“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qəsbkar rejimin nə özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət qəbuledilməzdir”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında bildirilib.
Qeyd olunub ki, 2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib: “Hadisənin baş verdiyi andan Ermənistan bu məsələyə qeyri-humanitar mövqedən yanaşıb və tamamilə aidiyyəti olmayan müxtəlif uydurma məlumatlar yayıb. Ölkə rəhbərinin daim diqqətində olan girovlarla bağlı məsələ üzrə Azərbaycan müvafiq beynəlxalq təşkilatlar qarşısında vaxtında və əsaslandırılmış tələblər qaldırıb. Lakin bütün səylərə baxmayaraq, qarşı tərəfin tutduğu qeyri-konstruktiv mövqeyə görə girovların azad edilməsi mümkün olmayıb. Həsən Həsənovun meyitinin qaytarılması prosesi isə üç ay uzanıb. İşğal olunmuş Dağlıq Qarabağdakı qondarma rejim vasitəsilə məhkəmə şousu təşkil edilib. Təbii ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış və beynəlxalq hüququn subyekti olmayan qəsbkar rejimin nə özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət qəbuledilməzdir. Bu, Ermənistanın müharibə qurbanlarını siyasi təzyiq vasitəsinə çevirmək cəhdinin növbəti nümunəsidir”.
İclasda bildirilib ki, təcavüz nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işlər görülməlidir: “Müharibə qurbanı kateqoriyasına aid edilən əsir-girov və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan Komissiya hər bir vəziyyətə hazır olmalıdır. İşimizi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun qurmalıyıq”.