə edirik ki, insanların çoxu oxumaq istəmir. Mən düşünürəm ki, turizmdə olan peşələrin, ixtisasların imicini qaldırmaq üçün güclü bir təşkilati iş aparmaq lazımdır. Bu gün dünyanın bir çox ölkəsində biz qoca masa xidmətçisi görmərik, bu sahədə çalışanların əksəriyyəri gənclər və tələbələrdir. Amma bu sahədə karyerasını düşünən insanların sayı azdır, hətta mən deyərdim ki, o ixtisasları bitirən məzunların 80%-i bu sənayedə çalışmır. Təhsil səviyyəsinin aşağı olması, bu insanların düşünmədən özlərinə ixrtisas seçmələri, diplom xatirinə oxumaları belə bir şəraitin yaranmasına səbəb ola bilər. Turizm sənayesində bir çox normativ hüquqi sənədlərin, qanunların boşluğu var. Bu gün heç Azərbaycan Respublikasının Turizm haqqında qanunu qəbul olunmayıb, əmək bazarında bu sahəni tənzimləyəcək normativ sənədlər yoxdur. Bir neçə il bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, xarici qurumlar və British Council (Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatı – red.) bərabər bir sıra peşə standartlarını işləyib hazırlayıblar. Biz də qismən bu işdə iştirak etmişik. Artıq turizm və xidmət sahəsinə aid olan 30-dan çox peşə standartlarımız var. Biz də bu peşə standartlarına istinad edərək təlimlərimiz üçün proqramlar hazırlayırıq. Bir daha onu qeyd etmək istəyirəm ki, siravi işlərdə (təmizlik sahəsində çalışanlar, ofisiantlar və s.) çalışan yerli vətəndaş oxumaq istəmir.
Təmkin Məmmədli: Bu tendensiya bələdçilərdə də hiss olunur.
Samir Dübəndi: Artıq hər sahə üzrə assosiasiyalar yaradırlar. Dövlət yardımı ilə bələdçilər bir araya gələrək assosiasiya yaradıblar, bu onların fəaliyyətinin tənzimlənməsinə rəvac verəcək. Digər tərəfdən bazarda alternativ təkliflərin sayı azdır. Turizm agentlikləri tərəfindən kreativlik çox aşağıdır, yeni turlar, yeni marşrutlar təklif olunmur. Halbuki müxtəlif turizm növləri üçün təbiət burada hər cür şərait yaradab. Amma biz bu növlərin inkişafını görmürük. Söbət ekoturizmdən, kənd turizmindən, raftinqdən (raft adı verilən qayıqlarlda dağ çaylarında üzmə – red.), ekstrimdən (ekstremal növlərinə misal olaraq – piyada turizmini, dağ turizmini, speleo turizmi (mağaralara səyahət) və s. göstərmək olar – red.) arxeoloji turizmdən, qastroturizmdən gedir. Son dövrlər biz yenə də təbiətin bizə bəxş etdiyi imkanlardan istifadə edərək müalicəvi turizmə dəstək oluruq. Ceyhun müəllim özü də bu sahədə kifayət qədər aktiv fəaliyyət göstərir. Məsələn Gəncə-Qazax iqtisadi regionuna gələn turistlərin 80%-i Naftalanın payına düşür .
Fuad Babayev: Səhv etmirəmsə təkərlər üzərində olan kiçik, mobil evlərdə həyata keçirilən səyahətə karavaninq deyirlər. Bu növ avtomobil turizmi ABŞ-da və Avropa ölkələrində geniş yayılıb. Demirəm ki, hamı muzeyə qaçmalıdır, amma əksəriyyətimiz üçün üçün istirahət yeyib-içməkdən ibarətdir. Yeri gəlmişkən bölgələrdəki muzeylərdə də baxmalı elə bir şey yoxdur. Milli mentallıq bizə harada mane olur? Məsələn karavaninqi ölkəmizdə əngəlləyən nədir? Yol polisinin hansısa şərtləri, yoxsa mentallıq?
Samir Dübəndi: Mən başa düşürəm siz nəyi nəzərdə tutursunuz. Həqiqətən də mentallıqdan danışırıqsa karavaninq bir qədər ənənədir. Bu Amerika qitəsində, xüsusilə də ABŞ ərazisində inkişaf etmiş bir turizm növüdür. Orada insanlar yaşlaşanda evlərini satır, belə bir karavaninq alırlar. Karavaninqlə ölkəni gəzir, özlərinə uyğun, mövsümə müvafiq ərazilərində yaşayırlar. Bunun üçün təbii ki, dayanacaqların, təmir yerlərinin, texniki dəstəyin olduğu infrastruktur lazımdır. Bütün bunlar bizdə yoxdur və ümumiyyətlə hələlik karavaninq turizminə maraq görməmişəm. Bir neçə il bundan əvvəl Qazaxıstanda Orta Asiya dövlətləri üzrə karavaninqi tətbiq etməyə çalışırdılar. Bu turizm növü orada müəyyən qədər fəaliyyət göstərsə də populyarlıq qazana bilmədi. Amma baxın siz düzgün qeyd edirsiniz ki, hamı muzeyə qaçmamalıdır. Ekstrimə, balıq tutmağa, müxtəlif yeməkləri dadmaq üçün qastroturizmə üstünlük verən insanlar var. Amma bunun müqabilində bizim təkliflərimiz çox məhduddur. Bu gün haykinq (piyada turizmi – red.) və ya baykinq (velosiped turizmi – red.) kimi aktiv turizmlə məşğul olmaq istəyənlər üçün milli parkların ərazisində piyada və velosiped cığırlarını bəlkə barmaqla saymaq olar. Bu işlə çox kiçik bir qrup məşğul olur. Mən bildiyimə görə “Qartal” adlı klubda alpinizmlə məşğul olurlar və bunun fonunda müəyyən cığırlar yaranıb, amma bu kütləvi xarakter daşımır, yəni biz bazarda kütləvi təkliflər görmürük.
Təmkin Məmmədli: Ona görə də sahə inkişaf etmir.
Samir Dübəndi: Bəli. Ümumiyyətlə demək olar ki, turizmin müxtəlif sektorları bizdə inkişaf etməyib. Ekoloji turizm sıfır dərəcəsindədir. Əlimizdə statistika yoxdur, amma biz ətrafa baxanda nə baş verdiyini başa düşürük. Mən özüm bu ilin ilk üç ayını Gəncə-Qazax zonasında təlimlər keçirdim. Orada olan yerli şəraitlə tanış oldum. Biz deyirik ki, keyfiyyət baxımından problemimiz var, qiymət baxımından bəzi məsələləri Ceyhun müəllim Gürcüstanla müqayisəli şəkildə təqdim etdi. Amma burada Azərbaycan vətəndaşının gəlirlərini də nəzərə almaq lazımdır. Yəni istirahət vətəndaşımızın məvacibinə münasib olmalıdır, əks halda o alternativ vasitələr axtaracaq.
Təmkin Məmmədli: Nə qədər gözəl turpaket olsa da, insan ondan istifadə etməyəcək.
Samir Dübəndi: Bəli. Bundan başqa bizim yol infrastrukturunda da problem var. Məsələn turistlər üçün magistral yollar üzərində olan xüsusi dayanacaqlar, park etmə yerləri yoxdur. Beşbarmaq adlanan ərazidə yerləşən dayanacağın bərbad vəziyyəti isə hamımıza məlumdur. Bu barədə artıq dövlətin müəyyən səyləri var. Dövlət Turizm Agentliyi artıq bu işlə məşğul olur. Yaxın gələcəkdə bu dayanacaqlar müxtəlif magistrallar üstündə qurulacaq. Bu dayanacaqların Fastfudu (tez hazırlana bilən yemək növü olub, xüsusi yeməkxanalarda verilir – red.) Wi-Fi interneti, sanitar qovşağı, dəstəmaz otağı, tibb məntəqəsi olmalıdır. Hətta bəlkə avtomobillər üçün xırda təmir və təmizləmə işləri göstərən xidmətlərə də ehtiyac var. Biz turizm baxımından inkişaf etmiş dövlətlərin təcrübəsindən bəhrələnməliyik. Türkiyə bütün dünyada turizm məkanı kimi tanınır. İndi baxın Türkiyənin turizm məkanları, turizm destinasiyaları (latın mənşəli destinasiya sözü “göndərilən yer, çatılacaq yer, hədəf” mənasını verir. Bir məkanın özəlliklərini müəyyən etmək və ələ almaq turizm biznesinin inkişafı üçün çox önəmlidir – red.) kimin və hansı qurumların vasitəsilə inkişaf edir. Bunlar ilk növbədə bələdiyyələrdir. Çünki bələdiyyələrin orada iqtisadi marağı var. Bələdiyyələr turizm üçün müvafiq şərait yaratmaqla bizneslə birgə fəaliyyət göstərir, yerli əhali üçün iş yerlərinin açılmasına dəstək verir. Bizim bələdiyyə institutumuz zəif olduğu üçün regionlarda turizmin inkişafı ilə məşğul olmaq fikri də yoxdur. Elə məsələlər var ki, onlar biznesin səlahiyyətində deyil. Məsələn əgər ətrafda olan infrastruktur çalışmırsa, görməli təbiət və tarixi mədəniyyət abidələri tənzimlənib düzgün qaydasında istifadə olunmursa otel sahibi heç vaxt gedib o işləri görən deyil. Amma ətraf məkanın maraqlı olması turistin həmin destinasiyada qalma müddətinə təsir edən amildir. Biz təxminən bilirik ki, turistin ortalama qalma müddəti 2 gecədir. Azərbaycan ərazisində bu müddəti 3 günə çatdırmaq istəyirik. Daxili turizmlə bağlı həm də onu demək olar ki, bizim regionlara işləyən nəqliyyatımız da yaxşı vəziyyətdə deyil, kondisionerli avtobuslarımızın sayı azdır, uzaq məsafələr üçün nəzərdə tutulmayan avtobuslardan istifadə olunur.
Fuad Babayev: Bəzən yük avtomobillərinə oturacaqlar quraşdıraraq sərnişin avtobusu kimi istismar edilir.
Samir Dübəndi: Bəli, bunlar həm təhlükəli, həm də narahatdır. Bundan başqa əraziyə bələd olmayan turistin getdiyi məkanı rahat tapması üçün yollarda heç bir göstərici yoxdur. Ümumiyyətlə biz gəlmə turizmə çox diqqət yetirdiyimiz üçün daxili turizm arxa plana keçib.
Fuad Babayev: Mən istərdim perspektivlərdən danışaq. Ümumiyyətlə daxili turizmin problemləri elmi-praktiki konfranslarda, peşəkarların dəyirmi masalarında müzakirə olunurmu? Yəni problemlərin mövcudluğu etiraf edilirmi? Əgər biz bir problemi etiraf edə bilməsək onu necə düzəldə bilərik?
Ceyhun Aşurov: Son 2 ildə bu problemlər ciddi şəkildə etiraf edilir. 2016-cı ildə Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi qəbul olunub. Bu Starateji Yol Xəritəsində bir çox məsələlər öz əksini tapıb, icraatın hansı səviyyədə olması ilə bağlı təəssüflər olsun ki, əlimizdə dəqiq informasiya yoxdur.
Fuad Babayev: O Strateji Yol Xəritəsi hansı illər üçün nəzərdə tutulub?
Ceyhun Aşurov: 2020-2025-ci ilə qədər və 2025-ci ildən sonrakı dövrü əhatə edir. Bu yol xəritəsi Bakı şəhərinin turizm potensialı, regionlar, turizm növləri, turizmdə təhsil, peşəkarlar və standartlar haqqında demək olar ki, çoxəhatəli bir sənəddir. Bu sənədin icrası ilə bağlı həm turizm bürosuna, həm də ki, digər aidiyyatlı nazirlik və orqanlara tapşırıqlar verilib. Əslində bizim danışdığımız məsələlərin əksəriyyəti bu sənəddə öz əksini tapıb və bu yol xəritəsinin qəbulu elə problemlərin ən böyük etirafıdır.
Fuad Babayev: Yol xəritəsinin icrasının nə vəziyyətdə olmasını biz tutaq ki, statistik məlumatlarda görmürük. Amma ümumiyyətlə o yol xəritəsinin işləməsi hiss olunur?
Ceyhun Aşurov: Bu sənədlə bağlı əlaqədar qurumlar ara-sıra görüşlər keçirir, hesabatlar verirlər. Turizmçilərin yığışdığı tədbirlərdə Yol xəritəsinin müzakirələri gedir. Bütün bunlar kompeks tədbirlər (ölkənin və paytaxtın müxtəlif platformalarda tanıdılması və s.- C.A.) olduğu üçün nəticəsi birdən-birə görünməyə bilər, amma paralel olaraq müəyyən işlər görülür. Ümumiyyətlə şəxsən mən gələcəyə çox nikbin baxıram. Azərbaycanın həqiqətən də turizm potensialı bizim regionda lider olmağamıza imkan verir.
Fuad Babayev: Region dedikdə siz Cənubi Qafqazı nəzərdə tutursunuz?
Ceyhun Aşurov: Qafqazı nəzərdə tuturam. Elə Strateji Yol Xəritəsində də 2025 və ondan sonrakı dövrdə Azərbaycanı dünyanın ən maraqlı və cəlbedici 20 turizm məkanından birində görmək hədəfi qoyulub. Təbii ki, bunlar çox ciddi işlərdir. Amma yerləşdiyi coğrafi ərazi və potensial, iqlim və şərait baxımından bu əlçatandır. Biz dövrümüzdən və vəziyyətdən daim yararlanmalıyıq, qısa müddətdə daha çox effektiv, səmərəli iş görməyə çalışmalıyıq. Çünki dünyada hər il yeni beynəlxalq aeroportlar açılır, hər il yeni turizm məkanları bazara daxil olur və yeni istiqamətlər meydana gəlir. Qlobal olaraq dünyada 2018-ci ildə bir milyard dörd yüz milyon insan səyahət edib. Bu isə o deməkdir ki, dünyada turizmin inkişaf tempi artıq səkkiz ildir ki, qlobal iqtisadiyyatın inkişaf tempini qabaqlayır, yəni daha sürətli inkişaf gedir. Yeni biznes modellərinin yaranması, internetin özü artıq turistlərə yeni imkanlar yaradır, turizm məhsullarını daha əlçatan edir. Rəqabətdə olan ölkələr də bundan istifadə edərək yeni modellərin, texnologiyanın tətbiqi ilə yeni infrastruktur və turizm məkanlarını bazara daxil edirlər.
Fuad Babayev: Hazırda əsl istirahət mövsümüdür. 3-4 nəfərdən ibarət ailə hansı büdcə ilə 1 həftə istirahət edə bilər?
Ceyhun Aşurov: Ümumiyyətlə o büdcə şəxslərə, onların statusuna görə dəyişir. Yəni burada konkret bir büdcə demək olmur.
Fuad Babayev: Minimal büdcə.
Ceyhun Aşurov: Baxır neçə günlük gedir və harada qalır. Biz regionlarda hansısa bir otellərin qısa müddətdə tikilməsini gözləməkdənsə digər ölkələrdə olduğu kimi sadəcə kirayə verilə bilən evləri siyahıya alıb simvolik bir vergi qarşılığında onları əhaliyə, daxili turistlərə açmaq olar. Məsələ ondadır ki, bu evlərdə böyük potensial var. Amma nədənsə onlar yarımgizli formada fəaliyyət göstərirlər. Onların şəffaf fəaliyyətinin təmin edilməsi həm dövlət büdcəsinə az da olsa gəlir gətirər, həm də turistlərə açıq olar. Biz belə ev kirayəsi elanlarını artıq açıq şəkildə müxtəlif sosial şəbəkələrdə və saytlarda görə bilərik. Evini Qubada günlük 30 və ya 50 manata kirayə verir, normal şəkildə özü də xidmət göstərir, ailə də qazanır. Qeyd olunan alternativlər arasında burada ciddi potensial var.
Fuad Babayev: 30-50 manata otellərdə səhər yeməyi daxil olmaq şərtilə bu qiymətlər olur?
Ceyhun Aşurov: Otellərdə mən bilən 50 manat və daha bahadır. Mən dediyim evlərdə 20, 30 manata sadəcə yatacaq yer, həyət verilir.
Fuad Babayev: Bir də tutaq ki, Afurca şəlaləsinə pulsuz baxmaq imkanı.
Ceyhun Aşurov: Kirayə verilən evlərin ətrafında artıq təbii olaraq təkliflər formalaşır. Kimsə çörək bişirir, kimsə kənd yumurtası satır, başqa biri restoran və ya balaca market açır. Yəni burada görürük ki, tələb-təklif qanunu özü işə düşür, yəni biz sadəcə şərait yaratsaq, alıcı ilə satıcı özləri görüşməyə yer tapırlar.
Fuad Babayev: Adi bir ailə 300-500 manat çərçivəsində bir həftə daxili turist kimi dincələ bilərmi? Yəni bu real rəqəmdir?
Samir Dübəndi: Mən üzr istəyirəm gəlin bir az geriyə qayıdaq. Bəli bizim hədəflərimiz çox gözəldir. Həqiqətən 6 dekabr 2016-cı ildə qəbul olunmuş Strateji Yol Xəritəsi turizm sahəsi üçün əsas sənəddir. Yəni bu sənədi rəhbər götürərək işlərin görülməsi dövlət qurumlarına və dövlətə yardımçı olan ictimai təşkilatlara tapşırılıb. Təbii ki, turizm firmaları da buna uyğun öz fəaliyyətlərini qurmalıdır. Bizim dünyada 20 ən cəlbedici turist ölkəsi siyahısına düşmək kimi çox gözəl hədəfimiz var. Biz əlbəttə başa düşürük ki, burada söhbət kütləvi turizmdən gedir. Biz İsveçrə deyilik ki, bahalı turist qəbul edək. Amma qonşu Avropa ölkələri ilə müqayisə edəndə İsveçrə daha az turist qəbul edir. Çünki bahalı kurortları və tarixi var, özünə imic qazanıb. Mən düşünürəm ki, biz bahalı turizm məkanına çevrilə bilərik. Faktiki olaraq bu gün biz, xüsusilə də Bakı elə bahalı turizm məkanıdır. Ceyhun müəllimin də qeyd etdiyi kimi Gürcüstandakı turizm seqmenti Azərbaycanda yoxdur. Yəni insanların öz evlərini xırda otellərə, qonaq evlərinə çevirmək tendensiyası bizim turizm bazarında yoxdur. Sahibkarlar Azərbaycanda ucuz otel tikməyə utanırlar.
Təmkin Məmmədli: İmiclərinə xələl gələ bilər.
Samir Dübəndi: Bəli, belə şeylər var. İqtisadi baxımdan düzgün təhlil aparılmadan bu hərəkətlər görülür. Digər tərəfdən Ceyhun müəllim də yaxşı vurğuladı ki gələn turistə uyğun olan otel seqmentimiz var. Yəni bu gün bizim ucuz otellərə o qədər də ehtiyacımız yoxdur. Əvvəlcə bu seqmentə uyğun turisti tapmaq lazımdır. Əgər kütləvi turizmdən, 20 ən cəlbedici məkan sırasına düşməkdən danışırıqsa, bu istiqamətdə iş aparılmalıdır və burada artım 2 dəfə deyil, 5 dəfə olmalıdır. Müqayisə üçün qonşu Türkiyə ildə 30 milyondan artıq, Avropada lider olan İspaniya isə 80 milyon turist qəbul edir. Bizim rəqəmlərimiz isə heç buna yaxın da gəlmir. Əgər biz düşünülmüş şəkildə kütləvi turizmdən danışırıqsa ucuzlu seqmentimiz əmələ gəlməlidir, kiçik və orta sahibkarlığa imtiyazlar verilməli, aşağı faizli kredit sistemi olmalıdır. Regionlarda kənd evlərinin bir çoxu bərbad vəziyyətdədir, yəni əhali xidmət qaydalarını bilmir, sanitar qovşaqlara düzgün baxılmır, antisanitariya halları baş verir. Düzdür artıq biz tanıdığımız bir neçə turizm şirkəti bu evlərlə işləyirlər, yəni onlara tur satırlar. Amma əhali bu satış kanallarını bilmir. Mən istərdim ki, bələdiyyə institutu inkişaf etsin, yerli bir adam bu işlərə rəhbərlik etsin, onlara yol göstərsin. Bundan əlavə mən nailiyyət kimi dəyərləndirilə bilən bir məsələyə də toxunaq istəyirəm. Artıq regionlarda Destinasiya Menecmenti təşkilatları (DMT – S.D.) yaradılıb. Bu həqiqətən bir naliyyətdir, görək onların işi necə qurulacaq. Turizm destinasiyasına rəhbərlik edən təşkilatlar səhv etmirəmsə artıq Şəki və Quba şəhərlərində yaradılıb. Bu mərkəzlər məkanı idarə edən turizm təşkilatıdır.
Ceyhun Aşurov: Onlar məkanı tanıdır, menecmentlə əlaqələndirir.
Hazırladılar: Təmkin Məmmədli, Aydan Abaslı, 1905.az
Söhbət 2 iyul 2019-cu ildə baş tutub