Ərəb dili mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov və ərəb dili tərcüməçisi Şıxəli Əliyev ilə danışdıq.
Fuad Babayev: Bizdə “Dillər, nəsillər…” rubrikası var. Bu Kvartet rubrikasının bir silsilədir. Birinci söhbətimizdə indoneziya, ikinci söhbətimizdə isə alman dili mütəxəssisləri ilə danışdıq. Rza müəllim, buyurun sözü Sizə verək. Necə oldu ki, ərəb dilini seçdiniz?
Rza Xəlilov: Öncə bu görüşə dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. İş elə gətirmişdir ki, məndən yaşca kiçik olan bacılarım, qardaşım 132 №-li məktəbdə oxuyublar. Ərəb dilindən rəhmətlik Seyidəli müəllim onların müəllimi olub. Mən bir müddət ərəb dilindən müəyyən qədər uzaq olmuşam. Lakin sonralar sirli bir dünya kimi ərəb hərfləri məni də maraqlandırıb. Təqribən 9-cu sinifdə mən məktəbdən ayrılıb axşam məktəbində oxumalı oldum.
Fuad Babayev: Hansı il idi?
Rza Xəlilov: 1958-ci il. Çünkü o vaxtlar şərqşünaslıq fakültəsinə daxil olmaq üçün 2 il iş stajı lazım idi. Bunun üçün mən Axundov kitabxanasında 2 il işləməli oldum. Şərşünaslıq fakültəsinə qəbul olduqdan sonra ərəb dili vasitəsilə o sirli dünyanın qapısında durdum. Ərəb dili ilk dəfədən məni cəlb etdi. Doğrudur o vaxtlar ərəb dünyasındakı xəbərləri də izləyirdim. Bu maraqlı dünyaya məni çəkib aparan əsas ərəb dilinin özü idi. Çünkü ərəb dili mənim üçün qəribə bir dünya idi. Ərəb dilini öyrənmək üçün gecələri masa arxasında keçirirdim. Yalnız ustadımız və mənəvi atamız Ələsgər müəllimin (red. Ələsgər Məmmədov (1919-2000) – şərqşünas alim, pedaqoji elmlər doktoru) dərsliyi ilə kifayətlənmir, ərəb dili ilə bağlı başqa mənbələrdən də yararlanırdım.
Fuad Babayev: Rza müəllim siz 1958-ci ldə gəldiniz ərəb dili dünyasına. Çox gözəl bir ifadə işlətdiniz ki, siz o sirli dünyanın astanasına gəldiniz. Şıxəli müəllim, ərəb dili həqiqətən də bizim üçün Min bir gecə nağılları, islam dini, müqəddəs kitabımız Quranın nazil olduğu dil, ərəb dünyasında baş verən hadisələr və s. kimi çoxlu assosiasiyalar doğurur. Ərəb dili artıq Birləşmiş Millətlər Təşkilatının daimi işçi dillərindən biri olmaqla yanaşı siyasətin yarandığı, siyasətin formalaşdığı bir dildir. Xəbərlər ərəb dünyasında baş verən hadisələr olmadan keçmir. Burada həm neqativ var, həm pozitiv. Siz bu sahəyə hansı yaşda, neçənci ildə gəldiniz?
Şıxəli Əliyev: Ərəb dilinə bizim evdə də belə demək mümkündürsə, ənənəvi maraq olub. Evimizdə əski əlifbada kitablar var idi, atam əski əlifbada oxuyurdu. Cənubi Azərbaycanla bağlı “Vətən” Cəmiyyətinin “Odlar Yurdu” qəzetini atam həmişə alıb oxuyurdu. O qəzetlərin bir nömrəsində əski əlifba ilə latın qrafikalı müasir Azərbaycan əlifbasının müqayisəli siyahısı cədvəl şəklində verilmişdi. “Odlar Yurdu” qəzetindəki cədvəl əsasında bir-iki kəlmə oxudum və həvəsləndim, atam mənə yol göstərdi. O dönəmdə mən kənd klubunda qarmon ifaçılığı ilə məşğul olurdum və birdən-birə ərəb dilini öyrənmək həvəsi ilə Quran dərsinə getdim.
Fuad Babayev: Bu hansı il idi?
Şıxəli Əliyev: 1988-ci illər olardı. Bilirsiniz ki, Quranı öyrənmədən ərəb dilini, ərəb əlifbasını öyrənmək mümkün deyil. Əsas baza Qurani Kərimdir. Sonra 90-cı illərdə Bakıda Yaqub Mahmudov və Kərim Şükürovun rəhbərliyi ilə 20 saylı məktəbin bazasında ilk lisey açıldı. Orada qərb və şərq dil qrupları var idi. Mən imtahan verib ərəb dili üzrə şərq qrupuna daxil oldum. Ərəb dili ilə ilk əsaslı tanışlığım məhz o liseydə başladı. Orada bizə Zahid Hüseynov dərs dedi. 1994-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsiə daxil oldum. Orada da Ələsgər müəllim (red. –Ələsgər Məmmədov), Reyhan xanım (red. – Reyhan Qonaqova) Aida Qasımova (red. – ərəb ədəbiyyatı müəlliməmiz) kimi yaxşı müəllimlərin əhatəsinə düşdüm Bunlar hamısı məndə ərəb dilinə meyli daha da dərinləşdirdi. Biz ikinci kursun sonu və üçüncü kursdan Ələsgər Məmmədovdan dərs götürməyə başladıq. Ələsgər müəllim o vaxt universitetə gələ bilmirdi, biz onun evinə gedirdik. Bütün bunları üst-üstə gəlsək bir xeyli müddətdir ki, mən ərəb dili sahəsində fəaliyyət göstərirəm.
Fuad Babayev: Rza müəllim, Sizin və Şıxəli müəllimin ərəb dili dünyasına gəlməsi arasında taleyüklü 30 il fərq var. Bu 30 il ərzində çox hadisələr baş verib və tamamilə fərqli geosiyasi reallıqlar ortaya çıxıb. Hörmətli Rza müəllimin ərəb dili dünyasına daxil olduğu zaman kəsiyində Sovet İttifaqı öz siyasətini yeridirdi. Bu siyasət nəticəsində Misirdə, Əlcəzairdə, İraqda sovet mütəxəsisləri çalışdılar. Özü də tək hərbi məsələlərdə deyil, o cümlədən Asuan bəndinin (red. – Misir ərazisində Nil çayı üzərində 1960-1971-ci illərdə tikilən bənd) tikilməsində də iştirak edirdilər. Şıxəli müəllimin ərəb dili dünyasına qədəm qoyduğu vaxtda isə artıq ilk kövrək addımlarını atmağa başlayan Azərbaycan xarici siyasət müstəvisində ərəb ölkələri ilə də tərəfdaş kimi çıxış etməyə başladı. Məni maraqlandıran sual nədir? İnsan bir sənəti seçəndə hökmən karyera barədə düşünür. Siz bu sənətə gələndə gələcək karyeranızı necə təsəvvür edirdiniz?
Rza Xəlilov: Mən dostum Şıxəlidən fərqli olaraq ərəb dilini öyrənməyə başladıqda bir qədər qorxdum ki, bu dili öyrənə bilməyəcəyəm. Ərəb dilini öyrənməyə başladığımdan təqribən ay yarım keçmişdi. Mən evdə öz fikrimi bildirdikdə atam (red. – Zeynal Xəlil 1914-1973, Azərbaycan şairi, dramaturq) bunu qəbul etmədi. Mən yenidən məşğul olmağa başladım. Yəni belə çətinliklə qarşılaşdım. Bunun səbəbi məsuliyyətli olmağım, həm də son 2 il gecə məktəbində oxumağım idi. Fəhlə gənclər məktəbində oxuyurdum, orada isə dərslər zəif keçirilirdi. Təqribən 4-cü və ya 5-ci kursda oxuyanda İraq Sovet gəncləri dostluğu festivalı keçirilirdi. Ələsgər müəllim məni ora tərcüməçi olaraq göndərdi və mən həmin nümayəndə heyətinin rəhbərliyi ilə işlədim, televiziyada, radioda tərcümələr etdim. Ələsgər müəllim hətta mənə zəng edib televiziya və radiodakı çıxışlarıma görə təbrik etdi. Halbuki onun belə bir fikri var idi ki, mən ərəb dilini çətin öyrənə bilərəm, çünkü elə bir filoloji hazırlığım yox idi. Ələsgər müəllimin təbriki məni çox sevindirdi. Yadınızdadırsa, həmin dövrdə Azərbaycan SSR-in Xarici İşlər naziri (red. 1959-1983-cü illər) Tahirə Tahirova idi.
Şıxəli Əliyev: İlk qadın diplomat.
Rza Xəlilov – Xarici işlər nazirimiz Tahirə Tahirova tədbirlərin birində atamla görüşəndə mənim televiziyada çıxışımı gördüyünü bildirərək atamdan oğlunun gələcəyi haqda nə düşündüyüynü soruşub. Atam isə bildirib ki, elm sahəsində çalışacaq. Tahirə xanım isə deyib ki, mən istərdim oğlunuz bizim idarədə çalışsın.
Fuad Babayev: Bu hansı il idi təxminən?
Rza Xəlilov: 1960-cı ilin axırları.
Fuad Babayev: Siz artıq Universiteti bitirmişdiniz. Harda işləyirdiniz?
Rza Xəlilov: Ədəbiyyat İnstitutunda.
Fuad Babayev: O dövrdə elmi mövzu götürmüşdünüz?
Rza Xəlilov: Bəli. Bir az gec 1969-cu ildə mövzu götürmüşdüm. Tahirə xanımla atamın tədbirdə olan söhbətdən sonra axşam evdə bu barədə müzakirə oldu. Atam təklif etdi ki, məmur işindən bir şey çıxmaz. Buna ehtiyac yoxdur, minlərlə məmur var. Amma elmlə məşğul olmaq lazımdır. Mən də o fikri qəbul etdim və elmlə məşğul olmağa başladım, açığını deyim karyeranı düşünmədim.
Şıxəli Əliyev: Sözün düzü ilk illərdə karyera heç mənim də ağlıma gəlmirdi. Məni ora çəkib aparan əsas məqsəd ərəb dilində oxumaq həvəsi, dil həvəsi idi. Amma 2-ci, 3-cü kursdan sonra hiss edirdim ki, ərəb dili xaricə çıxmaq imkanları verir. Əvvəllər Şərqşünaslıq fakültəsi deyərdim ki, xaricə çıxmaq üçün nəfəslik, ilk qapı idi. Sovet dövrü dağıldıqdan sonra müstəqilliyin ilk vaxtlarında bu öz əhəmiyyətini itirdi. Çünkü başqa sahələrin də artıq xarici çıxmaq imkanları yarandı. Azərbaycan müstəqil dövlət kimi artıq istənilən şəxsi xaricə göndərə bilərdi. Amma məndə ərəb dilini xaricdə “Əl–Əhzar“ (red.- İslam dünyasının əsası X əsrdə qoyulmuş ən qədim Universitetlərindən biri, Misirdə yerləşir) universitetində oxumaq həvəsi var idi. O qismət olmadı. 4-cü kursu bitirəndən sonra magistraturaya daxil oldum. Sonra bizim fakültənin dekan müavini Əbdüləli müəllim mənə dedi ki, Zakir Məmmədova (red – Zakir Məmmədov (1936-2003), fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü) ərəb dilində fəlsəfə ilə məşğul olmaq üçün səni təklif etmişəm. Elə oldu ki, oradan elə birbaşa aspirantutaraya daxil oldum. Sonra da əsgərliyə getdim.
Fuad Babayev: Müdafiə etdinizmi?
Şıxəli Əliyev: Yox, hələ ki, etməmişəm.
Fuad Babayev: Ərəb dili bu gün sizin həyatınızda hansı yeri tutur? Yəni siz gününüzün neçə saatını ərəb dili ilə təmasdasınız?
Rza Xəlilov: Mən Universitetdə 5-ci kursunda oxuyan zaman Qahirə Universitetinə getdim. 1 il orada oxudum. Qahirə Universitetində xaricilər üçün kurslarda məşğul oldum.
Fuad Babayev: Hazırda siz ərəb dili ilə necə təmasdasınız?
Rza Xəlilov: Elə bir təmasım yoxdur. Mənim namizədlik işim ərəb-Azərbaycan nağıllarının tipoloji tədqiqatına həsr olunub. Vaxtilə qəzetlərdə çap olunan, radionun qızıl fondunda saxlanılan tərcümələrim var. Müxtəlif ərəb ölkələrində işləmişəm.
Fuad Babayev: Şıxəli müəllim, Sizin ərəb dilindən kənar nə qədər vaxtınız olur?
Şıxəli Əliyev: Ərəb dilindən kənar çox az vaxtım olur. Bir növ bu mənim ruzim, qazancımdır. Həm də mən fikirləşirəm ki, insan üçün xoşbəxtliklərdən biri də sevdiyin işlə məşğul olmaq, bitirdiyin, sevdiyin sahə üzrə işləməkdir. İndi ərəbşünaslara daha çox ehtiyac var. Özüm Universitetdə dərs də demişəm. Tələbələrə biz aşılaya bilmirdik ki, ərəb dilini öyrənmək nəyə görə lazımdır. Mənə sual verirdilər ki, iş olacaqmı, perspektiv varmı? Axı ərəblərin özləri də ingiliscə danışırlar. Bu gün artıq bu suala ehtiyac yoxdur. Əksinə, indi ərəb dilini bilənlərə ehtiyac var. Sosial şəbəkələrdə tez-tez ərəb dilində sərbəst danışan bələdçi axtarılan iş elanlarına rast gəlirik. Artıq vaxtı ilə öyrənməyən, işini bilməyən tələbələr kurslara gedib ərəb dili öyrənirlər.
Fuad Babayev: Yeri gəlmişkən, siz hiss olunmadan mənim növbəti və “Dillər.. nəsillər” silsiləsində ənənəyə çevrilməkdə olan sualıma gəlib çatdınız. Ərəb dilini öyrənmək istəyən adamlara tövsiyəniz nədir?
Rza Xəlilov: Mən tövsiyə edərdim ki, hər hansı bir peşəni, o cümlədən də ərəb dilini, ərəbşünas ixtisasını seçərkən yaxşı düşünsünlər ki, bu keçici bir istək olmasın. Yəni yüz ölçüb, bir biçsinlər. Konyunkturaya uyub axına qoşulmasınlar. Ərəb dili son dərəcə ağır dildir. Mənə elə gəlir ki, bu dili öyrənmək üçün insanda müəyyən dərəcədə riyaziyyatçı düşüncə tərzi olmalıdır. Çünkü ərəb dilində hamısı bir-birinə bağlıdır. Haradasa nəsə olmadıqda bütün cümlə pozulur.
Fuad Babayev: Ərəb dilinin başqa dillərə xas olmayan hansı vacib xüsusiyyətləri var?
Rza Xəlilov: Ləhcə məsələsi var.
Fuad Babayev: Çoxlu müxtəlif ləhcələr var.
Rza Xəlilov: Bəli, son dərəcə fərqli.
Fuad Babayev: Mərakeş və İraqı götürək.
Rza Xəlilov: Bir qədər yaxınlıqlar ola bilər. Əgər ləhcədə danışsalar başa düşməyəcəklər. Bir ingilis ərəbşünası ərəb dili qrammatikası üzrə kitabında yazır ki, ərəbşünas hər hansısa bir ərəb ölkəsinə ayaq basanda ilk addımlarını atdığı zaman yeni bir dil öyrənmək məcburiyyətində qalır. Yəni hər ölkənin öz ərəb dili var.
Şıxəli Əliyev: Ərəb dilinə yiyələnərkən tələbələrin qarşısına 2-3 problem çıxa bilər. Bunlardan biri də ədəbi dil məsələsidir. Bəzən kənardan tələbələrə təlqin edirlər ki, ədəbi dili örənməyin, onsuz da hər yerdə ləhcədə danışılır, birbaşa ləhcələri öyrən. Bu tələbəni çaşdıra bilər. Amma mən ədəbi ərəb dilini öyrəndiyimə görə sonradan ləhcələri öyrənmək asan olur və sən hər hansı bir ləhcənin içində itib batmırsan. Birinci ləhcələri öyrənən tələbə isə rəsmi yazışmaları, ədəbi dildə tərcümələri edə bilmir. Hətta sonradan ədəbi dilə qayıtmaq istəsə də bu bir az çətin olur. Mənim birinci məsləhətim odur ki, ərəb ədəbi dilinin qaydalarını öyrənsinlər, ləhcələrdən qorxmasınlar. Hətta ərəblər onlara gülsələr də, lağ etsələr də qorxmasınlar. İkinci məsələ söz öyrənmə metodologiyası ilə bağlıdır. Əvvələr üsul belə idi ki, sözü lüğətdə yazırdılar, o sözü əzbərləyirdik, sonra isə o sözləri mətnlərin içərisində tətbiq edirdik. Amma indi müxtəlif metodlar, multimedia vasitələri var. Bunlardan istifadə etmək lazımdır. İkinci problem o ola bilər ki, artıq multimedia əsri inkişaf edib, xüsusi tərcümə proqramları çıxıb və vaxt gələcək hər hansı dili öyrənməyə ehtiyac olmayacaq. Amma ərəb dili ilə bağlı bu fikir səhvdir. Bəlkə ingilis və ya hər hansı başqa bir dildə bunu müəyyən qədər tətbiq etmək və bundan faydalanmaq olar. Amma ərəb dilində bunu tətbiq etmək olmaz. Ərəb dili fərqli dildir. Bu dildə bir mənanı bəlkə də 10-15 cür vermək olar, dilin özü çoxmənalı, dilin sözləri semantik olduğuna görə həmin tərcümə proqramları istənilən nəticəni vermir. Ona görə də ərəb dilini öyrənmək mütləq lazımdır və burada insan amili mənə elə gəlir ki, uzun müddət qaçılmaz olacaq. Dili həm də hiss etmək lazımdır. Azərbaycanlılar ərəb dilini ruslardan və ingilislərdən daha yaxşı mənimsəyirlər və daha yaxşı tələffüz edirlər. Çünkü dillərimizin quruluşunda yox, leksikonunda, bazasında müəyyən oxşarlıqlar var.
Fuad Babayev: Mənə elə gəlir ki, əgər ərəb dilini bilsəydim, hətta bu sahə üzrə işləməsəydim belə yenə də imkan düşəndə məhdud büdcə ilə də olsa ərəb dünyasına, fransız dilini bilsəydim yəqin ki, lap Afrikaya da gedib çıxa bilərdim. Çünkü dil insana yeni üfüqlər, imkanlar yaradır. Siz hansı ərəb ölkələrində olmusunuz? Rza müəllim bayaq qeyd etdiniz ki, bir il Qahirədə təhsil almısınız.
Rza Xəlilov: 6 günlük İsrail-Ərəb müharibəsi vaxtı 1966-1967-ci illərdə Qahirədə olmuşam. Sonra neft layihəsi ilə bağlı İraqda Bəsrə şəhərində baş idarədə işlədim. Sonralar Suriyada, Xarici Əlaqələr üzrə dövlət komitəsinin Yəməndəki idarəsində çalışmışam. Həmin idarə səfirliyə tabe idi.
Fuad Babayev: Müstəqillik dövründə Ərəb dünyasında nə zaman oldunuz?
Rza Xəlilov: Olmadım.
Fuad Babayev: Şıxəli müəllim Siz necə?
Şıxəli Əliyev: Mənim səfərlərim müstəqillik dövründə xüsusi ilə də AZƏRTAC-da işlədiyim vaxtda oldu. Suriyada köhnə Dəməşqdə, Qətərdə, Qahirədə olmuşam. Bəzi Körfəz ölkələrində, o cümlədən bir neçə dəfə işlə əlaqədar Səudiyyə Ərəbistanda olmuşam. Omanda olmaq istərdim. Bunların içərisində Qahirə mənə Sovet dövrünün təbliğ etdiyi, ekranlarda göstərdiyi ərəb dünyası təsəvvürünü yaratdı. Qalan şəhərlər meqapolislərdir, böyük binalardır, orada Şərqə aid heç nə hiss etmədim. Dəməşqdə olarkən Əməvilər sarayını gördüm.
Fuad Babayev: Siz bir çox böyük simaların, məktəb quran insanların adlarını çəkdiniz. Biz onları hörmətlə yad edirik. Ələsgər Məmmədovun orta məktəblər üçün dərslik kitabları indiyə kimi mənim yadımdadır. Azərbaycanlıların ərəb dünyası, ərəblərin isə Azərbaycanla əlaqədar məlumatlandırılması üçün nə edirsiniz?
Rza Xəlilov: Son illər bu istiqəmətdə heç bir iş görmürəm. Amma heç vaxt bir vaxt unutmayacağım bir hadisəni danışmaq istəyirəm. Mən Qahirəyə getmək ərəfəsində Moskvada olanda bizi Mərkəzi Komitəyə çağırdılar. Bizə orada bir yoldaş danışırdı ki, getdiyiniz ölkə əhalisi, təmasda olduğunuz insanlar qırmızı olmasalar da, heç olmasa çəhrayı olsunlar. O dövrdə belə məhdudiyyətlər va idi.
Şıxəli Əliyev: Mənim hazırda işimin mahiyyəti (red. – AZƏRTAC-ın ərəb bölməsinin müdiri ) birbaşa informasiya mübadiləsi etmək, Azərbaycanı ərəb dünyasında, ərəb dünyası ilə bağlı xəbərləri isə ölkəmizdə tanıtmaqdan ibarətdir. Bu sahədə biz AZƏRTAC olaraq xeyli iş görürük. Qarabağla bağlı materialları tanıdığımız, əlaqədə olduğumuz ərəb KİV-lərinə ötürürük. Füzuli rayonunda Zəhra balamızın ermənilər tərəfindən öldürülməsi ilə (red – 4 iyul 2017-ci ildə ermənilərin qətlə yetirdiyi iki yaşlı Zəhra Quliyeva nəzərdə tutulur) bağlı materialları şəxsi əlaqələrimiz sayəsində xarici mətbuata ötürdük. Heç gözlədiyimiz halda Livan mediasında da bu qəbildən olan materiallara yer verildi. Emaillə hər hansısa bir materal göndərəndə onlar bunu qəbul etmirlər. Onlar Azərbaycana gəliblər, bizim tədbirlərdə iştirak ediblər, müəyyən münasibətlər yaranıb. AZƏRTAC-a istinadla Livanın rəsmi agentliyinin ingilis və ərəb versiyasında nəşr edildi ki, erməni cəlladları vəhşidir. Hazırda AZƏRTAC-da da, sosial mediada Azərbaycanın turizm potensialı ilə bağlı ərəb dilində olan materialara önəm veririk. Demirəm ki, başqa sahələrdən yazmırıq. Amma hiss edirəm ki, sosial şəbəkələrdə, xüsusilə də ərəb dünyasında məşhur olan Tvitterdə turizmlə bağlı hər hansı bir xəbərin oxucusu digər xəbərlərin oxucusundan daha çoxdur.
Fuad Babayev: Bəs Qarabağ problemi ilə bağlı?
Şıxəli Əliyev: Qarabağla bağlı onu qeyd edim ki, ərəblərin özlərinin də Qarabağ kimi problemləri var. Ona görə də Qarabağ problemi ilə bağlı yazıları müsəlman həmrəyliyi olaraq oxuyurlar. Amma o problemlərdən can qurtarmağa çalışan ərəblər daha çox gəzməyə meyillidir.
Hazırladılar: Təmkin Məmmədli, Aydan Abaslı, 1905.az