Oktyabrın 14-də Dövlət Turizm Agentliyi “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işlərinə baxış çərçivəsində mediatur təşkil edib.
AZƏRTAC xəbər verir ki, mediaturun məqsədi “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda aparılan təmir və yenidənqurma işləri ilə bağlı KİV nümayəndələrini və ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Xınalığın tarix və etnoqrafiya baxımından əhəmiyyətini vurğulayaraq dəniz səviyyəsindən təxminən 2300 metr yüksəklikdə yerləşən və qışı sərt keçən kəndin ərazisində uçqunların baş verdiyini, evlərin istismar müddətinin bitməsi səbəbindən təhlükəsizlik amili nəzərə alınaraq qoruq ərazisində zəruri tədbirlərin icrasına başlanıldığını qeyd edib. O, kənddə ilin yalnız 4-5 ayı ərzində tikinti işlərinin aparılmasının mümkünlüyünü və bu səbəbdən təmir və bərpa işlərinin mərhələli şəkildə icra olunmasının vacibliyini diqqətə çatdırıb.
Fuad Nağıyev əlavə edib ki, hazırda tikinti və bərpa işlərinin ikinci mərhələsi davam etməkdədir və növbəti üçüncü mərhələdə qəzalı vəziyyətdə olan 100-ə yaxın evin 2026-cı ilədək təmir-bərpası nəzərdə tutulur. F. Nağıyev qoruqda aparılan təmir-tikinti və bərpa işlərinin Xınalıq kəndində məşğulluğun artırılması, əhalinin gəlirlilik səviyyəsinin və sosial rifah halının yüksəlməsinə də töhfə verdiyini bildirib: “Xınalıq kəndində özünəməxsus memarlıq üslubu və coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib. Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 evin təmir-bərpa işləri aparılıb, onların bünövrə və divarları gücləndirilib. Uçma təhlükəsi olan divarlar sökülərək yenidən tikilib, dam örtükləri sökülərək yerli tipologiyaya uyğun yenidən qurulub, qapı və pəncərələr yenilənib. Növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir və bərpası aparılır. Gələn il hava şəraiti imkan verdiyi aylarda daha 32 evin təmir-bərpa işləri aparılacaq. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğunun 2001-ci ildə Azərbaycanın “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri” siyahısına, 2007-ci ildə isə Dünya Abidələr Fondunun siyahısına daxil edildiyini vurğulayan F.Nağıyev deyib: “Həmçinin 2022-ci ilin fevralında Dövlət Turizm Agentliyi tərəfindən “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədi hazırlanaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün qurumun dünya irs komitəsinə təqdim edilib.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda mədəniyyət və turizm əhəmiyyətli tarix, mədəniyyət, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq Xınalıq kəndi dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunur. Qubanın 60 km-liyində yerləşən Xınalıq regionun ən yüksək yaşayış məntəqələrindən biridir. Kənd qədim tarixə malikdir.