
İşğaldan azad olunmuş bütün ərazilər kimi Xocalı rayonu da keçmiş məcburi köçkünlərin qayıdışı ilə yenidən canlanır. Uzun illərin həsrətindən sonra doğma yurda qayıdışın sevincini yaşayan Xocalı sakinlərindən biri 60 yaşlı Vidadi Mehralıyevdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzun illər boyunca doğma yurdundan uzaqda müxtəlif bölgələrdə ağır şəraitdə müvəqqəti məskunlaşan Vidadi Mehralıyev son olaraq Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayıb. Böyük Qayıdış Proqramı çərçivəsində ailəsi ilə birlikdə Xocalının Badara kəndinə köç etməsi isə onun həyatında yeni və xoşbəxt bir səhifə açıb.
Badara kəndində yaradılan müasir infrastruktur, rahat yaşayış şəraiti və dövlətin göstərdiyi dəstək sakinlərə tamamilə yeni nəfəs, yeni başlanğıc bəxş edib. Vidadi Mehralıyev üçün isə bu dönüş təkcə evinə qayıdış deyil, həm də arzusunda olduğu məşğuliyyətə, arıçılığa geniş imkanlarla davam etmək deməkdir.
Bir müddət əvvəl Badaraya köç edən Vidadi kişi kənddə 20-dən çox arı yeşiyindən ibarət təsərrüfat qurub. Badaranın təmiz havası, zəngin bitki örtüyü və əlverişli iqlimi arıçılıq üçün ideal şərait yaradır. Mehralıyev təsərrüfatını gələcəkdə daha da genişləndirməyi planlaşdırdığını, kəndin arıçılıq üçün xüsusilə əlverişli olduğunu bildirir.

Doğma yurda qayıdışın yaratdığı sevinc, bu torpaqlarda yeni həyatın başlanması və sakinlər üçün qurulan rahat şərait Vidadi Mehralıyev kimi onlarla ailənin ümidini yenidən alovlandırıb. Badara kəndində bu gün yaşanan xoşbəxtlik hissi illərin həsrətini sevincə çevirir.
Qeyd edək ki, Xocalı rayonunun Badara kəndi 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları nəticəsində işğaldan azad edilib. Azərbaycan dövlətinin işğaldan azad olunmuş bütün ərazilərində apardığı yenidənqurma və bərpa işlərindən sonra kəndə ilk köç bu ilin sentyabr ayında həyata keçirilib. Kəndə köç mərhələli şəkildə davam etdirilir.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









