Doqquzmərtəbəli evin doqquzuncu mərtəbəsində yaşamaq xoşbəxtliyi hamıya nəsib ola bilməz. Ən adi hesablama əməliyyatı göstərir ki, “sovetin yaxşı vaxtı” Kiyevdə və ya Leninqradda layihələndirilmiş doqquzmərtəbəli Bakı göydələnində məskunlaşmış hər 9 ailədən yalnız biri sonuncu qatda yaşayır. Bu aydındır.
O da aydındır ki, doqquzuncu mərtəbədə yaşamaq gündən-günə gözəlləşməkdə olan paytaxtımızı təqribən 30 metrlik hündürlükdən seyr etmək imkanı yaradır. Və tam təsdiqini tapmamış məlumatlara görə Bakı doqquzmərtəbələrinin son qatlarında yaşayan çoxsaylı insanların içində bu imkandan həvəslə bəhrələnənlər az deyil.
Amma son qatda yaşamaq insanın başını gicəlləndirə biləcək imkanlar yaratmaqla yanaşı, elə həmin insanın üzərinə vəzifələr də qoyur.Uğurun hökmən görünməyən tərəfi olur axı.
Beləliklə, dəbdə olan tərzdə desək, keçid alıram vəzifələrə.
Əsas vəzifə liftin işlək durumda saxlanmasına nəzarət etmək, zərurət ortaya çıxdıqda isə lifti işə salmaq və ya liftdə ilişib qalmış soydaşın azadlığa çıxarılmasını təmin etməkdir. Yazılmamış qanunlara görə, sovet məhsulu olan Bakı göydələnlərində, son qatlarda yaşayan adamlar parallel olaraq “lift mühafizləri” statusuna malik olmalıdırlar. Və üçüncü qatdan üzü yuxarı yaşayan bütün adamlar bir qayda olaraq liftin işində ortaya çıxan bütün qüsurlarda “Azərlift”lə yan-yanaşı sonuncu mərtəbənin sakinlərini də qınamağa meylli olurlar.
Davam edək. Binaların dam örtükləri zaman-zaman sıradan çıxır. Və bu dam örtüklərinin bərpası da doqquzuncu mərtəbədə yaşayanların üzərinə düşür. Bu əlbəttə ki, elə belə də olmalıdır.
Bina sakinlərində zaman-zaman dama çıxmaq (ola bilsin, həm də damda yerləşdirilmiş iritutumlu su çənlərinə baxmaq məqsədilə) həvəsi başqaldırır. Dama çıxış imkanı verən kiçik qapının açarı da təbii ki, doqquzuncu mərtəbədə yaşayanlarda olmalıdır. Və onlar günün ixtiyari vaxtında bu açarı qonşulara təqdim etməyi bacarmalıdırlar.
Sonra. Su gəlməyəndə ən çox əziyyəti kim çəkir? Əlbəttə ki, doqquzuncu mərtəbədə yaşayanlar. Üstəlik, xeyli dərəcədə öz günahları ucbatından lift də işləmirsə…
Belə. Deyilənə görə yaşı otuzu keçmiş Bakı binalarının başqa mərtəbələrində yaşayan insanlar da zaman-zaman problemlərlə qarşılaşırlar. Mənim buna inanmağım gəlmir, amma elə deyirlər.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 32-33)